Pənah Hüseyndən hökumətə anti – böhran təklifləri – “…məsuliyyəti və hakimiyyəti bölək”

Pənah Hüseyndən hökumətə anti – böhran təklifləri – “…məsuliyyəti və hakimiyyəti bölək”
AXP lideri: “Dövrün çağrıları məsuliyyətin bölüşdürülməsini və bu da hakimiyyətin bölüşdürülməsini tələb edir; əks halda vəziyyətdən normal çıxış yolu mümkün deyil”; “Yaxın dövrdə spontan aksiyaların olacağını istisna etmirəm”
AXP sədri Pənah Hüseyn musavat.com-a müsahibə verib. Partiya sədri müsahibəsində manatın devalvasiyasından, bunun ölkə iqtisadiyyatına təsirlərindən və çıxış yollarından danışıb. Həmçinin hakimiyyəti və məsuliyyəti bölüşdürməyi təklif edib:

– İqtidarın səbəb olduğu bu böhranın nəticələrini xalqın, uşaqdan böyüyə, yeni doğulmuş körpədən tutmuş pensiyaçıya, işçiyə, iş adamına, məmuruna, hərbiçisinə qədər hamının hesabına həll etmək istəyirlər. Problemi belə şəkildə həll etməyə cəhdin müvəqqəti effekti ola bilər, lakin aydın məsələdir ki, bu yolla bu prosesin qarşısını almaq yalnız bir neçə ay, ya il möhlət verər. Doğrudur ki, manatın devalvasiyasının xaricdə gedən proseslərlə bağlılığı var. Lakin bu hadisənin kökü daha dərində, daxildə, hakimiyyətin qüsurlu siyasətindədir. İqtisadi və sosial böhranın siyasi böhrana keçməsi isə zaman məsələsidir və bir qayda olaraq labüddür.

– Demək istəyirsiniz ki, böhran istiqrarsızlıq, xaos yarada bilər? Müxalifətdəki, iqtidardakı, cəmiyyətdəki vətənpərvərlərin bu məqamda mövqe və səylərinin nəticəsi olmazmı?

– Açığı, bu anlayışda xeyli dərəcədə subyektivlik var. Kimin vətənpərvər, kimin qeyri-vətənpərvər olmasını hələ aydınlaşdırmaq lazımdır. Hər halda, tutaq ki, bu məsələdə anlaşdıq. Vətənpərvərlərin narahatlığı başa düşülə bilər, lakin, açığı bu labüd olanın, yəni iqtisadi-sosial böhranın, aradan qaldırılmazsa, əvvəl – axır, siyasi istiqrarsızlığa keçməsinin qarşısının alınması baxımından əhəmiyyətsizdir. Odur ki, narahat olmalarına olsunlar, ancaq həqiqətən vətənpərvərdilərsə, və narahatlıqları səmimidirlərsə, istiqrara təhdid olan mövcud siyasəti və bu siyasətin daşıyıcılarını, subyektlərini dəyişmək üçün çalışmalıdırlar. Vətənpərvərlik bu gün bunu tələb edir. İstiqrarsızlıq və xaos labüd deyil, bunun alternativi var və həmin alternativ islahatlar və dəyişiklikdir.

– İkinci devalvasiyadan sonra rəyini soruşduğumuz müxalifət liderləri bahalaşma əleyhinə aksiya keçirilməsini istəmədiklərini bildiriblər. Sizin bu məsələyə münasibətiniz necədir?

– Sizin rəyinizi soruşduğunuz şəxslərin heç aksiya keçirmək imkanları da yoxdur. Ancaq ədalətlə danışsaq digərlərinin də belə imkanı məhduddur və ya o qədər də böyük deyil. Mahiyyət başqadır. Bu aksiya məsələsi belə görünür ki, heç siyasi müxalifətdən çox asılı olmaya da bilər. Müəyyən həyəcanlar var, xüsusən ticarət sferalarında. Bu da təbiidir. Çünki əhalinin çox fəal hissəsi oralarda cəmləşib. Hələ manatın ucuzlaşması olana qədər onların bir çoxu son həddə fəaliyyət göstərirdi. Və indi bu sahədə hesab etmək olar ki, iş yerlərinin (özləri çörək yerləri deyir) 60-70 faizinin bağlanacağı gözlənilir. Ona görə də bu baxımdan mən ən yaxın dövrdə spontan aksiyaların olacağını istisna etmirəm. Bunun siyasi şüarlarla, yaxud ilkin dövrdə siyasi təşkilatlar tərəfindən yönləndirilməsi və yaxud ortalığa qoyulmasına heç bir ehtiyac-filan qalmır. Məmurların mühüm bir hissəsi paket sistemi ilə yaşayırdı. Bu paketlərin də kəsildiyi və ya yanvar ayından kəsiləcəyi bildirilir. Hələ mən ixtisarları, məcburi iki-üç aylıq öz hesabına məzuniyyətləri və sairi demirəm. Beləliklə, məmurlar içərisində də ciddi həyəcan və müəyyən təbəddülatlar olacaq. O vaxt əlbəttə ki, siyasi müxalifət də hərəkətə gələcək. Bu da gözləniləndir. Yaxud həmin aksiyalar özləri siyasiləşəcək.

-Manatın devalvasiyası təminatlı və uzunmüddətli effekt verməyəcəksə, sizcə, nə olacaq?

– Manatın devalvasiyası manatın ucuzlaşması, qiymətdən düşməsidir elə deyilmi? Bu isə istehlak və o cümlədən gündəlik tələbat mallarının 90 faizi xaricdən gətirilən bir ölkədə bahalaşma və bahalığın ardınca daxili bazarın daralması, kiçilməsi deməkdir. Bunun da nəticəsi getdikcə artan işsizlikdir. İşsizlik öz növbəsində daxili bazarı daha da daraldır və kiçildir. Bu, ictimai fəlakət silsiləsidir.Və bu silsilə uçuruma qədər davam edir… Oturub gözlənilsə belə də olacaq. Bu fəlakət silsiləsini kəsən hadisələr ortaya qoyulmalıdır.

“Ölkədə bir neçə milyarder şirkət var. Bunlara kimlərin rəhbərlik etdiyi də məlumdur. Müqavimət göstərənləri isə hər mənada təcrid etmək lazımdır. Müqavimət əlbəttə ki, olacaq. Siyasi sahədə islahatlardan biri indiki Nazirlər Kabinetinin buraxılması və ya radikal şəkildə yenidən qurulmasıdır”

-Nə etməli? Pənah Hüseyn nə təklif edir?

– Nə qədər məyusedici olsa da təzə bir şey eşitməyəcəksiniz. Əvvəla, ox hədəfdən çıxıb və çətinliklər bu və ya başqa dərəcədə mütləq olacaq. Bu çətinliklərdən daha tez və az zərərlə qurtarmaq üçün antiböhran proqramı qəbul olunmalıdır və həyata keçirilməlidir. Bunu əksəriyyət, o cümlədən iqtidarda da qəbul edirlər. Lakin çoxları, xüsusilə iqtidardakılar bu proqramı yalnız iqtisadi və sosial tərkibdə görürlər. Azərbaycan kimi cəmiyyətlərdə isə bu proqramın siyasi tərkib hissəsinin də olması zəruridir. Mənim fikrimcə, paradoksal görünsə də, siyasi tərkib axırıncı səslənsə də, antiböhran tədbirləri istiqamətində ilk addımlar məhz siyasi addımlar, siyasi dəyişikliklər, siyasi islahatlar olmalıdır. Bir dəfə belə metod SSRİ nümunəsində doğrulmayıbsa, bu, metoddan imtina edilməsi üçün əsas deyil. Siyasi və iqtisadi hakimiyyət biri-birindən ayrılmalıdır. Bizneslə məşğul olan oliqarx məmurlar siyasi vəzifələrdən uzaqlaşdırılmalıdır. Başdan-ayağa korrupsiyaya uğramış bu oliqarxlar vəzifələrdə qaldıqca böhrandan çıxmaq mümkün deyil. Kimlər cinayətə yol verməyibsə, dövlətin, xalqın cibinə girməyibsə, oğurluq etməyibsə, o məmurları öz obyektləri ilə baş-başa buraxmaq lazımdır. Onların məmur olmalarından yaranan imtiyazlarını əllərindən almaq, məhrum etmək lazımdır.

Manat üzən kursa buraxıldığı kimi, həmin məmurları da bazar rəqabəti dənizinə buraxmaq lazımdır ki, üzməyi öyrənsinlər. Öyrənə bilməyənlər boğulsunlar. Bunlar da aydındır. Ölkədə bir neçə milyarder şirkət var. Bunlara kimlərin rəhbərlik etdiyi də məlumdur. Müqavimət göstərənləri isə hər mənada təcrid etmək lazımdır. Müqavimət əlbəttə ki, olacaq. Siyasi sahədə islahatlardan biri indiki Nazirlər Kabinetinin buraxılması və ya radikal şəkildə yenidən qurulmasıdır. Hazırda çalışan, texnokrat, təcrübəli məmurlardan söhbət getmir, amma artıq xeyli dərəcədə korrupsiyalaşmış və bu yaranmış vəziyyət üçün məsuliyyət daşıyan şəxslər var və bunlar mütləq istefaya göndərilməlidir. Həqiqətən səlahiyyətli bir baş nazir hökumətə gətirilməlidir. Hətta bəzi ölkələrin təcrübəsindən istifadə edərək xarici vətəndaşları da, siyasi postları istisna edilməklə, iqtisadi idarəçiliyə cəlb etmək mümkündür. İkincisi, əgər biz istəyiriksə ki, bu böhranın sosial fəsadları az olsun, addımlar atmalıyıq. Mərkəzi Bank rəhbərinin çıxışından anlaşılır ki, qapıları daha sıx bağlamaq təklif edilir. Düzdür, o bunu lüks mallar idxalına şamil etdi, dedi ki, rüsumları artırmaq lazımdır. Əsaslandırması odur ki, guya bu, daxili, yerli məhsullara şərait yaradacaq. Yerli məhsul-filan yoxdur. Yəni rus ədəbiyyatından fərqli olaraq Rusiyanın siyasətini Azərbaycancaya tərcümə etmək mümkün deyil. Rusiyanın geniş bir bazarı var, istehsal resursları var, qiymətlər də bizdən qat-qat ucuzdur.

Bizdə Rusiyada olduğu anlamda və miqyasda yerli malla əvəzləmədən danışmaq absurddur. Ya bu mallar ümumiyyətlə ölkədə istehsal olunmur, ya da bunların böyük bir tərkib hissəsi yenə xaricdən gətirilir, şəkərdən tutmuş kolbasaya qədər, yağa qədər. Yeri gəlmişkən, indi bahalıqdan bir çox firmalar keyfiyyətin aşağı salınması hesabına çıxmaq istəyirlər. Keyfiyyətin aşağı salınması birbaşa əhalinin sağlamlığı və həyat təhlükəsizliyi ilə bağlı olan bir məsələdir. Bu vəziyyətə nəzarət olmasa, çox dəhşətli bir situasiya gözləyir bizi və bunun qarşısının alınması üçün də heç bir tədbir görülmür. Bunun üçün yol nədir? Qapıları bağlamaq, rüsumları artırmaq yox, əksinə, qapıları tam açmaq lazımdır. Çünki Azərbaycanda həmin o proteksionizm yolu ilə müdafiə etməyə özyetərli “yerli” istehsal filan yoxdur. Əslində indiki Gömrük Komitəsinə və digər analoji funksiyalı təsisatlara gərək belə yoxdur, bu qədər şişirdilmiş bir qurumu saxlamağa da ehtiyac qalmayacaq. Bir broker MMC-də, deyilənə görə, beş min işçi çalışır, monopoliya deyilən məsələnin canı bu MMC-dədir. Bunların hamısını göndərmək lazımdır gedib bazarda alver etsinlər, təbii ki, onların arxasında duran şəxslər də daxil olmaqla. Yaxın dövrdə, yanvar ayından başlayaraq bu qeyd etdiyimiz addımlar atılmasa, çox ciddi bir böhrana keçilməsi təhlükəsi aktuallaşacaq. Bu barədə danışılır, deyilir. Və mən hesab edirəm ki, bu, dəyişikliklər olmasa bu qaçılmaz olacaq…

“Səlahiyyətli bir baş nazir hökumətə gətirilməlidir. Hətta bəzi ölkələrin təcrübəsindən istifadə edərək xarici vətəndaşların da, siyasi postlar istisna edilməklə iqtisadi idarəçiliyə cəlb etmək mümkündür”

– Müxalifət bu mərhələdə öz üzərinə nə götürə bilər?

– Əslində bu sualın cavabı yuxarıdakıların davamıdır. Müxtəlif alternativlər var. Məsələn, uzun müddət bir çoxları, o cümlədən mən belə təkliflərlə çıxış edirəm ki, dövrün çağrıları proseslər üçün məsuliyyətin bölüşdürülməsini və bu da hakimiyyətin bölüşdürülməsini tələb edir. Bu, olmasa, vəziyyətdən normal çıxış yolu mümkün deyil. Bu, nə yolla baş verə bilər? Növbədənkənar seçkilərdən danışırlar. Mən sözün doğrusu, belə bir situasiyada normal bir seçkini mümkün hesab etmirəm. Ona görə daha çox siyasi razılaşmalardan, kompromisləri, razılıqları nəzərdə tuturam. Strateji olaraq əlbəttə ki, müəyyən bir mərhələ azad və demokratik seçkilərdən başlanacaq. Lakin buna qədər bir keçid dövrünün olacağı mümkün alternativlərdən biridir və ən optimal yoldur.

“Əslində indiki Gömrük Komitəsinə və digər analoji funksiyalı təsisatlara gərək belə yoxdur, bu qədər şişirdilmiş bir qurumu saxlamağa da ehtiyac qalmayacaq”

Bu məsələnin də artıq dialoq kimi devalvasiyaya uğramış anlayışlarla da qarışdırmaq lazım deyil. Mənə elə gəlir ki, ölkənin birinci vəzifəlisi və dövlətin taleyi üçün əsas məsuliyyət daşıyan şəxs olaraq İlham Əliyev nəhayət ki, siyasi müxalifət liderləri ilə ayrı-seçkilik etmədən bir araya toplamalıdır və bu istiqamətdə onları dinləməlidir. Mənə elə gəlir ki, necə ki, ölkədən xaricdə olan qüvvələrlə müəyyən kompromisə getmək lazım gəlir, ölkənin siyasi müxalifəti ilə də müəyyən kompromisə getmək lazımdır. Bu da aydındır ki, hakim siyasi iradə və siyasi müxalifətin mövqeyi belə bir prosesin başlaması və davamlı şəkildə getməsi üçün kifayət etməyə bilər. Nəzərdə tutulan prosesin ictimai qarantı olaraq Azərbaycan naminə milli həmrəylik hərəkatının yaranması ideyası reallaşarsa, bu təminatı da əldə etmək olar. Bizim həmfikirlərimizlə səylərimiz buna yönəlib.

Röya RƏFİYEVA

“Yeni Müsavat”, 25 dekabr 2015.

 3,617 dəfə ümumi oxunub,  4 dəfəsi bu günə aiddir.