Əlaqə vasitələri

“Bu hakimiyyət xof üzərində dayanıb”

BAZAR ERTƏSI, 17 AUGUST 2015 06:00
«Zalımın zülmünə dözənlər, balalarının gələcəyi uğrunda mübarizə aparmayanlar zalımın özüdür»

Qurban Məmmədov: «Azərbaycan cinayətkar qrupların daxili qaydaları ilə idarə olunur»

Müsahibimiz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Qurban Məmmədovdur. Söhbətimizə Leyla və Arif Yunus barədə çıxarılan hökmə münasibət öyrənməklə başlasaq da, Qurban bəydən gündəmdə olan digər məsələlərə də münasibət öyrəndik:

– Indiki rejimin vaxtında hamının narkoman kimi tanıdığı adam barədə çıxarılan hökmü də mən şübhə ilə qarşılayıram. Bu rejimin vaxtında hakimlərin və məhkəmələrin sifarişlə fəaliyyət göstərməsi bir fakt olaraq bütün dünyaya bəllidir. Rejim xüsusilə qadınlara qarşı amansızlıq göstərir ki, cəmiyyətin qalan üzvlərində xof yaratsın və ya mövcud xofu daha da bərkitsin. Xof isə bu tip rejimlərin saxlanmasının əsas amillərindən biridir. Bunlar belə güman edirlər ki, xalqı qorxutmaqla yalnız hakimiyyəti saxlamaq olar. Amma bir şeyi unudurlar ki, adamlara xofdan dolayı təlqin etdikləri qorxu, qeyri-müəyyənlik, işgəncə Allahın o dünyada verəcəyi cəhənnəm əzabından qorxulu deyil. Bu istər zalımlara, istərsə də zalımın zülmünə dözənlərə aiddir. Əgər Azərbaycan xalqı zalımın zülmünə boyun əyirsə, dözürsə, bilməlidir ki, cəhənnəm əzabı daha qorxuludur. Bilməlidir ki, zalımın zülmünə dözənlər, öz haqları, balalarının gələcəyi uğrunda mübarizə aparmayanlar zalımın özüdür və bu şəxslər o dünyada daha artıq zülmə məruz qalacaqlar. Leyla və Arif Yunus barədə çıxarılan hökm son on beş ildə bu hakimiyyətin çıxardığı hökmlərin bir təkrarıdır. Məqsəd də xofu gücləndirməkdir. Amma Azərbaycan xalqı bu xofu yaşayıb.

“Hakimiyyət 93-cü ildən bu günədək xalqı aldadır”

– Hakimiyyətin hər ötən gün repressiv siyasəti gücləndirməsinin, vətəndaş cəmiyyətinin təmsilçilərini hədəf almasının səbəbi nədir?

– Görünür, bu hakimiyyəti kimsə başa salıb ki, Azərbaycan toplumunu yalnız xof tətbiq etməklə nəzarətdə saxlamaq olar. Tarixən hakimiyyəti saxlamağın çox ciddi üsulları olub. Onlardan biri də cəmiyyəti qorxu altında saxlamaqdır. Hakimiyyət 93-cü il çevrilişindən sonra hər il bəyan edir ki, biz gələn il Qarabağda bayram keçirəcəyik. Xalqa bu cür boş ümid verirlər. Islahatlarla da bağlı xalqa boş ümidlər verilir. Bəzən dövriyyəyə bilərəkdən özləri belə bir informasiya buraxırlar ki, guya iqtidardaxili mübarizə qızışır. Bu da xalqa ümid verir ki, “özləri bir-birini məhv edəcəklər, biz niyə küçəyə çıxıb özümüzü riskə ataq”. Xatırlayırsınızsa, hakimiyyət Avropa Oyunları ilə bağlı belə bir təbliğat aparırdı ki, oyunlara qədər bir qədər dözün, oyunlardan sonra hakimiyyət islahatlara başlayacaq. Guya, müəyyən məmurlar vəzifəsindən uzaqlaşdırılacaq. Ona görə ölkədə baş verən bu neqativ hadisələrə görə bir nömrəli məsuliyyəti daşıyan biz Azərbaycan kişiləriyik. Xalq, millət olaraq etirazımızı bildirməyi bacarmalıyıq. Ailəmizə, gələcəyimizə gün ağlamalıyıq. Yoxsa beş-altı ailə, yüzlərlə cinayətkar əl-ələ verib xalqın sərvətlərini talamamalıdır. Vətəndaş baş verənlərə seyrçi qalmamalıdır.

“Prosesin bir açılma vaxtı olacaq”

– Son zamanlar ölkəni intihar dalğası bürüyüb. Kimi bank borcunu ödəyə, kimisi övladını müalicə etdirə bilmədiyi üçün intihar edib. Intiharlar dalğasının bu cür geniş vüsət alması ölkəyə nə vəd edir?

– Məhşur tarixçi Pal Qotun “Romanın tarixi” kitabında maraqlı məqamlar yer alıb. Həmin kitabda qeyd olunur ki, Avropanın tarixində elə xalqlar olub ki, kütləvi şəkildə intihar ediblər. Elə xalqlar olub ki, uzun müddət düşmən mühasirəsinə dözməyərək xalqlarının qəhrəmanını məcbur ediblər ki, get təslim ol. Bu xalqlar düşmənlə mübarizə aparıb, əldə qılınc ləyaqətlə ölmək əvəzinə təslim olublar. Sezar həmin qəhrəmanı qəbul edib və başını kəsərək nizəyə keçirib. Amma onu çox hörmətlə dəfn edib. Sonra isə Roma əsgərləri şəhərə girərək kişilərin hamısını qətlə yetirib. Və ya düşmən mühasirəsinə tab gətirməyərək kütləvi şəkildə intihar edən xalqlar var. Bu baxımdan Azərbaycanda baş verən hazırkı intihar hadisələri çıxılmazlığın nəticəsidir. Burada eyni zamanda psixoloji faktor var. Intihar edən Islamdan uzaqdır, namaz qılmır, oruc tutmur və nəticədə də belə bir addım atır. Mənəvi boşluq olduğundan intihar edən şəxs səbr etməyin yollarını bilmir. Bu intiharlar çox qorxulu hadisələrin əlamətləridir. Sosioloqlar sübut edib ki, bu intihar hadisələri müəyyən həddə çatandan sonra toplumun ayağa qalxmaqdan başqa çarəsi qalmır. Azərbaycan xalqını hələlik dirəyiblər divara. Amma bu prosesin bir açılma vaxtı olacaq. Çünki küncə sıxılan pişik sonda çırmaq atmağa başlayır. O zaman millətin başına oyun açıb, onun sərvətlərini talayan şəxslərin gizləndikləri yerə baxmaq istərdim. Bilmək istərdim ki, onların gizləndiyi yer Səddam Hüseynin gizləndiyi yerdən nə ilə fərqlənəcək və ya Qəzzafinin başına gətirilənlərdən yaxşı olacaq yoxsa-yox.

“Azərbaycan yazılı qanunlarla idarə edilmir”

– Hazırda təkcə demokratik düşüncəli insanlar həbsə atılmır. Hakimiyyət eyni zamanda kredit borclarını ödəməyən sahibkarları da hədəf seçib. Biz kimsənin qanunu pozduğuna görə məsuliyyətdən yayınmasının tərəfdarı deyilik. Amma maraqlıdır ki, sahibkarları həbs etdikdən bir neçə gün sonra bu barədə elan edilir və bu prosesdə məhz “Bandotdel” aktivlik edir…

– Azərbaycan 2003-cü ildən hüquq müstəvisindən çıxıb. Azərbaycan yazılı qanunlarla, rəsmi əmək haqqı ilə idarə edilmir. Azərbaycan cinayətkar qrupların daxili qaydaları ilə idarə olunur. Bu baxımdan hakimiyyətin dövründə baş verənlərə normal siyasi iqtidarın davranışı kimi qiymət verməməlisiz. Əgər dövlətçilik naminə məni məhv etsə, buna etiraz etmərəm. Düşünərəm ki, görünür, mənim mövcudluğum dövlətə təhlükə yaradıb. Amma bu rejim heç bir dövlətçilik təfəkkürü ilə fəaliyyət göstərmir. Bu hakimiyyətin heç bir dövlətçilik marağı yoxdur. Bir qrup adam hakimiyyəti qanunsuz yolla ələ keçirib və ölkəni talayır. Azərbaycanda bir neçə cəza müəssisəsi var. Onlardan birinin də adı Azərbaycandır. Real türmələrdə cinayət törətmiş nakomanlar idarəçiliyi ələ alıblar, Azərbaycanda isə min cür cinayət törətsə də əməlinə görə cəza kəsilməyən adamlar idarəçilikdədir. Ona görə də iş adamlarına, siyasi məhbuslara qarşı baş verən hadisələr dövlətçilik baxımından qiymətləndirilə bilməz. Bunlar belə bir qayda müəyyən ediblər ki, onların cinayətkar hakimiyyətinə qarşı mübarizə aparan istənilən adam həbs olunmalıdır. Onun müxalifətdən, iqtidardan olması, tanınmış hüquqşünas və ya ictimait xadimi olması əhəmiyyət daşımır. Amma bir şeyi də qeyd etmək lazımdır ki, sahibkarlarla davranış onların daxili qaydalarıdır. Əvvəl həmin sahibkarlar bu rejimlə əlaqəyə girərək dövlət əmlakını talayıb. Baş verənlərin Azərbaycan dövlətinə aidiyyəti olmasa da, başqa bir məqam qorxuludur. Hakimiyyətin məhkəmədən kənar, yazılmayan qanunlarla problemini həll etməsi başqaları üçün nümunə olub. Bu yaxınlarda bir tanışımın başına belə bir olay gəlib. O görüb ki, bir maşın onu təqib edir və küçə söyüşləri söyür. Bu təqib nəticəsində o, Xətai rayonunda qəza törədib. Məlum olub ki, onu təqib edənlər bank kreditini ödəmədiyi bankın işçiləridir. Dövlət adlanan cinayətkar qurum sahibkarlarla münasibətləri bu cür formalaşdırmağa başlayandan başqaları da bu addımı atır. Dövlətə qanundan kənar çıxmağa imkan vermək olmaz. Bir dövləti özbaşınalıq kökündən məhv edir. Dövlət ona görə qurulur ki, insanlar öz hüquqlarını hamıya bəlli olan qaydada həyata keçirsinlər. Yoxsa hərə öz hüququnu, güman etdiyi haqqını öz bildiyi formada tələb etsə, ölkədə anarxiya olar. Bu anarxiyanın əsasını isə bu hakimiyyət qoyub.

“Ölkədə seçki yox, seçki cinayəti var”

– Qarşıdan “parlament seçkisi” gəlir. Amma ölkədə bu ab-hava hiss olunmur. Heç YAP funksionerləri də seçkidən danışmır. Belə bir mühitdə keçirilən seçki nə vəd edir?

– Azərbaycan xalqı müdrik xalqdır. Xalq son 20 ildir gözəl bilir ki, ölkədə seçki yoxdur. Seçki adı altında xalqın əmlakının talanması prosesi var. Hazırkı Seçki Məcəlləsi ilə bu seçkiyə gedən, passiv və aktiv seçki hüququndan istifadə edən istənilən şəxs bu rejimin seçki cinayətinin iştirakçısıdır. Hətta seçkiyə gedib qutuya bülleten atan adam da cinayətkardır. Çünki gözəl bilir ki, ölkədə seçkilər yoxdur. Yalandan bu cinayət hadisəsinə hüquqi don geyindirilməsinə ehtiyac varmı?

“Bu hakimiyyətdən Türkiyəyə dəstək verməyi gözləməyin”

– Türkiyə hakimiyyəti hazırda aktiv şəkildə PKK və IŞID-ə qarşı mübarizə aparır. Bu üzdən son günlər Türkiyədə terror aktlarının sayı artıb. Amma Azərbaycan Türkiyəyə dəstək istiqamətində bəyanat belə verməyib. Azərbaycan hakimiyyətinin bu addımını necə qiymətləndirmək olar?

– Azərbaycanda hakimiyyət deyil, cinayətkar qrup var. Cinayətkarın isə vətəni olmur. Ona görə hakimiyyətdən başqa cür fəaliyyət gözləməyə dəyməz. Turqut Özalın dediyi kimi: Türkiyə 21-ci əsrin Türkiyəsi olacaq. Bunun qarşısını heç kim ala bilməz. Türk toplumu həmişə dünyanın inkişaf tarixinə töhfələrin verib və bundan sonra da verəcək. Türkiyənin inkişafının və nüfuzunun artmasının qarşısını almaq üçün bir sıra addımlar atırlar. Ona görə Türkiyənin bütün düşmənləri səfərbər olunub.

Xəyal

Loading