09 Noyabr 2015
ana dili(Politik ağı-2)
Dilin bireyin özünütanımasında, özünüdoğrulamasında, ulusun düşüncəsinin, ideolojisinin oluşmasında böyük yeri vardır. Ulusun dilinə baxışı, yanaşması, sevgisi onun düşüncəsinin irəliliyindəndir. Dil insanların ulussevərlik, yurdsevərlik duyğularını gücləndirib onları igidliklərə yönəldir. Ulusal birliyə gedən yol ədəbi dildən keçir. Ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə yazırdı:
“Bir millətin həyatında maddətən, mənən bu qədər bir əhəmiyətə malik [dəyəri] olan dili biz, Azərbaycan Türkləri vaxtilə unutmaq üzrə idik. Tamamilə farslaşmış bir zamanlar vardı. Türk ədəbiyatı bilməzdik…” Məhəmməd Əmin bəy dildə türkçülük edən oçağkı yaşıllara uğur diləyib deyir: “Türkcənin indiki halı [durumu, günü] da məəttəssüf [acı da olsa] böylədir. Yazı dilinin danışıq dilindən fərqi [ayrılığı, uzaqlığı] sairə [başqa] mədəni dillərdə olan fərqdən çoxdur. Dilimizi, həqiqətən [doğrudan da] də, millətimizin ruhu, onun vasiteyi-bəqası [sonsuzadək varlıq nədəni yerində] məqamında görmək istəyirsək, onu cəmiyəti-milliyəmizdə [ulusal toplumumuzda] ən mühüm [önəmli] bir ittihad [birlik], tərəqqi [yüksəliş] amili ədd [sayırsaq] edirsək, yazımızla danışığımız arasında olan fərqi azaltmalıyız!”.
Azərbaycanın yurdsevər aydınları, dilçiləri XX yüzildə Türk dilini gəlişdirmiş, onu Islam dinilə gələn yersiz Ərəb, eləcə də bir az sonra gəlmiş Fars sözlərindən az-çox arındırmışlar. Ancaq Rus-erməni-sovet-mason bolşefaşistləri Azərbaycanın dəyərli dilçilərini suçlayıb tutaraq, Türklərin doğal yolla gedən ulusal özünütanımasını başqa yola yönəltdilər. Sonucda yad, sonluqsuz Ərəb dili sonluqlu Türk dilinin quruluşunu pozub, danışanları ərəbcə düşünməyə yönəltmişdir. Çağdaş Azərbaycan Respublikasında da dövlətin dil politikasının yetərsizliyindən, insanlarda Türk dilinə sayğısızlıq yaranmışdır. Dövlət dillə bağlı bir sıra yasalar çıxarsa da, ölkədə ən sayğısız yanaşılan ulusal dəyərlərdən biri TÜRK DILIdir.
Cəlil Məmmədquluzadə Türk dilinin Ərəb-fars sözlərilə “zibilləndiyini”, “çör-çop”ün çoxluğundan arındırılmanın da çətin olduğunu yazmışdır. Uca olasan, Mirzə Cəlil! Sən də ömrün böyu Danabaş köyünün oxumamış, oxudulmamış danabaşlarını oyatmağa çalışdın, gözəl danışmalarını dilədin. Gəl-gör, XXI yüzildə, “AzTVlər”in haybasan sunucuları necə sonluqlar-şəkilçilər uydurublar: “vız”, “vuz”, “vüz”. Deyimə bax: anavız, atavız, bacıvız, anovuz, atovuz, bacuvuz, günüvüz, sözüvüz, özüvüz. Sən də o boyda Qurbanəli bəyə gülürsən. Yaşasın, qumanitarnaya, yazıkovaya politika multikulturalnoy, tolerantnoy, bezanaloqovoy Azerbaydjanskoy Respubliki! URRA!!!
Türk dilini anlamsız Ərəb-fars sözlərindən arındırmaq savaşçısı, ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Qəzetlərimizə əhalidən daimi surətdə bir şikayət vardır. Hər vaxt asan dillə yazınız,- deyə qarelər [oxucular] bizə ixtarlar [bildirişlər] etmiş, ediyor, ehtimal ki, bir çox zaman da edəcəklərdir. Qəzetə-jurnallarımızda (risaleyi-mövqufə) işlədilən dil az-çox ədəbi hesab olunuyor. Mühərrirlərimiz [yazarlarımız] əhalimizin istədikləri ”asan dil”ə “loru” diyorlar. Və ciddi mövzular bu loru dillə yazılmayır – deyə hər vaxt yazılarında olunan şikayəti rədd etmiş və edirlər”.
Mirzə Cəlilin “çör-çöpü”ndən bir neçəsini gözə çarpdırıram, başbilənlərimizi demirəm, bəlkə, dilçilərimizi, yarımrus jurnalistlərimizi bir az etkilədi.
1.XXI yüzilin 15-ci ilində dilçilərin, öyrətmənlərin ulusun çocuqlarına öyrətdiyi Ədat anlayışı ilə KI bağlayıcısına baxaq. Dilçilərin dediyinə görə, “ayrılıqda anlamı olmayan, cümlədə işlənərkən başqa sözlərlə birlikdə anlam qazanan sözlərə ƏDAT deyilir”. Demə, çölçü-bədəvi Ərəbin anlamsız bir sözü Türkün dilinə girən kimi anlamlanırmış. Bəh! Bəh! Bəh! Yaşa səni Ibn Mühəyya bin Ərəb, bin Bağdadi, əl IŞID!!! Doğrusuna qalsa, bu anlamsız sözlər “dilbilən”lərin, dilçibaşıların ərəbcə məna dediyi anlamı qazanmır. Bu MƏNASIZLIQdan bir dolab: fəqət, əcəba, hətta, məhz, əlbəttə, halbuki, hərçəndi, sadəcə, zatən…” Sayğılı DILÇILƏR, bunların hansının cümlədə Türkcə bir anlamı vardır?!
2.Fars dilindən gətiriləndən sonra Türk dilinin quruluşunu, özəlliyini, gözəlliyini pozmuş, “gözəllikləri”ndən disertasiya da yazılmış ünlü, gözəllər gözəli KI bağlayıcısı da dilçibaşılarımızın vurulub, çox sevdiyi başqa bir dərddir. Mən Ərəbə Firdovsi kimi: “kərtənkələ yeyən, dəvə südü içən” demək istəmirəm, yarıərəb, yarıfars dilimizdə mübtəda, xəbər, təyin, tamamlıq, zərfliyə, isim, sifət, feilə türkcə nə deyildiyini də bilmədiyimdən, “ərəbcə” yazıb yolumdan sapmaq istəmirəm. Ancaq dilçilərimizin, yazarlarımızın, aydınlarımızın gözəl, aydın, kəsin Türk sözlərini qoyub bir şeyin ona yaxın anlamından başqa bir neçə tərs anlamlı da olan, yayğın Ərəb dilindən, onun mütəkəllim, mütəəssir, mütəəllim, mütəvəlli, mütədiyyin, mütəəddid, mükəmməl, müdhiş, əksəriyyət, fəxarət… kimi sözlərindən ayrılmadıqlarından dolayı ağlayır, toplumsal, ulusal gücsüzlüyümüzdən yanıram. Istəyim də Azərbaycan dilçilərini, jurnalistlərini, bilimçilərini aşağılamaq yox, onları bilincaltı düşüncədən qurtulub Türk dilini gəlişdirməyə çağırmaq, Azərbaycan Respublikasının Ulusal Güvənlik – Strategiyasının yönlərinin avrosentrizm, atlantizm, regional perimetr olub, Ərəb-müsəlman geriçiliyinə yox, Avropa biliminə, texnolojisinə, kültürünə, demokratiyasına yönəldiyini gözə çarpdırmaqdır.
3.Türk dilinin sonluqlu dil olmasının dərindən öyrədilməsi: “Dil ulusundur yox, dil millətə aiddir”,- sözləri Mikayıl Müşfiqindir” yerinə, “sözləri Mikayıl Müşfiqə aiddir” kimi yanlışların düzəldilməsi.
4.Türk dilindəki vurğu anlayışı. Vurğuların düzgün deyilməsi, birbölümlü-birhecalı sözlərin biir, oon, əən… kimi deyilməsinin qarşısının alınması.
5.Türk dilində VƏ bağlayıcısı ilə cümlə başlanmır, başlanmaz. Türk dil yasasının daha yaxşı bəlirlənib öyrədilməsi, “Və biz Şuşaya getdik” kimi yanlışların qarşısının alınması.
6.Türk dilində cins ayrılığının olmadığının öyrədilməsi, Güllü müəllimə kimi danışığın, yazının düzəldilməsi.
7.Ərəbcə “müləmmə” deyilən danışığın aradan qaldırılması. Biliksiz, oxumamış, oxudulmamış, öyrədilməmiş, yarıərəb, yarıtürk, yarırusca danışan “jurnalist” ərəbcə müləmmə, farsca rəngarəng, türkcə çoxboyalı, yığıntı bir dildə danışıb, göstərdiyə nümayiş etdirdi, yendiyə, udduya qalib gəldi, yenildiyə, uduzduya məğlub oldu, tikdi, qurdu, yaratdıya təşkil etdi, işlədi, çalışdıya fəaliyət göstərdi deyir, istilik 15 dərəcə olacaq yox, istilik 15 dərəcə təşkil edəcək, başladı, bağışlayın yerinə üzr istəyirəm, getdi yerinə səfər etdi deyib yanlış danışır, su iç yox, sudan istifadə elə deyir, sağ ol, deməkdənsə təşəkkür eləyir.
Bu müləmmə danışığı son çağlarda köç etdi, keçid aldı, baş tutdu, eniş etdi, start verdi, çıkı verdi, park etdi kimi yeni yanlışlar doğurub. Dərhal nə deməkdir, soran yox. Ona “anında”, “o an”, “yubatmadan”, “içəri daxil olmaq qadağandır!”- gülməcəsi yerinətürkcə “girilməz”, “girmək olmaz” demək olmazmı?
Türklər nə üçün yurda vətən, öldüyə vəfat etdi, yaralandıya, xəsarət aldı deməlidir? Gözümüzü açandan evin yiyəsi, bağın yiyəsi eşitmişdik. “ANS-in qızları” evin sahibi, bağın sahibi ediblər. “Yeni ərəb ədatı” zaman-zamanın Türk düşüncəsini pozmasına baxaq: “Bu iş zaman-zaman belə olub”. Düzgünü belədir: “Bu iş çox ara belə olub”.
8.Sovet dönəmində Azərbaycanda unudulmuş, unutdurulmuş, ya da az işlənən gözəl Türk sözlərinə gözlərini, düşüncələrini qapamış “ANS-in qızları”nın dildən 50-60 il qabaq çıxmış, ya da çox az işlənən rəğmən, təxliyə, tərcih, qətliam, mücadilə, rica, təcəlla, müdhiş, möhtəşəm, sadəcə, bəyaz, siyah… kimi “türkiyədənqayıtma” çör-çöpünün qarşısının alınması. Türkün gözəl ağ, qara sözlərinə bəyaz, siyah deməyə, mahnı qoşmağa başlayıblar. Belə də ulusal düşüncəsizlik olarmı?! Baxan yox, izləyən yox, öyrədən, düzəldən yox. Arada Sabir Rüstəmxanlı Bakıdakı ingiliscə “reklam saldırısı”ndan danışır, Xaliq Bahadır “Azadlıq”da nəsə yazır… Toplumu daha çox etkiləyəcək televiziyalar “yad əllərdə”, şit “Şou”larla baş qatmaqda.
9.Sözçülük. Yazıda, eləcə də danışıqda cümlələrin bİranlamlı, ya da yaxınanlamlı Ərəb-fars, eləcə də avropadangəlmə sözlərlə doldurulmasının qarşısının alınması. Bu yol rəsmi, elmi üslublarda, daha çox da məhkəmə, polis, ordu qurumlarındakı yazılarda acı düzməcəyə çevrilib: intihar, məhkum, vəsatət, xitam, qəyyum, həbsxana? Qəzetlərin birində yazılan iki cümləyə baxaq: “Qloballaşmanın müasir forması qeyri-presedentdir və birinci dünya müharibəsinəqədərki dövrlə müqayisədə irrelevantdır”. “Üzeyir bəyin atdığı addımlar möhnətli, əzablı və iztirabverici idi”. Böyüklərin də çoxunun assosiasiya-bağlamaq-düşünməklə anlayacağı son üç Ərəb sözünü çağdaş Orta okulda oxuyanlardan neçəsi anlaya bilər?
Son çağlarda Bakıda çayxanaların “Çay evi” edilməsi düzgündür.
Qeyri-ixtiyari uydurmasınıın yerinə özümsüz, qeyri-məluma bəlirsiz, bilinməyən, ya da aydın olmayan demək olmazmı? Türkcə neçə deyimi, deyilişi ola-ola dilçilərimizin geridüşüncəliliyindən qapanıb qalmışıq Ərəb sözlərindən qeyri-erməni, qeyri-rus… kimi uydurmalar düzəltməkdə. Son çağlarda bütün ölkəni Ərəb sözü mühafizəyə, türkcə çi sonluğu artırıb yaratdıqları mühafizəçi sözü ilə doldurublar. Hər yer mühafizəçidir: Baş Mühafizə Idarəsi, yolların mühafizəsi… Ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə 1919-cu ildə Azərbaycan Parlamentini qorumaq üçün yaradılan quruma “Qorucu bölüyü” adını verməyi önərmiş, qoydurmuşdu.
10.Alınma sözlərin Türk dilinə uyğunlaşdırılması. Bu yasa vardır, ancaq, demək olar, işləmir. Kəsinliklə uyğulanmalıdır! Bu anlamda Ərəb dilindən alınma ədəbiyyat, cümhuriyyət, keyfiyyət.., eləcə də avropadangəlmə ssenari, kommunizm, dissertasiya, komissiya, assimilyasiya… kimi sözlərin bir y, bir s ilə yazılması.
11.Bilimsəl biliksizlik. Ulusal dil düşüncəsinin kökləşməyib, son dönəmdə daha da dağıdıldığından, çoxları sözbaşı, problem deməyə başlayıb: “nə problemin var”, “problem yoxdur”… Qabaqlar nə çətinliyin var?- sorardılar, indi nə problemin var deyirlər. Bilimdə problem varlığın çözümü çox çətin sorunlarına deyilir: dünya yaranmışdır, yaradılmışdır, insan yaranmışdır, yaradılmışdır, allah, varmı, yoxmu? Oxumamış, oxudulmamış “jurnalist” bunu bilmədiyindən “futbolçu ayaqqabısının bağı ilə problem yaşadı”, “bütün gecə işıq problemi yarandı” kimi sözlərlə ulusun dil düşüncəsini pozur.
Azərbaycan Respublikasının dövlət qurumlarının, bakanlıqlarının adlarına baxın – bütünü ərəbcə. Yapçıların işlərini-güclərini buraxıb qaralamağa çalışdıqları bir illik Cəbhə-Müsavat Ağalığı dönəmində Səhiyə Nazirliyinin adının dəyişdiriləcəyi düşünülürdü. Səhiyə Ərəb sözüdür, türkcə sağlamlıq deməkdir. Ona türkcə Sağlamlıq Bakanlığı demək olmazmı? 1992-ci ildə onu dəyişəcəyimizi “Azərbaycan” qəzetində yazmışdım.
XIX yüzilin 15-ci ilində ulusal özgürlük çağında ulaşım kimi gözəl Türk sözünü qoyub, özü də heç kimin demədiyi iki y-li Nəqliyyat nazirliyi yazmaq ulusal düşüncəsizlikdir. Daxili Işlər, Xarici Işlər nazirliklərinə Iç Işləri, Dış Işləri bakanlığı desək bəlkə, Ərəblər Azərbaycana saldıracaqlar? Bundan ötrü ulusun başında duranların yenilikçi, aydın düşüncəsi olmalıdır. Bu düşüncənin olmaması çox acınacaqlıdır! Bu düşüncəsizlikdən “ANS-in qızları” ağlına gələn şeyləri danışır, “uçaq yaratmış böyük Ərəb”ə sayğıdan təyyarəyə uçaq demir, türkcə qalxınmanı çevirib ərəbcə inkişaf edirlər…
Buna görə də ulusal, ideoloji qurumların başına yad dildə oxumuş, böyümüş adamlar qoyulmamalıdır. Azərbaycanda isə tərsinə, dövlətin, demək olar, bütün ideoloji qurumlarının başında Rus dilində oxumuş, böyümüşlər, ya da türkcə anlamazlar durur… Ən ağırı, ağrı-acılısı, dözülməzi nədir: ulusal düşüncələri dolaşdırıldığından, bilincaltı düşünən, yüzdə 80-90 ərəb sözlərilə danışan alimlərin də çoxuarı türkcə danışmağa, yazmağa qarşıdır. Sən “Qaynaqlar” yazırsan, pozub “Istifadə edilmiş ədəbiyyat” edirlər, “Içindəkilər” yazırsan, dəyişib “Mündəricat” qayırırlar, “Özət” yazırsan, “Xülasə” eləyirlər, Elsevər Dərbəndli yazırsan, pozub Dərbəndli E.M.- edirlər. Toplumdakı bu geriçi düşüncəlikdən 25 ildə ov, yev Rus soyadı sonluqlarından qurtulmamışıq, bu gün də bəlgələri Türk dilinin deyiminə uyğun olaraq: ad, ata adı, soyad yox, soyad, ad, ata adı düzümü ilə yazırıq.
AMEA Dilçilik Institutu 1982-ci ildə “Azərbaycan dilinin orfoepiya sözlüyü”, 32 il sonra “lüğətlər” buraxıb. Bu, dilçibaşılarımızın dil düşüncəsinin ən azı 32 il geridə qaldığını göstərir. 2015-ci ildə gözlüyə ərəbcə “eynək”, farsca “çeşmək”, sözlüyə ərəbcə “lüğət”, ata-anaya valideyn, sevgiyə məhəbbət, oğul-qıza övlad, elçiyə səfir, yaşayana sakin, indiyə hazırda, savaşa hərb, barışa sülh, başqaya digər, sairə, tikintiyə inşaat, bəzəyə dizayn, bağışa hədiyə, donluğa məvacib, sağ ol, sağ olsunlar, yaşa, yaşasın, yaşasınlar yerinə sözbaşı yarıərəb, yarıtürkcə təşəkkür etmək, ya da bravo çığırmaq, ildırıma şimşək, aya mah-məh, aslana şir, qaplana pələng, qurda canavar, yaza bahar, yeməyə xörək, göyə səma, üçə kafi, beşə əla, üstəgələ plyus, çıxmağa minus, çəpərə hasar, yaralandı yerinə xəsarət aldı, qalaqapıya-alaqapıya darvaza, törənə mərasim demək özünütanımamaq, Türkə, Türk dilinə, Azərbaycana sayğısızlıqdır! Avropadan axınla gələn şop, şou, tender, super, eksklüziv, brend, transfer, diceylərin törədəcəyi gözlənilən SUPERQARPIZ anlamsızlığı da başqa bir düşüncəsizlik, dilini, elini, özünüqorumamaqdır!
Türk dilində bir işi etdi, gördü deyərlər. Dil düşüncəsizliyindən bu iş Prezident tərəfindən, “polis tərəfindən” edilib deyir, yazırlar. Azərbaycanda, demək olar, heç kim çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə demir, birinci, ikinci üçüncü, dördüncü, beşinci, altıncı gün, bazar deyir. Bu anlamsızlığı da düşünərək düzəltmək gərəkdir. “ANS-in qızları”nın bir cümləsinə baxaq: “BDU-nun nəzdində fəaliyət göstərən…” Nəzd ərəbcə içində deməkdir, fəaliyət göstərən də başqa bir müləmmə gülməcəsi. Niyə türkcə BDU-da olan, çalışan, işləyən, BDU-nun ansamblıdırsa: “BDU-nun ansamblı” deyilməməlidir?
Oxumamış, oxudulmamış “yarımrus jurnalistlər” son 20 ildə Türk dilindən çalmaq, oxumaq sözlərini çıxarıb, yerinə ifa, ifa edənlər, müşayət edənləri… qoyublar. Tarçı, tarçalan olub tar ifaçıfsı, qarmonçalan, qarmonçu qarmon ifaçısı, balabançı balaban ifaçısı. Musa Mirzəyev, Əlibaba Məmmədov… deyir, çaldıq-oxuduq, yarımrus sunucu onların ağzından vurub ifa etdin düzəldir. Onlar da qonaq olduqlarından sıxılıb, ifa etdim, deyirlər. Canəli Əkbərov “sorağı çatdırdım yiyəsinə” deyir, yarımrus jurnalist sorağı ərəbləşdirib xəbər eləyir, “Növbəti ifa saz ifaçısı Elçin Qubalıya aiddir” kimi dil düşüncəsizliyini ulusun varlığına yeridir, 13-14 yaşlı çocuğa “Ramiz müəllim, bir muğam ifa eləyin, feyziyab olaq” dedirdirlər. Azərbaycan Anayasasında ORDU sözü yoxdur, Azərbaycan Silahlı Qüvvələri vardır?! Ordusuz dövlət olurmu? Nə edəsən: “Hər şey yalan, hər şey bomboş, ovçu sərxoş, yolçu sərxoş”. Ələşdirilərim ən yaxşı teletamaşalardan biri – “Nigarançılıq”dakı “Bəh!Bəh! Bəh! Gör bir ”cim”lə nə eləyib” deyən anlamazın… Rus böyüyünün “o nə deyir?” sorusuna, “doğrusu mən də bilmirəm” deməsinə bənzəyir.
Biz, çağdaş Azərbaycanın “Dildə türkçülük!” deyən aydınları Azərbaycan Respublikasının dil politikasının yetərsizliyindən, dilçilərinin suçundan, aydınların dil düşüncəsizliyindən Məhəmməd Əmin bəyin yüz il qabaq çəkdiyitək: “Milli mədəniyətin nədən ibarət olduğunu dərk edənlər, bu mədəniyətin nə surətdə münqəriz [dağıldığını] olduğunu görənlər, şübhəsiz, bu kimi narəva [istənməyən] halları gördükdə ürəkləri ağrıyor, bu ürək ağrıdan hallara qarşı bir millətin üqəlasının [ağıllılarının, başbilənlərinin, aydınlarının] laqeyd olduğu görülüncə, bu ağrı daha da şiddət [güclənir] ediyor… Doğrudanmı, daimi olaraq ürək ağrısına qalacaqmıyız?” Ağrı-acı çəkirik! Oyanın qardaşlar! Anlayın, bəylər, bəyimlər!
[ ] Düz ayrıcdakı açıqlamalar Yadigar Türkelindir.