“Unutmayın ki, sizin haqlı etirazlarınızdan sui-istifadə etməyə hazır olan məkrli qüvvələr var”


Tanınmış hüquqşünas, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Qurban Məmmədov Nardaran hadisələri ilə bağlı fikirlərini bildirib:
“İnternetə gec daxil olduğumdan Nardaran hadisələrindən vaxtında xəbər tuta bilməmişdim. Bayaqdan bu barədə yazılanları  araşdırıram.
Hələlik görünən iki vacib məqam var:
1. Hakimiyyət tərəfindən kimlərsə, Prezidentin korrupsiyaya qarşı 
başlatdığı proseslərdən xilas olmaq məqsədilə, ya aranı qarışdırmaq istəyir, ya da məzlum millətin üzərində zorbalıq etməklə cəmiyyətdə xof yaratmaq məqsədi güdürlər. 
2. Ya daxildən, ya da xaricdən hansısa qüvvələr Azərbaycanda silahlı müxalifətin meydana çıxmasında çox maraqlıdırlar.
Biz bu barədə əvvəllər də dəfələrlə xəbərdarlıq etmişdik. Sivil mübarizə üsullarının yol verilmədiyi, dinc mübarizə aparanların şərlənərək həbsxanalara atıldığı bir ölkədə əvvəl-axır başqa yollara baş vurulacağı qaçılmazdır.
Ancaq Nardaranlıların silahlı müqaviməti,  polislərdən kiminsə öldürülməsi  barədə deyilənlərin həqiqiliyinə inanmaq mümkün deyil. Bu rejim kimlərə böhtan atmadı ki..
Ancaq düşünürəm ki, indi bunların yeri deyil.
Mən Nardaranlı bacı-qardaşlarıma, din qardaşlarıma, əhli-beyt aşiqlərinə buradan səslənirəm: sizlərə qarşı edilən bütün haqsızlıqlara, zorakılıqlara, cinayətlərə rəğmən, fiziki müqavimətdən qətiyyətlə imtina edin. Dövlətin güclərinə qarşı çıxmayın. Onlar əmr icraçılarıdırlar və vəzifələrini yerinə yetirməyə borcludurlar. Əmin olun ki, bu anti-insani hərəkətlərin, bu əxlaqsız provakasiyanın səbəbkarları ifşa ediləcək, əvvəl-axır qanun qarşısında cavab verəcəklər. Sizlərə Peyğəmbər (s.a.s) və Hz. Əli (ə.s) səbri, dözümü arzulayıram. Sizin yaralarınız, qəm-kədəriniz bizim, bütün xalqımızın ağrı-acısıdır.
Dərhal küçələri boşaltmağınızı, evlərə çəkilməyinizi, baş verənlərin soyuq məntiqlə, ağsaqqalların iştirakı ilə aydınlaşdırılmasını, polisin tələblərinə tabe olmağınızı xahiş və təmənni edirəm.  Unutmayın ki, sizin haqlı etirazlarınızdan sui-istifadə etməyə hazır olan məkrli qüvvələr var. Vətənimiz olduqca həssas dönəmdən keçir. Bu mərhələdə sizlərdən hansısa çirkin qüvvələrin istifadə etməsinə imkan verməyin.
ALLAH(c.c)dan sizlərə səbr diləyir, yaxınlarını itirənlərə baş sağlığı verir, dərdinizi bölüşürəm.
Özümə doğma qardaş bildiyim Hacı Tale Bağırzadəni öz tərəfdarlarına müraciət edərək,  onları sakitliyiə, təmkinə və dövlət orqanlarının tələblərinə tabe olmağa çağırmasını xahiş edirəm.
ALLAH(c.c) yar və yardımçınız olsun!
27/11/2015    Moderator.az

 3,215 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir.