Moderator.az tanınmış vəkil Qurban Məmmədovun “MTN işi” ilə fikirlərini təqdim edir:
“MTN işi” ilə bağlı yeni-yeni faktlar açıqlandıqca, təhlükənin miqyası da görünməkdədir. Hamınızın diqqətini dövlətçilik baxımından vacib hesab etdiyim bir məsələyə yönəltmək, bu barədə sizlərin də mövqeyini bilmək istəyirəm. Artıq faktlarla sübut edilib ki, MTN “əməkdaşları”-cinayətkar dəstələr ayrı-ayrı iş adamlarından və yüksək vəzifəli şəxslərdən xərac toplayırmışlar. İş adamları ilə hər şey aydındır.
Əvvəla, onlar zorən cinayətkar olmağa məcbur ediliblər: idxal etdikləri malları gömrükdə tam qeydə almamaqla, əməliyyatları monopolistlərin üzərindən aparmaqla, qaiməsiz alış-verişə məcbur edilməklə, qanundankənar “vergi” yığımları ilə və s.
İkincisi isə, onların daha səlahiyyətli orqanlara “əlçatmaqlıq imkanları” yoxdur və şikayətlərinə baxan da olmayacağını bildiklərindən başlarına gətirilənləri açıb-ağartmayıblar. Məqam gözləyiblər. İndiki kimi.
Bəs yüksək dövlət vəzifələri tutan, nazir, komitə rəhbəri kimi istədikləri vaxt prezidentlə görüşmək imkanı olanlar necə? Onların bu hətrəkətini necə qiymətləndirməliyik?
Məsələn, Əmlak məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, DƏDRXİN rəisi və onun müavini Rafiq Cəlilov, Nəqliyyat naziri Ziya Məmmədov, Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev, Vergilər naziri F.Ələkbərov, Baş prokuror Zakir Qaralov, Daxili İşlər naziri Ramil Usubov, Ali Məhkəmə sədri Ramiz Rzayev, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və başqaları. Bəlkə, kimlərsə məlumat verib, xalqa deyilmir?
Onların əksəriyyəti ya şəxsən xərac ödəyiblər, ya da bu açıq formada həyata keçirilən həyasızlıqdan, cinayət əməllərindən xəbərdar olublar.
Xəbərləri olmaması isə mümkün deyildi.
Onda sual yaranır: prezidentə niyə vaxtında məlumat verməyiblər?
Niyə qanunda nəzərdə tutulan qaydada şikayət etməyiblər? Cinayəti bilə-bilə niyə gizlədiblər?
Onlar Prezidentə inanmayıblarmı?
Yoxsa, Prezidenti də bu cinayətin iştirakçısı və ya təşkilatçısı hesab edirmişlər deyə susublar?
Bəlkə, bu dəstənin arxasında ailəyə yaxın kimlərinsə durduğunu güman ediblər?
Axı niyə?
Görünən odur ki, “MTN quldurları”nın yerinə erməni kəşfiyyatçıları da olsaymış bu adamlar susacaq, mübarizə aparmayacaqlarmış.
Belə qorxaq, cəsarətsiz adamlara dövlətin, insanların taleyini tapşırmaq olarmı?
Bu faktlar dövlətimizin nə qədər təhlükəli vəziyyətə salındığından xəbər vermirmi?
Təminatımız varmı ki, bu vəzifəli şəxslərdən kimsə hansısa kəşfiyyat orqanı tərəfindən şantaj edilməyib, təhdidlə ələ alınmayıb, onlara işləməyə məcbur edilməyib.
Belə bir təminat yoxdur. Ola da biməz! Bilirsinizmi niyə?
Total rüşvətxorluq, korrupsiya və məişət pozğunluğu şəraitində, eləcə də uzun müddət vəzifələrdə qalaraq haram yediklərinə görə bu şəxslərin xarici kəşfiyyat orqanları tərəfindən ələ alınmaları olduqca asandır və belə halların olması istisna edilmir.
Ona görə də, Prezident təcili və təsirli tədbirlər görərək, 5 ildən artıq vəzifədə qalanların hamısını gənc kadrlarla əvəzləməli, dövlət təhlükəsizliyimizin təminatı üçün ciddi iqtisadi-siyasi, struktur islahatlarına getməlidir.
Prezident bu addımı atacağı halda, millət olaraq hamı ona dəstək verməli, dövlətimizi, övladlarımızın gələcəyini real təhlükələrdən xilas etməliyik.
Yoxsa, yeni-yeni osminoqlardan xilas ola bilməyəcəyik.
07.11.2015 / Moderator.az