Əlaqə vasitələri

“Dinləmə” altında qurulan qisas əməliyyatı” “AZADLIQ”, 22 Oktyabr 2015 08:50

“Dinləmə” altında qurulan qisas əməliyyatı
22 Oktyabr 2015 08:50
mtnMTN ətrafında baş verənlərin rəsmi təqdimatı iz azdırmaqdan başqa bir şey deyil

Bütün ölkə Ziya Məmmədovun vəzifədən çıxarılacağını və hətta həbs ediləcəyini səbirsizliklə gözlədiyi bir vaxtda Azərbaycan siyasətinin səmasında sanki ildırım çaxdı: Milli Təhlükəsizlik naziri Eldar Mahmudov bir neçə saatın içində ölkənin ən nüfuzlu vəzifə sahiblərindən birindən korrupsionerə, quldura, rüşvətxora, reketə, xəyanətkara, vətən xaininə, bir sözlə, “cümlə xəyanətlərə” bais birisinə çevrildi. Eldar Mahmudovun “vurulacağı” bizə hələ bir neçə ay öncədən məlum idi, özü də bunu bilən təkcə biz deyildik. Ancaq ölkənin ən nüfuzli güc nazirinin ortada heç bir ağlabatan səbəb olmadan, şənbə günü, az qala Astanadan verilən sərəncamla vəzifəsindən azad olunması, ardınca MTN-nin onlarla əməkdaşının, o cümlədən, rəhbər şəxslərinin saxlanılması xəbərləri hamıda haqlı və hələ də cabavsız suallar doğurur. Əslində, nə baş verir? Eldar Mahmudov niyə bu tərzdə hədəfə gəldi?

***

Öncə onu deyək ki, Eldar Mahmudovun MTN-ə rəhbər təyin edilməsi kökündən yanlış addım idi- bu hökumətin əksər kadrları kimi o, bu vəzifəyə layiq deyildi. Mahmudov peşəkarlıq cəhətdən nəinki sələfi Namiq Abbasovla, heç əzəli-əbədi rəqibi Ramil Usubovla da müqayisə ediləcək şəxs deyil. Eldar Mahmudovun hətta, ümimi siyasi hazırlığı da çox aşağı səviyyədədir, lakin Oqtay Əsədovun spiker olduğu ölkədə Mahmudovun təhlükəsizlik şefi təyin olunması heç kimi təəccübləndirməməli idi və təəccübləndirmədi də. Mahmudovun belə peşəkarlıq səviyyəsi ilə MTN-i peşəkarlardan təmizləməsi və bu işə yaramayan keçmiş polislərlə doldurması da başadüşüləndir. General Mahmudov rəhbərlik etdiyi 11 illik müddət ərzində ölkənin milli təhlükəsizlliyinə cavabdeh olan strukturda sovet OBXSS-inin ruhunu və iş prinsiplərini bərpa edə bildi. Nəticədə, MTN xarici təhdidlərdən daha çox daxili situasiya ilə – orta və iri sahibkarlarla, müxalifətçilərlə, vətəndaş cəmiyyəti fəalları ilə məşğul olmağa başladı. Nazirlik beynəlxalq terrorizm, narkotiklərin dövriyyəsi, dini radikalizmin yayılması ilə mübarizədə ciddi uğurlar əldə edə bilməsə də, müxalif fikirli insanların yataq otaqlarının güdülməsi, telefon danışıqlarının izlənilməsi, təqibi sahəsində xeyli samballı uğurlara imza atdı. Az bir müddətdə repressiya maşınının lokomotivinə çevrilə bildi. Bəs nə baş verdi ki, Eldar Mahmudovun siyasi taleyi belə acınacaqlı sonluqla bitdi? Hakimiyyət KIV-ləri onun istefaya göndərilməsinin əsas səbəbi kimi sahibkarların incidilməsi, onlardan külli-miqdarda vəsaitlərin mənimsənilməsi, korrupsiya faktlarını tiraclayırlar. Şübhəsiz ki, yeyiblər, talayıblar, xalqın yüz milyonlarla sərvətini mənimsəyiblər, evlər yıxıblar, talelər məhv ediblər. Milli təhlükəsizlik məsələlərinə görə cavabdeh olduqları halda mütəşəkkil cinayətkar dəstə yaradaraq özləri milli təhlükəsizliyimiz üçün təhdidə çevriliblər. Bu, əlbəttə ki, istənilən baqşa ölkədə istənilən məmurun vəzifədən uzaqlaşdırılmasının və həbsinin səbəbidir. Ancaq Azərbaycanda korrupsiya və rüşvətə, vətəndaşlara zülm etdiyinə görə insanları vəzifədən çıxarmırlar, onları daha yüksək vəzifələrə təyin edir, “Şərəf”, “Şöhrət”, “Istiqlal” ordenləri ilə təltif edirlər. Məgər vergi, gömrük, fövqəladə hallar, prokurorluq, daxili işlər orqanları sahibkarların başlarını tumarlamaq, azad rəqabəti təşviq etmək, insan hüquq və azadlıqlarını qorumaqla məşğul olur?! Mahmudovun vəzifədən götürülməsinin bu əsaslandırılması Azərbaycan insanında yalnız gülüş doğura bilər. Digər tərəfdən, məgər general Mahmudovun kriminalı Hacı Məmmədovun mütəşəkkil cinayətlərini ört-basdır edən DIN rəhbərliyinin əməlləri ilə müqayisə oluna bilərmi? Yaxud, MTN-nin əməlləri cəmiyyətdə Ziya Məmmədovun və qoçularının özbaşınalıqları qədər qəzəb və nifrətə səbəb olmuşdumu? Bu sulların cavabının birmənalı “xeyr” olduğunu hamımız bilirik. Bəli, Mahmudov peşəkar deyildi, ancaq öz işini Ismət Abbasov və Heydər Əsədov kənd təsərrüfatını, Mikayıl Cabbarov təhsil işini bildiyindən daha yaxşı bilirdi. Onun aqibətini Beynəlxalq Bank məsələsi ilə əsaslandırmaq da mümkün deyil. Beynəlxalq Bankdan yüz milyonlarla kredit götürmüş ACCORD, Sumqayıt Texnologiya Parkı, Xəzər Adaları və s. layihələrin kimə məxsus olduğunu, ən azı, Mahmudova aidiyyatı olmadığını hər kəs gözəl bilir. Bəs gerçəkdə, nə baş verdi ki, prezidentin yaxın dostu, ikinci hakim ailənin sevimlisi birdən-birə düşmənə çevrildi? Mətbuata sızan və sonradan üzərinə kölgə salınmağa çalışılan informasiyalar arasında prezidentin dinlənilməsi xəbəri də var idi. Stop! Bax buradan da başlamaq lazımdır. Eldar Mahmudovun özünün şəxsi ambisiyaları haqqında danışmaq yersizdir. Birincisi, ona görə ki, keçmiş MTN şefinin belə ambisiyaları heç vaxt olmayıb, olsa-olsa bu ambisiyalar öz keçmiş rəqibi Ramil Usubovla rəqabət müstəvisindən kənara çıxa bilməzdi. Ikincisi, Eldar Mahmudovda hər-hansı ambisiyaya qapılmaq üçün heç bir elementar potensial yoxdur, lakin bunu anlamaq üçün yetərli olan ağıl var. Və nəhayət, üçüncü səbəb ondan ibarətdir ki, MTN şefi həmişə prezidentə və ailəsinə, xüsusilə də, onların sayəsində qazandığı milyonlara sədaqətli olub və bunun əksini iddia etmək haqsızlıq olardı. Məhz bu səbəblərdən də onun prezidenti hər-hansı bir xarici kəşfiyyat orqanının sifarişi ilə dinləməsi absurd iddiadır. Eldar Mahmudov heç vaxt Qərbin adamı ola bilməzdi, ən azından ona görə ki, o, milliyyətcə rus Zinaida xanımın oğludur və Azərbaycanın Milli Təhlükəsizlik naziri idi. Rusiyanın adamının isə belə aşağılayıcı bir şəkldə görəvdən alınmasına Azərbaycan hakimiyyəti heç vaxt cəsarət edə bilməzdi. Rusiyanın adamları xüsusi imtiyazlarla qorunan təbəqədir və onlarla prezident özü belə ehtiyatla davranır. Digər tərəfdən, hakimiyyətin birmənalı Rusiya xətti götürdüyü, Qərblə açıq konfrantasiyaya getdiyi bir zamanda Rusiyanın kadrı niyə vurulmalı idi ki?! Həm də bir faktı da unutmayaq – Mahmudov Astanadan dərhal sonra, böyük ehtimalla Rusiya tərəfinin konkret informasiyası əsasında vuruldu. Rusiya öz adamını niyə vursun ki?! Mahmudovun kimin kadrı olduğunu, əslində Azərbaycan obıvateli yaxşı bilir. Onu, cəmiyyətdə prezidentin və xüsusilə də, birinci xanımın kadrı olaraq qəbul edirlər və bu, gerçəkdən də belədir. Və əgər ortada hər-hansı bir dinləmə olayı varsa, bu olayın hansısa dövlət maraqlarına xəyanət, müstəqilliyimizə təhdid və ya sahibkarların soyulması ilə heç bir əlaqəsi yoxdur. Bu, şəxsi porblemlərdən doğan məsələdir. Bəs bu şəxsi məsələni az qala ölkə həyatının ölüm-dirim probleminə çevirmək, hakimiyyət üçün bu qədər həssas və çətin bir vaxtda bu olayı onun dayaqlarını nəzərçarpacaq bir səviyyədə sarsıdacaq bir hala gətirmək kimə və nəyə lazım idi? Bax burada pərdə açılır və səhnəyə hadisələrin baş qəhrəmanı daxil olur…

***

16 avqust 2006-cı il. Prezident Ilham Əliyevin sərəncamı ilə Kamran Imanov Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsindən azad olunur və onun yerinə Abutalıb Səmədov bu vəzifəyə təyin olunur. Kamran Imanov Ramiz Mehdiyevin çox azsaylı dostlarından biridir. O vəzifəsindən azad olunan vaxt Ramiz Mehdiyev məzuniyyətdə və ölkə xaricində olub. Ölkəyə qayıdan kimi PA rəhbəri öz işçilərini buna yol verdikləri üçün ciddi tənbeh edir və bu biabırçılığa imkan verməyəcəyini deyir. Insaf naminə qeyd edək ki, Kamran Imanov həmin vəzifəyə Abutalıb Səmədovdan çox-çox layiqli namizəddir. Ancaq bizi indi başqa mövzu maraqlandırır. Cənab Səmədov həmin vəzifədə cəmi iki il işləyə bildi. 19 noyabr 2008-ci il tarixində prezident Ilham Əliyevin sərəncamı ilə Ramiz Mehdiyevin gənclik dostu yenidən Müəllif Hüquqları Agentliyinə sədr təyin olundu!

11 aprel 2011-ci il. Prezident Ilham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik nazirinin müavini Əli Nağıyev vəzifəsindən azad edilir. Əli Nağıyev nazir müavini olmaqla yanaşı böyük biznes imperiyasına malikdir və onun Ramiz Mehdiyevin ailə üzvləri ilə biznes şərikliyi olduğu deyilir. Bu sərəncam veriləndə də Mehdiyev ölkədə deyildi və qayıdandan sonra onun prezidentin bu addımını çox aqressiv qarşıladığı PA-da çoxlarına bəllidir. Mehdiyev Nağıyevi işsiz qoymur və cəmi iki aydan sonra Əli Nağıyev baş prokuror Zakir Qaralovun əmri ilə Korrupsiya ilə Mübarizə Idarəsinə rəis müavini təyin edilir!

Mart 2013-cü il. Vicdan məhbusu Pərviz Həşimli Bakı Ağır Cinayətlər məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçən məhkəmə prosesində MTN əməkdaşlarının, xüsusilə də, Elçin Quliyev və Ilqar Əliyevin ona işgəncə verməklə təzyiqlər etdiyini bildirir. Pərviz Həşimlinin sözlərinə görə ondan guya Əli Nağıyev, Cavid Qurbanov və Timur Mehdiyevdən pul alıb Əli Kərimliyə ötürməsi ilə bağlı ifadə verməyi tələb edirlər. Timur Mehdiyev Ramiz Mehdiyevin yeganə oğludur! Və qisas çox gecikmir… MTN-dəki əməliyyata Əli Nağıyev şəxsən başçılıq edir!

***

Ölkə iqtisadiyyatının iflas həddində olduğu, sahibkarlığın monopoliya bataqlığında çökdürüldüyü, prezidentin əsəblərinin tarıma çəkildiyi, “hövsələsinin qalmadığı” bir vaxtda onun beyninə biznes mühitinin məhv edilməsində MTN-nin möhtəşəm rolu (bu rol həqiqətən də danılmazdır, lakin həlledici deyil) barədə informasiyalar sistemli şəkildə damızdırılır, ardından da kimsə maraqlı görünməsin deyə bu mənasız dinləmə söhbətləri bu ölkəyə gələn bütün pisliklər kimi Şimaldan gəlir…və bu, onsuz da daralmış hövsələni daşdırmaq üçün son damla olur. Bu, “Dosta zəng” texnologiyasının Azərbaycanda ilk sınağı deyildi ki! Rusiyanın öz dostlarının istəkləri üzərinə ara-sıra müəyyən informasiya dəstəyində bulunmasını Fərhad Əliyev hadisəsindən yaxşı xatırlayırıq.

Biz əsla o fikirdə deyilik ki, Əli Nağıyev Milli Təhlükəsizlik naziri təyin ediləcək. Yaxın illərin təcrübəsi göstərir ki, hakimiyyətin boz kardinalı onunla hesablaşmayan şəxsləri gözdən salıb vəzifələrindən uzaqlaşdıra bilsə də (Səfər Əbiyev, Füzuli Ələkbərov və s.), ancaq bir qayda olaraq onların yerinə- həlledici postlara adam təyin etdirməyə gücü çatmır. Nə Zakir Həsənov, nə də Səlim Müslümov onun kadrları sayıla bilər. Onun tapşırıqlarını canla-başla yerinə yetirsələr də. Görünür balansın pozulmamasına prezident özü də ciddi önəm verir. Yeni MTN şefi də prezidentin öz adamı olacaq, məsələn, bu, Məhərrəm Əliyev, Vahid Əliyev və ya bir başqası ola bilər.

Göründüyü kimi, Eldar Mahmudovun hakimiyyətdən uzaqlaşdırılması pul qıtlığı şəraitində klanlararası mübarizənin kəskinləşməsinin nəticəsindən başqa bir şey deyil. Bu mübarizədə Mahmudovun sərəncamı və sırf Mehdiyev tərəfindən hazırlanmış seçki siyahısı ilə Naxçıvan klanı böyük fərqlə önə çıxıb. Ancaq iqtisadiyyatı iflas həddində olan ölkənin bütün maliyyə rıçaqlarını öz əlində cəmləşdirmiş Paşayevlərin qisası da ağır olacaq. Gözəl günlər görəcəyik, cocuqlar. Gözləyək…

Samir

Loading