Əlaqə vasitələri

Liderin siyasi portreti: Kimlər lider ola bilər? – Alim baxışı, 05 dekabr 2015, “AZADLIQ”

elshen-2.jpg

Elşən Nəsibov

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq,

İnsan Hüquqları İnstitutunun əməkdaşı

Azərbaycanın görkəmli alimlərindən biri akademik Azad Mirzəcanzadə özünün “İxtisasa giriş” əsərində yazır ki, psixoloqlar insan şəxsiyyətinin əksəriyyəti üçün ümumi olan bir neçə tipoloji xüsusiyyətləri təyin etmişlər. Birinci tip – təsəvvürlərdən daha çox qavrayışlara meyil edən ekstravert şəxsiyyətlərdir.Bunlarda xarici qıcıqlandırıcılara qarşı reaksiyanın bilavasitə nəticəsi qeyri-iradilikdir (impulsivlikdir).

İkinci tip – ən çox öz şəxsi təsəvvürləri ilə yaşayan introvert şəxsiyyətlərdir.

Mən bu bölgünü şərti adlandırardım. Elə insanlar da olar ki, hər iki tipik cəhətləri özündə tamamlaya bilsin. Çünki qavrayışsız təsəvvür ola bilməz. İnsan əqli və şüuru və onların obrazlı nəticəsi olan təxəyyül həm qavramadan, həm də təsəvvürlərdən meydana gəlir. Təsəvvür özü də qavramanı meydana gətirir. Eləcə də qavramanın nəticəsi olaraq formalaşır.

Psixoloqlara görə, şəxsiyyətlər çılğınlığın müxtəlif növlərinə aid olunurlar: sanqvinik – diribaş, qanıqaynar; xolerik – tündməcaz, tez özündən çıxan; fleqmatik – soyuqqanlı, laqeyd; melanxolik – bədbin, məyus.

Təbii ki, bu bölgü də şərtidir və tarazlıq baxımından dəyişə bilər. Xarakterin dəyişməsi məkana, şəraitə, zamana münasib olaraq həyata keçə bilər. İnsanı bir qayda olaraq, bir qism göstərici üzərində tam xassələndirmək olmaz. Dəyişən göstəricilər makro və mikro miqyasda təsir edə bilər. Şərait, təsir edən qüvvə, enerji mübadiləsi bu kimi məqamlarda rol oynaya bilər.

Lider ətraf xarakterləri özünə cəlb edən, özünə cəzb edən mərkəzləşdirici keyfiyyət məcmusudur.Onun özündə olan potensial, güc ətrafı çəkməyə, müxtəlif məsafəli xarakter dalğalarını özündə mərkəz etməyə imkan verir.

Lider yaxın və uzaq ətrafın, çoxlu sayda insanların diqqətini özündə cəmləşdirmək iqtidarında olur.Belə demək mümkünsə, onun dalğaları daha uzun məsafələri özünə qatır. Ətraf zəngin siqnallar sayəsində lider mərkəzi potensial qüvvəyə çevrilmək iqtidarında olur.

Lider özünü koordinat nöqtəsinə çevirə bilir və hadisələr üçün başlanğıc və şərti sonluq rolunu oynamaq imkanlarına malik olur. Burada nitq, davranış, mimika, konkret əməllər liderin məzmununu yaxından ifadə etməklə yanaşı, onu ətraf üçün zəngin təsiredici ünsürə çevirir. 

Liderlər də öz portretlərinə görə, dərəcələnə bilirlər. Dövlət lideri, xalq lideri, milli lider, bəşəri lider heç də lokal, eləcə də avtoxton və məhəlli  miqyaslı olmurlar. Onlar qlobal potensiala sahib olmaqla, yerli və beynəlxalq xarakterləri birləşdirmək, sintez etmək məharətinə sahib olurlar.

Belə hesab edək ki, dövlət lideri daha çox siyasi məzmundursa, milli və bəşəri lider siyasi fiqur olmaqla bərabər, mədəni, dini, bəşəri kriteriyaları özündə əks etdirməklə mənəvi-ruhi liderə çevrilir.Liderlərin bu keyfiyyətindən Millət Atası, Ümummilli Lider kimi anlayışları meydana gəlir.

Bəşəri liderin əsas insani və əməli keyfiyyətləri təmsil etdiyi xalqı və dövləti ümumdünya miqyasına çıxarmaqdan, dünyada layiqincə tanıtmaqdan ibarət olur. Dünyanın da dəyərlərini yerli və milli-mədəni dəyərlərlə vəhdətdə birləşdirən lider bəşəri məzmuna sahib olur. Lider özündə ali mahiyyəti daşıyır və ümumi olaraq bir fəlsəfi məzmuna çevrilir.

Liderin siyasi portreti onun ictimai-siyasi nüfuzu ilə həmahəngdir, simmetrikdir, harmonikdir, şərtləndirici və tamamlayıcıdır. Liderdə psixoloqların şərti olaraq, müəyyən etdikləri xarakterik cəhətlər cəm halda birləşə, bir-birini şərtləndirə bilir. Liderin şəxsi siyasi portret sisteminin elementləri həmin şəxsin mədəni, əxlaqi və ictimai-siyasi nüfuz sistemi elementləri ilə şərtlənir, tamamlanır. Bu elementlər portret müstəvisinin (mücərrəd bir təsvir əsasında olan xəyali müstəvi) daxili aləmini aşkarlayır. Şəxs özünün mədəni-mənəvi xarakterini əməlində, cəmiyyətdə və dövlətdə tutduğu ictimai-siyasi postlarda aşkarlayır, sübuta yetirir. Əxlaqi-mənəvi keyfiyyətləri onun hüquqi-ictimai və siyasi fəaliyyətində dayaq rolunu oynayır. Şəxsin mənəvi keyfiyyətlərinin büruzəsi və faydalılıq üçün reallaşması halları yaşanır.

Elə də olur ki, siyasi vəzifələr mənəvi keyfiyyətləri kasad olan şəxsin eqosunun daha da artmasına səbəb olur. Bu postdan istifadə şəxsin radikal xarakterlə müşahidə olunan portretini yaradır.Yüksək keyfiyyətlərin postdan istifadə zamanı qəddarlığa çevrilməsi prosesləri də mövcud  olur.

Portret tərkib məzmununda olan keçidlərlə də dəyişikliyə uğramış olur. Siyasi postlar şəxslərin əksər hallarda yetişməsinə təsir edir. Belə ki, siyasi hadisələrin kompleks xarakteri ilə rastlaşmaq sayəsində şəxs elementləri cəlb edir. Bundan da faydalar əldə olunmuş olur. Şəxs ali siyasi postda dövlətdə və dünyada tanınan, ali nüfuzlu  siyasi liderə çevrilir.  Ali post şəxsdə ali keyfiyyətləri aşılayır. Ali post öz səlahiyyətlərinə görə siyasi şəxsə dünyada imic və hörmət qazandırmaq imkanları verir.  Siyasi postda qərarlaşan şəxs dövlətin daxili siyasəti ilə xarici siyasətinin tamamlanmasından özünün siyasi imicini dövlətinin sərhədlərindən kənara çıxarır. Bu halda siyasi status və imic dünyəvi xarakter alır və beynəlxalq münasibətlər areallarını əhatə edir, dövlətlərin daxili cəmiyyətlərinə də nüfuz edir.

Hər bir şəxsin cəmiyyətdə mövqeyi onun ictimai imici (cəmiyyətdə qazandığı hörmət, topladığı mərifət, ziyalılıq)  və statusu (status-burada cəmiyyət tərəfindən verilən “hüquqi” səlahiyyət, ad. Hüquqi səlahiyyət seçkili orqanlarda yer tutan şəxslərə də verilir. Bu halda şəxsin siyasi statusu da meydana gəlmiş olur) ilə müəyyən olunur.  Dövlət və hökumət  liderinin statusu  ictimai və siyasi elementləri özündə ehtiva edir. Bu kimi şəxslər cəmiyyətdən gəlirlər, dövlət fəaliyyətində isə siyasi status əldə etmiş olurlar.  Şəxsiyyətin siyasi statusu isə onun dövlətdə, dövlət hakimiyyətində tutduğu mühüm siyasi postla, siyasi imici isə onun fəaliyyətində qazandığı hörmətlə müəyyən olunur. Hörmət xeyirxah əməllərdən, lütfkarlıqdan meydana gələn dəyər kimi üzərə çıxır. İmic və status hüquqi – siyasi amillərlə ifadə olunmaqla  yanaşı, həm də  ətrafdan qazanılan mədəni, milli və beynəlxalq hörmətdir. İctimai və siyasi imic ətrafdan qazanılan müsbət təəssüratlar cəmidir. Bu təəssüratlar şəxsin özü tərəfindən ətrafla olan əlaqələrdən qazanılır. Təəssürat şəxsə olan hörməti, izzəti ifadə edir.

Lider – aparıcı şəxs – zəngin keyfiyyətlərə malik olan şəxsiyyətdir. Lider ali düşüncəli və yüksək əmələ sahib olan şəxsdir. Fərd o halda cəmiyyətin və dövlətin liderinə çevrilir ki, öz əməli fəaliyyəti ilə cəmiyyətin və dövlətin siyasət  axarını dəyişə biləcək təsirlərə sahib ola bilir.

Liderin keyfiyyətlərinə fəlsəfi elementlər baxımından, onun daxili tarazlığını və zəngin potensialını təmin edən enerji elementləri aid olur.  Yüksək biliklər, iniuitiv təfəkkür, hadisələri dolğun qavrama qabiliyyəti, sistemli həyat tərzi, ətrafdakılara xoş münasibət və digər bu kimi keyfiyyətlər liderin yetişməsinə səbəb olan amillərdəndir.  Şəxs həm daxili ehtiyatları, həm də xarici mühitdən, əlaqələr və münasibətlərdən əldə etdiyi enerji (hadisələrin obrazlanmasından formalaşan enerji) hesabına  liderə çevrilə bilir. Liderdə müdriklik mövcud olur və fövqəlağıla sahiblik hiss olunur.

Bütün şəraitləri məkanda və zamanda dəyərləndirmək məharəti, istedadı və qabiliyyəti liderlərə xasdır. Lider olan kəs hadisələrin axarını duyur, əvvəlcədən sezir və lazımi qabaqlayıcı, yönləndirici addımlar atmaq qərarını qəbul etmək keyfiyyətlərini özündə saxlayır.

Lider olan şəxsin təsiredici xarici görünüşü, təsiredici duruşu, sərvqamətli görünüşü, nizamlı yerişi  və enerjili baxışları, cəlbedici keyfiyyətləri mövcud olur.

Lider o halda özünü ətrafda – cəmiyyətdə, dövlətdə, beynəlxalq aləmdə sübut edə bilir ki, ətraf üçün mərkəzləşdirici rol oynamış olur. Lider ətrafı özünə cəlb edir və hadisələrin mərkəzində özünü qoyur və bununla da təsir istiqamətlərini yarada bilir. Hadisələrin mərkəzlərinə təsir etmək imkanlarına malik olur.

Liderin gücü axarı döndərməkdən ibarət olur. Lider olan kəs həm mərkəzdə subyektlər, şəxslər üçün böyük rol oynayır, həm də hadisələrin mərkəzində aparıcı qüvvə, aparıcı oyunçu kimi  qərarlaşa bilir. Hadisələrin lokomotivi rolunu oynaya bilir. Bu halda lider maraq obyekti rolunu da oynayır. Liderin formalaşmış gücü onu deməyə əsas verir ki, öz rəyi, təklifləri və ideyaları ilə cəmiyyətdə qəbul olunur. Lider şəxs ətrafdakıların aləminə təsir edə bilir. Onların məxsusi şəxsiyyət sistemlərində özlərinə mövqe tuta bilirlər. Liderin hərəkətləri və nitqi stimul və koordinasiya rolunu oynayır. Lider cəmiyyətdə bir ictimai status da qazanmış olur. Bununla da cəmiyyətin söz və əməl sahibinə çevrilə bilir.

Liderin şəxsi keyfiyyətləri onun mənəvi-əxlaqi dəyərləri ilə tamamlanmış olur. Lider və onun şəxsi nüfuzu onun portretini, xarakterik cizgilərini meydana gətirir. Liderin xarakterik cizgiləri və bu cizgilərin cızılmış olduğu portret müstəvisi lideri  şəxsi keyfiyyətləri baxımından izah edir, onun maddi-mədəni-mənəvi kimliyini sübuta yetirir.

Liderin şəxsi portreti, siyasi cizgiləri və ictimai nüfuzu onu cəmiyyətin avanqard (öncül) ünsürünə çevirir. Portret həmçinin öz dövlət sərhəddini aşır və beynəlxalq aləmi əhatə edir. Bu halda liderin portretinə onun beynəlxalq, dünyəvi nüfuzu da əlavə olunur. Bu baxımdan dövlət lideri həm öz ölkəsində, həm də beynəlxalq aləmdə aparıcı mövqeyə malik olur. İnsanların şüurlarında özünəməxsus yer alır. Onların müzakirə obyektinə çevrilir.

Beynəlxalq aləmdə təsiredici hərəkətlər, dünya siyasəti axarının dəyişməsində yaxından iştirak və təsiredici rola malik olmaq dünya siyasətçisinin şəxsi imicini formalaşdırır. Liderin dolğun məzmunlu fəaliyyəti onun dünya siyasətçisi miqyasında əhatə olunması zərurətini yaradır.

Liderin nüfuzunun da əks olunduğu siyasi portreti formalaşır:

Formalaşdırıcı vasitələr və istiqamətlər:

Daxili aləmin zənginliyi,

– təbii irsi-genetik amillər – gen sistemi ilə keçən tarazlı, yetişkən kodlar;

Ətraf aləmin dəyərləri,

– ailə tərbiyəsi;

– məktəb-müəllim tərbiyəsi;

– təhsil amili;

– ictimai-siyasi təlimlər;

– cəmiyyət tərbiyəsi və cəmiyyət əxlaqı, cəmiyyət tövsiyyəsi və qınağı;

– siyasi mühit;

Liderin etik keyfiyyətləri və nitq mədəniyyəti,

– morfoloji nitq;

– nitq mədəniyyətinin tərkibi olaraq lüzumsuz dialekt sözlərindən, jarqon ünsürlərindən təmizlənmiş nitq;

– düzgün seçilən, yerində işlədilən ifadəlilik vasitələri – leksik və frazeoloji sinonimlər, antonimlər, nidalar, müraciətlər, ritorik suallar və s;

– nitqinin təsirliliyi, obrazlılığı, ifadəliliyi, məntiqliyi, zənginliyi;

– nitqdə orfoepik, orfoqrafik, leksik, qrammatik, üslubların yerində işlənilməsi və s;

– nitqin  aydınlığını yaradan amillərdən biri də diksiyadır. ( Diksiya latınca “dictio” sözündən alınmışdır, mənası “sözlərin düzgün, səslərin öz məxrəcinə uyğun şəkildə tələffüz olunması” deməkdir)

– nitqin melodikliyi;

– bədii təsvir vasitələri  (bura daxildir: məcazi mənada işlədilən söz və ifadələr, təşbeh, metafora, mübaliğə və s. müxtəlif üslubi priyomlar  – sözlərin təkrarı və ya buraxılması, inversiya,  ritorik-natiqanə suallar və s.)

Vasitələr kimi,

– liderin nitqi və bəyanatları, hadisələrə və həyata baxışlarını əks etdirən mövqe-münasibət çıxışları;

– liderin yetişdiyi təşkilatdakı fəaliyyəti;

– liderin konstruktiv təfəkkürü;

– qərarların düzgün qəbul edilməsi məharəti – burada şəraiti tarixi, indiki və gələcək zaman kontekstindən dəyərləndirmək qabiliyyəti əsas kimi götürülür;

– resusrlar əldə etmək üçün siyasəti yönləndirmək məharəti;

– resurslardan tarazlı istifadə etmək siyasəti;

-siyasi liderin humanizm siyasəti və bəşəri amalları;

– liderin əfvetmə qabiliyyəti və sülhpərvər siyasəti;

– liderin bağışlamaq qabiliyyəti və hadisələrdə barışıdırcı mövqeyi, bəşəri yanaşması və s.

Vasitələr -təminedici vasitələr qismində çıxış edə bilir,

– liderin açıq nitqini ifadə edən meydanlar, konfranslar, brifinqlər və digər iclaslar;

– liderin qəbul etdiyi, imzaladığı sənədlər – dövlət proqrmaları, qanunvericilik aktları, beynəlxalq sənədlər və s.

Liderin müsbət keyfiyyətinə onun bir komandan kimi müharibədə (burada ərazisinə qəsb olunmuş düşmən tərəf üzərində qalib gəlmək) qalibiyyəti və dünya sülhünə bəxş etdiyi töhfələr də aid olunur. Ümümdünya iqtisadi və siyasi böhranlarından çıxmaq üçün səylər və təşəbbüslər, bu yöndə atılan konkret addımlar, gərginliyin aradan qaldırılması üçün atılan uğurlu addımlar, regional və ümumdünya iqtisadi böhranından çıxmaq üçün əməli fəaliyyət şəxsiyyətin müsbət imiclərlə dolu olan siyasi portretini meydana gətirir.

Liderin siyasi və ictimai portreti onun karyerası ilə də müəyyən olunur. Karyera liderin həyatı boyu topladığı ictimai-siyasi fəaliyyətlə də müəyyən olunur. Maddi-mənəvi portret ictimai-siyası fəaliyyətin ruhunu, portret məzmununu yaradır.

Liderin tarixi şəxsiyyətə çevrilməsi, onun ictimai-siyasi portreti ilə müəyyən olunur. Burada təkanverici və tamamlayıcı qismdə mənəvi-etik dəyərlər çıxış edir. Tarixdə irs yaratmaq və iz qoymaq, hər hansısa bir hərəkəti ilə tarixin axarını dəyişmiş siyasətçilər, dövlət rəhbərləri öz siyasi portretlərini əbədi olaraq cızmış olurlar.

Tarix şəxsiyyətlər üçün müsbət və mənfi portretlər bəxş  etmişdir. Daha doğrusu, bir çox  şəxsiyyətlər olublar ki, tarixə öz müsbət portretlərini (sülh müəllifləri, işğallara, imperiya zülmlərinə qarşı mübarizə müəllifləri), elələri də olublar ki, mənfi portretlərini (müharibə müəllifləri, münaqişə müəllifləri) bəxş ediblər.

Dahilik, dühalıq özü elə pozitiv portretin yaranmasını şərtləndirib. Humanist baxışlı insanlar, liderlər öz daxili saflıqları və ədalətli xarakterləri ilə özlərinin  xarici aləmlərini birləşdirirlər. Onlarda daxili aləmlə xarici aləmin simmetrik uyğunluğu meydana gəlir. Bu uyğunluq siyasi portreti daha da mənalı və təsirli edir.

Dövlətdə, cəmiyyətdə, beynəlxalq aləmdə şəxsiyyətin müsbət  portreti, imici  o şəxsiyyətə olan ictimai-siyasi və dünyəvi hörmətdən, inamdan, etibardan meydana gəlir.

Dövlət və hökümət liderlərinin  siyasi portretlərini yaradan amillər:

– sosial mənəvi-əxlaqi dəyərlər;

– ictimai-siyasi hadisələr və axarlar, cərəyanlar;

– şəxsin ictimai-siyasi nüfuzu;

– şəxsin mədəni qabiliyyəti;

– şəxsin bilik və bacarığı, istedadı, qabiliyyəti;

– şəxsin müdrikliyi və pozitiv, xeyirxah amalları, niyyəti;

– şəxsin ləyaqəti, səbr və dözümü, əzmi, mətinli olması və digər müsbət keyfiyyətləri;

– şəxsin həyata keçirdiyi işlərin miqyası və  axar yönünü dəyişdirmək gücü və s.

Liderin həyat axarında keçmişi ilə gələcəyi arasındakı müstəvidə  bir zəngin toplanmış nüfuz xalları mövcud olur. Lider bu xalları məhz zaman ardıcıllığı ilə etimadlı və etibarlı əməllərdən qazanmış olur.

Lider münaqişələrdə, müharibələrdə  tərəfləri arasında vasitəçilik missiyasını rahat şəkildə öz üzərinə götürə bilir. Ona inam, onda ədalətin tərənnümü o şəxsdə ictimai-siyasi və dünyəvi etibarı qazandırır.

Loading