Hüseynbala Səlimov.

 

20 faizi əyləndirmək üçün...

Hər yerdən əli üzülmüş qadın özünü müğənni kimi sınamaq istəyir. İnstitutlardan birində 250-300 manata küllənən “alim” mahnı mətni yazmaq haqda düşünür. Gənc aktyor insanları güldürmək üçün dəridən-qabıqdan çıxır…
Qərəz, hamı oxumağa, əyləndirməyə cəhd edir. Hamısı da 20 faiz insanı əyləndirmək və ondan qəpik-quruş qoparmaq üçündür… Bu ölkənin qəlizliyi həm də odur ki, burada rəqəmlər, ədədlər manipulyasiya mənbəyidir, onlar ya qəsdən kiçildilir, ya da ki, bilərəkdən şişirdilir. Hamısı da bir məqsəd üçün edilir – həqiqəti gizlətmək üçün…
Amma gizlədiləsi bir şey yoxdur – ölkənin əhalisinin haradasa 20-25 faizi sözün əsl mənasında yaşayır. Qalanlarını isə həyat ora-bura qovur, onlar ayaq üstə qalmaq, ailə-uşaqlarını ayaq üstə saxlamaq üçün yerlə, göylə əlləşirlər…
Bir neçə il bundan əvvəl olmuş bir söhbət yadıma düşür. Bir hüquq müdafiəçisi deyirdi ki, bu ölkədə özünü azad hiss etmir. Deyirdi ki, ona heç yerdə iş vermirlər, özünü isə iş qurmağa qoymurlar…
İndi aztəminatlı insanları bir növ fərsiz, iş bacarmaz hesab edirlər. Amma həqiqət nə deyir? Həqiqətən də belədirmi? Düşünmürük. Onlara sadəcə, mane olurlar – ölkənin məmurları, hakimiyyət başında olanları mane olur…
Bəli, 20 faiz hansısa formada ölkəni ələ keçirib. Bunun “forması” haqqında danışanların dilini kəsirlər ki, danışma, tənqid etmə, söz demə…
Ən çətin anlarda oxuduğum kitabları xatırlamağı sevirəm. Yenə də “Səfillər” yadıma düşdü. Onun qəhrəmanını xatırlayırsınızmı? Bu adam mağazadan iki çörək götürmüşdü, cəmi ikicə çörək!.. Amma ona nə ağırlıqda cəza verdilər?! Elə bu səbəbdən belə başa düşmək olar ki, “Səfillər” kimi roman yazılmasaydı bu günün Qərb humanizmi də olmazdı…
“Allah kasıbın dostudur!” deyiblər. Amma mən həmişə düşünürəm ki, nədən o, insanların birini kasıb, birini varlı, birini işləyən, o birini isə işlədən, birini səksən faizin, digərini isə iyirmi faizin nümayəndəsi kimi yaradıb?..
Dərhal da ağlıma gəlir ki, bu qaydanı və bu bölgünü Allah yaratmayıb, onu insanlar yaradıb, insanlar ərsəyə gətirib. Sizi bilmirəm, mən həmişə Vatikanın ictimai problemlərə reaksiyasını izləməyə cəhd edirəm. Görürəm ki, onlar düz yol seçiblər –  korrupsiyaya, israfçılığa və ədalətsizliyə qarşıdırlar. Baxıb görürsən ki, “Allah kasıbın dostudur!” fəlsəfəsi onların məntiqində daha çox sezilir…
Elə “Səfillər”in qəhrəmanı da yolunu Allahın nəzarətində olan yerlərdən saldı – keşişin evində qonaq oldu, monastrda yaşadı…
Burada elə təsəvvür yarana bilər ki, mən dinlərin birini ucaldır, o birilərini isə əskildirəm… Yox, belə deyil. Milad İsa peyğəmbərin ad günüdür. Həmin o İsa peyğəmbərin ki, müqəddəs Qurani-Kərim də ona sayğı ilə yanaşır, onu da Tanrının sevimlilərindən biri kimi təqdim edir.
Mən dini kanonları o qədər də yaxşı bilmirəm. Provasların katoliklərlə, katoliklərin isə protestantlarla savaşının o qədər də fərqində deyiləm. Mənim öz dinim var, müsəlmanam. Müsəlman olduğum üçün də Qurani-Kərimin məntiqini qəbul edirəm. Qurani-Kərimdə isə Məryəm və İsa adları qırmızı xətlə keçir. Müqəddəs Quran onlara sayğı ilə yanaşırsa, biz kimik ki, buna etiraz edək?..
Yazını bir qədər bəsit səpkidə başladım… Sonra da İsa peyğəmbərə, “İncil”ə gəlib çıxdım. Bunu ona görə etdim ki, Tövrat da, İncil də, Quran da Allahın göndərdiyi kitablardır. Bunlar bizim humanizm-bəşər sevgisi kimi tanıdığımız təlimin əsasını təşkil edir…
Onların hamısı sevgi təlqin edir. Nədən biz bu sevgi tələblərinə qulaq vermirik? Nədən biz kar olmuşuq? Mən eşitmişdim ki, sərvət, var-dövlət və pul-para insanın gözlərini tutur. Amma eşitməmişdim ki, dövlət insanı həm də kar edir…
Hamımız bu dünyadan köçəcəyik… Hamımız da dünyadan sonuncu paltarımızı soyunaraq, kəfənə bürünərək köçürük. Bundan böyük xəbərdarlıq olarmı? Sanki Tanrı deyir ki, sənin bu dünyada əlləşib-vuruşub qazandıqların mənə lazım deyil, hətta sənin özünə də lazım deyil…
Bu dünyada birimiz 20, digərimiz isə 80 faizin içində oluruq. O biri dünyada, haqq dünyasında isə bu bölgülər silinir, çünki oraların öz hesabı var…

 5,287 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir.