Əlaqə vasitələri

       Ədalətin bərpa edilməməsi cinayətlərin təkrarlanacağının təminatıdır.

 

 “Prezident  vəziyyəti kökündən düzəltmək üçün mütləq,

ancaq mütləq məhkəmə sisteminə əl

gəzdirməlidir”.

“AZADLIQ”ın  25 oktyabr 2015-ci il tarixli sayında   “MTN generallarının daha bir cinayəti” adlı yazı dərc edilmişdi.

Əslən Naxçıvanın Sədərək kəndindən olan Cahangir Məmmədovun bu il iyulun 13-də,  53 yaşında intihar etməsindən bəhs edir.

Rəhmətlik Cahangirlə tanışlığım və yaxın münasibətlərim olub. Gec-gec də olsa, arabir görüşərdik.

Həmin vaxt Bakıda olmadığım üçün nə ölümündən vaxtında xəbərim oldu, nə də yasında iştirak etdim.

O çox sadə, ləyaqətli  insan idi. İntihar etməmişdən qabaq tez-tez borclarından gileylənir, borclarını qaytarmaq üçün özünü oda-közə vururdu. Rahatlığı yox idi.

Hərdən də MTN-də ona qarşı edilən vəhşiliklərdən danışanda özünü saxlaya bilmirdi. Əsəbiləşir, ağlamaq dərəcəsinə çatırdı.  Mən istər özümə qarşı, istərsə də vaxtilə vəkil kimi müdafiə etdiyim adamlara qarşı edilən çox qanunsuzluqlar görsəm də, onu bu hala salan səbəbləri təbii ki, dərk edə bilmirdim. Başına gələnləri danışanda gözləri az qala həlqəsindən çıxırdı.

MTN-lə bağlı indi yayılan məlumatları izlədikcə, rəhmətliyin nələr çəkdiyini az da olsa anlamaq olur.

Onun həbsinin və işgəncə, hədə-qorxu  ilə 100 min dollar rüşvət alınaraq borc bataqlığına salınmasının, arxasınca da intiharının qısa tarixçəsini bir də xatırlatmaqda fayda var. Faciələrin təkrarlanmaması üçün biz keçmişin acı təcrübəsini unutmamalıyıq.

Həmin yazıda mərhumun anası Nərgiz xanım fəryad edərək deyirdi:

 “Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri mənim dağ kimi igid oğlumun ölümünə səbəb oldular. Onun başına elə oyunlar açdılar, elə vəziyyətə saldılar ki, oğlum sonunda dözməyib canına qıydı. Bunu nə Allah, nə də bəndə götürər.”

Söhbətin nədən getdiyini bilməyiniz üçün yazının bu hissələrini də xatırlatmağa ehtiyac var:

“…Veriləcək pulun müqabilində isə onlara məhkəmədə azadlıqdan məhrumetmə cəzası deyil, şərti iş istəniləcəyi vəd olunur. Əlləri heç yerə çatmayan həbs olunan şəxslərin də buna razılaşmaqdan başqa carəsi qalmır.…Cahangir Məmmədovdan isə 80 min manat alırlar.
Pulu aldıdan sonra həqiqətən də, məhkəmədə onlara şərti iş istənilir. Və adları çəkilən şəxslərə müxtəlif müddətə şərti cəza kəsilərək, azadlığa buraxılırlar.

Cahangir Məmmədov niyə intihar etmək məcburiyyətində qalır?

İndi isə qayıdaq Cahangir Məmmədovun anası Nərgiz Məmmədovanın sözlərinə. Onun dediyinə görə, oğlundan digərlərinə nisbətən daha çox pul tələb olunmasını Cahangir Məmmədovu MTN-nin təcridxanasından daha tez – 61 gün sonra buraxmaları ilə bağlayıblar.

Belə ki, Cahangir Məmmədov həbs olunduqdan sonra qardaşları bunun səbəbini öyrənmək məqsədilə MTN-ə gediblər. Cahangir Məmmədov tamamilə günahsız olduğunu bildirsə də, MTN-in İstintaq Baş İdarəsindən pul verilməyəcəyi təqdirdə onu ağır ittihamlarla uzun müddətə həbs edəcəklərini deyiblər.

Nərgiz Məmmədovanın sözlərinə görə, əvvəlcə onlardan 50 min manat istənilsə də, sonradan məbləğ 80 minə qaldırılıb. Digər oğlanları da bu məbləğin bir hissəsini özləri təşkil edib, qalanını da borc götürərək düzəldiblər.

Nərgiz Məmmədova deyir ki, kiçik oğlu Məzahir 80 min manatı MTN-in İstintaq Baş İdarəsinin əməkdaşı Yasin Məmmədova verib. Bundan sonra 61 gün MTN-in təcridxanasında saxlanan oğlu buraxılıb. Məhkəmədə isə 3 il şərti iş veriblər…. MTN-in İstintaq Baş İdarəsinin qanunsuz həbsindən və verdiyi böyük miqdarda rüşvətdən sonra düşdüyü borc bataqlığından çıxmaq istəyən Cahangir Məmmədovun qarşılaşdığı problemlər onun psixologiyasına ikinci böyük zərbəni vurur. Nəticədə intihara əl atır.

Əvvəlcə bıçaqla özünə bir neçə yerdən xəsarət yetirən Cahangir Məmmədov Bakıxanov qəsəbəsindəki “Su Hövzəsi” xəstəxanasına çatdırılır. Həkimlərin səyi ilə özünə ürək nahiyəsindən bıçaq zərbəsi vurmuş, boğazını kəşmiş Cahangir Məmmədov xilas edilir. Ancaq özünə gələn Cahangir Məmmədov hamını yuxuya verdikdən sonra – gecə saat 4:30 radələrində özünü xəstəxananın 5–ci mərtəbəsindən ataraq intihar edir.

Nərgiz Məmmədova oğlunun intihara əl atmasında MTN-in vəzifəli şəxlərini, konkret olaraq MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlan Şıxəliyevi, MTN-nin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovu və MTN-in İstintaq Baş İdarəsinin əməkdaşı Yasin Məmmədovu ittiham edir, onların cəzalandırılmasını tələb edir: “Allah Prezidentimizdən razı olsun. MTN-dəki bu cinayətkar şəbəkəni ifşa edib, onları işdən qovdu. Bəzilərini həbs də ediblər. Mənim oğlumun işi də yenidən araşdırılmalıdır. Oğluma bərəat verilməli, onu qanunsuz həbs edərək, ölümünə səbəb olanlar ən ağır şəkildə cəzalandırılmalıdır. Bəlkə oğlumun ruhu dinclik tapa”.

 Cahangir Məmmədovun qəmli hekayəsi burada bitəcəkmi?

“MTN quldurları”nın başqa orqanlarla,  konkret olaraq, məhkəmələrlə əlbir cinayətlə məşğul olduqları artıq ortada. Cahangir də bu hakimlərin qurbanı olub.

Biz neçə vaxtdır məhkəmələrimizdəki vəziyyətlə bağlı həyacan təbili çalırıq. Fikir verən yoxdur. Tək bir məhkəmə sisteminin normal çalışması neçə-neçə cinayətin qarşısını ala bilərdi. Ancaq görünən budur ki, mafiya öz adamlarını dövlətin bütün qədəmələrinə yerləşdirib.Məhkəmələrin bu vəziyyətdə olması isə bir dövlətin, bir millətin əsl faciəsidir.

Hörmətli Prezident  vəziyyəti kökündən düzəltmək üçün mütləq, ancaq mütləq məhkəmə sisteminə əl gəzdirməlidir. Əslində məhkəmə prezidentin arxasında ən böyük qala olmalıdır. Yoxsa  indiki vəziyyətdən çıxmaq qeyri-mümkün olacaqdır. Mafiya bütün strukturları hörümçək kimi oz toruna salıbdır.

 Cahangiri öldürənləri cəzasız buraxmaq olmaz. Onun haqqında ibtidai istintaqı aparan müstəntiq, istintaq idarəsinin rəisi, işə nəzarət edən prokurorlar, hökm çıxaran hakimlər hamısı müəyyənləşdirilib ədalət mühakiməsinə verilməyəcəklərsə, belə cinayətlərin bundan sonra da davam edəcəyinə şübhəniz olmasın.

Qurani Kərimdə ALLAH (c.c) buyurur:  “Kafirlərə isə bu dünyada və axirətdə şiddətli əzab verəcəyəm…” (“Ali İmran” surəsi, 56-cı ayə), “Onların nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah bunlarla, bu dünyada onlara əzab vermək və onların kafir olaraq canlarının çıxmasını istəyir. (“Ət-Tövbə” surəsi, 85-ci ayə), “Onları həm bu dünyada, həm də Qiyamət günündə lənət təqib edəcəkdir.”(“Hud”surəsi, 60-cı ayə).

Cahangir Məmmədova zülm edənlər, onu özünə qəsd etməyə məcbur edənlər bu dünyadakı cəzalarını almağa başlayıblar. Əsas cəzaları isə axirətdə veriləcək.

Prezidentin göstərişi ilə “MTN quldurları”nın ifşa edilməsi cəmiyyətdə çox böyük ümidlər yaradıb. Cahangir Məmmədovun da haqqının bərpasına, ona dəymiş ziyanın ailəsinə ödəniləcəyinə inanırıq. Ancaq əsas məsələ maddi ziyan deyil, şəxsən Cahangirə və ailəsinə vurulmuş mənəvi ziyandır. Ondan da əsası isə, əsl cinayətkarların müəyyən edilib MTN-dən uzaqlaşdırılması, cəzalandırılması və bundan sonra başqalarının da taleyinin korlanmasının qarşısının alınmasıdır.

 

 

 

 

 

 

Loading