Əlaqə vasitələri

Şumlasalar, yerində nə qalacaq?–3-cü məqalə

Yazmışdım ki, “yoxsa iş adamlarının başında qoz sındıran, onları öz kapitallarını xarici ölkələrə qaçırmağa məcbur edən vergi, gömrük, reyestr orqanları başdan-ayağa çoxdan şumlanmalı idi. Ancaq şumlanmır. Niyə?”
Şumlasalar, yerində nə qalacaq?
Dövləti kimlərlə idarə edəcəklər?
Çirkaba batmayan idarə, vəzifəli şəxs qalıbmı?
Görünür, vəziyyətin islah edilməzliyini, mövcud strukturlarda təmizləmə-“islahat” aparılmasının səmərə verməyəcəyini dərk etdiklərindən “ASAN XİDMƏT”lə bunu asanca düzəltməyə çalışırlar.
Bu isə dövlətçilik təfəkkürü, idarəçilik prinsipləri ilə daban-dabana ziddir.
Sabah “Asan”da da indiki vəziyyət yaransa, bu isə tamamilə mümkündür, onda nə edəcəklər? “Ən asan”, “Lap asan”, “Tam asan”mı yaradacaqlar.
Yox, dostlar, dövlət belə idarə edilmir.
İndiki vəziyyətin bir əsas səbəbi var. Siz qapalı sistem yaratdınız. Bununla da fəxr edib, döşünüzə döydünüz. “Bu ölkədə müxalifət olmayacaq”, “Artıq bu ölkədə müxalifət yoxdur”—deyib, bayram etdiniz. Bununla öyündünüz.
Azad mətbuatı, azad sözü sıradan çıxardınız, haqqı yazan qəzetlərin bir hissəsini pulla ələ aldınız, bəzilərinin rəhbərlərinin yatağına girib şantaj etdiniz, birilərini də iqtisadi məngənəyə salıb susdurmağa çalışdınız.
Bir sözlə, haqqı deyən dilləri kəsdiniz. Haqqı eşitmək istəmədiniz. Xüsusilə də, haqqı, həqiqəti müxalifət deyir deyə, qulaq asmadınız, həqiqətləri gözardı etdiniz.
Gəminin dibini deşənlərə seyrçi qaldınız.
Seyrçi qalmaqla da kifayətlənmədiniz. Onları ödülləndirdiniz, orden-medal verdiniz. Cinayətləri haqqında palaz-palaz məqalə yazılanları yeni, daha yüksək vəzifələrlə şərəfləndirdiniz. Bununla da sanki XALQa, onu adam yerinə qoymadığınızı, onu saymadığınızı eşitdirmək, göstərmək istədiniz. Xalq da sizin niyyətinizi başa düşdü, kənara çəkilib baş verənləri seyr etmək “modu”na keçdi, seçkini boykot etdi, hakimiyyəti meydanda beynəlxalq və daxili güclər qarşısında tək qoydu, üzbəüz buraxdı.
Özünüzə qapandınız.
Unutdunuz ki, qapalı sistemlər məhvə məhkumdur.
Unutdunuz ki, müxalifət, haqq söz hakimiyyətlərin vicdan səsidir, daxili qorxu hissidir.
Bu hisslərdən məhrum olan insan ağır cinayətlər törətməkdən çəkinmədiyi kimi, hakimiyyətlər də beləcə, korrupsiya, rüşvətə uyur və sonda cinayət törədən insanı gözləyən taleni, batdıqları çirkabda məhv olma taleyini yaşamağa məhkum olurlar.
Bu gün MTN-lə bağlı baş verənlər, doğrudanmı dövlətçilik naminə edilir?
Doğrudanmı, cənab Eldar Mahmudov və həmkarlarının cəzalandırılmaları böyük-dövlətçilik ideallarına görə edilir?
Baş verənlər bunun belə olmadığını göstərir.
Məsələn, Akif Çovdarov.
İndi hamı onun kölgəsini də qılınclayır. Bəlkə də əllərinə düşsə, linc edərlər.
Ancaq mən, az qala bütün bəlalarımızın və ölkəmizdə baş verən qanunsuzluqların səbəbkarı kimi göstərilən bu adam– bu “zorən cinayətkar” haqqında fərqli fikirdəyəm.
Daha çox “Nehrəmli iş adamı” kimi tanınan Hacı İbrahimin sifariş etdiyi, bəli-bəli məhz sifariş etdiyi Vaqif adlı bir iş adamını xilas etmək üçün bir gün Akif Çovdarovla görüşməli oldum. O məni dinlədi və…
Vaqif həyatını indi Afrikanın Syer-Leone dövlətində “ebola” virusuna yoluxmaq təhlükəsi altında davam etdirir.
Ancaq bu barədə danışmadan öncə, bir sualın da müzakirəsinə sizləri dəvət etmək istəyirəm: işdən azad edilənədək Akif Çovdarovla işləyən, hətta vaxtilə MTN-dən uzaqlaşdırılsalar da, onunla keçmişdə birlikdə işləyən, ona rəhbərlik edən başqaları necə, vaxtında öz vəzifələrini yerinə yetirmədiklərinə, Prezidentə və ya səlahiyyətli vəzifəli şəxslərə bu qanunsuzluqlar barədə vaxtında xəbər vermədiklərinə görə məsuliyyət daşımalıdırlarmı?
Onların kimliyi sizlərə məlumdurmu?
Bu adamların bu gün də müxtəlif önəmli vəzifələrdə çalışmaları dövlətimiz üçün potensial təhlükə deyilmi?
Bu qədər geniş yayılmış şəbəkəyə qarşı Prezident təkbaşına mübarizə apara bilərmi?
Ümumiyyətlə, dövlətimizi xərçəng kimi məhv etməkdə olan bu korrupsiya sisteminə qarşı əvvəlcədən düşünülmüş, planlaşdırılmış bir taktika işlənibmi?
İndi baş verənlər bir azdan mafiyalararası davaya, küçə atışmalarına, qətl və qarətlərə çevrilə bilərmi?
Yoxsa hər şey dövlətçiliyin tələb etdiyi qaydada, qanunlar çərçivəsində davam edəcəkdir?
Artıq müstəqil olmadığı, obyekt kimi, sifarişlə fəaliyyət göstərdikləri bütün dünyaya bəlli olan məhkəmə sistemimizdə bütün bunlar mümkün olacaqmı?
Suallar çoxdur.
Hamısı da cavab istəyir. Biz də cavab verməyə çalışırıq. İzləyin.

Loading