Milli Şura sədri Cəmil Həsənli və AXCP lideri Əli Kərimli oktyabrın 13-də Türkiyənin ölkəmizdəki səfirliyini ziyarət edərək, Ankarada törədilmiş terrorla bağlı başsağlığı veriblər. Onları Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri İbrahim İbrahimli, Qurban Məmmədov və AXCP sədrinin müavinləri Nurəddin Məmmədli ilə Fuad Qəhrəmanlı müşaiyət ediblər.
Ziyarətçilər Türkiyənin ölkəmizdəki səfiri Alper Coşkunla görüşərək ona Ankara terrorunda yaşanan çoxsaylı insan tələfatından dolayı kədərlərini ifadə edib, dünyasını dəyişənlərə rəhmət, yaralılara şəfa diləyiblər.
Əli Kərimli:
“Bizim hər birimiz bu acını yaşadıq. Biz bu hadisəyə daha geniş aspektdən baxdıqda, bunu adi bir terror aktı kimi qiymətləndirmirik. Qardaş Türkiyənin son illərdəki güclü inkişafı bir çoxlarını açıq-aşkar hərəkətə gətirib, Türkiyəni durdurmaq çabaları var. İçəridən maşa kimi istifadə olunanlar və xaricdən də müəyyən qüvvələr Türkiyəni durdurmaq istəyirlər. Bizim də dualarımız Türkiyə ilədir. İnşaallah maneə yarada bilməzlər bu prosesə. Siyasi sistemi, işləyən demokratiyası, güclü ordusu və ən əsası ayaqda olan milləti ilə cıxacaq bu çətinliklərdən”.
Cəmil Həsənli:
“Bu hadisə zamanı dinc insanlar həyatını itirdi. Terror hər yerdə terrordur – kimin törətməsindən asılı olmayaraq. Türkiyə qüdrətli dövlətdir. Ümid edirik ki, türk xalqı, türk milləti bu imtahandan da cıxacaq. Bu gün hər kəs bura gələ bilmir, buna baxmayraq hər kəs üzülür, özünü Türkiyənin yanında hiss edir”.
Səfir Alper Coşqun Milli Şura liderlərinə təşəkkürlərini çatdırıb:
“Sağ olun gözəl sözlərə görə. Əskik olmayasınız. Düzdür, üzülurük bu hadisəyə görə. Bu terror aktının amacı bizim boynumuzu bükmək, ümidimizi qırmaqdır. Amma şübhə etmirik ki, birlik içərisində bunları adladacağıq”.
AXCP lideri Əli Kərimli və Milli Şura sədri Cəmil Həsənli səfrilikdə açılmış başsağlığı kitabına ürək sözlərini yazıblar.
13 Oktyabr 2015 17:09 / Azadlıq