İqtidarı qınamağımız yetməzmi?
II Dünya Müharibəsindən sonra Polşanın o vaxtkı prezidenti Boleslav Berut öləndə onun seyfindən çıxan “tamamilə məxfi” qrifli 45 maddəlik sənəddə (1990-cı ilin noyabr-dekabr aylarında “Soverşenno sekretno” jurnalında çap edilmişdi, mən Bayıl türməsində həmin yazını tərcümə etmiş, müəyyən qeydlərlə “AZADLIQ”ın 27 dekabr 1990-cı il tarıxli sayında dərc etdirmişdim) belə bir bənd var idi: “Bizim təyin etdiyimiz kadrlar cinayət etsələr də, xalqın tələbi ilə onları cəzalandırmaq olmaz. Əksinə, belə hal olarsa, həmin şəxsi daha böyük vəzifəyə irəli çəkməli, bu mümkün olmadıqda, eyni səviyyəli başqa işə keçirməli, bu da mümkün olmasa, ehtiyat kadr siyahısına keçirməli. Heç bir halda xalqın tələbi ilə məmuru cəzalandırmamalı. ”
Bəylər, diqqət edin: bu üsulu uzun müddət hər hansı toplumun üzərində tətbiq etsən, nəticə nə olacaq?
Nəticə bizdəki kimi olacaq. “Ehhh, nə xeyri var?”, “Əşşiii, nəticəsi olmayacaq, özünüzü yormayın!”, “Qutudan yenə kimi istəsələr onu da çıxaracaqlar”, “Əşşii mənə nə…” və s.
Başqa sözlə, belə təlimatların bir məqsədi var: xalqın öz gücünə olan inamını sarsıtmaq və onun dövlət idarəçiliyində heç bir rolunun olmadığını ona təlqin etmək.
Təbii ki, belə metodlarla diktatorlar və imperiyalar işləyib. Demokratik dövlətdə və xalqın iradəsini təmsil edən hakimiyyətlərdə belə metodların tətbiqi mümkün deyil. Xalqını, millətini sevən hökmdar onunla belə rəftar etməz, əlbəttə.
Azərbaycan və başqa postsovet ölkələri 200 il, son 80 ildə isə xüsusilə, belə idarə olunub. İndi biz bu xalqdan nə istəyirik və nə gözləyə bilərik?
Xalqı bu günə salanlar, onu belə yetişdirib böyüdənlər indikilərin ata və babaları olub, qardaşlar! Bu xalq onların məhsuludur və bu məhsulu istədikləri kimi də idarə edirlər və xalqın əksəriyyəti, inanın mənə, halından məmnundur.
Təbii ki, söhbət indiki halda müti çoxluqdan yox, sizin kimi passionarlardan gedir.
Onda gəlin görək biz nə etmişik bu millətin oyanışı üçün?
Hörmətli Fuad bəy!
—- Müxalifət olaraq onu gözləyən gələcəyi xalqa aydın göstərə bilməmişik.
—- Müxalifətarası didişmələr və qarşılıqlı ittihamlarla onu gələcəyindən qorxuya salmışıq (bunlar özləri didişirlər, bizi necə idarə edəcəklər),
—– Xalqa müxalifət partiyalarının rəhbərlərindən başqa da kadrlarımızın oluğunu göstərə bilməmişik. Çünki partiya quruluşumuz və müxalifət fəaliyyətimiz düzgün deyil.
Bizi iqtidarı söyməyə cəlb ediblər və biz də qeyri-ixtiyari bu oyuna getmişik. Yadımızdan çıxıb ki, müxalifətin məqsədi iqtidarı söymək yox, daha yaxşı kadrlara malik olduğunu və xalqı iqtidardan daha yaxşı idarə edə biləcəyinə onu inandırmaqdır.
—- Hələ müxalifətdə olmağımıza baxmayaraq, anti demokratik hərəkət və fəaliyyətimizlə xalqı qorxutmuşuq. 17 il bir vəzifədən sallanıb heç bir uğur əldə etməyən müxalifət liderlərinin arxasınca xalq axı niyə getməlidir ki?
—- Bunca məğlubiyyətlər və uğursuzluqlardan sonra da müxalifət liderləri öz şəxsi ambisiyalarından və maraqlarından geri çəkilərək xalqın birləşməsinə imkan vermirlərsə, xalq onlara niyə inanmalıdır axı?
Batmış gəmidə yaxşı kayutlar uğrunda vuruşan müxalifət liderlərinə xalq niyə etimad göstərməli və onun rəhbərliyi altında mübarizəyə qoşulmalıdır?
Siz arzu etdiyniz kimi, xalqın mübarizəyə qoşulması üçün, onu mübarizəyə səsləyənlərin səmimiyyətinə və təmənnasızlığına xalq inanmalı və ən əsası da, onu gözləyən gələcəyi aydın görməli və dərk etməlidir.
- Buş ikinci dəfə seçiləndə, amerikalı siyasətşünaslar yazmışdılar: “xalq Buş yönətiminin pis olduğunu, onu qane etmədiyini bilirdi, ancaq rəqibləri aydın bir gələcək göstərə bilmədiklərindən təkrarən onu seçməyə məcbur oldu”
Mən heç şübhə etmirəm ki, bu iqtidar saxtakarlıq etməsə də, indiki vəziyyətdə olan müxalifəti , təbii ki bəzi istisnalarla, asanlıqla uda bilər.
Şəxsən mən, öz maraqlarını mənim pis gündə yaşayan qohum-əqrabamın maraqlarından üstün tutan bu müxalifət liderlərinə heç vaxt səs vermərəm. İlhamla onların nə fərqi var ki… Bunlar yenə də doymuş məhlul kimidirlər. Bəs müxalifət liderləri? İndiki əxlaqla gəlib xalqın başına nə oyunlar açacaqlar? Bax, budur xalqı mübarizədən yayındıran düşüncələr.
Biz reallığın üzünə dik baxmağı bacarmasaq, vəziyyəti heç vaxt dəyişdirə bilməyəcəyik.
Əsaslandığım prinsip də belədir: “İlham Əliyev nə qədər pis olsa da, bunlar ondan da pisdir. Çünki o, xalqa nifrət etdiyini, onu sevmədiyini, ondan qorxduğunu və ondan intiqam aldığını (belə olmasaydı, seçki saxtalaşdırılmaz, ölkədə monopoliya olmaz, rüşvət və korrupsiya tüğyan etməzdi) gizlətmədən indiki hərəkətlərini edir, müxalifət isə özünü xalqın dostu kimi təqdim etsə də, öz şəxsi maraqlarından mənim, yəni xalqın mənafeyi naminə imtina etmirsə , deməli ondan daha qorxulu, daha pisdir ”.
Bəylər, müxalifət liderləri özləri düzəlməyincə, xalqla səmimi olduqlarını sübut etməyincə, millətin naminə şəxsi maraqlarından keçib ümumxalq hərakatının sıravi üzvünə çevrilməyincə,
xalqın ağası yox, nökəri olduqlarını əməli olaraq sübut etməyincə,
xalq onların rəhbərliyi altında mübarizəyə qoşulmayacaq.
Seçkidə 85 faiz iştirak etməməklə xalq öz mövqeyini ortaya qoyub.
İndi növbə müxalifətindir.