Halal tikə tanımayan ayının
Qismətinə pətək-pətək bal düşdü.
Ömrü boyu ev qoruyan köpəyə
Həftədə bir kirli qabda yal düşdü.
Kim atdısa ucalığın daşını,
Qarsız yola verdi ömrün qışını
Dağ zirvəsi dik tutduqca başını
Yayda belə saçlarına çal düşdü
Kimin üzü bəd əməldən qaradı,
Tale ancaq ona güldü, yaradı.
Bu dünyada kim ədalət aradı,
Ürəyinə dünya boyda xal düşdü.
Axsaq yabı qaldığından hey dala,
Minilmədi, sahib oldu xalxala.
Yaxşı qaçan at çapıldı dörd nala,
Qaça-qaça dırnağından nal düşdü.
Ürəyimə yük olduqca hər qəmim,
Tez qocaltdı, Oğuz, məni ələmim.
Demə, niyə kortalıbdır qələmim,
Hər yiyəyə özü kimi mal düşdü.