Tanınmış hüquqşunas, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Qurban Məmmədov Moderator.az vasitəsilə müdafiə naziri Zakir Həsənova açıq məktub ünvanlayıb.
Məktubda deyilir:
“AR Müdafiə naziri general-polkovnik Z.Həsənov cənablarına
Açıq məktub
Hörmətli nazir!
İçində olduğumuz çox gərgin və məsuliyyətli geosiyasi və ölkədaxili vəziyyət, eləcə də hərbi vətənpərvərlik baxımından olduqca böyük önəm kəsb edən bir problemə sizin və xalqımızın diqqətini cəlb etmək məqsədi ilə bu açıq məktubla sizə müraciət etmək qərarına gəldim.
Öncə qeyd edim ki, siz Müdafiə naziri təyin edildikdən sonra ordumuzda baş verən müsbət dəyişiklikləri görməmək mümkün deyil. Buna görə bir vətandaş və valideyn kimi sizə öz minnətdarlığımı bildirirəm.
Cənab nazir!
Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kənd sakini Hənifəyev Seyran Eynalı oğlu 2014-cü ilin 8 avqustunda Ordubad rayonunun “Böyük Soyuq” müdafiə mövqeyində yerləşən 4-cü postdan “Kiçik Soyuq” müdafiə mövqeyinə gətirilmiş, oradan da Culfa şəhərində yerləşən hərbi hissəyə aparılmaq məqsədi ilə dağ çığırları ilə endirilərkən Ordubad rayonunun Gənzə kəndinə çatmamış,yolun 14-cü kilometrliyində kəskin ürək-damar və ağciyər çatışmazlığı xəstəliyindən həyatını itirmişdir.
Mərhum S.Hənifəyev hərbiçilərin və bir sıra vəzifəli şəxslərin iştirakı ilə Cəhri kənd qəbrstanlığında şəhidlərlə yanaşı dəfn edilib. Dəfn mərasimi təmtəraqla keçdikdən sonra ata E.Hənifəyev oğlunun şəhid statusunu rəsmiləşdirmək üçün Naxçıvan Səfərbərlikvə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsinə müraciət edib və nə qədər qəribə olsa da, imtina cavabı alıb.
Görünür, kimlərəsə dəfnin sadəcə olaraq insidentsiz ötüşməsi lazım imiş. Çünki o vaxt S.Hənifəyevin bəzi zabitlərin diqqətsizliyinin və amansızlığının qurbanı olması barədə məlumatlar dolaşırmış. Sonradan bu barədə təhqiqat aparılmış və “bu məlumat təstiqini tapmamışdır” deyə, cinayət işi qaldırmaqdan imtina edilmişdir.
Oğluna şəhidlik statusu verilməməsindən narazı qalan E.Hənifəyev Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etmədiyi üçün Naxçıvan MR Ali Məhkəməsinə apellyasiya şikayəti verən atanın qanuni tələbinə orda da imtina edilib.
Cənab nazir!
Siz də, elə hörmətli oxucular da deyə bilərsiniz ki, məhkəmə araşdırmasında olan bir məsələ ilə bağlı Sizə niyə müraciət edirəm?
Məsələ burasındadır ki, əvvəla, Azərbaycan məhkəmələrinin vəziyyəti, yəni məhkəmələrin müstəqil olmasının sadəcə deklarativ xarakter daşıdığı və icra strukturlarından asılı olması hamıya bəllidir.
İkincisi isə, dövlət büdcəsində son vaxtlar yaranmış problemlərin, nə qədər qəribə səslənsə də, şəhidlərin qanı hesabına həll edilməsinə cəhd olduqca gülüncdür və ordu quruculuğu, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi baxımından olduqca ziyanlıdır.
E.Hənifəyevin qanuni tələbini rədd edən Naxçıvan Səfərbərlikvə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsi öz imtinasını onunla əsaslandırıb ki, AR Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarının 1.2.6-cı yarımbəndinə əsasən,“Seyran Hənifəyev döyüş tapşırığı və ya döyüş təminatı tapşırığı yerinə yetirərkən həlak olmadığı üçün ona şəhid statusu verilə bilməz”.
Məlumat üçün bildirim ki, “döyüş təminatı tapşırığı” anlayışının tərifi heç bir normativ hüquqi aktda verilməyib. Bu, hərbi termindir və haqlı olaraq bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinın doktrinal nəşri olan “Quru qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş təlimatı” kitabının 2-cihissəsinin 312 və 329-cu səhifələrində ətraflı məlumat verilib.
Mən bu məsələni müzakirə etmək üçün Culfa şəhərində yerləşən 216 saylı hərbi hissənin hüquqşünası və qərargah rəisi ilə görüşəndə sadəcə olaraq dəhşətə gəldim. Adamlar məşğul olduqları sahəyə aid olan bu terminlərin mənasından xəbərsizdirlər. Hüquqşünas və qərargah rəisi çox böyük həvəslə iddia etdilər ki, Seyran Hənifəyevə şəhid statusu verilə bilməz. Mövqelərini də onunla əsaslandırdılar ki, Seyran xidmət vaxtında və yerində yox, xidməti yerindən hərbi hissəyə buraxılış üçün gedərkənyolda ölüb.
Cənab nazir!
Məşğul olduğu hərbi sahənin nəzəri biliklərindən, eləcə də istinad etməli olduqları hərbi qanunvericilikdən xəbərsiz olan bu adamların səlahiyyətlərinə mənim böyük şübhəm var.
Bir müdafiə naziri kimi Siz bilirsiniz ki, Ordubad rayonunun Ermənistanla həmsərhəd olan “Böyük Soyuq” və “Kiçik Soyuq” müdafiə mövqeləri rəsmi olaraq döyüş bölgəsi hesab edilir və oradakı hərbi hissələr döyüş şəraitində olmaqla, döyüş təminatı tapşırıqlarının icrası ilə məşğuldurlar.
216 saylı hərbi hissənin hüquqşünası “döyüş təminatı” ifadəsini belə izah etdi: “bir qrup adam dağa döyüşməyə gedir, başqa bir qrupun da onlara sursat-silah aparması döyüş təminatı deməkdir. Seyran Hənifəyev belə bir vəzifə icra edərkən ölmədiyinə görə o şəhid hesab edilə bilməz”.
Qərargah rəisi isə döyüş təminatının “mühafizə” növünü belə izah etdi: “mühafizə hər hansı bir obyekti və yaxud kazarmanı müdafiə etmək kimi başa düşülməlidir. Seyran belə bir tapşırığın icrasında ölmədiyi üçün o şəhid sayıla bilməz”.
Mənim: “əlində silah, ön cəbhədə, 1-ci eşalonda, səngərdə olan əsgər döyüş təminatı tapşırığını yerinə yetirmirmi?”– sualıma hüquqşünasın verdiyi cavab isə bilirəm ki, sizi də təəcübləndirəcək: “orada mühafizədən söhbət gedə bilməz. O bir əsgər kimi xidməti vəzifəsini yerinə yetirib”. Bu xidmətin nədən ibarət olmasını isə hörmətli hüquqşünas izah edə bilmədi.
Gördüyünüz kimi, bu hüquqşünasın və qərargah rəisinin fikrincə, silah anbarını qoruyan əsgər döyüş təminatı tapşırığını icra edir, düşmənlə arasında “söyüş məsafəsi” olan səngərdəki əsgər isə xidməti vəzifəsini.
Hörmətli Zakir müəllim!
Mən əllərinin altında olan kitablarda və qanunlardakı bəzi anlayışları onlara izah etməyə çalışsam da heç nəyə nail ola bilmədim. Adamlar sadəcə olaraq oxuduqlarını başa düşmək istəmədilər, ya da bu iqtidarda deyillər.
Problemin ictimai və milli xarakterini nəzərə alaraq, söhbətin nədən getdiyini hamının bilməsi üçün, aşağıda bəzi hərbi terminlərin mənasını diqqətə çatdırmağı vacib hesab edirəm.
1. Hərtərəfli təminat – “bölmələrdə yüksək döyüşə hazırolma səviyyəsinin, döyüş qabiliyyətinin saxlanılmasına və onlara verilmiş tapşırıqların vaxtında və müvəffəqiyyətlə yerinə yetirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəldilmiş kompleks tədbirlərin hazırlanması və həyata keçirilməsidir. Tapşırıqların xüsusiyyətlərinə və keçirilən tədbirlərin məzmununa görə hərtərəfli təminat bölünür:
– döyüş,
– mənəvi-psixoloji,
– maddi-texniki və
-tibbi təminata.” (bax: “Quru qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş təlimatı” 2-ci hissə, Bakı-2015, səhifə 312).
2.Döyüş təminatı– bölmələrin tətbiq edilməsinin səmərəliliyinin yüksəldilməsi və düşmən qoşunlarının, güc və vasitələrinin tətbiqinin səmərəliliyinin azaldılması məqsədi ilə təşkil edilir və həyata keçirilir.
Taborun (bölüyün) taktiki fəaliyyətlərinin döyüş təminatı növlərinə aiddir:
– kəşfiyyat,
– mühafizə,
– radioelektron mübarizə,
– taktiki maskalanma,
– mühəndis və radiasiya,
– kimyəvi və bioloji mühafizə (bax: yenə orada, səhifə 312).
3. Mühafizə – öz bölmələrimizin fəaliyyət (yerləşmə) rayonlarına düşmən kəşfiyyatının sızmasının qarşısının alınması, onlara yerüstü düşmənin qəfil hücumunun istisna edilməsi, mühafizə olunan hissələrə (bölmələrə) açılmaq (döyüşə hazır vəziyyətə gətirilmək) və taktiki fəaliyyətlərə başlamaq üçün vaxt və əlverişli şəraiti təmin etmək məqsədi ilə təşkil olunur və həyata keçirilir.
Mühafizənin əsas tapşırıqları: “döyüş növbətçiliyinin təşkili və aparılması; yerüstü düşmənin bilavasitə təhdidi və hücumu haqda mühafizə olunan qoşunların xəbərdar edilməsi; düşmən kəşfiyyatının, onun diversiya-kəşfiyyat qruplarının və qanunsuz silahlı dəstələrinin güc və vasitələrinin aşkarlanması, onlara zərbə vurulması və məhv edilməsi; düşmənin ön dəstələrinə, sızmış qruplarına və qanunsuz dəstələrinə qarşı cəbhənin önündə, cinahlarında və dərinliyində döyüş fəaliyyətlərinin aparılması; əsas qüvvələrin (ehtiyatların) açılmasına və döyüşə yeridilməsinə əlverişli şəraitin yaradılması; nəqliyatın təhlükəsiz hərəkətinin təmin edilməsi; buraxılış rejiminin həyata keçirilməsi” (bax: yenə orda, səhifə 329).
4. “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli qanunun 4.2-ci maddəsinə əsasən, “hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən; döyüş əməliyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar”.
5. AR Konstitusiya məhkəməsinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli qərarının 1-ci bəndinə əsasən, “… şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan” “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il tarixli qanununun 1-ci maddəsi tətbiq edilməlidir”.
Konstitusiya məhkəməsinin həmin qərarının əsaslandırma hissəsində qeyd edilir: “Lakin Qaydaların (Nazirlər Kabinetinin “şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” nəzərdə tutulur) 1.2.6-cı bəndinə sonradan əlavə olunmuş “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəasında atəşkəs dövrünə aid məhz iki halın xüsusi olaraq göstərilməsi, qanun normasına nisbətən daha məhdud xarakterli təəsürat yaratmaqla, qeyd olunan qanun əsasında şəhid adının verilməsini istisna etməsə də, hər hansı başqa şəraitdə həlak olmuş şəxslərə şəhid adının verilməsini mümkünsüz edən kimi görünür…
Bu baxımdan Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəxsin qanunda müəyyən olunmuş meyarlara əsasən, həlak olmanın bütün hallarında şəhid adını alması imkanı aydın ifadə edilməli və əlçatan olmalıdır …”
Bunları qeyd etdikdən sonra Konstitusiya məhkəməsi öz qərarının 2-ci bəndində Nazirlər Kabinetinə 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 3 sentaybr 1993-cü il tarixli qanununun tələblərinə müvafiq təkmilləşdirilməsini tövsiyə etmişdir.
Nazirlər Kabineti də bu tövsiyəyə əməl etmiş, özünün 15 iyul 2009-cu il tarixli 107 saylı qərarı ilə “qaydaların” 1.2.6-cı yarımbəndini aşağıdakı redaksiyada dəyişmişdir: “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hallarda, o cümlədən: atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığını və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən, ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər”.
Cənab Nazir!
Çox təəssüf ki, 216 saylı hərbi hissənin hüquqşünası və bəzi hərbiçiləri “döyüş təminatı” və “mühafizə” anlayışlarını hərbi-nəzəri termin kimi yox, öz bildikləri kimi, “mərmi daşımaq” və ya “anbara qarovul şəkmək” kimi başa düşürlər.
Hörmətli Zakir Həsənov!
Tabeçiliyinizdə olan bəzi zabitlərin və əməkdaşların hərbi qanunvericiliyi, eləcə də hərbi-nəzəri terminləri dəqiq bilməmələrini, Seyran Hənifəyevin şəhid olması ilə bağlı əlimizdə olan üç sənəd bir daha sübut edir.
Hər üç sənəd 216 saylı hərbi hissənin komandiri polkovnik-leytenant Niyaməddin Tağıyev tərəfindən imzalanıb.
1. 216 nömrəli hərbi hissə komandirinin 8 avqust 2014-cü il tarixli 227 saylı əmrindən çıxarış.
Orada göstərilir: “ölüm hərbi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar deyil”.
2. 6 mart 2015-ci il tarixli 104 saylı arayış.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsinə təqdim etmək üçün verilib. Orada göstərilir: “ölümün səbəbi: xidməti vəzifəsini yerinə yetirərkən vəfat etmişdir”.
3. Polkovnik-leytenant Niyaməddin Tağıyevin Naxçıvan Muxtar Respublikası Ali məhkəməsinə göndərdiyi 27 oktyabr 2015-ci il tarixli 932 saylı məktubu. Orada yazılıb: “ … 216 saylı hərbi hissənin 5-ci taborun 16-cı bölüyünün 1-ci tağım 1-ci manqasında xidmət etmiş mərhum əsgər Hənifəyev Seyran Eynalı oğlu hərbi hissə komandirinin şifahi əmrinə əsasən, növbəti buraxılışa getmək üçün 08 avqust 2014-cü il tarixdə xidməti yerindən, yəni Böyük Soyuq müdafiə mövqeyində yerləşən 4-cü postdan hərbi hissəyə düşərkən kəskin ürək-damar və ağciyər çatmazlığı nəticəsində vəfat etmişdir.”
Hörmətli general!
Əslində mən, polkovnik-leytenant Niyaməddin Tağıyevi qətiyyən qınamıram. O, əsgər Hənifəyev Seyran Eynalı oğlunun hansı şəraitdə ölməsi barədə arayış verməklə öz vəzifəsini yerinə yetirib. Həmin şəraitə hüquqi və hərbi baxımdan qiymət vermək isə şəhidlik statusu vermək hüququ olan idarələrin vəzifəsidir. Görünür, polkovnik-leytenant verdiyi arayışlarda həmin idarələrin, ya da “dövlət büdcəsinin qayğısını çəkənlər”in mövqeyini nəzərə almağa məcbur olub.
Naxçıvan Səfərbərlikvə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsinin məhkəmədə iştirak edən nümayəndəsi Zamanov Sultan Valeh oğlunun mövqeyini eşidəndə isə mənə hər şey aydın oldu. Obeləcə də dedi: “biz Seyran Hənifəyevə şəhidlik statusu versək, bundan sonra hərbi xidmətdə ölən hər bir əsgərin valideyni üstümüzə cumacaq ki, uşağına şəhidlik statusu alsın”.
Bunları dedikdən sonra o çox böyük fəxr və qürurla əlavə etdi: “keçən il bir əsgərimiz “Soyuq”da postda olanda qar uçqununda qalıb ölmüşdü. Biz heç ona şəhidlik statusu vermədik.”
Cənab nazir!
Əsgər Seyran Hənifəyevlə bağlı baş verənlər, sadəcə olaraq, bir ailənin, tək oğul övladını itirmiş və sonsuzluq duyğusu ilə qovrulan bir atanın problemi deyil. Bu, qanun, dövlətçilik və hərbi vətənpərvərlik problemidir.
Bu, ordumuzun problemidir.
Bu, müharibə, Qarabağ problemidir.
Bir tərəfdə “şəhid atası” adı uğrunda qanunlara arxalanan valideyn, digər tərəfdə isə hərəkətlərində heç bir məntiq, qanun olmayan məmur-zabitlər və gözü yuxarıların ağzında olan hakimlər dayanıb.
Problem yalnız sizin müdaxilənizlə çözülə bilər. Siz də bilirsiniz ki, bəzi məmurlar qanundan daha çox ondan yuxarı vəzifəlinin əmrini icra etməyə meyillidirlər.
Hənifəyev Seyran Eynalı oğlu döyüş şəraitində olan bir hərbi hissənin əsgəri kimi ön cəbhədə döyüş təminatı tapşırığının icrası ilə bağlı hərbi xidmətdə olmuş, xidmət yerindən Culfa şəhərində yerləşən hərbi hissəyə piyada aparılarkən yolda, yəni xidmət başında həyatını itirmişdir.
Onun xidmətinin hərbi terminlərləadı isə belədir: ““hərtərəfli təminat”ın “döyüş təminatı” növünün “mühafizə”yarımnövü.
Sizdən xahiş edirəm, şəhid statusunun verilməsi ilə bağlı mövcud hərbi qanunvericiliyin zabitlər arasında təbliğinin, qanunların bütün zabitlər tərəfindən birmənalı başa düşülməsi üçün hüquqi maarifləndirmə işlərinin gücləndirilməsi, eləcə də Hənifəyev Seyran Eynalı oğluna şəhidlik statusunun verilməsi barədə zəruri tədbirlər görəsiniz.
Hüquqşünas: Qurban Məmmədov”
06.11.2015 / Moderator.az