“Onun bəzi sözlərini konteksdən çıxarmaqla “bulanıq suda balıq tutmaq sevdası”na düşməyin və ölkəmizi qan gölünə çevirə biləcək çağırışlarınızdan dərhal imtina edin”
Moderator.az tanınmış hüquqşünas Qurban Məmmədovun İlqar Altaya cavabını təqdim edir:
“Hərdən bir mətbuatda “hüquqşünas – politoloq” kimi peyda olan İlqar Altay Baş Prokurorluğa “Moderator.az”
(???–Cinayət haqqında hüquq mühafizə orqanlarına birbaşa müraciət edilməlidir, saytlara yox. Deməli, başqa məqsəd də var.)
saytı vasitəsi ilə Tale Bağırzadə barədə müraciət edib. Tələb edir ki, bu gənc, savadlı, iman əhli olan din xadiminə qarşı tədbirlər görülsün. Yüzlərlə siyasi məhbusun həbs edildiyi, insan hüquqlarının kütləvi pozulması, seçkinin saxtalaşdırılması hallarında susan, səsini belə çıxarmayan bu “hüquqşünas – politoloq”un müraciətindəki bəzi fikirlərini oxuduqdan sonra əsl niyyəti aydın olur.
Onu narahat edən və maraqlandıran, əslində, T. Bağırzadənin fəaliyyəti yox, MTN – də yuva salmış quldurlara qarşı aparılan əməliyyat, eləcə də bu əməliyyatın qarşısını almaq üçün ölkədə iğtişaşlar yaratmaqdır…
Görün o nə yazır.
“… Regiondakı son siyasi çalxalanmalar və bu cür şəbəkə və cərəyanlara nəzarətə məsul Milli Təhlükəsizlik Nazirliyi ətrafında silkələnmələrdən dərhal sonra bu təhlükəli cərəyanın görünməmiş cürətli aktivliyi bunun sübutudur..”
İ. Altay demək istəyir ki, MTN quldurlarına qarşı əməliyyat aparılması radikal dini qrupları fəallaşdırb. Guya MTN imiş ölkəni (əslində prezident şantaj olunur) bu radikallardan qoruyan. Reketləri, cinayətkarları dövlətin təhlükəsizliyi maraqlandırmayıb, İlqar Altay!
Bu fikrində isə onun əsl niyyəti ortaya çıxır:
“Niyə, milli – vətənpərvər yönlü gənclərimiz və onların təşkilatları yığışıb, piket və mitinqlər keçirib, bu yadelli (İslam dini nə vaxtdan yadelli elan olunub?–Q. M) radikal ideologıya yayıcısının cavabını vermirlər?”
İlqar Altay, Siz gəncləri hara çağırırsınız? Yoxsa MTN – dəki dostlarınızın yeganə xilas yolunu ölkədə iğtişaş yaratmaqda görürsünüz? Prokurorluğa müraciət etməyinizi başa düşdük. Bu bir vətəndaş kimi Sizin hüququnuzdur.
Bəs gəncləri qarşıdurmaya dəvət etməkdə məqsədiniz nədir?
T. Bağırzadə haqqında dedikləriniz isə şər – böhtandır.
Bu gənc din xadimi dəfələrlə dinc, seçki yolu ilə mübarizənin tərəfdarı olduğunu bəyan edib. Onun bəzi sözlərini konteksdən çıxarmaqla “bulanıq suda balıq tutmaq sevdası”na düşməyin və ölkəmizi qan gölünə çevirə biləcək çağırışlarınızdan dərhal imtina edin.
Nə İran, nə də T. Bağırzadə Yasamal rayon polis idarəsinin rəisinə tapşırmayıblar ki, onu təhqir etsin, səlahiyyət həddini aşaraq ona yumruqlar vursun, qanını axıtsın.
Vəziyyətin gərginləşməsi isə məhz bundan başlayıb.
Sizin məntiqinizlə İrana işləyən T. Bağırzadə yox, polis rəisidir.
Qanamayan yerdən qaşıyıb qan çıxarmağa çalışmayın.
Problem qanunlarla çözülməlidir, qanunsuz həbslərlə, zorla, iğtişaşlarla yox.
Bu metodun dövlətimizi hara gətirib çıxardığı artıq hamıya bəllidir.
Mən ölkə Prezidentini baş verənləri, əsassız olaraq, süni surətdə gəncləri, inanc əhlini radikallaşdırmağa çalışanların, ölkədə iğtişaşlara dəvət edənlərin əməllərini obyektiv araşdırmağa çağırıram.
Bir nəfərin də burunu qanamamalı, bir nəfər də qanunsuz həbs edilməməli, hamının boynu yalnız qanun qarşısında qıldan incə olmalıdır.
P.S. Prezident İlham Əliyev korrupsiya və total cinyətkarlığa qarşı, gec də olsa, mübarizəyə başlayıbsa və bu mübarizə davamlı olacaqsa, xalq onu müdafiə etməli, Prezidenti bu cinayətkar qruplarla yalnız buraxmamalıdır.
Əks təqdirdə, sonuclar həm dövlətimiz, həm də millətimiz üçün çox ağır ola bilər”.
10.11.2015 / Moderator.az