Əlaqə vasitələri

Qurban Məmmədov məhkəməyə meydan oxudu

04 Dekabr 2013 21:06

«Ailənizə namuslu yolla çörək qazanmağı niyə özünüzə rəva bilmirsiz? Hansı dinə, hansı dəyərlərə tapınmısınız?»

Tanınmış vəkilin ittiham olunduğu hadisədə yüksək vəzifəli məmurun iştirakı üzə çıxdı

Milli Şuranın üzvü, tanınmış hüquqşünas Qurban Məmmədovun məhkəməsi yekunlaşır. Maşını arxaya verərkən avtodayanacaq gözətçisinin ayağına xəsarət yetirməkdə ittiham olunan Qurban Məmmədova prokuror 3 il həbs cəzası istəmişdi. Dünən isə onun vəkilləri Anar Qasımlı, Süleyman Qasımov və Fəxrəddin Mehdiyev çıxış edərək, Qurban Məmmədova bəraət verilməsini istədilər.

Anar Qasımlı çıxışında bildirdi ki, bu iş üzrə zərərçəkmiş qismində tanınmış şəxs işləmədiyi üç ay ərzində Qurban Məmmədovun kompensasiya olaraq, ona hər ay verdiyi 600 manatı (ümumilikdə 1800 manat) istintaq zərərçəkmişin pulla ələ alınması kimi qiymətləndirib. Bu da absurddur: “Başqa işlərdə zərərçəkmişə kömək göstərilməsi yüngülləşdirici hal kimi qiymətləndirilir, burada isə buna görə Qurban Məmmədova əlavə ittiham verilib”.

Fəxrəddin Mehdiyev qeyd etdi ki, istintaqın bu addımı təhlükəli presedent yarada bilər: “Insanlar qorxub çəkinərək, yaralını atıb çıxıb gedəcəklər ki, niyə kömək eləyim? Humanist addımı CM-nin 299-cu (şahidi, zərərçəkmişi ələ alma) maddəsinə tövsif etmək nə dərəcədə məntiqlidir?”

Məhkəmə prosesində müdafiə tərəfin verdiyi 45 vəsatətin heç birinin təmin olunmadığını deyən vəkil vurğuladı ki, Qurban Məmmədovun həbsi onun ictimai-siyasi mövqeyilə bağlıdır.

Məhkəmədə vicdan dartışması

Vəkillərdən sonra prokuror replika hüququndan istifadə edərək, müdafiəçiləri məsələlərə vicdanla qiymət verməyə çağırdı. Vəkillər də ona cavab verdilər.

Anar Qasımlı: “Hesab edirəm ki, hər kəsin vicdanı var. Məsələ kimin ondan istifadə edib-etməməsindədir. Mən prokuror olsaydım, vicdanım yol verməzdi ki, burada səslənən fikirləri təhrif edim”.

Fəxrəddin Mehdiyev: “Yaxşı olardı ki, prokuror ümumiyyətlə, replika hüququndan istifadə etməyəydi. Xüsusən, vicdan məsələsinə toxunmayaydı…”

“Bu rejimə qarşı mübarizədən geri çəkilməyəcəyimə and içirəm!”

Bundan sonra Qurban Məmmədov son sözünü dedi:

“Ihahiyyatçı alim Tale Bağırzadəni və başqa din adamlarını narkotiklə şərləməklə, əslində Allaha və Islama qarşı çıxan, Allahsızlar cəmiyyəti qurmaq istəyən, dini özünə siyasi alət edən bir rejimdən mən ədalət gözləmirəm və ona qarşı mübarizədən geri çəkilməyəcəyimə and içirəm.

Son sözümü deməmişdən öncə, dövlət ittihamçısının çıxışına münasibət bildirmək istəyirəm. Prokuror Elçin Nağıyev mənə qarşı irəli sürülmüş ittihamın tam sübuta yetirildiyini iddia edib 3 il həbs cəzası istəyəndə düşündüm ki, görəsən, 1 milyon alıb mandat alveri etsəydim, ya da seçkinin nəticələrini saxtalaşdırıb özümü prezident elan edərək, hakimiyyəti mənimsəməklə xalqa qarşı ən ağır cinayət törətsəydim, mənə nə cəza istəyərdi?

Prokuror Cinayət Məcəlləsini oxuyubmu? Bu Məcəlləyə daxil edilən belə bir maddə varmı ki, şəxs həm “məntəqə tipli cəza”, həm də “ümumi rejimli cəza” alırsa, qanunda məntəqə tipli cəza nəzərdə tutulmuş maddə üzrə müddət, ümumi rejimli cəza nəzərdə tutulan maddə üzrə isə rejim götürülməklə yekun cəza verilməlidir?

Bu barədə danışmaqla, heç də ümumi rejimli cəzaçəkmə müəssisəsində olacağımdan narahatlığımı bildirmək istəmirəm. Balıq dəryada təbii halında olduğu kimi, mən də hüquqşünas və vəkillik təcrübəsi olan adam kimi, ümumi rejimdə olan qardaşlarımızla təmasda olmaqdan, onlara fayda verməkdən daha çox rahatlıq tapa bilərəm.

10 qram qızıla 20 qram dəmir qatıb 30 qaramlıq kütləni prokuror Elçin Nağıyevə və Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə qızıl qiymətinə satmaq istəsəm, məni daş-qalaq edərlər. Əcaba, öz pulunuzun qədrini bilə-bilə, başqalarının həyatına belə saymazyana münasibətinizin səbəbi nədir və nəyə arxayınsınız?

Bu ölkədə siyasi müxalifətə, azad vicdan və azad söz sahiblərinə yazılı qanunlar yox, “tapşırıq hüququ” tətbiq edilir.

Anlayırsınızmı ki, qanını içdiyiniz, haqqını yediyiniz, ömrünü kəsdiyiniz, rüşvət verə bilmədiyinə görə ağır cəzalara məhkum etdiyiniz bu gənclər, erməni ordusu Bakıya girməli olsa, sizin arvadınızın, qızınızın, ana və bacılarınızın namusunu qoruyacaq şəhid, ya qazi olacaqlar? Ailənizə namuslu yolla çörək qazanmağı niyə özünüzə rəva bilmirsiniz? Harama meyl sizdə haradandır? Siz hansı dinə, hansı dəyərlərə tapınmısınız?

Neçə vaxtdır ki, Ilham Əliyevə, parlamentin sədri Oqtay Əsədova müraciət etmişəm ki, Cinayət Məcəlləsində bir dəyişiklik edilsin. Zərərçəkmiş tərəfindən bağışlanan (bağışlanmanın şərtindən asılı olmayaraq) şəxs cinayət məsuliyyətinə cəlb edilmir, cəzalandırılmır və cəza çəkməkdən dərhal azad edilir. Bu halda zərərçəkmişlərin hüquqları təmin edilər, cəmiyyətdə sağlam münasibətlər formalaşar, insani dəyərlər oturuşar, həbsxanalar yüngülləşər, dövlət əsassız yerə xərc çəkib təkrar cinayətkar istehsalı ilə məşğul olmaz. Mədəni dünya çoxdan bu yola qədəm qoyub.

ATV-də bir ata xeyli vaxtdır fəryad edir ki, körpə balasını vuran sürücü aradan çıxıb. O körpənin şikəst olmasında rolu olan sürücü bilir ki, zərərçəkmişə yardım etsə də, Azərbaycan polisi, məhkəməsi ona evini, maşınını, həyat yoldaşının qızıllarını və nişan üzüyünü satdırmasa, əl çəkən deyil, üstəlik də həbsxanada ömrü kəsiləcək. Belə olan halda, ortaya çıxarmı? Gözləməyin!

“Son söz” ifadəsi iki mənada işlədilir: hüquqi və siyasi mənada. Siyasi mənada nə mən, nə milli-azadlıq mübarizəmizin iştirakçısı olmuş dostlarım, hamkarlarım, əqidə qardaşlarım: cəbhəçilər, müsavatçılar, nə də öz gəncliklərini, vətənimizi zəli kimi soran, onun sərvətlərini talayan, əxlaqını pozan, gələcəyini təhlükəyə qoyan indiki anti-xalq, anti-milli rejimə qarşı mübarizəyə həsr edən cavanlar öz son sözlərini deməyiblər. Mən müsavatçı Tofiq Yaqublunu və Yadigar Sadıqovu, “REAL”ın lideri Ilqar Məmmədovu, sadəcə sözü və düşüncəsi ilə rejimin yuxusunu ərşə çəkən ilahiyyatçı Tale Bağırzadəni və dostlarını, Əvəz Zeynallını, Sərdar Əlibəylini, Pərviz Həşimlini, cəbhəçi dostlarımı, Rahib Hacıyevi, Rəsul Mürsəlovu, gənc yaşlarından vətəndaşlıq məsuliyyətlərini dərk edən NIDA-çı gənclərimizi, Ilkin Rüstəmzadəni, bu gün azadlıqda olaraq cinayətkar rejimə qarşı mübarizə aparan bütün namuslu insanları nəzərdə tuturam.

Azərbaycanda məhkəmələr xidmətçi rolunu oynayır

Viktor Hüqonun 1878-ci ildə başqa bir fransız filosof Volterin vəfatının yüz illiyində çıxışından kiçik bir hissəni danışmaq istəyirəm. Hüqo çıxışında Fransa məhkəmə sisteminin tarixinə qara ləkə kimi düşən bəzi hadisələri xatırladır. 13 oktyabr 1761-ci ildə Quqenot olan atanın katolik olmaq istəyən oğlu intihar edib. Dindarların təhriki ilə ata öz doğma oğlunu öldürməkdə ittiham olunur və onun barəsində ölüm hökmü çıxarılır. 9 mart 1762-ci ildə hökm icra olunur; Jan Kallas adlı qocanı təkərə bağlayıb şəhər meydanında edam edirlər. Edamdan sonra bəlli olur ki, onun oğlu özü-özünü öldürübmüş, atasının heç bir günahı yoxdur. Bu zaman, ata Kallas artıq öldürülmüşdü.

Bu qəmli hekayəni – məhkəmə təcrübəsindən yüzlərlə qanunsuz qərarlardan birini xatırladan Hüqo, sonda üzünü zalda onu dinləyənlərə tutub soruşur: “O qocanı kim öldürdü? Hakimlər”.

O dövrdən 200 ilə yaxın vaxt keçir. Amma Azərbaycanda hələ də məhkəmələr, ədalət mühakiməsini həyata keçirən hakimiyyətin bir qolu kimi yox, xidmətçi, arabanın beşinci təkəri, icra hakimiyyətinin əlavəsi, siyasi rejimin əlində rəqiblərinə qarşı qisas dəyənəyi rulunu oynamaqla Viktor  Hüqo demişkən, lakey fəaliyyərlərini davam etdirirlər.

Hüquqi baxımdan “Son söz”ün ədalət mühakiməsi üçün önəmi budur ki, bəlkə təqsirləndirilən şəxs bu ana qədər demədiyi elə bir məlumat verəcək, bu, işin hərətərəfli, tam və obyektiv aparılmasına, yəni qanuni və ədalətli qərar qəbul edilməsinə kömək edəcək.

Nəsimi rayonu 20-ci polis bölməsində uzun illər sahə müvəkkili işləmiş şahid Isa Mansurovu tanımayan, daha doğrusu, özünü tanımamazlığa qoyan hakim Emin Mehdiyevin obyektiv qərar qəbul etmək gücündə olmadığına Allahıma inandığım qədər inanıram. Bu məhkəmələr qanuni qərarlar qəbul etmək, obyektiv həqiqəti müəyyən etmək üçün keçirilmir. Əks təqdirdə, bu məmləkətdə rüşvət, korrupsiya, monopoliya indiki kimi açıq həyasızlıq səviyysində olmaz, 480 manat bocunu qaytara bilmədiyinə görə ondan 10 min manat rüşvət tələb edən, sonra 6 minə enən, onu da ala bilməyəndə gənc bir övladımıza 3 il həbs cəzası kəsən hakim tərəfindən mühakimə edilməzdi. Məhkəmələr yerində olsaydı, yəni rüşvət və siyasi sifarişlər bataqlığında batmasaydı, bu gün mənim yerimdə bu sifarişi Sizə verənlər dayanardı.

Mən elə hadisə anındaca digər avtomobildə – “Nissan Teana”nın arxa oturacağında oturan şəxsi tanımışdım. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidmətinin rəisi Cavanşir Yusifovu tanıdım. Ona görə də sürücüsünün hadisə yerini tərk etməsinə mane olmadım, öz nömrəmi də ona verdim ki, nə isə lazım olsa, zəng eləsin. Fikirləşdim ki, rəis adamdır, pul onda, hökumətə yaxınlıq onda, qəzadır olub, həll edəcək. Ancaq görünür, vəzifə, pul artdıqca ləyaqət hissi azalır. Əksinə, Cavanşir Yusif sürücüsünü belə bir ifadə verməyə məcbur etdi ki, guya, həmin vaxt maşında sürücünün öz atası Zaman kişi olub. Amma həmin vaxt nəzarət kameralarının çəkilişlərinə baxış keçirilsə, görünər ki, 10-AA-747 dövlət qeydiyyat nişanlı avtomaşının arxa oturacağında əyləşən şəxs Cavanşir Yusifov özü olub. Ancaq bu kimə lazımdır ki? Sizə həqiqət yox, siyasi sifarişi icra etmək lazımdır.

“Rəhbəri xalqına yalan deyən məmləkətdə haqq-ədalət tapmaq mümkün deyil”

Mən niyə həbs olunmuşam? Ona görə yox ki, guya kiminsə ayağının sınmasında mənim təqsirim var. Yoxsa, mən 27 sentyabr 2012-ci ildə olmuş hadisədən 9 ay sonra həbs olunmazdım. Siyasi rəqiblərini narkotik, silah, yalançı “zərərçəkmişlərlə” şərləyib həbs edən bu zalım rejim məni həbs etmək üçün əlinə düşmüş bu fürsəti qaçırardımı? Elə həmin gün nəzarət kameralarına baxmaq kifayət idi ki, təqsirin məndə olduğu və ya olmadığı sübut edilsin.

Bəs niyə baxmayıblar? Bu nə hikmətdir ki, siyasi və vicdan məhbuslarının “cinayətləri” araşdırılanda bu kameralar ya işləmir, ya da müxtəlif səbəblərdən hadisə yeri və ya qəza anı çəkilmir? Siyasi rəqiblərin tövlələrinin axurunda silah, ciblərində narkotik olduğunu bədahətən bilən rejim, nədən mənim təqsirimi nəzarət kameralarının çəkilişləri ilə, mötəbər sübutlarla təsbit etməyə çalışmır? Müxalifətçilərin yataqlarını gizlincə çəkən və bunu utanmadan, xəcalət çəkmədən öz telekanalizasiyaları ilə millətə nümayiş etdirənlər, nədən dövlətin milyonlarla vəsaiti hesabına quraşdırılmış bu nəzarət kameralarının çəkilişlərini ortaya çıxardıb məni ifşa etmirlər?

Polisi hakiminə, prokuroruna, rəhbəri xalqına yalan deyən məmləkətdə haqqı, həqiqəti tapmaq, müdafiə olunmaq mümkün deyil. Qədim Çinlilər demiş, “qaranlıq otaqda qara pişiyi tapmaq çox çətindir, vay o gündən ki, heç o qara pişik o qaranlıq otaqda olmaya”. Siz də buna cəhd edirsiniz, mən də. Siz mənim əməlimdə olmayan təqsiri tapmağa çalışırsız, mən isə məhkəmədə olmayan ədaləti. Bu məhkəmə çox qaranlıqdır. Məndən isə, burada olmayan ədaləti, qanunçuluğu, obyektivliyi tapmaq tələb edilir. Etiraf edirəm, mən bunda acizəm və heç axtarış aparmaq fikrim də yoxdur.

Mən 2 ay 15 gün davam edən bu məhkəmə prosesinin hər iclasında işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək üçün vəsatətlər verdim, hansını təmin etdiniz ki, indi də son sözümdə nəsə deyim? Mənim, 18 sentyabr 2013-cü il tarixli hazırlıq iclasında verdiyim vəsatətləri təmin etsəydiniz, yəni işə qanuni, obyektiv yanaşsaydınız, sonrakı proseslərə ehtiyac olmazdı. Sizə həqiqət yox, siyasi sifarişi canla-başla yerinə yetirib “növbəti özbaşınalıqlara və firavan həyat sürmək üçün istədiyinizi əldə etməyə” əlavə bonus lazımdır. Mən Sizin bonus təminatçınızam. Ona görə də, ekspert Polad Ismayılov məhkəmədə “cinayət işində göstərilən hadisə mexanizmində maşınların bir-birinə dəyməsi mümkün deyil” deyəndə, dövlət ittihamçısı Elçin Nağıyev “əşi, onu maşınların dəyməsinə görə yox, adam vurmasına görə ittiham edirlər” dedi. Belə təfəkkür sahibi olan prokurordan ədalət gözləmək olarmı?!

Konstitusiyanın 125-ci maddəsinin I hissəsində yazılıb: “Azərbaycanda məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirir”. Amma bu məhkəmə prosesi və son vaxtlar müxalifət nümayəndələrinin, hicab məhbuslarının, “NIDA”çıların, jurnalistlərin, Ismayıllı hadisələrinin və digər məhkəmələr sübut edir ki, bu maddədə yazılanlar boğazdan yuxarı deyilən, kağız üzərində qalan deklarativ fikirlərdən başqa bir şey deyil.

Azərbaycanda ədalət mühakiməsi məhkəmə binalarından kənarda həyata keçirilir. Onların da qərarları göstərir ki, mən doğru yoldayam, siyasi mövqeyim düzdür ki, onları qanunsuz olaraq məni həbs etməyə məcbur etmişəm.

Vaxt gələcək, indi bizə hökm verənlərə qarşı ittihamlar irəli sürüləcək. O ittihamların arasında qanunsuz həbslər, insanların, siyasi rəqiblərin məhkəmə hökmü adı altında oğurlanması, girov saxlanılması, qətllərlə yanaşı, Sizin mənim barəmdə çıxaracağınız qanunsuz hökm də olacaq. Siz isə bir hakim və prokuror olaraq, mütəşəkkil cinayətkar təşkilatın üzvü kimi məsuliyyət daşıyacaqsınız. Buna mənim heç bir şübhəm yoxdur.

“Sizi alçaqlar sırasında görmək istəmirəm…”

Sözümü fransız mütəfəkkiri Volterin “Fanatizm” əsərindən bir iqtibasla bitirirəm: “Dini fanatiklərdən başqa, soyuqqanlı fanatiklər də olur: bunlar isə suçları yalnızca onlar kimi düşünməmək olan kimsələrə ölüm kəsən hakimlərdir və bu hakimlər insanlıq qarşısında o biri fanatiklrdən qat-qat artıq suçludurlar, yer üzündə onlardan da alçaq kimsələr yoxdur. Onlar sağlam düşüncələrinin səsinə qulaq asıb düzgün hökmlər verə bilərdilər”. Bunu Volter deyib, mən isə Sizi o alçaq kimsələrin sırasında görmək istəmirəm. Gələcəkdə ailənizin, qonşu və dostlarınızın üzünə baxa bilməniz üçün bu alçaldıcı işdən, özünüzdən səviyyəsiz adamların əmrlərini icra etməkdən imtina edin və balalarınızı halal yaşadın. Unutmayın, başqa kişilərin qanunsuz göstərişlərini icra edən kişilərin fahişə qadınlardan fərqi yoxdur!”

Məhkəmənin hökmü dekabrın 6-da elan olunacaq.

Aytən Məmmədova

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir