Əlaqə vasitələri

“GÜNAH ƏLİ KƏRİMLİDƏDİ, O İMKAN VERMİR Kİ, …”

 Qurban Məmmədov-03Sərdar Əlibəyli-100Qurban Məmmədovla bundan əvvəlki müsahibəni alanda, heç ağlımıza da gəlməzdi ki, qarşıda xeyli zamanımızı sadəcə yeyəcək, bitirəcək həbs olunmaq və həbsxana həyatı yaşamaq var. Əslində nə həbs olunma, nə də həbsxana həyatı elə ikimiz üçün də yenilik deyildi, bununla belə, kim nə deyir desin, qazamatda yaşamaq o qədər asan və sadə bir iş deyil. Hələ adamın özündən çox düşünməli olduğu ailə, qohum-əqrəba və yaxın-uzaq dostlar da var ki, onlara verdiyin əzab-əziyyətlərin mənəvi ağrıları qazamatın özündən də ağır gəlir adama. Amma bu dəfə, Qurban bəyi deyə bilmərəm, mənim azacıq da olsa bəxtim gətirmişdi, əvvəl təcridxanada, sonra isə cəzaçəkmə müəssisəsində Qurban bəylə eyni hücrəni paylaşmanın keyfini çəkib, ləzzətini dadmaq da var imiş qismətimdə. …

 Ötən müsahibədə Qurban bəydən ritorikasının nədən bu qədər sərt və amansız olduğunu soruşmuşdum. Amma adam heç dəyişməyib ki. Elə Qurban da o Qurbandı, ritorika da o zamankı qədər sərt və amansızdı. Nədən belə düşündüyümü indi sizə təqdim etdiyim bu müsahibədə görə biləcəksiniz.  

Beləliklə, bu dəfəki müsahibim Qurban Məmmədovdu, sadəcə Qurban Məmmədov və bir də Sərdar Əlibəylinin dostluğundan qürur və şərəf duyduğu Qurban Məmmədov.

                                                                 Sərdar ƏLİBƏYLİ

Qurban Məmmədov-1 

 “NİYƏ BU SEÇKİYƏ QATILMAQLA ÖZÜMÜ BAMBILI YERİNƏ QOYUB ARTİSTLİK ELƏMƏLİYƏM?”

Qurban MƏMMƏDOV: “BU REJİMƏ QARŞI İQTİSADİ VƏ SİYASİ SANKSİYALAR TƏTBİQ OLUNMASA …”

“ÖLKƏDƏN QAÇA BİLMƏLƏRİ ÜÇÜN ŞƏRAİT YARANSIN DEYƏ, QƏSDƏN İĞTİŞAŞLAR YARATMAQ İSTƏYİRLƏR”

“GERÇƏKLİKLƏR VƏ REALLIQ ÇOX ACI VƏ ÇOX DƏHŞƏTLİDİ”

“BU REJİMİN KEÇİRDİYİ SEÇKİDƏ İŞTİRAK XƏYANƏTDİ, ŞÜURLU SATQINLIQ, YA DA QANMAZLIQDI”

“ZALIMIN ZÜLMÜNƏ DÖZƏN ELƏ ZALIMIN ÖZÜDÜ, ZALIMLA ŞƏRİKDİ”

 

 Qurban Məmmədov

I hissə

 –  Qurban bəy, necəsiniz, bu arada səhhətinizlə bağlı problemləriniz var idi, xaricə müalicəyə getmişdiniz, indi durumunuz necədi?

 –  Şükr ALLAHa indi yaxşıyam. Son 5-6 ildə onurğa sütunumda problemlər var idi. Adına “protruziya” yəni, onurğa fəqərəsinin kirəcləşməsi deyilən xəstəlik var, ondan əziyyət çəkirdim, kəskin ağrılar verirdi. Uzun müddət dözdüm və axırda məcburi xəstəxanaya getdim, müalicə olundum, şükr ALLAHa ki, indi yaxşıyam, hər şey qaydasındadı.

 – Ölkədən bir xeyli  kənarda oldunuz, qayıdanda siyasi durumu necə gördünüz? Ki, həm də qarşıdan parlament seçkiləri gəlir.

 –  Əvvəl necə qoyub getmişdimsə, eləcə də gördüm. Siyasətdə və siyasi durumda elə bir ciddi keyfiyyət dəyişikliyi yoxdur. Hakimiyyətin də bu yöndəki metodları son 20 ildə dəyişmir və eyni qaydada, monoton bir formada davam etməkdədi. Müxalifət də bu son 20 ildə nəsə yeni və ciddi mübarizə metodu təklif etməyib ki, mən Azərbaycana qayıdanda hansısa yeni və fərqli bir situasiya ilə qarşılaşım. Necə deyərlər, burda da durum “köhnə hamam, köhnə tas” misalı davam etməkdədi.

 –  Milli Şuranın Koordinasiya Mərkəzində təmsil olunursunuz və həm tərkibi, həm də tərtibi etibarilə Milli Şura bir az fərqli qurumdu. Ayrıca da, əslində Milli Şuraya nisbətən yeni bir qurum kimi də baxmaq mümkündü. Bəs orda durum nə yerdədi?

 –  Milli Şurada durum normaldı. Koordinasiya Mərkəzi kifayət qədər səviyyəli kadrlardan təşkil olunub. Savadlı, ziyalı, xalqını, millətini sevən, mövqeyində, əqidəsində düz olan adamlar toplanıblar bu mərkəzdə. Yəni, belə baxanda burda normal işlər gedir, ancaq biz xalqı apardığımız fəaliyyətə qoşa, xalqın narazılığını maddiləşdirə bilmirik deyə, hələ ki, real nəticələr yoxdur və Molla Nəsrəddinin sözü olmasın “yel belə əssə”, heç nə də olası deyil. Hər halda, son sözü Azərbaycan xalqı deməlidi və Milli Şura da həmişə  xalqın qarşısında, yanında getməyə hazırdı.

 –  Milli Şuradan seçkiyə qatılmaqla bağlı hələ də konkret qərar çıxmayıb, məncə. Ancaq, əsasən, fikirlər bu seçkilərə qatılmamaqdan yanadı. Amma eyni zamanda da Milli Şuranın bəzi tanınmış üzvləri seçkiyə qatılmağın tərəfdarıdı. Bu barədə müzakirələriniz olurmu və sizcə, son qərar necə olmalıdı və ya olacaq?

 MŞ KM–  Yox, Milli Şurada seçkiyə qatılmağın tərəfdarı olan yoxdur və Koordinasiya Mərkəzində bu mövqe birmənalıdı. Amma seçkiyə qatılıb-qatılmamaq nə Milli Şuranın, nə də konkret bir siyasətçinin məqsədi ola bilməz. Belə bir məqsəd yoxdur. Siyasətçilər və siyasi qurumlar, istər hakimiyyətə gəlmək, istərsə də parlament formalaşdırmaq üçün mütləq seçkidə iştirak etməlidilər.

Burada problem başqa şeydədi. Təbii ki, “seçki” olacaq, “baş tutacaq”, xalqın bir hissəsini aldadıb ora aparacaqlar, bəzi əldəqayırma əl müxalifətçiləri də gur səslə, böyük təmtəraqlı tədbirlərlə bu prosesdə iştirak edib, baş verəcək cinayət hadisəsinə “seşki” vasitəsilə hüquqi don geydirməyə çalışacaqlar. Amma mahiyyətcə nə baş verir bu ölkədə?

Bir vətəndaş kimi mən də sizə sual verirəm, siz bilsəniz ki, xəstə uşağınızı aparıb göstərmək istədiyiniz adam mal həkimidi – baytardı, onun yanına gedərsinizmi?  Bu ölkədə hamının çox aydın şəkildə bildiyi, anladığı bəlli məsələlər var ki, çoxları bu barədə ya susurlar, ya da özlərinin belə eşidə bilməyəcəyi qədər aşağı tonda danışırlar. Sizcə bu hakimiyyət Qarabağ uğrunda müharibəni niyə başlamır? Çünki hamı, o cümlədən hakimiyyətdəkilər də bilirlər ki, Ermənistanın arxasında Rusiya dayanır və bizim bu müharibəyə girməyimiz Rusiya ilə savaşa girmək anlamına gəlir. Nəticəni də bəribaşdan görürük deyə, situasiyanın dəyişməsini gözləyirik. Yəni, Qarabağ uğrunda, yüz faiz uduzacağını bilə-bilə, həm də ədalətsiz şəkildə uduzacağını anlayaraq savaşa girsən, nələr olacağını bildiyindən müharibəyə başlamırsan. Torpaq namusdu və biz namusumuz uğrunda döyüşə girmək üçün şəraiti gözləyirik.

Yaxşı, bu seçkilərin nəticəsi əvvəlcədən bəllidirsə və son 20 ildən artıq müddətdə tam sübuta yetirilibsə ki, bu rejim heç bir vaxt seçki keçirmir və seçki adı altında keçirilən o kampaniya bir pərdədi, şirmadı,  bu pərdənin arxasında konkret cinayət fəaliyyəti durur, o zaman bu cür seçkidə, daha doğrusu, cinayət fəaliyyətində iştirak etmək nə qədər doğrudur?  Bu cinayətin adı da, “hakimiyyəti qanunsuz yolla və zor gücünə ələ keçirmək və saxlamaq”dır. Bu hakimiyyət, bu rejim Azərbaycan xalqına məxsus olan, mənbəyi xalq olan hakimiyyəti,  xüsusilə də 2003-cü ildən etibarən, tamamilə qanunsuz üsulla ələ keçirib və o cür qanunsuz yollarla və zor gücünə saxlayır. Bu seçki prosesləri, o cümlədən də qarşıdan gələn parlament seçkisi də həmin qanunsuz hərəkətə, daha doğrusu cinayətə qanun donu geydirmək məqsədilə həyata keçirilir. Indi deyin görüm, əgər məsələ bu qədər aydın və ortadadısa, onda mən niyə bu cinayətdə iştirakçı olmalıyam? Hansı ağıllı adam, hansı başı işləyən boksyor və ya güləşçi nəticənin məğlubiyyət olacağını əvvəlcədən bilə-bilə, meydana, rinqə, yaxud da tatamiyə çıxar, oyuna girər? Bilə-bilə ki, hakim satılıb və bu seçki prosesində hakimlik edəcək MSK sadəcə imitasiya ilə məşğuldur və bütün bunlar da yuxarıların, yəni siyasi iradə sahiblərinin tapşırığı ilə baş verir, mən niyə bu seçkiyə qatılaraq, özümü bambılı yerinə qoymalı, ya da artistlik eləməliyəm?

 –  Orası zatən bəllidi, ancaq bir var ki, fərd olaraq Qurban Məmmədov, Cəmil Həsənli, Mehriban Vəzir, Əli Kərimli və s. “mən seçkiyə qatılmıram” deyib oyundan kənara çıxırlar. Bir də var ki, təşkilat və qurumlar adından “boykot” elan olunur. Sizcə, özünüzün də içində yer aldığınız müxalifət bu seçkini “boykot” etmək gücündədimi?

 –  Əvvəla onu deyim ki, seçkiləri “boykot” emək üçün nə Milli Şuraya, nə də müxalifətə ehtiyac var. Azərbaycan xalqı son 20 ildə, xüsusilə də 2003-cü ildən bəri, bu rejimin nəinki seçkisini, hətta olan-olmayan hər şeyini onsuz da “boykot” edir. Xalq evindən eşiyə çıxmır. O televiziyalarda göstərilən bəzi yaltaqlar sürüsü ki var, onlar barmaqla sayılacaq qədər, yəni ümumi seçici kütləsinin bir faizini belə keçməyən zümrədi. Və o zümrə Azərbaycan xalqının iradəsini, əxlaqını, mənəviyyatını, dünya görüşünü təmsil edəcək gücdə, kondisiyada deyil. Azərbaycan xalqının 85 faizi ötən seçkidə evində oturdu, nə seçkiyə getdi, nə də yaltaqların sırasına qoşuldu. Bəs “boykot” necə olur? Yəni, Azərbaycan xalqı, zatən, seçkidən-seçkiyə artan silsilə ilə seçkiləri “boykot” edir. O ayrı məsələdir ki, biz seçkini “boykot” eləmək gücündəyik, ya deylik? Əlbəttə, gücündəyik və Azərbaycan xalqının yürütdüyü bu “boykot” siyasəti elə müxalifətin fəaliyyətinin nəticəsidir. Biz bu rejimin, bu hakimiyyətin murdar sifətlərini vaxtında xalqa tanıtmışıq. Vaxtaşırı da bu ifşa olunmalar Leyla Yunuslar, Xədicə İsmayıllar, İntiqam Əliyevlər, Əli Kərimlilər və s., o cümlədən də Milli Şura və AXCP tərəfindən mütəmadi olaraq davam edib, edir və edəcək. Ona görə də xalq öz mövqeyini müəyyənləşdirib və o güc bizim gücümüzdü. Məncə, burada söhbət başqa şeydən getməlidir ki,  müxalifət, konkret halda isə Milli Şura və AXCP, seçki saxtakarlığını necə sübut edəcək və hansı sübut növləri toplanmalıdır ki, biz Avropa Məhkəməsində bu seçkilərin də 58 faiz yox, həmişə olduğu kimi, 100 faiz saxta olduğunu dünyaya sübut edə bilək? Ən azı ona nail ola bilək ki, bu seçkinin nəticələri tanınmasın və ya heç olmasa, biz bu nəticələrdən doğan siyasi və iqtisadi sanksiyaların rejimə qarşı tətbiqinə  hüquqi zəmin yarada bilək. Onsuz da bu rejimə qarşı, gec və ya tez, iqtisadi və siyasi sanksiyalar tətbiq olunmasa, bizim xalqımızın  bu diktaturanın və tiraniyanın əlindən öz hesabına, öz gücünə xilas olmaq ehtimalı yoxdur, ya da bu ehtimal hələ ki, sıfırın altındadır. Bu gedişatla ölkədə kortəbii üsyan gözlənilir ki, bunun da heç bir millətə və dövlətə xeyri olmayıb, bizə də olmayacaq. Belə bir şeyi nə mən istəyərəm, nə sən istəyərsən, nə də bir başqası. Ancaq hakimiyyətdə oturanlar üçün bunun  əhəmiyyəti yoxdur haa. Bəlkə də onlar ölkədən qaça bilmələri üçün şərait yaransın deyə, qəsdən ölkədə ixtişaş yaratmaq istəyirlər.  Məsələn, Suriyada, Liviyada, Misirdə və digər ərəb ölkələrində, eləcə də bəzi Yaxın Şərq məmləkətlərində baş verənlər göz qabağındadır. Eyni ssenarini vəd edən kabus bu gün Azərbaycanın da başı üzərində fırlanır. Amma nə diktatorların, nə də rejim sahiblərinin vecinə deyil. Çünki onların vətəni ciblərində olan bank kartlarıdır ki, o banklar da ya İsveçrədə, ya da Azərbaycandan çox-çox uzaq olan digər Qərb ölkələrindədi. Azərbaycan onlar üçün bir tərəfdən əyləncə məkanı, digər tərəfdən isə pul yığmaq üçün sadəcə bazardı, alver yeridi. Olmasın burda, olsun Rusiyada, Türkiyədə, ya da Ukraynada, nə fərq edər ki. Bunlar gedib oralarda da pul yığmaq üçün öz alverlərini edəcəklər.

Bu ölkə və bu dövlətsə, sənnən mənimkidi, kasıbınkıdı yəni. Və biz ona sahib çıxmalıyıq.

O baxımdan da hesab edirəm ki, Azərbaycan xalqı da, müxalifət də bu seçkini “boykot” eləməyinə eləyəcək, amma müxalifətin üzərinə, konkret siyasi qurum olaraq,  düşən vəzifə, bu saxtakarlığın hüquqi müstəvidə sübutuna nail olmaq, lazımi sübutları toplayıb Beynəlxalq Məhkəmələrə təqdim etməkdir. Hesab edirəm ki, bu istiqamətdə biz ciddi iş aparacağıq və növbəti iclaslarımızdan birini də məhz bu məsələnin müzakirəsinə həsr etməyi düşünürük.

 –  Qurban bəy, sizdən aldığım son müsahibənin üstündən xeyli zaman ötüb və o zaman sizə belə bir sual vermişdim ki, nədən ritorikanız ən öndə gedən radikal müxalifət liderlərinin ritorikasından qat-qat sərt və amansızdı? Aradan illər ötüb, yenidən həbsxana həyatı yaşamısınız, amma ritorikanız hələ də dəyişməyib, elə əvvəlki qədər, bəlkə ondan da çox, amansız və sərt bir dildə danışırsınız. Sözümü nə qəribçiliyə salın, nə də başqa yerə yozun, onsuz da hamı bizim dost olduğumuzu bilir və bu dostluğun ərkinə güvənərək soruşuram, Qurban Məmmədov niyə ağıllanmır, ya da ağıllanmaq istəmir?

Qurban - Sərdar
Qurban Məmmədov və Sərdar Əlibəylinin 14 saylı cəzaçəkmə müəssisəsindən çıxdıqları zaman çəkilmiş şəkil.

Qurban M. –  Əvvəla, onu deyim ki, mənim ritorikamda heç bir amansızlıq və kəskinlik yoxdur, əslində gerçəkliklər amansızdı, həqiqət acıdı və burda heç nə mənim nitqimin amansızlığı və kəskinliyi ilə bağlı deyil. Yəni, mən sadəcə mövcud reallıqları deyirəm və sizə görünən kəskinlik də, amansızlıq da həmin o reallıqların özündən doğur, mövcud olan gerçəkliklərdən qaynaqlanır. Ola bilsin ki, kimlərsə ya qorxusundan, ya da həbs olunmaqdan çəkindiyindən və s. səbəblərdən, sadəcə olaraq, reallıqları demir, deyə bilmir və konstruktiv görsənmək istəyir. Amma reallıqlar çox acı və çox dəhşətlidir. Əksinə, mən özüm belə hesab edirəm ki, mövcud reallıqları tam şəkildə çatdıra bilmirəm, çünki bizim ana dilində bunları çatdırmağa söz yoxdur. Lakin, sağ olsunlar mənim bəzi dostlarım, bəzən müsahibə verəndə, ya da nəsə yazanda, zəng eləyib deyirlər ki, “belə lazım deyil, ehtiyatlı ol” və s. Bilirsinizmi, bu həbs olunmaq-filan kimi şeylər bir siyasətçinin həyat tərzinin tərkib hissəsidir. Siyasətlə məşğul olan hər bir adam başa düşməlidir ki, burada həbs də var, müəyyən məhrumiyyətlərlə bərabər, hətta ölüm də var. Yəni, biz bu yola şüurlu şəkildə girmişik və mən belə şeyləri heç vaxt nəzərə alıb nəsə danışmıram, çünki təbiətim belədir. Demək istədiyim odur ki, mən siyastlə bağlı bir addım atanda fikirləşmirəm ki, bu addımdan sonra görəsən başıma nələr gələcək. Insan bunları düşünsə, gərək heç yaşamaya, hər halda, mən belə düşünürəm. Hələ-hələ siyasətçi oldunsa, o zaman bunu etməsən olmaz, yəni bir siyasətçinin bütün fəaliyyəti boyu sərrast və sərt ritorikaya, nitqə sahib olması, olmazsa olmaz şərtlərdən biridir.

 –  Yəni, sonunu düşünən qəhrəman ola bilməz deyirsiniz?

 –  Bəli, belə bir söz də deyirlər.  Baxmayaraq ki, mənim qəhrəman olmaq iddiam yoxdur. Yeri gəlmişkən, sizə bu reallıqlarla bağlı bir-iki məsələni də deyim.

Mən 1995-ci ildə Nəsimi rayon seçki dairəsindən namizədliyimi vermişdim. Niyə? Çünki onda mən Heydər Əliyevə inandım. O, 1993-cü ildə hakimiyyətə gəlmişdi və and-aman edirdi ki, ölkədə normal seçki keçirəcəklər. Həmin seçkidə mənim əsas rəqibim rəhmətlik Yusif Səmədoğlu idi. Mən həmin seçkidə hamıya qalib gəldim, o cümlədən də Yusif Səmədoğluna. Hətta bütün seçki məntəqələrində mənim xeyrimə olan protokollar yazılmış və imzalanmışdı. Çünki, məcbur idilər protokolları o cür yazmağa, nəzarəti elə təşkil eləmişdim ki, nə saxtalaşdırmaq mümkün idi, nə də başqa yolları var idi. Gecə saat 12-nin yarısından sonra icra hakimiyyətinə yuxarıdan göstəriş gəldi və bütün protokollar saxtalaşdırılaraq, mənim səslərimi rəqibimin adına yazdılar. Nəticədə mənim mandatımı Yusif Səmədoğluna bəxş  etdilər. Ondan sonra , yəni H.Əliyevin dövründə heç bir seçkidə  iştirak etmədim. Sonradan 1998-ci ildə bir də həbs olundum və 5 il həsxanada oldum. “Kalendar” oturdum. Mən həbsdən çıxanda artıq prezident İlham Əliyev idi. Beləcə 2005-ci ildə də güman elədim ki, bu kişilər söz deyir, and-aman edirlər ki, normal seçki olacaq. Bu dəfə də Nizami rayonunda namizəd oldum, kampaniyamı apardım, orda da hamını uddum. Bu dəfə də mənim mandatımı Hüseyn Abdullayevə satdılar. Indi bizim məşhur dissident qardaşımız olan Hüseyn Abdullayev o zaman mənim mandatıma sahibləndi.

 –  İndi o, məşhur dissidentdən daha çox, məşhur kompazitor kimi tanınır.

 –  Nə deyirəm, Allah köməyi olsun, pis oğlan deyildi, sadəcə onun da başını aldatdılar. Bəlkə də Hüseyn bəy o vaxt mənim mandatımı almaqdan imtina etsəydi, bu gün mən onun özünü də, xalqımı da, daha üstün səviyyədə və daha sanballı şəkildə müdafiə edə bilərdim. Amma Hüseyn Abdullayev indi, seçiciləri və xalqı bir yana qalsın, heç özünü də müdafiə eləyə bilmir. Yəni, deputatlıq Hüseynin yeri deyildi. Ora bir hüquqşünasın yeri idi ki, gerçək deputat kimi iş görsün. Parlament mahnı oxumaq, şer demək, bayatılar və nəğmələr bəstələmək yeri deyil. Biz bunu başa düşməyə-düşməyə gedirik deyə, başımıza oyunlar açılır və yazıq  Hüseyn də didərgin düşüb. İndi onun ağsaqqal, ağbirçək valideynlərinə qarşı həmin bu rejim tərbiyəsizlik eləyir. 2005-dən sonra 2010 seçkiləri gəldi və mənə çox yoldaşlar işarə verdilər ki, əşşi sən seçkiyə gir, səni buraxacaqlar-filan, mən də qətiyyən bunu eləmədim və bundan sonra da eləmərəm. Çünki mən artıq gördüm ki, bu rejimin başında duranların verdikləri söz, elə söz olaraq da qalır. Bütün bu sözlər, yenə də deyirəm, şirmadı və bu sözləri yalnız xalqı aldatmaq üçün danışırlar. Yənu bunların dedikləri və verdikləri sözə inanmaq olmaz. Və mən nəyə görə gedib təzədən “seçki”də bu hakimiyyətin cinayətkar fəaliyyətinə  qanuni don geyindirilməsi prosesində iştirak etməliyəm? Axı, mən bilirəm ki, artıq seçkilərin taleyi həll olub və deputatların siyahısı əvvəlcədən hazırdı. Artıq o da bəllidir ki, kim haradan namizəd olacaq, kim nə qədər pul ödəyəcək və s. Belə bir çirkli və çirkin oyunda mənim nə işim var?

Adamdan soruşarlar ki, namuslu qadınsansa, ləyaqətli kişisənsə, sənin əxlaqsızların içində nə işin var?

Mən bunu bir az başqa üslubda və çılpaq şəkildə demək istəmirəm və sadəcə soruşuram ki, düz adamların əyrilərin yanında nə işi var?  Bir dəfə dostlarımdan biri məndən soruşdu ki: “Qurban bəy, niyə gedib hakim işləmirsən?” Dedim: “ay qardaş, bunlar məni heç vəkil işləməyə qoymurlar, çünki yaxşı bilirlər ki, mən gedib hakim kürsüsündə otursam, bütün fəaliyyətim qanun çərçivəsində olacaq və çoxlarının özlərini də, balalarını da tutub salacam içəri.  Yəni, bunlara mənim kimilərinin hakim olması sərf eləməz axı”.

Bu rejimə Qurban Məmmədov kimi hüquqşünaslar, yaxud da Sərdar Əlibəyli kimi jurnalistlər lazım deyil, a kişi. Bunlara lazımdı ki, əxlaqsızlıqlarına, qanunsuz əməllərinə və cinayətlərinə “ləbbeyk” desinlər, təbliğ eləsinlər, onlarla şərik olsunlar və cinayət fəaliyyəti nəticəsində əldə olunmuş oğurluq malı bir “kotyol”dan yesinlər, bir yerdə murdarlansınlar. Yəni, bunlara belə adamlar lazımdı, ona görə də Qurban Məmmədovu yaxına da buraxmazlar. Bu baxımdan da, mən sizə deyirəm ki, bu rejimin Azərbaycanda keçirdiyi seçkidə iştirak eləmək birincisi xalqa xəyanətdi, ikincisi də, şüurlu şəkildə satqınlıq etmək, ya da qanmazlıqdı. Adam nə qədər qanmaz olmalıdır ki, bu boyda cinayətləri görə-görə onun içinə girsin. Heç bir halda qanan və özünə hörmət edən adam, bu cinayətlərə bulaşmaz. Bunu edənlər isə ya dəli, ya da qanmazdırlar. Yox, əgər bir adam oraya qana-qana gedirsə, demək o, satqın və xəyanətkardı, elə onların tayıdı. Əgər biz müsəlmanıqsa, sevgili Peyğəmbərimizin gözəl kəlamları,  Qurani Kərimin həyatımızın hər yönünü tənzimləyən ayələri və Həzrət Əli(r.a)nin gözəl sözləri var, onlardan nümunə götürüb Allahın göstərdiyi yolla getməliyik. “Zalımın zülmünə dözən elə zalımın özü kimidir”, “zalımın zülmünə qarşı mübarizə aparmayan zalımla şərikdir”. Əslində, biz bu seçkidə iştirak eləməklə, zalıma “züy” tuturuq və bu “züy”ü tutanların hamısının yeri cəhənnəmdi.

Bəzi adamlar və bəzi qruplar da var ki, bu seçkilərə sırf qazanc məqsədi ilə gedirlər. Mən onları da başa düşürəm və çox da qınaya bilmirəm.  Yaxşı tanıdığım bir sıra adamlar var ki, onlar seçkiyə qatılıb, saxtakarlıqları üzə çıxarmaqla, Avropa məhkəməsinə üz tutur və sübutları ortaya qoyaraq, məhkəmənin qərarı ilə bunlardan pul alırlar. Mən bu adamları qınaya bilmirəm və əslində bu da seçki saxtakarlıqlarını sübut etməyin bir yoludur. Amma, hətta belə adamların özləri də bu haqda düşünməlidilər. Yəni, bunlar başa düşməlidirlər ki, fərdi qaydada pul qazana bilmələri üçün millətin və dövlətin əsas maraqlarına zərbə vururlar. O məşhur “karol lütdü” ifadəsi var haa, mən bilirsinizmi nə təklif eləyirəm və bu haqda dəfələrlə Milli Şurada da demişəm. Mən təklif edirəm ki, gəlin hamılıqla meydandan qırağa çəkilək və bütün dünya da görsün ki, bunlar lütdürlər. Bütün dünyaya göstərmək lazımdır ki, bunlar meydanda təkdirlər və bu seçkidə bunlardan başqa kimsə yoxdur. Deyirəm ki, a kişilər, bu gerçəkliyi xalqa göstərin.

Bu gün əslində Azərbaycan müxalifəti, xüsusilə də Milli Şura və AXCP, Azərbaycan xalqı ilə rejimin arasında sipərə çevrilib. Biz bu rejimi xalqın qəzəbindən qoruyuruq, xilas eləyirik. Əslində, biz ortadan çəkilməliyik və onda görəcəksiniz ki, Azərbaycan xalqı bu rejimi, dəli inək balasını tapdalayan kimi, ayaqlarının altına salıb tapdalayır, yoxsa yox.  Onda bizə meydan oxuyan, bizə lağ eləyən, gecə-gündüz bizi təqib etdirən, həbs etdirən bu adamlar gəlib qapımızda yalvaracaqlar ki, bizi bu xalqın qəzəbindən xilas edin. Günah bizdədir axı, günah Əli Kərimlidədi, o bu gün imkan vermir ki, xalq bunları biryolluq tapdalayıb üstündən keçsin.  Əli Kərimli istəyir ki, sivil və siyasi yollarla ölkədə demokratikləşmə baş versin, qanunlar işləməyə başlasın və s. Ona görə də onlar bundan sui-istifadə eləyirlər. Məsələ də bütünlüklə bununla bağlıdır. Qurban Məmmədov-2Şəxsən mən bu gündən sonra mövcud rejimin keçirəcəyi hər hansı bir seçkidə və ya tədbirdə iştirak etmərəm, əks təqdirdə, atamın-anamın ruhları məni bağışlamaz. Yəni, özünə, zatına və kökünə hörməti olan heç bir kişi bu hərəkəti eləməməlidir.  Yenə də deyirəm ki, sən bilə-bilə ki, hakim satılıb, oyuna girərsənmi, oynayarsanmı? Öz əxlaqını, adını-sanını qorumaq istəyən kişilər bu cür oyunlarda iştirak etməməlidirlər. Mən də bu qədər ciddi bir prosesdə iştirak etməməklə, əslində özümü qorumaq, əxlaqımın və mənəviyyatımın əleyhinə getməmək istəyimi reallaşdırıram.

 –  Son bir neçə gündə stəkanda qoparılan bir fırtına və bu fırtınanın içində də Razi adlı Nurullayevin əsməsi ölkəni başına götürüb. Bu haqda nə düşünürsünüz, nələr olur və qarşı tərəfdəki dostlarınız neyləmək fikrindədilər?

 

Loading