Əlaqə vasitələri

Kəbədəki Qətliam və yaxud həyat ölümlə tanışlıqdı…

Kəbədəki Qətliam və yaxud həyat ölümlə tanışlıqdı… | Azadliq

Şeytana atılan daşlar

Əziz və dəyərli dost! Bunları sənə çox-çox uzaqlardan yazıram. Və məni olduğum kimi anlayacağına da ümidim var.

Biz məsurların və təmizlərin axmaq və abdal, hiyləgərlərin və işbazların ağıllı adlandırıldığı bir məmləkətdə yaşayırıq.

Düz 20 il bundan əvvəl yazmışdım ki, SÖZ hər şeyin tabutudur. Və yazmışdım ki, Allah istisnadır. Doğrudan da, Allah istisnadırsa, onda:

Görən niyə susub Allah,

Yerin təzə sözü yoxdu.

Min dörd yüz il keçib getdi,

Təzə kitab, yazı yoxdu.

“Məni tanı” deyə-deyə

Hökm eyləyir yerə, göyə,

Bəndəsinə görünməyə,

Nədən, niyə üzü yoxdu?!

Əgər görüşməyə üzü yoxdusa, bəs onda niyə

Vədə verib, savab deyir,

Savab deyir, günah deyir.

Cümlə-aləm “Allah” deyir,

Hanı? Izi-tozu yoxdu.

Allahın üzərlərinə qoyduğu missiyanı yerinə yetirməyən, minlərlə vədə verib heç birini yerinə gətirməyən Musanın, Isanın, Məhəmmədin əsabələri olaraq, hələ də anlamırıq ki, biz bu dünyaya günahla savaşmaq üçünmü gəlmişik, yoxsa əzabdan qurtarmaq üçün. Əgər yaradılışdakı məqsəd günahla savaşmaqdısa, (din bunu anladır) çəkdiyimiz əzablara nə hacət?

Mən buddislərin əzabdan qurtarmaq düşüncəsinin günahdan təmizlənmək anlayışından çox-çox yuxarıda olduğu qənaətindəyəm.

Buddizm dedim, Kəbə yadıma düşdü. Axı bütpərəstlərin zaman-zaman “allahlar”ını bir yerə yığıb “qoruduğu” (bəndələrin allahları qoruması!) ilahi bir məkan- allahların evidi Kəbə!

1400-ildi “allahların evi” olmaqdan çıxıb, Allahın evi olan Kəbədəki qətliam (bunun başqa adını düşünə bilmədim) dəhşətli olduğu qədər də düşündürücüdür. Belə bir qətliamın bayram günü, özü də allahın evində baş verməsi, bu hadisənin allahın sevimli bəndələrinin başına gəlməsi heç bir izaha sığmır. Mən bunun bircə səbəbini bilirəm- haram pullarla ziyarətə gedən, gəldikləri məmləkətdə camaatın, Kəbədə allahın abırını tökən bu “dindarlar” allahın qəzəbinə tuş gəlib. Bunun başqa bir adı yox!

Məmləkətlərində camaatın, Kəbədə Allahın abırını tökən bu ikiqat, üçqat, hacıların (imanlı adamlarla işim yox!) Allahın peyğəmbəri haqda uydurduqları cəfəngiyyat o qədər gülməlidir ki, adam gülmək yerinə oturub ağlamaq istəyir. Güya şeytanı daşlayan ilk adam Məhəmməd peyğəmbərmiş və onun atdığı daşdan şeytanın bir gözü tökülmüş, kör olmuşdur. Sən demə “bizim” şeytan tək gözmüş və bunu bilməməyimiz də, böyük günahmış. Ancaq mən bilirəm ki, hamının tək-bir Allahı, hər kəsin öz şeytanı var. Və tək bir gözü olan şeytanın da bu qədər güclü olduğuna inanmıram.

Ildə 5 milyon ziyarətçisi olan Kəbədə, 1400 ildir özünə bir başçı seçə bilməyən müsəlmanlarının cənnətə düşmək çabası mənə çox gülməli görünür. Məmləkətlərindəki acları doyurmadan, var-dövlətlərini Kəbəni dəfələrlə yağmalayan vəhabilərə yedirdən adamlara yazığım gəlir. Hələ bu cahillər anlamırlar ki:

Yüz Kəbədən yeyrəkdir,

Bir könül ziyarəti.

(Y. Imrə)

Allah! Allah! Sən demə bizim şeytan tək gözmüş!

Mən indi bildim ki, niyə:

Bəslər bayquş bir tənhalıq,

Içimdəki xarabalıq…

Tənhalıq da dilsiz balıq,

Tənhaların sözü yoxdu.

Gecə saat 4-ün yarısıdı və mən Kəbədəki qətliamı düşünürəm. Qulaqlarımda Istanbulda Sultan Əhməd məscidinin minarəsindən ucalan “Allahu-Əkbər” sədaları…

Nələr bilir, nələr, nələr,

O söz taxtı minarələr.

Bir də bilir divanələr,-

Söz olanın özü yoxdu.

Bəlkə də, bu dəfə Allah min illərlə onun xidmətində dayanmış Iblisin xidmətlərini qiymətləndirmiş və onun tərəfində dayanmışdır. Allahın işini nə bilmək olar ki!

Mən bu yaşımda anlamışam ki, fəlsəfənin əsil mahiyyəti təbiətdə və cəmiyyətdə baş verən hadisələrin sintetik analizindən daha çox, insanı ölümlə qarşılaşma anına hazırlamaqdan, ölümün boş və mənasız bir şey olduğunu anlatmaqdan ibarətdir. Bu mənada din fəlsəfənin çox ustalıqla biçilib tikilmiş bərbəzəkli, parıltılı libasından başqa bir şey deyil.

Səbəb bütün hallarda nəticədən böyük olduğundan, şeytana atılan daşların sonda qayıdıb ona atanlara dəyməsində təəccüblü bir şey yoxdur. Günahı özü işləyib, günahdan təmizlənmək üçün daşı şeytana atan bəndənin haqsız olduğunu bəndə də bilir, allah da! Bəndələrini “Faili-Muxtar” yaradan allah 1400 ildir bəndələrini sevdiyindən onların tərəfində dursa da, ilk dəfə haqlı olaraq, qiyaməti hazırlamaqda özünə yardımçı seçmiş, Iblisin? haqlı olanın tərəfində durdu. Məncə “Faili-Muxtar” yaradılan insanın şeytana daş atmasında haqsız heçnə yoxdur yer üzündə.

Kəbədəki “qətliamın” nəticə deyil səbəb olduğunu anlamaq zorundayıq.

Bəlkə də bunları bildiyimdən yazmışam ki:

Heç kəs heç kəsin deyil,

Yazı deyil, yazı da.

Görüntüdü haqq-nahaqq

Bəlkə Allah özü də.

Görəsən bütün bunlara 30 ildə bircə dəfə də vicdanın nə olduğunu bilməyən əlahəzrət şeyximiz nə deyir?

II

Həyat ölümə hazırlıqdı

Ölümə məhkum olunmuş Sokratın tirana üz tutub söylədiyi son sözlər mənə həmişə qəribə bir güc verib:- “Artıq ayrılma zamanı gəldi. Mən ölümə siz yaşamağa. Ancaq hansımızın daha çox xoşbəxt olacağını bircə Tanrı bilir”.

Sokratı öyrəndikcə anladım ki, fəlsəfənin əsl işi ölməyi öyrənməkdir. Fəlsəfənin başqa bir anlamı yox.!

Mən Axundovdan üzü bəri, (bəzi istisnalar olmaqla) ömrün ona bağlanılacaq qədər uzun olmadığını anlayan, həyatın ölümə hazırlıq olduğunu düşünən bir Azərbaycan ziyalısına rast gəlmədim. Onların “ağır oturub batman gəlməyi, qorxaqlığı bu fəlsəfi nəsnələrdən xəbərsiz olmaqlarından irəli gəlir məncə. Qorxaqlığın əclaflığa açılan qapının qızıl açarı olduğunu bilə-bilə 70-ində, 80-ində, hətda 90-nında belə can qorxusu yaşayan adamın, adamdan daha çox instinklərlə yaşayan heyvandan fərqi yoxdur. Bu ziyalılar sürüsü üçün Sokrat kimi düşünmək qorxuludur. Bu dünyada qorxuda yaşayan hər şey qorxuludur. Və mən bu sürüdən fərqli olaraq düşünürəm ki, günlərin bir günü-:

Ölüm gələ, ömür bitə,

Son anında əlim yetə,

Şəriətdən həqiqətə,

Ölüm, görüm səndə nə var:

Ömür ona bağlanılacaq qədər uzun deyil, əfəndilər! Qorxmağa, ölümə yaltaqlanmağa nə hacət?!

III

Fales və yaxud imtina

Mən əslində nağıllardakı 40-cı qapını açmaq, önümdəki divarları dağıtmaq və savaşmaq üçün doğuldum. 18 yaşımda Faleslə tanışlığım mənə anlatdı ki, həyat ölümə hazırlıqdan başqa bir şey deyilmiş. Və onda da qəhrəmanlıq libasını sözlə başabaş dəyişmiş və Kələkidə gecələrin birində göy üzünə üz tutub yazmışdım ki;

Gəl, soyuq ay dilləşək,

Bu eşq, sevda havayı…

Qardaşsız qız kimisən,

Kimin var mənnnən savayı?!

Hərdən, belə anlarımda düşünmüşəm ki, yerin-göyün, ağacın-otun, çiçəyin, həqiqətin, adamların hətda tanrının da məndən başqa bir kimsəsi yoxdu. Və mən hər şeyi olduğu kimi yazmaq məcburiyyətindəyəm.

Platon deyirdi ki, “satılan onu satın alan adamdan böyükdürsə, özünü satan adam tam mənasında əclafdır.”

Bu bir həqiqətdir ki, həyat gözəlliklərdən daha çox xəyal qırıqlıqları ilə doludur. Tanıdığım, hörmət bəslədiyim, həm də, sevdiyim adamların şərə təslim olmağı, özü də bir tula payına təslim olmağı, yenilməyi öldürür məni.

Əziz, dost! Sevdiyi adamlardan- qardaşın qardaşdan, atanın oğlundan, imtina eləmək təcrübəsini, böyük əxlaqi dəyərlərdən dəm vuran Azərbaycandan başqa heç yerdə görmədim.

Məndən hərdən allaha inanıb-inanmadığımı soruşurlar. Bu cür pislikləri, bu cür adamları yaradan allaha nə cür inanmaq olar axı?!

Dəyərli dost! Içimdə bir suala cavab axtarıram:

Nə yol qaldı görəsən,

Uçurum… Bir də, qara kölgə…

Ya təslim olmaq, ya da,

Çıxıb getməkdən özgə.

Ancaq bir şeyi bilirəm ki, çıxıb gedən adam məmləkəti ilə bağlı hər şeyini – sevgisini də, çəkdiyi əzabları da özü ilə aparır… Və getmək çıxış yolu deyil.

Azərbaycanı cənnətə bənzədənlər heç səhv eləmirlər. 80-100 ildə qazanmadıqlarımızı son 20-25 ildə əldə eləməyimiz danılmazdı. Bizim cənnətimiz Allahın cənnətinə çox oxşayır desəm, yanılmaram. Allah da cənnəti yaradıb Adəm və Həvvaya cənnət almasını yeməyi nə cür qadağan eləmişdisə, bu məmləkətin vətəndaşı da Azərbaycandakı cənnətin ləzzətini dadmaqdan o cürə məhrumdur. Evinə çörək apara bilməyən bir adam, “Alov qüllələri”ndən, dənizin kənarındakı çayxanada çay içə bilməyən adam dənizdəki fəvvarədən nə cür ləzzət ala bilər? Insana xidmət eləməyən gözəllik şeytani parıltıdan başqa bir şey deyil.

Şeytan dedim, yadıma yenə şeytanı daşlamaq üçün uzun yollar qət eləyib həccə gedən dindarlar düşdü. Çantasız məktəbə getməkdən utandığı üçün intihar eləyən çocuğu xatırladım. Və şeytanın ayaqlarını “Alov qüllələri”ndən aşırıb ona daş atan mömin hacılara baxıb qəhqəhə içində nə cür gülümsədiyini gördüm.

Şeytan qorxulu deyil, bir çanta uğruna intihar eləyən çocuğu görmədən, şeytana daş atan adamlar daha qorxuludur. Və mən bu adamlardan şeytandan qorxduğumdan daha çox qorxuram.

Imtinanın böyük mənada insanın “kim” və “nə” olduğunu şərtləndirən bir dəyər ölçüsü olması danılmazdır. Məsələn, Babəkin şərəf və ləyaqətini qoruması üçün xəlifənin təklifindən, Çe Qavaranın azadlıq uğrunda nazir vəzifəsindən, bir söz adamının var-dövlət qarşılığında satılmaqdan imtinası bir dəyər ölçüsüdür.

Bizim millət olmaqdan çıxıb şeytani bir topluma çevrilməyimizin əsas səbəblərindən biri imtina mədəniyyətimizin olmamasıdır. Mənə bu məmləkətdə layiq olmadığı bir şeydən imtina eləyən bircə nəfər də göstərə bilməzsiniz.

Qorxu və təhdid altında, nəsə qazanmaq və ya itirmək naminə imtina, imtina deyil, şərəfsizliyin, ləyaqətsizliyin tam özüdür desəm yanılmaram. Bizim cəmiyyətdə qorxu altında atanın oğuldan, qardaşın qardaşdan imtina eleməsi kim olduğumuzun, zorun, gücün qarşısında necə yenildiyimizin, təhqir olunduğumuzun göstəricisidir.

Başımıza gələn bu fəlakətlərin bircə səbəbi var- qorxu.

IV

Qorxu

Qorxu-adamda nəyisə, kimisə itirməyin yaratdığı assosiasiya- hal və vəziyyətin ifadəsidir. Qorxu bir natamamlıq kompleksidir. Nəyisə olanın itirmək qorxusu başadüşüləndir. Heç nəyi olmayanların nəyisə itirmək qorxusu öldürür məni. Bizdə adamlara oxşayan dağlarımız belə qorxaqdı. Belə olmasaydı günlərin bir günü duman içində gizlənən dağlara baxıb yazmazdım ki:

Bu nə qorxudu belə,

Dağ dağdı çəndə gizlənib.

Hamı çəkilib özünə,

Hər kəs içində gizlənib.

Ölən adamın qiyməti və dəyəri onun arxasınca oxunan ağılardan ibarətdi məncə. Azadlığın gözəl bir şey olduğunu düşünən adam, həbsxananın da gözəl olduğunu düşünə bilmirsə, onun azadlıq haqqındakı düşüncələri yanlışdır.

Mən həbsxananın dörd divar olmaqdan daha çox, genişliyə, işığa, azadlığa açılan qapı olduğunu anlatmaq zorundayam. Yüz illərdir uydurduğumuz qəhramanlıq nağıllarında nə romalı əsgər kimi ölən var, nə də yapon kimi özünü öldürən samuray. Qorxunu öldürməyin bircə yolu var. Ölümün mahiyyətini dərk eləmək. Və ölümün mahiyyətini dərk eləmək üçün ölməyə gərək yoxdu!

Xudayar bəyin, Gülümsərovun, Qaloşlu adamın, Şeyx Nəsrullahın nəvə və nəticələrinin sizi nə cür alçatdıqlarının fərqində deyilsinizmi? Itirməyə bir şeyiniz qaldımı, itirməyə bir şeyiniz varmı, əfəndilər?!

Bəs onda bu qorxu hardandı belə?!

Mən həmişə düşünmüşəm ki, “qorxu” qarşı tərəfin insanda yaratdığı özünə güvənsizliyin, inamsızlığın ifadəsidir. Səni qorxudan adam həmişə istəyir ki, sən özünə inamdan məhrum olasan. “Biz millət deyilik”, “biz kişi deyilik”, “bizdən heçnə çıxmaz” kimi ifadələri sənin şüuraltında canlandırmaqla qarşı tərəf sənin özünə inamını öldürüb səndə ətrafa və ətrafdakılara qarşı qorxu hissi aşılayır.

“Fərd fenomendir”. Qorxunu özünə yaxın buraxmayan adamı qorxaq eləmək mümkün deyil.

Qorxaqlıq şərə təslim olmağı özünə sığışdırmayan, bununla bərabər özündə qiyam çaldırmağa cəsarət tapmayan adamın təslim olmaq istəmədən, buna baxmayaraq, həm də qiyam qaldırmadan yaşamaq cəhdidir. Bu, heç vaxt baş verməyəcək intihardır.

Heç vaxt baş verməyəcək intihar düşüncələrinə dalaraq yaşamaqsa, rəzilliyin, əclaflığın, adamları yox, allahı aldatmanın özgə bir yoludu. Və biz qorxaq olmaq istədiyimiz üçün qorxaqıq.

Allahı aldatmaqdan söz düşmüşkən bilirsinizmi nəyi xatırladım,- hər bir dövlət məmurunun kabinetinə bitişik namaz otaqlarını. Bu adamların rüşvət almaqları bir yana, üstəlik də dələduzluq eləyib allahı abır-həyadan salmaqları qiyamətin əlamətlərindən biri sayılmalıdır. Onlar nə elədiklərinin fərqində ola-ola allaha kələk gəlmək onu aldatmaq istəyirlər.

Mənim davam bu bu dələduzlarla deyil, onları yaradan allahladır. Hesab sormağın zamanı gəlmədimi, əfəndilər.

Biz hesab sormaqdan qorxduğumuz üçün deyil, qorxaq olmaq istədiyimiz üçün qorxaqıq.

Bizi qorxaq bilənlərin bizdən nə cür qorxduqlarını bir bilsəydiniz?!

V

Isa deyirdi ki!

Dəyərli dost! Məni anlayan tək adam olduğun üçün bunları sənə yazmaq zorundayam. Bir şeyləri bilmək istəyi öldürür məni:

Uçub dağılmır, nədən,

Bu məmləkət, xanədan?

-Hakimi meyxanadan,

Şairi qandan çıxan.-

bir məmləkətdə əlində bıçaq, günün günorta çağı ona qulluq eləyən xidmətçiyə hücum çəkib qanına qəltan eləyən bir cinayətkarı hansı hakim nə cür həbsxanadan açıb cəmiyyət içinə buraxır. Özünü müdafiə eləmək üçün plastmas butulkadan istifadə eləyən bir adama 6-7 il iş kəsib, bu cür cinayətkarı azadlığa buraxmağın adı nədi görəsən?

O hakim anlamırmı ki, bütün Azərbaycanın video-rolikdə izlədiyi o biyabırçı hadisə vətəndaşlarda hansı təəssürat yaradıb. Deməli bu ölkədə hər cür cinayət törədib cəzasız qalmaq mümkündür. Baxır bu cinayəti kim törədir!

Cənab hakim, o silah təkcə bir vətəndaşın deyil, hakimi olduğun dövlətin, onun qanunlarının və dövlətçiliyin üstünə çəkilən silahdır. O vətəndaşın qana batmış köynəyi də adı köynək deyil, səhifələrindən qan axan Azərbaycan Respublikasının Konstitusiyasıdır.

Incildə Allah Isanın dili ilə deyirdi:

-Adamları nə ilə, hansı qanunlarla mühakimə etmisinizsə, özünüz də o cür mühakimə olunacaqsınız.

Həyatın ölümlə tanışlıqdan başqa bir şey olmadığını anlamaq zorundasınız, əfəndilər!

VI

Novruzəlidən Şeyx Nəsrullaha

Dəyərli dost!

Biz bu gün ağasının məktubu üçün canını fəda eləmək istəyən Novruzəlinin (“Poçt qutusu”) günündəyik. Bu can fəda eləmək istəyi iki səbəbdən baş verə bilər. Novruzəli ya çox cahildir ya da ağasına çox sadiqdir.

Mən 100 il bundan əvvəlki Novruzəlini başa düşə bilirəm. Ancaq bu günki Novruzəli nə cahildir, nə də sədagətli. Bu günki Novruzəli Məmmədhəsən əminin eşşəyinin pulu ilə zoğal ağacını dəyirmi möhürə çevirən Xudayar bəyin tam kəndisidir.

Biz Şeyx Nəsrullah olmaqdan belə utanmayan “millətik”.

Ancaq mən yenə də:

Keyfli Iskəndərəm, bu dərd

ucundan

Nə toyum bilinir, nə yasım, ustad.

Gəlmişəm bu dərdi təzədən deyim,

Təzədən yarama duz basım, ustad.

Şeyx Nəsrullahın gətirdiyi, Xudayar bəyin bazarladığı şərab artıq Keyfli Iskəndəri sərxoş eləmək gücündə deyil.

Və Mən bilirəm ki, bu millətin Keyfli Iskəndərə çox ehtiyacı var.

Əziz və dəyərli dost. Ölümün addım səslərinin hər gün daha çox yaxınlaşdığını hiss elədiyimdən ölümün nə olduğunu bilmədən ölmək çox qorxuludu.

P.S. Aristotel özünü zəhərlədiyindən, Platon isə bit basdığından ölmüşdür. Bu isə Xolera xəstəliyindən ölüm yatağındakı Hegelin son sözləridi:

“Məni sadəcə tək bir adam anladı. O da yanlış anladı”.

Loading