—Qurban bəy, “AZADLIQ”ın 12 dekabr tarixli sayında getmiş “Azərbaycan dövləti mafiyanın əlindədir” adlı yazınız cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bu barədə sizinlə razı olmayanlar da vardır.. Yəni sizinlə razılaşmayanlar, vəziyyəti şişirtməyinizlə bağlı deyinənlər də var. Sizcə bu qədər ciddi bir məsələdə fikir ayrılığı varsa, öz mövqeyinizə bir daha baxmaq istəməzdinizmi?
— Müzakirələr və etirazlar varsa, deməli, mənim dediklərimdə hansısa həqiqət var ki, bir tərəf razılaşır, digər tərəf inkar etməyə çalışır. Bu ki yaxşıdır. Xalqımızın laqeydliyindən, öz taleyinə seyrçi qalmağından gileylənənlər üçün bir əks arqumentdir bu, faktdır. Demək ki, xalqımız düşünür və narahatdır.Buna sevinmək lazımdır.
–Sizinlə razı olmayanların mövcudluğuna sevinmək? Onların da sayı az deyil, buna necə sevinə bilirsiniz? Anlaya bilmədim.
— Hamının mənimlə, ya bir başqası ilə razı olacağı məmləkət, xalq kimə lazımdır ki? Axı mən bunu heç istəmir, arzulamıram da. Niyə hamı mənimlə həmrəy olmalıdır ki? Həmrəy olmalı olduğumuz yalnız ALLAH (c.c) və Qurani Kərimdir. Mən də səhv edə bilərəm. Mənim gördüklərimə insanlar başqa rakursdan baxa bilərlər. Hərənin öz baxış bucağı var. Vacib deyil ki hamı mən görəni görsün. Əsas olan odur ki, insanlar sərbəst fikir bildirə bilsinlər, problemi azad şəraitdə, qorxmadan, çəkinmədən, kiməsə yarınmaq niyyəti olmadan müzakirə edə bilsinlər.
— İttihamınız çox sərt deyil ki? Dövlətin mafiyanın əlində olmasını iddia etmək, Azərbaycanda dövlət olmadığını iddia etməkdir. Bir hüquqşünas kimi bunun nə demək olduğunu siz məndən də yaxşı bilirsiniz.
— Elə hüquqşünas olduğum üçün bunu deyirəm. Mən bu ölkədə nə baş verdiyini, bir çox nazirliklərin, idarələrin, məhkəmə, polis, prokurorluq orqanlarının necə idarə edildiyini görür və dərk edirəm. Bu barədə susmağın cinayət olacağını, millətimə, dövlətimə xəyanət sayılacağını da yaxşı bilirəm.
— Bəs bu gün cənab prezidentin başlatdığı mübarizə elə həmin mafiyaya qarşı deyilmi?
— Ay BƏRƏKALLAH, görürsünüzmü, bəs deyirsiz, mən haqsızam, vəziyyəti tündləşdirirəm. Mafiya yoxdursa, prezident kimə qarşı mübarizə aparır bəs? Mən də elə bunu deyirəm. Mafiya dövlətimizi xərçəng kimi sarıb, onun bütün orqanlarını, bütün strukturlarını ələ keçirib, dövlətimizi can üstündə qoyub. Bu millət, bu dövlət can verir, aqoniyadadır. Dövlətin təhlükəsizliyini təmin etməli ən vacib orqanda adamlardan pul qoparmaq üçün min bir qanunsuzluqlar edilirsə, insanlar qanunsuz hökmlərlə məhkum edilirsə susmaq haqqımız varmı?
–Sizcə, Prezidentin başlatdığı indiki mübarizə də vəziyyəti xilas edə bilməyəcək, yoxsa ümid yeri var?
— Ümid həmişə var! Təki iradə olsun. Ancaq vəziyyət o qədər ağırdır ki, bir tək prezident, həm də təkbaşına bu vəziyyəti düzəldə bilməz. Realist olmalıyıq. Xəstəlik vaxtında müalicə edilməyib, buraxılıb, ağırlaşma-metastaz verib. İndi on il əvvəlkindən yüz qat çox güc, qüvvə, vəsait, enerji sərf edilməlidir. Buna da vaxt lazımdır. Hər keçən gün isə millətin ömründən, dövlətin cibindən gedir.
— Bir hüquqşünas kimi Siz indiki vəziyyətdən xilas olmanın yolunu necə görürsünüz? Çıxış yolu nədədir? Məsələn, Siz şəxsən bu mübarizədə prezidentin yanında olmağa hazırsınızmı?
— Əvvəla deyim ki, mənim prezidentin yanında olmağıma ehtiyac yoxdur. Mənim nə yaşım, nə səhhətim fəal işləməyə imkan verir. Digər tərəfdən də, prezidentin komandasında kifayət qədər savadlı, enerjili kadrlar var. Prezidentin ətrafına mənim kimiləri yox, bəzi indiki kimiləri də yox, gəncləri, Avropada, Türkiyədə, Rusiyada yüksək təhsil almış, müasir dünyanın tələblərini yaxşı bilən, yenilikləri mənimsəyən gəncləri toplamaq lazımdır. Mən elə müxalifətdə də bəsəm. Nöqsanları görmək, onları vaxtında demək də dövlətə xidmətdir, prezidentə köməkdir.
O ki qaldı belə durumlardan çıxış yollarına, burada da Amerika kəşv etməyə ehtiyac yoxdur. Dünya təcrübəsində bu barədə kifayət qədər reseptlər var.
Əvvəla, seçkilər.
— Seçkilər? Seçkilərin mafiya ilə, korrupsiya ilə mübarizəyə nə dəxli var?
—Bax, görürsünüz, Sizin jurnalist baxışınızla mənim seçkiyə hüquqşünas baxışım fərqlidir. Diqqət edin. Nədir korrupsiya? Korrupsiya adlı cinayət yoxdur. Korrupsiya bir həyat tərzi, fəaliyyətin bir üsuludur. Azərbaycan dilinin izahlı lüğətində korrupsiyaya belə tərif verilir : KORRUPSİYA
— İctimai, siyasi xadimlərin, vəzifəli şəxslərin rüşvət, böyük hədiyyələrlə ələ alınmasıdır.
Korrupsiya latın mənşəli sözdür. Korrupsiya — dövlətin hər hansı qurumunda çalışan və ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə halları adlanır. Bu termin əsasən bürokratik aparat və siyasi elita ilə bağlı işlənir.
Korrupsiya vəzifədə olanın vəzifə səlahiyyətlərindən istifadə edərək qanunları iqnor edib bu və ya başqa məsələni hansı bir cinayətkar qrupun xeyrinə həll etməsidir. Ona görə korrupsiya dedikdə ancaq və ancaq vəzifədə olanlardan söhbət gedir. Sadə camaatı, hətta cinayətkar biznesmeni korrupsioner adlandırmaq olmaz. Həmin biznesmen rüşvət cinayətinə aiddir. Başqa sözlə Korrupsiya – vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır”
Görürsünüzmü, hansısa cinayət əməlinin korrupsiya mahiyyətli olması üçün, onun iştirakçılarından ən azı birinin “bürokratik aparat və ya siyasi elita ilə bağlı olması” zəruridir.
Bu günədək siz belə bir qrupun ifşasına şahid oldunuzmu? Yox.
— Bəs son MTN hadisələri buna aid deyilmi?
—Mən də onu bayaqdan vurğulamaq istəyirəm ki, ölkəmizdə ilk dəfə, həm də real olaraq korrupsiya faktı açılıb və olduqca ciddi qüvvələr ifşa edilir. Bu məsələdə prezident tək buraxılmamalı və müdafiə edilməlidir. Xalq da, müxalifət də, bu mübarizənin davamlı olması üçün, real nəticələrə nail olunması üçün prezidentin arxasında durmalıdır. Yoxsa revanşist qüvvələrin qələbəsi daha böyük faciələrə səbəb olacaqdır.
— Qurban bəy, qəribə adamsınız. Görmürsünüzmü, “dövlət mafiyanın əlindədir” deyib hakimiyyətdəki bir çox qüvvələri özünüzə düşmən edirsiniz, “xalq və müxalifət prezidenti dəstəkləməlidir” deyib müxalifəti də özünüzə düşmən edirsiniz. Bir çoxları sizi başa düşə bilmir ki, siz nə istəyirsiniz? Necə düşünürsünüz, üzvü olduğunuz Milli Şura bu məsələdə sizin mövqeyinizi bölüşərmi? Mən qəti əminəm ki, sizin dostlarınız, üzvü olduğunuz cəbhə, mən müxalifət cinahını nəzərdə tuturam, konkret olaraq Milli Şura prezidentlə istənilən əməkdaşlığın əleyhinədir.
Tək qalmaqdan, bütün cəmiyyət tərəfindən dışlanmağınızdan qorxmursunuzmu?
— Mən ALLAH(c.c)ımdan daha çox qorxuram. Mən düz hesab etdiyim bir fikri səsləndirəndə qətiyyən düşünmürəm ki, başqaları buna nə deyəcək, nə düşünəcək, ictimai rəy qəbu edəcək, ya etməyəcək. Məşhur bir filosofun dediyi ki, belə məqamlarda mənim qulağım kardır.Mən yalnız ALLAH(c.c)a və vicdanıma hesabat verirəm. Bir də ki mən Milli Şuranın adından danışmıram. Orada olanların hərəsinin öz mövqeyi var. Milli və dövlət maraqları tələb edəndə mən ailəmlə də, doğmalarımla da razılaşmaram. Təbii ki, mən Sizin nə demək istədiyinizi çox yaxşı başa düşürəm. Ancaq Siz də məni başa düşün: söhbət dövlətimizin taleyindən, millətimizin gələcəyindən gedir. Burada şəxsi, ailə, qrup, təşkilat maraqları üstün ola bilməz. Bəlkə sizin gedə biləcəyiniz bir yer var, ancaq mənim getməyə ikinci Vətənim yoxdur və buranı da bir çoxları kimi tərk etmək fikrim yoxdur. Son nəfəsimədək burada yaşayıb, burada öləcəyəm.
— Deyəsən, rahat ölmək fikriniz də yoxdur axı?
—Nə demək istədiyinizi anladım. Onsuz da hər məqalədən, hər müsahibədən sonra işarələr, təhdidlər alıram. Ancaq (bir anlığa susur, gözlərini qıyır) əmanət sahibi öz istədiyi vaxt və istədiyi üsulla onu geri alacaq. Biz kimik ki !
— Olmazmı danışıqlarla, mülayimliklə, əməkdaşlıqla bu problemlər çözülsün? Heç buna cəhd etmisinizmi?
— Mən əlimdən gələni edirəm. Əlimdən gələn də nöqsanlar barədə yazmaq, problemləri ictimailəşdirməkdir. Qalan məsələlər bu dövləti indi idarə edən və onun gələcəyinə görə məsuliyyət daşıyanlara aiddir. Bizdən deməkdir.
— Diqqət etmisinizsə, Hacı Tale Bağırzadəni siyasi müxalifət cəbhəsində Sizdən başqa açıq və ardıcıl müdafiə edən yoxdur.Nə baş verir? Bəlkə bu məsələdə də Siz haqsızsınız? Niyə hamı susduğu halda siz danışırsınız?
— Ola bilər ki mən haqsızam. Ola bilər. Mən haqlı olduğumu heç vaxt israr etməmişəm. Ancaq T.Bağırzadə məsələsində də vicdanıma uyğun hərəkət edirəm. Düz bildiklərimi deyirəm. Bu məsələdə bir yanlışlığın olduğuna isə qəti əminəm.
Kimlərsə öz məkrli oyunlarına bu xalqı alət edib. Ona da əminəm ki, şəxsən prezident İlham Əliyevə T.Bağırzadə barədə, Nardarandakı vəziyyət barədə düzgün məlumatlar verilməyib.
—Sadəlövhlükdə ittiham ediləcəyinizdən qorxmursunuzmu? Prezident bu boyda bir əməliyyatdan xəbərsiz ola bilərmi?
— Mən əməliyyatı demədim. Silahlı hücumdan, qoşun yeritməmişdən qabaq Hacı Tale və Nardarandakı vəziyyətlə bağlı prezidentə verilmiş məlumatları nəzərdə tuturam. Bir də ki artıq göz qabağında göz deşən faktlar var. MTN-də uzun illər açıq və qorxulu cinayətlərlə məşğul olan böyük bir çətə haqqında prezidentə 10 ildir ki düzgün məlumat verilməyib. Bu ki faktdır. Bunun tərsini düşünməyin nə demək olduğunu bilirsinizmi?
Həm də tək bizim prezidentin yox, heç bir dövlət başçısının imkanı yoxdur ki, hər bir məmurun yanına əli silahlı güdükçü qoysun.Ya da şəxsən hamını güdsün. Bəs dövlət strukturları, vəzifəli şəxslər nə üçündür. Onların vəzifəsi dövlət başçısına dəqiq məlumatlar verməkdir. Artıq sübut edildi ki, uzun müddətdir prezidentə dəqiq məlumatlar verilməyib ki MTN indiki vəziyyətə düşüb.
Adicə bir fakt: Əmlak Məsələləri Dövlət Komitəsi, Rabitə Nazirliyi, eləcə də bir çox vəzifəli şəxslər MTN-ə uzun illər xərac veriblər. Bundan prezidentin xəbəri necə ola bilər? Qərəzli olsan, deyəcəksən ki, bəs necə xəbəri olmaya bilər? Cavab sadədir: vaxtında məlumat verilməyib deyə, xəbəri olmayıb.Bu qədər bəsit. Mən belə düşünürəm. T. Bağırzadə və Nardaranla da bağlı, bir gün gələcək, sübut ediləcək ki, özlərini və güclərini, olmayan qabiliyyətlərini göstərmək üçün kimlərsə prezidentə yalan məlumat verərək bu qanlı əməliyyatı keçirməyə icazə ala biliblər. Peşəkarlar çox yaxşı bilirlər ki, Hacı Tale Bağırzadəni həbs etmək üçün Nardarana qoşun yeritmək yox, tək bir sahə müvəkkilini, ya da istənilən polis nəfərini göndərmək, ya da onu telefonla, rəsmi çağırış vərəqi ilə polisə dəvət etmək kifayət idi. Buna görə 7 nəfər övladımızın qanını tökməyə ehtiyac yox idi. Nardarandakı dini vəziyyət isə başqa bölgələrimizdəkindən o qədər də fərqlənmir. Silah, qumbara və s. haqqında verilən yalan bəyanatlar isə öz uğursuz və yarıtmaz əməliyyatlarını ört-basdır etmək üçündür.
Prokurorluqdan soruşmaq lazımdır ki, sən nəyə nəzarət edibsən ki, MTN-də uzun illərdir belə cinayətlər baş alıb gedir?
İttihamları notariat orqanı kimi təsdiqləyən prokurorlar nə vaxt məsuliyyətə cəlb ediləcəklər?
Bəs həmin işlər üzrə hökm çıxaran hakimlər?
MTN quldurları ilə bir cinayət sindikatının üzvü olan prokurorlar, hakimlər, polislər, siyasi elita nümayəndələri, sizcə, Nardaran hadisələrinin baş verməsində maraqlı ola bilməzlərmi?
Axı, harda görünüb ki, bir nəfəri həbs etmək üçün qoşun yeridəsən?
—Deyəsən, sualdan uzaqlaşdınız. Niyə başqaları da sizin kimi T.Bağırzadəni açıq müdafiə etmirlər? Sizcə səbəb nədir?
— Dəqiq deyə bilmərəm.Hərə özünə cavabdehdir. Şəxsən mənimçün Fuad Qəhrəmanlı, dostum İntiqam Əliyev ilə inanc məhbuslarının, eləcə də sabah qanunsuz həbs ediləcək hansısa YAP-çının fərqi yoxdur. Hüquq, insan haqları siyasi mənsubiyyətə görə dəyişə bilməz ki. Milli Şuranın Nardaran hadisələri ilə, eləcə də T.Başırzadənin həbsi ilə bağlı bəyanatı olub. Digər partiyalar isə… Bilirsiz, haqqı demək hər kəsə verilməyib. Əslində, Hacı Tale Bağırzadə qısa fəaliyyəti dövründə bir çox ənənəvi siyasətçilərin qabiliyyətsizliyini üzə çıxardı. Bu baxımdan, çoxlarında ona qarşı həm də qısqanclıq yarandı. Axı bəziləri müxalifətçiliyə qazanc mənbəyi kimi baxır. Bu yaxınlarda çox ciddi bir mənbədən eşitdim ki, sən demə, bizim sıralarımızda uzun müddət “müxalifətçi maaşı” alan xeyli “siyasətçi” fəliyyət göstərib. Belələri bu gün də var. T.Bağırzadə sübut etdi ki, onların iddia etdikləri kimi, bu xalq hələ ölməyib, onun potensial gücü kifayət qədərdir, sadəcə, təşkilatlandırmaq qabiliyyəti olmayanlar, ya da bunu qəsdlə etməyənlər xalqda ümidsizlik yaradıblar.
—Yenə də sualıma cavab ala bilmədim. Vəziyyətdən çıxış yollarını siz necə görürsünüz? Seçkidən başlamışdınız.
—Bəli, ən effektiv mübarizə üsulu seçkidir.Qanuni seçkilərin keçirilməsi. Dedim axı, korrupsiya yüksək vəzifəli dövlət məmurlarının, siyasi elitanın iştirakı olmadan mümkün deyil. Bu isə o vaxt baş verir ki, adamlar bir vəzifədə uzun müddət qalır, bunun da nəticəsində stabil cinayət əlaqələri formalaşır. Belə əlaqələrin pozulmasının ən qansız və effektli yolu seçki ilə hakimiyyətin dəyişilməsidir ki, hər beş ildən bir keçirilən seçkilər nəticəsində siyasi elita dəyişir və bu stabilləşmiş əlaqələr pozulur.
Bu baxımdan, Konstitusiyamızda prezidentin iki dəfədən artıq seçilməsi ilə bağlı dəyişiklik edilməsindən sonra, bunun bütün vəzifələrə də şamil edilməsi olduqca yanlış idi.
Birinci yolu budur—qanuni seçkilər.
İkinci yol, indi prezidentin başladığı mübarizədir ki, xalq bu prosesdə prezidentin arxasında durmasa, gözlənilən nəticələr olmayacaq, əksinə daha ağır duruma düşəcəyik. Bunun da arxasınca kataklizmalar, üsyanalr, çevrilişlər, qarşıdurmalar, məzhəb davaları, xarici müdaxilələr və s. gələcək.
Üçüncü yol—kortəbii xalq üsyanıdır. Bunun da nəticəsində, İrakda və Suriyada olduğu kimi, dövlətçiliyimizi itirəcəyik, Vətənimizdən didərgin düşüb bəlkə də ermənilərə sığınmağa məcbur olacağıq.
İndi xalqımız, iqtidarımız və müxalifətimiz özü seçməlidir: hansı yol milli maraqlarımıza daha uyğundur?!
Məncə, birinci və ikinci yolun birləşdirilməsindən optimal yolumuz yoxdur: qanuni seçkilər yolu ilə xalq iradəsinə söykənən hakimiyyəti formalaşdırıb prezidentlə xalqın birliyinə nail olmaq.
Yalnız bu yolla biz mafiyaya da, korrupsiyaya da qalib gələ bilərik.
Qalan bütün yollar cəhənnəmə aparır.
—Son olaraq soruşmaq istəyirəm: sizcə, müxalifət, konkret olaraq Milli Şura, siz dediyiniz məsələlərdə prezidenti dəstəkləyərmi? Çünki mən gördüyüm, mən tanıdığım müxalifət dialoq, əməkdaşlıq, barış, milli birlik müxalifəti deyil. Onlar daha çox xarici qüvvələrin mövqeyini nəzərə alırlar, nəinki milli maraqları.
— İcazə verin sizinlə razılaşmayım. Əvvəla, bayaq dedim axı, mən Milli Şuranın adından danışmıram və qərar vermirəm. Ancaq biz dəfələrlə bəyan etmişik ki, milli və dövlətçilik maraqalrı ətrafında həmişə bir yerdə olmalıyıq. Məsələn, sizcə, sabah Qarabağ uğrunda müharibə başlasa, müxalifət prezidentə kömək etməyəcəkmi, yoxsa çəkilib kənarda duracaq, ona mane olacaq? Əlbəttə ki, yumruq kimi birləşəcəyik. Mən şəxsən hesab edirəm ki, sabah torpaqlarımızın düşməndən azad edilməsinin əsası bu gün gedən proseslərlə qoyulmalıdır. Dövlətimizi mafiyadan, korrupsiyadan xilas etməsək, sabah torpaqlarımızı da erməni işğalından xilas edə bilməyəcəyik. Bu bir aksiomadır. Deməli, mafiyaya, korrupsiyaya qarşı indi başlanmış mübarizədə də xalq prezidentin arxasında olmalı, yumruq kimi birləşməlidir.
Müxalifət isə özü bilər.
Dedim axı, mənim hesabat verəcəyim məqam ALLAH(c.c)ım və vicdanımdır.
14 dekabr 2015-ci il