Son vaxtlar Naxçıvanda dövlətçilik baxımından çox ziyanlı olan hadisələr baş verir. Azərbaycanın bəzi qanunları Naxçıvanda qüvvədən salınıb.
Son bir ay içərisində üç belə hala rast gəlmişəm.
- «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinə əsasən, Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi və ərazi toxunulmazlığı uğrunda, döyüş tapşırığı və ya döyüş təminatı tapşırığını yerinə yetirərkən (AR Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli Qərarına və “hərbi qulluqçuların statusu haqqında” qanunun 4.2-ci maddəsinə əsasən, hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən … xidmət yerinə gedib-gələrkən … hərbi xidmət başında sayılırlar …”) müxtəlif səbəblərdən həlak olan əsgərlərə şəhid statusu verilməsi nəzərdə tutulsa da, Naxçıvanda bu qanuna əməl edilmir.
Ön cəbhədə, 1-ci səngərdə xidmət zamanı, “Böyük Soyuq” müdafiə mövqeyinin 4-cü postundan hərbi hissəyə dağ cığırları ilə aparılarkən yolun 14-cü km-də ürək çatışmazlığından dünyasını dəyişən Cəhri kənd sakini Hənəfiyev Seyran Eynalı oğluna şəhid statusu verilmir.
Səbəbi anlaşılmazdır.
Belə halların gənclərin vətənpərvərlik tərbiyəsində necə mənfi rol oynadığını izah etməyə ehtiyac yoxdur.
- Naxçıvanda köhnə maşınları idarə etmək üçün 1 aydan artıq müddətə etibarnamə verilmir. Kiçik qardaşım Məmmədov Yunis Cəlal oğlu ona məxsus maşını idarə etmək üçün Sədərək uğrunda gedən döyüşlər zamanı 1-ci qrup əlil və 1992-ci ildən bu günədək yataq xəstəsi olan böyük qardaşım Məmmədov Əbdül Cəlal oğlunun övladına etibarnamə vermək istəsə də, Naxçıvan şəhər 1 saylı notariat kontorunda ona imtina edilib və səbəb kimi də, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin hansısa qərarı əsas göstərilib..
Halbuki, AR Mülki Məcəlləsinin 363.3-cü bəndinə əsasən, “Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz”.
Yəni bir il müddətinə verilə bilər.
Xüsusilə də nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 363.3-cü maddəsi yalnız nəqliyyat vasitəsi üzərində sərəncam vermək hüququnu (satmaq, bağışlamaq, girov qoymaq və s.) nəzərdə tutan etibarnamələrə aiddir. Nəqliyyat vasitələrini idarə etmək üçün verilən etibarnamələrə isə 363.1-ci maddədə nəzərdə tutulan müddət (Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər) tətbiq edilməlidir.
- “Avtomobil nəqliyyatı haqqında” AR qanununun 21-ci maddəsinə əsasən, qeyri-müntəzəm daşımalara görə sürücülərə lisenziya verilməlidir. Naxçıvan MR Nəqliyyat Nazirliyi isə Naxçıvan MR Nazirlər Kabinetinin hansısa qərarını bəhanə gətirərək sürücülərə bu hüquqlarından istifadə etməyə imkan vermir və bildirilir ki, qanunun həmin maddəsi Naxçıvanda qüvvədən salınıb.
Belə şey ola bilərmi?
Bir dövlətin qanunları onun bir bölgəsində özbaşına dəyişdirilir və ya qüvvədən salınır.
Mən ümid edirəm ki, hörmətli Vasif Talıbovun bu biabırçılıqdan xəbəri yoxdur. Ona görə də buradan Vasif müəllimə müraciət edirəm: Azərbaycan dövlətinə qarşı olan bu hörmətsizliyə və separatçılığa zəmin yaradan bu murdar təcrübəyə son qoymaq üçün təcili tədbirlər görmək lazımdır. Yoxsa bu dövlətdən dövlət olmaz.