Əlaqə vasitələri

“Vəzifədə olanların 90 faizi oğrudur”

30 Noyabr 2015 08:05

Qurban Məmmədov: «Zülfüqarlılar da daxil olmaqla bütün haqqı pozulan sahibkarların işi vahid komissiyada araşdırılmalıdır»

Tanınmış hüquqşünas, Milli Şuranınn Koordinasiya Mərkəzinin üzvü Qurban Məmmədov Meydan TV-də yayılmış müsahibəsində MTN olaylarına daha geniş baxmağı doğru sayır:

– MTN-dəki hadisələrin yalınız Eldar Mahmudov və Akif Çovdarovla əlaqələndirilməsi kökündən yanlışdır. Bu, sistem, dövlət intizami və qanunçuluq məsələsidir. Deməli, MTN-dəki hadisələr, Daxili Işlər Nazirliyində də, Respublika Prokurorluğunda da, vergi orqanlarında da, Dövlət Reyestr Xidmətində də, hər bir dövlət orqanında olduğu kimi təkrarlanır. Təkcə Dövlət Reyestr Xidmətində baş verən rüşvətxorluq və korrupsiya sistemi vətəndaşlara rəsmi qəbz verməklə həyata keçirilir. Bunu bütün Azərbaycan bilir, amma hamı susur. DIN-in, MTN-nin əli ilə qanunsuz olaraq şərləyib həbsxanaya dolduran rəsmi strukturların ardıcıllığına baxın: istintaq orqanı, iş gəlir prokurorluğun masasına, prokurorluq onu təsdiqləyib məhkəməyə göndərir. Işi birinci instansiya araşdırır, ordan Apelyasiya Məhkəməsinə və ardınca Ali Məhkəməyə, hər birində 3 hakim iştirak edir. Hamısı da qanunsuz ittihamnaməni təsdiqləyir. Adamlar da qanunsuz olaraq ağır cinayətlərə məhkum edilir, bu adamların ailə problemləri başlayır, uşaqları başsız qalır, sağlamlıqlarını itirirlər və s. Indi gəlin sual edək; əgər prokurorluq yerində olsaydı, yəni qanuna müvafiq işləsəydi, belə olardımı? Bu gün bəyanatlara imza atan baş prokuror Zakir Qaralov, onun müavinləri, istintaqa nəzarət edən Rüstəm Usubov yerində olsaydı, Ali Məhkəmənin sədrindən başlamış sıravi hakimlərə qədər, bu adamlar vəzifələrini qanuna uyğun yerinə yetirsəydilər, ləyaqətlə davransaydılar, bütün bu qanunsuzluqlar baş verə bilərdimi? Xeyr! Dünyada dövlət mexanizmləri ona görə qurulur ki, qanunsuzluq hər hansı mərhələdə durdurula bilsin. Bizdə ona görə mümkün deyil ki, sistem, rejim özü korrupsiya və rüşvətxorluq münasibətləri üzərində dayanıb. Korrupsiya bu rejimin həyat və yaşam tərzidir. Bu baxımdan son hadisələr tamam başqa məqsədlərlə həayata keçirilir, burada dövlətçilikdən və dövlət maraqlarından söhbət getmir. Görünür, Eldar Mahmudov həddini aşaraq kiminsə şəxsi marağına toxunub, ya ümumi “katyol”un pulunu oğurlayıb, ya da kimisə qanunsuz dinləyib şantaj üçün nəsə əldə etməyə çalışıb.

– Bəs indiki vəziyyətdən xilas yolu nədir?

– Bir yol var: ölkədə qanuni seçki keçirilməsi. Seçki barədə çox deyilib, amma seçkinin cinayətkarlığa qarşı mübarizədə xüsusi rolu var. Təbii ki, Ilham Əliyev də daxil olmaqla heç bir prezidentin hər bir vəzifəlini əli avtomatlı vasitəsilə güddürmək imkanı yoxdur. Amma dövlət başçısının vəzifəsi qanunçuluğun bərpası ilə bağlı konstitusion vəzifəsini icra etməsidir. Bu məsələni təkbaşına və indiki metodlarla həyata keçirmək mümkün deyil. Ona görə bəşər övladı 5, 7, 10 ildən bir məcburi dəyişdirilməsi mexanizmi kəşf edib, bunun adı seçkidir. Korrupsiya və rüşvətxorluq sistemi o zaman güclənir ki, bir adam vəzifədə uzun müddət qalır. Azərbaycanda olduğu kimi total nəzarətsizlik, cəzasızlıq şəraitində insan bu yola daha tez düşür və stabil cinayətkar əlaqələr yaranır. Siyasi hakimiyyətdə, hüquq mühafizə orqanlarında olanlar arasında sabit əlaqə yaranır ki, bu da korrupsiya adlanır. Korrupsiya ayrı-ayrı adamların cinayət törətməsi, yaxud rüşvət alması deyil. Təəssüf ki, bəzi hüquq mühafizə orqanlarının əməkdaşları bunu məhz belə təqdim etmək istəyirlər. Korrupsiya həyat, fəaliyyət tərzidir. Xüsusilə siyasi qərar vermək hüququ və imkanı olan, vəzifə tutanların iştirakı ilə baş verən, cinayətkar təşkilat tərəfindən həyata keçirilən bir fəaliyyət növüdür. Seçki də ona görə keçirilir ki, cinayətkar əlaqələr qırılsın. Çox təəssüf ki, Azərbaycanda normal seçki keçirilmir, ona görə də millətimiz və dövlətimiz korrupsiya bataqlığında batıb. Hesab edirəm ki, indiki metodların aradan qaldırılması mümkün olmayan vəziyyətə düşmüşük. Tək yolu seçkidir, parlament dəyişməli, yeni hakimiyyət gəlməlidir, hər bir yeni adam özündən əvvəlkindən fərqli münasibət quracaq və bu cinayət əlaqələri dağılacaq. Bəla ondadır ki, seçki keçirilmir. Görünür, ali siyasi iradə mövcud deyil, yaxud da gücləri çatmır. Problem o qədər dərinləşib ki, bunu yalnız prezidentin fərmanı ilə aradan qaldırmaq mümkün deyil. Əgər prezident səmimi olaraq vəziyyəti dəyişmək istəyirsə, xalq onun arxasında dayanmalıdır. Yalnız xalqın köməyi ilə problemi aradan qaldırmaq olar. Bugünlərdə ANS-də prezidentin iş adamlarına arxalanmasını vurğulayırdılar, xeyr, prezident yalnız xalqa arxalanmalıdır. Problemin aradan qalxması üçün xalq dayanmalıdır onun arxasında. Mən prezidentin bu istiqamətdəki addımlarının səmimi olmasını istərdim.

– Indi sahibkarlar məsələsi gündəmdədir. MTN-lə bağlı şikayətlər baxılır. Bəs başqaları necə olsacaq? Məsələn, Zülfüqarlı qardaşlarının zavodları əllərindən alındı, bəs bununla bağlı şikayətlər necə olacaq, bunlar gündəmə gəlməlidirmi?

– Ona görə deyirəm ki, MTN-də bu gün hallandırılan problem bütün orqanlarda var. Bir vətəndaş kimi Mahmudov və Çovdarova qarşı aparılan əməliyyatların səmimiyyətinə o zaman inanaram ki, bunların aradan qaldırılması üçün xüsusi komissiya yaradılsın, bütün haqqı tapdanan, əmlakı alınan insanlar həmin komissiyaya müraciət etsinlər və ardınca kompleks yoxlamalar başlasın. Dövlətimiz çox ağır durumdadır, bu gün Nardaranda baş verən hadisələrə adi yanaşmayın, millətin səbrin daşdırıblar. Allah uzaq etsin, bu məsələ kütləviləşsə, bütün rayonlarda narazı kütlə küçələrə axışsa, dövlətimizin hansı hala düşəcəyini bir Allah bilir. Ona görə də Zülfüqarlılar işi də daxil olmaqla bütün işlər vahid komissiyada araşdırılmalıdır. Bu yöndə sahibkarların özü, media fəal rol oynamalıdır, dövləti məcbur etmək lazımdır, ziyalıları danışdırın, məktublar yazılsın, etirazlar olunsun. Təəssüf ki, sahibkarlar bir-birinə heç vaxt dəstək olmur, birinin haqqı tapdananda o birilər susur. Yalnız öz evimiz yananda ayılırıq, gərək qonşuda yanğını söndürəsən ki, sənin evinə keçməsin. Bu gün əmlakı alınmayan iş adamları işlərini dayandırıb prezidentə müraciət etməlidir ki, filan iş adamlarının haqqı bərpa olunsun, belə qanunsuz dövlətdə fəaliyyət göstərmirəm. Əks təqdirdə, onları da həmin tale gözləyir. Cəsarətləri yoxdursa, əmlakları, arvad-uşaqları da əllərindən gedəcək. Məsələ ondadır ki, prezident istəsə də, problemi mən istədiyim miqyasda həll edə bilməyəcək. Çünki ətrafı o qədər qorxuludur ki, istənilən halda onu aradan götürə bilərlər. Prezidentin ətrafının hamısı qanunsuzluqların iştirakçısıdır. Çovdarovun villasından danışırlar, məgər ondan 5 pillə aşağı məmurun o boyda villası yoxdur? Vəzifədə olanların 90 faizi oğrudur. Dəniz sahilindəki villalara baxın, dənizə giriblər. Elçibəyin prezidentliyi zamanı sahildən 300 metr kənarda icazə verilirdi tikintiyə, Heydər Əliyevin dövründə 130 metr oldu, Ilham Əliyevin zamanında isə 80, sonra 20 metr, indi isə insanları heç dənizə buraxmırlar. Bunu görməmək mümkün deyil. Ölkədə olan villalar sənin və mənim deyil ki. Haram yeməklə tikiblər ÿonları. Bilin, bir adamın evində qazanılmamış 1 milyon olanda, deməli, 1 milyon insanın süfrəsindən çörək itir.

Loading