Tanınmış hüquqşünas Qurban Məmmədov moderator.az-a Akif Çovdarovla 2011-ci ildəki ilginc söhbəti barədə yazıb. Qurban Məmmədov bildirir ki, müdafiə etdiyi Vaqif Bağırov adlı şəxsi MTN-ə çağırıblar. Qurban Məmmədov da vəkil kimi onunla gedib. Onları Akif Çovdarovun qəbuluna aparıblar: “Bizi yarımqaranlıq dəhlizlərdən, dolanbac koridorlardan keçirib bir otağın qapısının qarşısına gətirdilər.
Zabit məruzə üçün içəri keçdi. Biz gözlədik. Bir azdan qapı açıldı və bizi içəri dəvət etdilər. Mən onu belə yaxından ilk dəfə görürdüm. Otağa daxil olmağımızla başladı, nə başladı! Bu o idi! Məşhur Akif Çovdarov!
Onu əvvəllər yaxından görməmişdim və tanımırdım. Haqqında bildiyim tək o idi ki, jurnalist Aqil Xəlilə qarşı şəxsən qanunsuzluq edərək ona xəsarət yetirib və özünün amansız davranışları ilə məşhurdur.
O, “T” şəkilli stolun başında, mən ondan solda, Vaqif bəy də sağda oturdu. Mənə elə gəldi ki, o məni tanımır və görmür.
Akif Çovdarov küçə söyüşləri ilə, biədəb ifadələrlə Vaqif Bağırovu təhqir etməyə, başına oyun açacağı ilə hədələməyə başladı. Vaqif Bağırovu tər basmışdı. Cavab verməyə cəsarət etmirdi və sanki komaya düşmüşdü. Çovdarovun isə söyüş və təhqirləri, hədələri havada uçuşurdu. Onun səsi olduqca vahiməli idi. Mən yalnız o anda başa düşə bildim ki, yazıq sıravi vətəndaşlar bu adamın qəbulunda nələr çəkirlər?
Mən: “Başa düşmədim, biz dövlət orqanına gəlmişik, yoxsa bazara? Bu nə hərəkətdir siz edirsiniz?”, – deyə, Akif Çovdarova müraciət etdim. Mən tərəfdə, başım üstündə 3 nəfər də əməkdaş əlləri qarınlarında çarpaz şəkildə durmuşdular. Akif Çovdarov məni eşitməmiş kimi davam etdi. Sanki mən orada yoxam. Vaqifin isə çox ağır psixoloji sarsıntı keçirdiyi göz qabağında idi. Sanki o keyləşmişdi, heç nə eşitmir, heç nə duymurdu.
Mən yenə də etiraz etdim. Bu dəfə səsimi bir azca yüksəltdim və belə davam edəcəyi təqdirdə oranı tərk edəcəyimi, başqa orqanlara müraciət edəcəyimi bildirdim.
Akif Çovdarov qəfildən mənə sarı döndü və “Qurban müəllim, axı sən bizim idarənin qonağı olmusan, qayda – qanunlarımızı bilirsən. Bu adam mənim göndərdiyim əməkdaşlarıma hörmətizlik edib, tabe olmayıb, lotuluq edib, saymır, gəlmir. MTN – nin tarixində bu ilk adamdır ki, özünü belə ”naqlı” aparır. Mən bunun başını tumarlamalıyam? Dövlətə qarşı saymamazlıq edənə sağ ol deməliyəm?” – deyə, dünən baş verən hadisə, Nizami adlı bir nəfərlə telefon danışığı, bu Nizaminin də onun göstərişlərinə tabe olmaması, çağırışına gəlməməsi, onun əməkdaşlarına qarşı hörmətsizlik etməsi barədə durmadan xeyli danışdı.
Mən: “Bütün bunların günahı onlarda deyil, məndədir, əgər nəsə xoşagəlməz hərəkətlər olubsa, Sizə qarşı diqqətsizlik ediblərsə, mən üzr istəyirəm. Onlar mənim məsləhətlərimlə hərəkət ediblər. Sizin də əməkdaşlarınız düz etməyiblər axı, heç bir rəsmi sənəd göstərmədən adamları harasa zorla aparmağa çalışıblar. Onların Hacı Məmmədovun və ya bir başqasının dəstəsindən olmamasını biz haradan bilərdik? Qanun var, qayda var, belə olmaz axı, Akif müəllim” – dedim.
Ilk andan olduqca kobud adam təsiri bağışlayan A.Çovdarov getdikcə dəyişdi. Səsi mülayimləşdi, söhbətimiz normal məcraya düşdü. Söhbət əsnasında başı ilə yuxarılara işarə edərək: “Birincinin tapşırığıdır, Nehrəmli Ibrahimin ərizəsinə dərkənar qoyub, biz də icra etməyə borcluyuq. Neyləyək, nazirimin tapşırığını yerinə yerinə yetirməyək?”
Akif Çovdarovun sözlərindən aydın oldu ki, Nehrəmli Ibrahim Ibrahimov onunla əvvəllər bir yerdə işləmiş Vaqif Bağırovun ona iki milyon borcu oduğu haqqında Eldar Mahmudova ərizə verib, sonuncu da borcun alınmasını Çovdarova tapşırıb.
Mən “MTN nə vaxtdan mülki işlərə baxmağa, məhkəmənin səlahiyyətlərini icra etməyə başlayıb?”, – deyə, soruşanda Akif Çovdarov bildirdi ki, onun vəzifəsi, sadəcə olaraq, üstünə yazılan ərizəni araşdırmaqdır. Onda mən təklif etdim ki, buyursunlar, Vaqif Bağırovun izahatını alsınlar, biz gedək.
Akif Çovdarov Ibrahim Ibrahimovun biznesindən, onun çoxlu pulu olmağından, ölkədəki kriminal durumdan, apardıqları mübarizədən xeyli danışdıqdan sonra bizə “yaxşı yol” arzuladı və hörmətlə çıxış qapısını göstərdi. Mən “Bəs izahatı kim götürəcək?”, – deyə, soruşanda, o “Əşşi, nə izahat, çıxın gedin, gəldiniz, söhbət etdik, şifahi aydınlaşdırdıq, qoy Ibrahim getsin versin məhkəməyə pulunu tələb etsin, burada bizlik nə var ki?”, – deyə, gülümsədi. Aydın oldu ki, rəsmi qeydiyyatdan keçən heç bir ərizə – filan yoxdur. MTN, Eldar Mahmudov Ibrahim Ibrahimovun şifahi sifarişini yerinə yetirir. Hansı şərtlə, nəyin müqabilində? Bu suallara yalnız istintaq cavab verə bilər…
Biz çıxdıq. Hiss edirdim ki, Vaqif Bağırov özündə deyil, baş verənləri qətiyyən dərk eləmir və gördüklərinə, eşitdiklərinə inanmır. MTN – nin yüz metrliyində saxladığı maşınına çatanadək tez – tez geriyə baxmasından aydın olurdu ki, o sərbəst buraxıldığına inanmır.
Maşında isə onun mənə dediklərini tam olmasa da, qismən diqqətinizə çatdırmağı zəruri bilirəm: “Balalarına qurban olum, Qurban müəllim. Mən bütün ömrüm boyu sizə minnətdaram, Sizə borcluyam. Bilirsiniz, siz olmasaydınız nə olacaqdı? Akif Çovdarov əvvəl məni təhqir edəcəkdi, sonra da ayağı altına salacaqdı, sonra murdarlayacaqdı. Məni kişilikdən salandan sonra podvala salıb iki milyonumu da, var – yoxumu da satdırıb alıncaya qədər orada mənə zülm edəcəkdilər. Mən bundan sonrakı həyatımı sizə borcluyam”. Mən nə qədər də “Əstəğfrullah, sən nə danışırsan, boş şeydir, nə borc – zad? Çovdarov gördü ki, sənin cinayətin yoxdu, buraxdı. Bu ölkədə qanun var, qayda var” desəm də, o sakitləşmək bilmirdi. Ofisə çatanadək dil qəfəsə qoymadan danışdı. Onu dindirən ruhuna hopmuş qorxu və vahimə idi.
Yalnız ofisdə başqalarının da dediklərindən başa düşdüm ki, həqiqətən də biz çox böyük bəladan xilas olmuşuq. Sən demə, yüzlərlə başqa iş adamının başına gətirilənlərdən məndən başqa çoxlarının xəbəri var imiş. Elə şeylər danışdılar ki, dəhşətə gəldim”.