“Azərbaycan hakimiyyəti artıq  sonunun yaxınlaşdığını hiss edir”, “AZADLIQ” qəzeti.

qurban-memmedov-azadQurban Məmmədov: «Bunların bir «qara siyahısı» var, mən də o siyahıdayam»

«Avropa xalqımıza açıq mesaj verdi ki, əgər xalq haqqı uğrunda mübarizəyə qalxsa, dünya ona dəstək verəcək»

Parlament seçkilərinə təxminən iyirmi gün vaxt qalsa da, ölkədə seçki ab-havası duyulmur. Milli Şuranın üzvü, tanınmış hüquqşünas Qurban Məmmədovla müsahibəmiz əsasən ölkədəki seçkiqabağı durum haqda olsa da, söhbətə onun Həcc ziyarətilə bağlı təəssüratlarından başladıq:

– Hər bir müsəlmanın həyatında Həcc ziyarəti önəmli yer tutur, maddi imkanı olan, sağlamlığı imkan verən hər kəsin ömründə bir dəfə bu ziyarətdə olması vacibdir. Həyatımın müəyyən dövrünün hesabatını vermək, Allah qarşısında günahlarımın bağışlanması üçün ailəmlə birlikdə bu ziyarətə getdik. 16-17 ildir ki, namaz qılıram, çalışıram, müsəlmana uyğun həyat tərzi keçirim. Buna necə nail oluram, o, Allahla mənim aramda olan məsələdir.

Bu ziyarətdə xeyli dualar etdim, bundan sonra həyatımı mömin kimi yaşamaq üçün Allahdan cəsarət, halal nemətlər bəxş etməsini dilədim. Eyni zamanda, zəvvar bacı-qardaşlarımızla birlikdə millətimiz və dövlətimiz üçün də xeyli dualar etdik. Inşallah, dualarımızı eşidər, birlik-bərabərlik olar, millətimizi, dövlətimizi fəlakətlərdən uzaqlaşdırar.

– Səfər zamanı da sosial şəbəkələrdə görünürdünüz, vətəndaş mövqeyinizi nümayiş etdirirdiniz…

– Hətta bəzi yoldaşlar mənə irad tuturdu ki, Həcc ziyarətində belə işlərlə məşğul olmaq düz deyil. Mən isə əksini düşünürəm. Hesab edirəm ki, Həcc ziyarətində, hacı iddiasında olan insan daha çox haqq uğrunda mübarizə aparmalıdır. Ona görə də zəruri ibadətləri yerinə yetirdikdən sonra Azərbaycanda baş verənlərlə daim maraqlanırdım. Xüsusən Hacı Tale Bağırzadənin saxlanılması xəbəri bizi orada çox üzmüşdü.

– Siyasətdən söz düşmüşkən, Milli Şuranın üzvü kimi, siz də parlament seçkilərində iştirakın əleyhinə idiniz. Yəqin xəbəriniz var, dindar kəsim də də mövqeyi bölüşdü…

– Seçkini boykot etmək, seçki prosesindən kənarda durmaq deyil. Biz Milli Şura olaraq, sadəcə, seçki adı altında keçirilən bu oyunbazlıqda iştirakdan imtina eləmişik. Bir daha vurğulayıram ki, bu, seçki prosesini nəzarətsiz buraxmaq demək deyil. Əksinə, Milli Şura olaraq, biz prosesini addımbaaddım izləyirik, yol verilən qanun pozuntuları haqda məlumatlar toplayırıq və beynəlxalq təşkilatları bu barədə məlumatlandırırıq.

Çox təəssüf ki, Azərbaycanda hakimiyyətin dinc keçidi təmin edilmir. Baş verənlər göstərir ki, yaxın perspektivdə də bu sahədə problemlərimiz olacaq. Vətənini, millətini, dövlətini sevən heç bir insan ölkəsində zorla hakimiyyət dəyişikliyi, inqilab-çevriliş arzulamaz. Çünki inqilablar, çevrilişlər heç bir xalqa xeyir verməyib. Ancaq tarix onu da sübut edib ki, bəzən xalqlar onlara hakimiyyəti dinc yolla dəyişmək şansı verilməyəndə daha radikal üsullara, metodlara əl atırlar, hakimiyyətin qanla, çevrilişlə, çox böyük kataklizmlərlə dəyişilməsini təmin edirlər. Bu baxımdan, istəməzdim ki, Azərbaycan belə bir fəlakətlə üzləşsin.

Digər tərəfdən, seçki təkcə hakimiyyətin formalaşdırılması üsulu deyil. Seçki həm də mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, total rüşvətxorluğa qarşı mübarizənin ən sınanılmış üsuludur. Seçki nəticəsində stabilləşmiş, oturuşmuş cinayət əlaqələri qırılır. Bilirik ki, korrupsiya siyasi hakimiyyətdə olan vəzifəli şəxslərin iştirakı olmadan mümkün deyil. Total rüşvətxorluq xüsusən yüksək postlardakı siyasi vəzifələrdə olan şəxslərin iştirakı və himayəsi olmadan mümkün deyil. Bu mənada, hər 4-5 ildən bir seçki keçirilməsi bəşər övladının ən böyük kəşflərindən biridir. Hər seçkidən sonra stabilləşmiş cinayət əlaqələri qırılır. Çünki vəzifələr dəyişir, islahatlar olur. Hər gələn yeni qüvvə özü ilə yeni islahatlar gətirir. Təəssüf ki, hələlik Azərbaycanda normal seçkiyə imkan yoxdur, amma qəti əminəm ki, Milli Şuranın rəhbərliyi və Azərbaycan xalqının  qətiyyəti, birliyi sayəsində bizim ölkədə də normal seçkilərin keçirilməsinə gec-tez nail olacağıq. Bizim xalqımız da hakimiyyətin dinc yolla dəyişdirilməsinin şahidi olacaq. Biz bəzi ölkələrdə olduğu kimi özbaşnalıqlara, qan tökülməsinə imkan verməyəcəyik.

Amma təəssüf ki, proseslər hələ ki, istədiyimiz istiqamətdə getmir. ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun seçkiləri müşahidə etməkdən imtina etməsi Azərbaycanı idarə edənlər üçün ciddi siqnal olmalıdır. Bu siqnal həm də bütün Azərbaycan xalqı üçün verilib. Mədəni dünya, Avropa xalqımıza açıq mesaj verib ki, əgər xalq öz haqqı uğrunda mübarizəyə qalxsa, qanunlar çərçivəsində yaşamaq iradəsini ifadə etsə, dünya ona dəstək verəcək. Çox istərdim ki, Azərbaycanı idarə edənlər də bunu dərk eləsinlər və hakimiyyətin dinc, seçki yolu ilə ötürülməsinə şərait yaratsınlar. Siyasi məhbusları azadlığa buraxsınlar, ölkədə siyasi təqibləri dayandırsınlar, sərbəst toplaşmaq, mətbuat, ifadə azadlığı təmin edilsin. Bu gün Azərbaycanda seçki mühiti hiss olunurmu? Xeyr. Xalq seçki keçirilməsi barədə məlumatsızdır. Dövlət televiziyası da, bu hakimiyyətə xidmət edən özəl telekanallar da yalnız bayağı şou-proqramlarla millətin başını qatmaqla məşğuldular. Ispaniyanın əyalətində keçirilən seçkidən danışılır, amma Azərbaycanda keçiriləcək parlament seçkilərindən söhbət açılmır. Çünki qəti əmindilər ki, xalq bunlara inanmır və ona görə də seçkidə iştirak etməyəcək. Ona görə də prosesi səssizcə yola vermək istəyirlər. Əvvəlcədən kabinetlərdə hazırlanmış siyahılar üzrə parlamentin tərkibi müəyyənləşəcək. Təhlükəli yoldadılar, nə qədər tez dayansalar, bir o qədər yaxşı olar.

– Qurban Məmmədov həm də tanınmış hüquqşünasdır. Ölkənin hüquq, məhkəmə sisteminin hazırkı durumu barədə nə düşünürsüz?

– Təəssüf… Bugünlərdə Naxçıvanda oldum, Payız kəndində yaşayan yaxın qohumları evdə görməyəndə harada olduqlarını soruşdum. Bildirdilər ki, “Finca” kredit təşkilatından götürdükləri pulu ödəmədiklərinə görə həbs olunublar. Bu onun göstəricisidir ki, Azərbaycan dövlət olaraq, hüquq müstəvisindən çıxıb. Bakıda da belə hallar baş vermişdi. Dövlət Beynəlxalq Bankdan götürülmüş kreditləri Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin əli ilə qaytarmağa məcbur oldu. Adamları qanunsuz olaraq həbsdə saxlamaqla, müxtəlif təzyiqlərlə pulları geri qaytarmağa çalışdılar. Bu isə qanunlara zidd addım idi. Bu həm də qorxulu tendensiyadır. Belə eləmək olmaz. Əgər vətəndaşla bank arasında müqavilə varsa və öhdəlik icra olunmayıbsa, bu zaman Mülki Məcəllə və Mülki Prosessual Məcəllənin tələblərinə uyğun şəkildə məhkəmələrə müraciət edilməli, müvafiq qərardadlardan sonra icraçılar prosesə müdaxilə etməli, onların əli ilə bu borcların geri qaytarılması təmin olunmalıdır. Bəs Azərbaycanda nə baş verir? Adamı mülki öhdəliyini yerinə yetirə bilmədiyinə görə həbs edirlər. Bu isə beynəlxalq hüquq normalarına daban-dabana ziddir. Bunu bizim hakim dairədə olanlar da gözəl bilir. Təəssüf ki, dövlətin hüquq müstəvisinə qaytarmaq fikirləri də yoxdur, əksinə, bu durumu daha da dərinləşdirirlər. Ona görə də fürsətdən istifadə edərək, buradan dövlət başçısına müraciət edirəm. Bu qanunazidd hərəkətlərin qarşısı dərhal alınmalıdır. Bu gediş nə bizə, nə də dövlətə yaxşı bir şey vəd eləyir.

– Bugünlərdə Teleradio Şurası bəzi telekanallara xəbərdarlıq elədi, ANS-i xeyli cərimələdi. Səbəb kimi isə bir sıra qaydaların pozulması göstərildi. Məgər Teleradio Şurası bu günə qədər telekanallarda baş verənləri görmürdü? Bəs sizcə gerçək səbəb nədir?

– Milli dəyərlərimizə zidd, ictimai şüurun bayağılaşmasına xidmət edən verilişlər Azərbaycanda yeni hal deyil. Mən 1998-1999-cu illərdə həbsdə olanda “Əyləncə”, “Oxu məni” adlı qəzetlər buraxılırdı. Onlar sırf erotik hekayələr yayırdı. Bu qəzetlər 80-120 min tirajla çıxırdı. Həmin qəzetlər daha çox gənclər arasında yayılırdı. Adamlar təəccüblənirdi ki, gənclərin əxlaqının korlanmasına niyə imkan verilir? Mən hələ o zaman demişdim ki, bu, dövlət siyasətidir. Diktatura olan ölkələrin hamısı bu mərhələni keçir. 1920-1921-ci illərdə Lenin Rusiyasında, 1933-1934-cü illərdə Hitler Almaniyasında eyni hadisələr baş verirdi. Eləcə də 1990-1991-ci illərdə Mütəllibov Azərbaycanında kinoteatrlarda pornoqrafik filmləri açıq nümayiş etdirirdilər. Baxmayaraq ki, Cinayət Məcəlləsində buna görə cinayət məsuliyyəti nəzərdə tutulurdu. ANS-də belə verilişlərə etiraz olunursa, “Lider” və digər kanallar niyə kənarda qalır? Hökumətin nəzarəti altında fəaliyyət göstərən bütün telekanallar eyni işlə məşğuldular, eyni ssenari ilə idarə olunurlar. Görünür, bunların öz aralarında hansısa rəqabət var, bir qüvvə digərinə bu metodla üstün gəlmək istəyir.

Azərbaycan telekanallarındakı verilişlərin 99 faizi xüsusən gəncliyin ictimai-siyasi proseslərdən kənarlaşmasına xidmət edir. Bu hakimiyyət istəmir ki, xalq, xüsusən gənclik başını qaldırıb, ölkəni idarə edənlərin nə ilə məşğul olduğunu görsün. Soruşsun ki, dövlətimin, xalqımın nefti hara gedir?  Neçəyə satılır? Büdcə necə dağıdılır? Kimlər oğurluq edir? Bu baxımdan, bütün telekanallar eyni xidməti göstərir. Hamı yaxşı bilir ki, o televiziyaların hamısı lazımi anda xalqın yox, rejimin yanında olub, yalanı, yaltaqlığı, bütpərəstliyi yayıb.

– Ölkədə vətəndaş cəmiyyətinə, jurnalistlərə, siyasi fəallara qarşı təzyiqlər sürətlə davam edir və bu qədər beynəlxalq tənqidlərə baxmayaraq, dayanmır. Sizcə, bu arxayınlıq nədəndir?

– Boş qazanın da “dınqıltısı” çox olar. Azərbaycanın indiki hakimiyyəti artıq sonunun yaxınlaşdığını hiss edir. Faktiki, Azərbaycan dövlət olaraq, yazılı qanunlarla idarə olunmur. Amma hakimiyyət bu gün proseslərdə idarəçiliyi əvvəlki kimi davam etdirə bilmir. Çünki xalq artıq bezib, bu vəziyyətə dözmək istəmir. Bu baxımdan, repressiyalar cəmiyyətdə xofun daha da gücləndirilməsinə xidmət edir. Bu cür avtoritar rejimlər hakimiyyəti yalnız zor, xof gücünə saxlamağı düşünürlər. Amma dövləti idarə edənlər anlamalıdır ki, Azərbaycan xalqı o mərhələni arxada qoyub. Zorun, xofun, qanunsuz həbslərin, onun-bunun yatağını güdmələrin heç bir xeyri olmayacaq.

– Hakimiyyətin son dövrlərdə AXCP-yə qarşı yeni bir təxribat planı barədə yəqin ki, siz də məlumatlısınız. AXC-ni yaradanlardan biri kimi, bu barədə siz nə düşünürsünüz?

– Ilk növbədə AXCP-nin bütün üzvlərini möhtəşəm qurultay münasibətilə təbrik edirəm. Suala gəlincə, bu tip rejimlər hakimiyyətdə qalmaq üçün yalnız qanunsuz metodlardan istifadə edə bilərlər. Bu baxımdan, hakimiyyətin siyasi rəqiblərinə qarşı indiki addımları başadüşüləndir. Onların başqa yolu yoxdur. Amma kənardan bu addımlar çox gülməli görünür. Doğrudanmı, AXCP-ni, Milli Şuranı bu yolla zəiflətməyin mümkünlüyünü düşünürlər? Vaxtilə deyirdilər ki, Azərbaycanda müxalifət olmayacaq, onu sıradan çıxaracağıq. Müxalifətin sıradan çıxarılması üçün çox metodlar tətbiq olunub, çoxlarının bundan tam xəbəri yoxdur. Bunların bir “qara siyahısı” var, mən də o siyahıdayam. O adamlara banklar kredit vermir, əmlakları reyestr xidmətində qeydə alınmır, onlar məişət problemləri yaradılır, təqib olunur, qanunsuz həbs edilir və s. Metodlardan biri də real müxalifət partiyalarını parçalamaq, bu plan nəticə versə, parçalanmış hissələrə öz adamlarını yerləşdirməkdir. Yox, parçalaya bilməsələr, partiyalar ətrafında dedi-qodu yaradıb, onların başını daxili çəkişmələrə qatmaqdır. Bu tendensiya sovet dövründən qalmadır. O vaxtkı Dövlət Təhlükəsizlik Komitəsinin bir təlimatında belə şeylər göstərilmişdi. 1991-ci ildə Bayıl həbsxanasında bu təlimatı tərcümə edib, “Azadlıq” qəzetinə göndərmişdim, sənəd həmin ilin dekabr nömrələrinin birində dərc olunub. Təəssüf ki, indiki hakimiyyət də öz xalqını “KQB”də, “NKVD”də hazırlanmış metodlarla idarə edir. Amma çox səhv edirlər. Mən bir daha onları bu mənasız hərəkətlərə son qoymağa çağırıram. AXCP də, Milli Şura da, digər real siyasi qüvvələr də əqidə, ideya ilə hərəkət edirlər. Onların hakimiyyətdən asılılığı yoxdur ki, başqaları kimi istədiyiniz vaxt ipini çəkəsiz. AXCP də ideya üzərində qurulan bir partiyadır.

Məşhur filosoflardan birinin belə bir ifadəsi var: “Özünü yuxuluğa vuranı ayıltmaq mümkün deyil”. Mən fürsətdən istifadə edərək, əziz cəbhəçi dostlarıma səslənib deyirəm ki, bu proseslərə nə baş qoşsunlar, nə reaksiya versinlər. Kim kənarda partiya yaradır, qurultay keçirir, möhür alıb-satır, özləri bilər. Siz əsas mübarizə obyektindən diqqətinizi yayındırmayın. Baş verən bu hadisələr bumeranq kimi öz üstlərinə qayıdacaq. Azərbaycan xalqı AXCP-nin gücünün nə dərəcədə olduğunu, hakimiyyətin ondan necə qorxduğunu görür. Hakimiyyət öz davranışı ilə Milli Şuranın rəhbərliyindən necə çəkindiyini göstərir. Dövləti idarə edənlər iş-güclərini atıblar, məhkəmələrdəki, dövlət reyestr xitmətindəki, vergi orqanlarındakı, bir sözlə, bütün strukturlarındakı total rüşvətxorluqla mübarizə aparmaq əvəzinə, külli miqdarda vəsait xərcləyib oyunbazlıqla məşğul olurlar. Bu isə hakimiyyətin zəifliyinin, özünə inamsızlığın, xalq tərəfindən dəstək almadıqlarını dərk etmələrinin göstəricisidir. Həm də buna görə Xalq Cəbhəsini təbrik edirəm.

Təzəxan Mirələmli

 2,327 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir.