Əlaqə vasitələri

“Kəbədə Allahınla və vicdanınla təkbətək qalanda hər kəs nə etdiyini çox yaxşı anlayır”

“Şeyx həzrətləri ilə görüşdə bu problemlərin məhz Səudiyyə Ərəbistanı tərəfindən qaynaqlandığını bildim”

Bu günlərdə Həcc ziyarətindən dönən tanınmış hüquqşünas, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Qurban Məmmədov hələ ziyarət əsnasında orada zəvvarlarımızın üzləşdiyi çoxsaylı problemlərdən yazırdı. HəttaModerator.az – a göndərdiyi sonuncu etiraz dolu açıqlamasında zəvvarlarımızın Ciddə hava limanında üzləşdiyi məşəqqətlərdən bəhs etmişdi. Odur ki, onunla üzbəüz oturaraq bəzi suallara cavab almaq zərurəti yaranmışdı. Beləliklə, Hacı Qurbanla söhbətimizi oxuculara təqdim edirik:
 
– Allah ziyarətinizi qəbul etsin. 
– Təşəkkürlər, çox sağolun, Allah razı olsun.
– Sirr deyilsə, Allah evində hansı duaları etdiniz, yaxud da kimlərə dua etdiniz?
– Bismilləhirrahmənirrahim. Öncə bütün həyatım boyu buraxdığım səhvlərə, etdiyim günahlara görə Allahdan bağışlanmamı dilədim. Sonra isə əlimi Kəbənin divarlarına, qara daşa dayayıb, eləcə də Kəbənin divarından iki metrlik məsafədə xalqımıza, dövlətimizə, xəstələrimizə, subaylarımıza, sonsuzlarımıza dualar etdim.
– Çoxmu günahınız var idi?
– (Düşünür, başını aşağı salır) Bəli, günahlarımı xatırladıqca Allah evinin qarşısında məni titrətmə tuturdu. Allah bağışlayandır, bağışlar, İnşAllah.
– Sizcə Allah dualarınızı qəbul etdimi?
– Mən bildiyimə görə Həcc ziyarətində Allah hamının duasını qəbul edir və günahlarını bağışlayır. Önəmli olan ziyarətdən sonrakı həyatı düzgün yaşamaqdır.
– Yəni bundan sonra səhv etməyəcəyinizə, günah işlətməyəcəyinizə əminmisiniz?
– Qeyrət göstərəcəyəm. Umarım bundan sonrakı həyatımı günahsız başa vuracağam.
– Belə bir fikir var ki, siyasətlə ibadət bir arada tutmaz. Siz necə düşünürsünüz?
– Səhv fikirdir. Sevgili peyğəmbərimiz (s.a.s) məhz öz incə siyasəti ilə cahil ərəbləri və düşmənləri islama gətirmədimi, apardığı müharibələrdə həm də siyasi üsullarla qələbə çalmadımı? Əksinə, istənilən siyasət dinin öyrətdiyi əxlaqi və mənəvi dəyərlərə söykənmirsə, uğur qazana bilməz.
– Sizə qədər də bir çox siyasətçilər, tanınmış ictimai-siyasi şəxslər, eləcə də deputatlar və dövlət məmurları Həcc ziyarətində olublar. Onlardan heç birinin ziyarəti siziniki qədər ictimai diqqətdə olmadı.
– Anlamadım, nəyi nəzərdə tuturusunuz?
– Özünüz vətənə gəlmədən sədanız gəldi. Ziyarətinizi bitirmədən sosial şəbəkələrdə sizin bu ilki ziyarətdə gördüyünüz nöqsanlarla bağlı fikirləriniz yayılaraq ciddi rezonansa səbəb oldu. Eləcə də bütün ziyarətiniz boyu yenə də sosial şəbəkələrdə, xüsusilə facebook-da fəaliyyətiniz səngimədi. Ziyarət əməllərinizimi tam yerinə yetirə bilmədiniz, yoxsa orda da siyasətdən kənarda dura bilmədiniz?
– Əvvəla, ziyarət zamanı kifayət qədər asudə vaxt olur. Baxmayaraq ki, imkan daxilində bütün gecələri Allah evində – Kəbədə namaz qılıb dua etməyə çalışdıq. İkincisi isə, məncə əsl müsəlman ətrafında baş verən ictimai-siyasi hadisələrə, haqsızlıqlara, qanunsuzluqlara, başqalarının haqqının tapdalanmasına laqeyd qala bilməz və Həcc ziyarəti isə müsəlmanın boynuna bu baxımdan daha böyük məsuliyyət qoyur.
 
– Hansısa nöqsanlardan yazmışdınız. Qafqaz Müsəlmanları İdarəsini (QMİ) ittiham etmişdiniz. Nə baş vermişdi?
– Öncə mən sizin sayt vasitəsi ilə Qafqaz Müsəlmanları İdarəsinə, şəxsən onun rəhbəri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə şəxsim və ailəm adından bu müqqədəs dini borcumuzu yerinə yetirməkdə bizə yardımçı olduğundan dolayı öz minnətdarlığımı bildirirəm. Çox böyük əziyyət çəkdilər. Azərbaycandan 2600 zəvvarın xətasız, bəlasız öz ziyarətlətini başa vurmaları çox böyük zəhmətin nəticəsidir. Bu zəhməti çəkənlər isə başda şeyx həzrətləri olmaqla onun bütün nümayəndələri böyük hörmətə layiqdirlər. O ki, qaldı nöqsanlara, təbii ki, mənim kimi maksimalist adamlar ən kiçik nöqsanların belə olmasını istəmirlər. Orada mənim gördüyüm nöqsanların bir hissəsi Səudiyyə Ərəbistanının hakimiyyət dairələrinin, digər bir hissəsi isə QMİ-nin bəzi nümayəndələrinin üzərinə düşürdü. Təbii ki, birincilərlə bağlı nəsə etmək biz zəvvarların iradəsi xaricində idi. İkincilərlə bağlı isə…
– Üzr istəyirəm sözünüzü kəsdiyimə görə, bizə hörmətli şeyxülislam A.Paşazadə ilə bağlı görüşməyiniz barədə məlumat daxil olub. Doğrudurmu, əgər belə bir görüş olubsa və sirr deyilsə, nələri müzakirə etdiniz?
– İlk növbədə mən hörmətli şeyx həzrətlərinə bu ziyarətdə biz zəvvarlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımı bildirdim. Sonra isə qeyd etdiyim o ikinci qrup nöqsanlarla bağlı ətraflı söhbətimiz oldu və hörmətli şeyximiz məni çox diqqətlə dinlədi, bütün dediyim nöqsanları qeyd etdi və növbəti Həcc ziyarətlərində nöqsanların aradan qaldırılması barədə lazımi tədbirlər görüləcəyi barədə fikir bildirdi.
 
– Görüşdən razı qaldınızmı?
– (Gülümsəyir) O gözəl insanla görüşdən məmnun qalmamaq mümkün deyil. Mən hər bir zəvvarın və onların ailəsinin təhlükəsizlik və sağlamlıq probleminin məsuliyyətini hiss edən, zəvvarların hər addımını nəzarətdə saxlayan və bu ağır səfərin xətasız-bəlasız ötüşməsi üçün çox böyük diqqət göstərən bir din xadimini gördüm və açıq etiraf edim ki, bu məni çox sevindirdi.
 
– Əvvəllər şeyxlə görüşmüşdünüzmü?
– Xeyr, bizim tanışlığımız qiyabi olub. Yəni, yalnız mətbuat vasitəsi ilə. Mən A.Paşazadə cənablarının bir dini lider kimi fəal hərəkətlərini 20 yanvar faciəsi zamanı görmüşdüm. Amma belə əyani görüşümüz olmamışdı.
– Sizcə, QMİ-nin nöqsana yol verən nümayəndələri cəzalandırılacaqmı? Hətta bizə çatan məlumatlara görə ziyarətin hansısa mərhələsində nöqsanlara etiraz etdiyiniz üçün bəzi QMİ nümayəndələri sizə hücum edərək təhqir ediblər. Bu barədə redaksiyamıza bəzi zəvvarlardan da məlumatlar daxil olmuşdu. O adamlar kimlər idi və cəzalandırıldımı?
– Mən kimisə cəzalandırmaq, kiməsə pislik etmək məqsədi ilə şeyx həzrətləri ilə görüşə getməmişdim. Təbii ki, belə böyük tədbirdə insanların əsəbi olması, müəyyən nöqsanlara yol verməsi də təbii haldır və bu müqəddəs ziyarətin qarşısında çox kiçik şeylərdir. Belə şeylərə görə Həcc ziyarətimizə və onu təşkil edən insaların əziyyətinə kölgə salmaq qətiyyən olmaz. Əksinə, onların öz zəhmətlərini biz zəvvarlara halal etmələri bizim üçün böyük lütfdür.
 
– Soruşmaq caizdirsə, bu ziyarət üçün nə qədər haqq ödənilir və Həcc ziyarəti bir adam üçün neçəyə başa gəlir?
– QMİ-nin rəsmi açıqlamalarına görə bu xərc 4700-5700 ABŞ dollarıdır. Əlavə olaraq hər bir adam orada öz istədiyi qədər pul xərcləməkdə də sərbsətdir. Ancaq ödənilmiş məbləğ zəvvarın oradakı bütün ehtiyaclarını ödəyir.
– Bizim üçün bir şey maraqlıdır. Araşdırmalarımız göstərir ki, bu məbləğ müxtəlif ölkələrdə fərqlidir, xüsusilə də Azərbaycanla müqayisədə çox azdır. 
– Bu barədə mənim dəqiq məlumatım yoxdur.
– Bizdə isə var. Məsələn, Orta Asiya respublikalarında ortalama 2500, Uyğurlarda 2800-ə qədər, Türkiyədə 2300-4000, İranda 1800-2200 dollar ödənilir. Bu fərqin müqabilində orada saxlanma şəraitində və xidmətlərdə fərq varmı? 
– Anlamadım, siz nəyi nəzərdə tutursunuz?
– Qidalanma, mehmanxana şəraiti, Həcc əməllərini yerinə yetirərkən su və qida ilə təchizat, nəqliyyat xidmətləri və sair.
– Şəxsən mən ora kefə, istirahətə yox, ziyarətə getmişdim və elə səfərimizin ilk günündən bizim indiki Həcc şərtlərimizi sevgili peyğəmbərimizin (s.a.s) 1400 il bundan öncəki Həcc şərtləri ilə xəyalən müqayisə edir və o zaman müsəlman qardaşlarımızın nələr çəkdiyini, hansı əzablardan keçdiklərini fəhmən hiss edirdim.
 
– Kefə və istirahətə getmədiyiniz aydındır. Ancaq ortada bir müqavilə, pul ödəmələri və başqa ölkələrlə fərqlər də var axı. Bir hüquqşünas kimi bu barədə mövqeyinizi bilmək bizim üçün maraqlı olardı.
– Sizi konkret nə maraqlandırır?
– İlk olaraq mehmanxana şəraitindən danışsanız yaxşı olar.
– Təbii ki, biz qaldığımız hotellər dünyada hotel kimi qəbul edilən xidmət yerlərindən köklü surətdə fərqlənir. Çünki Məkkə istirahət şəhəri yox, yalnız ziyarət və ibadət məkanıdır. Hotellər də məhz bu məqsədlərə uyğunlaşdırılıb. Məsələn, mən qaldığım iki nəfərlik olsa da, dörd nəfər qalırdıq. Otaqların heç birində stol-stul olmur və soyuducuya əlavə heç nə qoyulmur. Gündə də səhər-axşam olmaqla iki dəfə yemək verilir. Yeməyin tərkibini isə hotel özü müəyyənləşdirir. Başqa sözlə, bu hotel yox, pansionat tipli qonaq evləridir. Məkkədən fərqli olaraq, 3-4 gün qaldığımız Mədinədə şərait daha yaxşı idi. Bilirsiniz ki, Mədinə elə sevgili peyğəmbərimizin (s.a.s) vaxtından da ticarət mərkəzi və Məkkə ilə müqayisədə daha yaxşı olub.
– Bəs nəqliyyat xidmətlərindən necə, razı qaldınızmı?
– Bu barədə müəyyən problemlər var idi. Şeyx həzrətləri ilə görüşdə bu problemlərin məhz Səudiyyə Ərəbistanının Həcc Nazirliyi tərəfindən qaynaqlandığını bildim. Hətta hörmətli Allahşükür Paşazadə cənabları buna görə Səudiyyə Ərəbistanına qarşı rəsmi etiraz etdiklərini də bildirdi.
– Bildiyimizə görə orada gecələri ən azı 45-50, gündüzlər 55-60 dərəcə isti olur. Bəs içməli su təçhizatı necə idi?
– Kəbənin özündə, şeytan daşlama prosesində bütün yollar boyunca içməli su problemi yüksək səviyyədə həll edilib. Bir Ərəfat çölündə Minaya yola düşməmişdən qabaq, yəni axşam namazından sonra, bir də Müzdəlifə deyilən yerdə gecə sübh namazına qədər belə bir içməli su problemi yaranmışdı. Bunun səbəbləri və aradan qaldırılma yolları ilə bağlı şeyx həzrətləri ilə də danışdıq. Ümidvaram ki, gələcəkdə belə problemlər olmayacaq.
– Allahşükür Paşazadə cənabları ilə görüşərkən ödədiyiniz pulların konkret olaraq hara və nə qədər xərcləndiyi barədə bir hüquqşünas kimi maraqlandınızmı?
– (Gülümsəyir) Bu mənim maraqlarım çərçivəsində ola məsələ deyil. Əgər bu sizi maraqlandırırsa, QMİ-nin əlaqədar strukturlarına müraciət edə bilərsiniz. Mənim üçün önəmli olan odur ki, ömrümün bir mərhələsinin hesabatını vermək üçün maddi imkanı və sağlamlıq durumu imkan verən hər bir müsəlman üçün vacib olan Həcc ziyarətinə getdim və öz borcumu yerinə yetirdim. Allah bizi bu dünyada doğru yolda olanlardan etsin, o dünyada isə bağışlananlardan, əməl dəftəri sağ çiynindən verilənlərdən qılsın, İnşAllah. Qalan o maddi məsələlər kiçik şeylərdir.
– İmkanınız olsa, yenə də gedərsinizmi?
– Siz gözəl bir çiçəyin ətrindən, təmiz bulaq suyu içməkdən, təmiz dağ havası almaqdan doyarsınızmı? Dünyada Allah evindən, Allah evini ziyarət etməkdən, bilavasitə onun evində namaz qılıb ona yalvarmaqdan gözəl nə ola bilər?
– Hətta 28 dəfə?
– Hərə öz evinin qibləsini yaxşı bilir. Nəyə işarə etdiyinizi başa düşürəm. Həccin də öz şərtləri var. Yaxın ətrafında, yəni yaxın qohumlarının və qonşularının arasında məhz sənə ehtiyacı olan insanlar varkən ziyarətə getmək bəlkə də səhv bir addımdır. Haram pulla bu ziyarətə getmək böyük günahdır. Ancaq Kəbədə Allahınla və vicdanınla təkbətək qalanda hər kəs nə etdiyini çox yaxşı anlayır. Quran-i Kərimdə Allah buyurur: “Mən sizə şah damarınızdan da yaxınam”, “Allah ürəkdən keçənləri biləndir”. Sevgili peyğəmbərimizin (s.a.s) isə belə bir hədisi var: “Əməllər niyyət ilədir”. Kim hansı niyyətlə ziyarətə gedirsə, nəsə edirsə, Allaha (c.c) agahdır və o dünyada hərə yalnız öz əməlinə görə cavab verəcəkdir, bir başqasına görə yox.
– Bu ziyarətdən sonra özünüzdə bir dəyişiklik hss etdinizmi? İnsanlar arasında Kəbə və burada insanın həqiqətən də qeyri-adi hisslər yaşaması haqqında fikirlər dolaşır. 
– Mən bunları sözlə ifadə etməkdə acizəm. Allah qismət eləsin siz özünüz mütləq Həccə gedin, Həcc ziyarətinə gedin. Buna hamımızın, bütün insanların ehtiyacı var. Gedin və verdiyiniz sualın cavabını özünüz orada əyani görəcəksiniz.
– Allah ziyarətinizi bir daha qəbul etsin, söhbətə görə çox sağolun. Sonda bir Hacı Qurban kimi bizə və millətimizə nə demək istərdiniz?
– Allah xalqımıza birlik və bərabərlik, onu idarə edənlərə rəhm və mərhəmət, xəstələrimizə şəfa, sonsuzlarımıza övlad, kasıblarımıza ruzi-bərəkət, alimlərimizə haqqı demək qabiliyyəti, siyasətçilərimizə sayıqlıq və səbr, əsgərlərimizə can sağlığı və güc, məhbuslarımıza səbr və azadlıq, İslam dünyasına birlik versin, səhv yolda olan bəzi müsəlman qardaşlarımızı da doğru yola hidayət etsin, İnşAllah. Təşəkkürlər, çox sağolun. Əssəlamun Aleykum və Rəhmətullahu və Bərəkatuhu.
Moderator / 13/10/2015 [09:59]

Loading