“AZADLIQ”
- 27 MAY 2015 08:20
Sabirabad camaatı və Vəkillər Kollegiyası bunları bilib, başına çarə axtarmalıdı…
Bizdə bir el məsəli var, deyirlər, suyun lal axanı, insanın yerə baxanı! Çətin tərbiyə olunan uşaqlar üzrə mütəxəssis, Sovet pedaqoqu Makarenko isə öz təcrübəsinə əsaslanaraq, bu deyimi daha da gücləndirib. O yazırdı ki, bəzən müəllimlər sinifdə diqqətlərini dəcəl şagirdlərin üzərində cəmləməklə zahirən sakit görünən başqa şagirdlərin xuliqanlığına, intizamsızlığına və başqa neqativ hərəkətlərinə şərait yaradır. Yəni, müəllimin fikri-zikri beş-altı çılğın, dəcəl şagirdin üzərində cəmlənir, belədə isə diqqətdən kənarda qalan, sakit, amma mahiyyətcə dağıdıcı olanlar “dərə xəlvət, tülkü bəy” şəraiti əldə edirlər.
Bu müqəddimə zahirən sakit, təmkinli duruşu, həlim xasiyyəti ilə seçilən, buna görə də ətrafdakılar tərəfindən “qız-gəlin qədər abır-həyalı” şəxs kimi tanınan, lakin törətdiyi bəd əməllərin miqyası yeddi bal zəlzələ gücündə olan bir şəxsə həsr edilib. Bu adam sıradan biri olmadığından, onun kimliyi ictimai əhəmiyyət daşıdığından, qəzet səhifəsində ondan bəhs eləmək nə ayıbdı, nə də qeyri-peşəkarlıq.
Kim demiş ki, “hər şeyin təzəsi, dostun köhnəsi”?
Bu şəxsin adı Səxavət Məmmədlidir. O, Sabirabad rayonunda yeganə vəkildi. Yazıq Sabirabad, sən nə millət vəkilinindən yarıdın, nə də adi vəkilindən!
Üzləşdiyimiz fəlakətin miqyasını təsəvvür eləmək üçün nəzərə alın ki, Sabirabad kimi böyük bir rayonun əhalisinə (150 min) təkcə bu şəxs hüquqi xidmət göstərir. O, az qala alternativsizdi. Oxucu haqlı olaraq indi sual verməkdə haqlıdır ki, nə olsun?
Elə isə keçək işin mahiyyətinə. Səxavət Məmmədli ilə tanışlığımız bu günün işi deyil. Mən onu 2000-2006-cı illərdə Xalq Cəbhəsinin yerli qərargahında iclasdan iclasa görər, hətta nə qədər qəribə olsa da, dünyanın gərdişindən də söhbət edərdim.
Qardaşım Murada da onunla tanışlıq qismət olmuşdu. O, bir zamanlar Səxavətlə eyni binada çalışmışdı – Murad Mülki Mühafizədə işləyərkən. Muradla onun çay-çörək kəsdiyi olmamışdı, amma yadımdadı ki, qardaşım Səxavətlə kitab dəyiş-düyüşü edərdi. Onun oxuduğu kitabları Səxavət istəyərdi, ya da əksinə. Mən bunlardan xəbərdar idim.
“Lal Hüseyn”in layiqli davamçısı
Tarix 11 avqust 2014-ü göstərəndə Səxavət Məmmədli yeni qiyafədə (biz hələ bilmirik ki, bu onun son qiyafəsidi, yoxsa hələ sürprizlər davam edir) qarşımızda peyda oldu. Oxucuya bir qədər uzunçuluq görünsə də, vəkil kimi onun xidmətlərindən istifadə edən zavallı sabirabadlıları, eləcə də vəkillərin qanuna uyğun fəaliyyətinə cavabdeh olan Kollegiyanı xəbərdar eləmək üçün bir az detallara varmağa məcburam.
11 avqustda Muradı polislər şərləyib evdən aparanda mən Bakıdaydım. Bilirdim ki, vəkil kimi Murada onu təqdim edəcəklər. Dərhal Səxavətə zəng elədim. Istədiyim tək bir şeydi: “Muradı gör, ona ürək-dirək ver, de ki, narahat olmasın, öz əleyhinə heç nəyə qol çəkməsin, günü sabah onu peşəkar vəkillərlə təmin edəcəm”.
Cavab, can dərdi “yaxşı-yaxşı” oldu
Ürəyim sakitlik tapmayıb, yol boyu bir neçə dəfə də Səxavətə zəng vurub, bu məzmunda xahişlər elədim. Çünki geridə qalan bir neçə məhkəmə işlərində onun “atar damardan məhrum”, güc orqanları qarşısında təpərsizliyinə şahidlik eləmişdim.
Rayona yetişdik. Bizə təbii ki, polis şöbəsində Muradla bağlı nə informasiya verdilər, nə də görüş imkanı. Bu müddətdə isə etdiyim aramsız zənglər qarşısında Səxavət sanki lal olmuşdu. Ondan sözün əsl mənasında kəlbətinlə söz çıxarırdıq. “Muradı döyüblərmi?”, “Murad nə deyir?” tipli suallarıma, ən yaxşı halda aldığım cavab bu idi: “Sonra, sonra… Çıxım zəng edəcəm”.
Sən demə, bu adam bizi yola verdiyi müddətdə Murad vəhşilərin amansız işgəncəsi altında idi. Birdən ağlıma gəldi ki, bu adam yəqin ehtiyat edir, mənimlə danışa bilmirsə, özünə daha yaxın olan biri ilə ətraflı danışa bilər. Araya ortaq tanışlarımı saldım. Onlardan yalnız və yalnız bu suala cavab almağı xahiş elədim: “Muradı döyməyiblər ki?”
Cavab gəldi ki, yox, hər şey qaydasındadı.
Işgəncəni gizlədən vəkil özü də işgəncə iştirakçısına bərabərdi…
Səhəri gün polisdəki mənbələrdən Muradın döyülmə xəbərini aldım. Yenə Səxavətə və ortaq dostlarıma zəng elədim. Mənə də, dostlarıma da dedikləri fəqrlənmədi. Görünür, çox intizamla öhdəlik götürmüşdü. Səxavət Murada heç bir işgəncə verimədiyini deyirdi. Təki, belə olaydı…
Lakin qədim peşə kimi, yalanın da ömrü 40 gün çəkmir, Murad həbs-qətimkan tədbirilə bağlı qərar verilən ilk məhkəmə iclasında, eləcə də mənə elədiyi zəng zamanı Sabirabad polisində işgəncəyə məruz qaldığını dedi. Mən xəbər aldım ki, bəs sən bunu Səxavətə demişdin? Murad bildirdi ki, Səxavətə tapşırdığı elə yeganə söz elə bu olub: “Qardaşıma de ki, mənə burda işgəncə verilib…”
Bu “vəkil”in, üzünə iffət maskası taxmış birinin açıq-aşkar elədiyi xəyanət polisin elədiyi vəhşilikdən də betər rüsvayçılıq idi. Təzyiqim həmin an bəlkə də rekord vurdu. Əlbəttə, Səxavəti axtardım. Ondan bu əməlinin səbəbini soruşdum. Onun qarşısında sadə suallar qoydum. Məsələn, dedim ki, sən axı bu işgəncəni niyə gizlətmisən? Nədən qorxmusan? Sənin imkanın var idi ki, özün də deməsən, bunu başqası vasitəsilə çatdırasan. Səxavət dedi ki, o, Murada işgəncə verildiyini görməyib. Tamam, görməmisən, bəs Murad sənə bu haqda nəsə deyibmi? Danmadı, bildirdi ki, deyib. Bəs niyə gizlətmisən? Bu anda dili topuq çaldı. Söhbətimiz “sən artıq mənim üçün ölü birisən” qiymətləndirməmlə bitdi.
“Morq”dan təntənəli dönüş

Tarixdə fenomenlər olub ki, onlar öləndən sonra da proseslərə təsir ediblər. Məsələn, deyərlər, buqələmunluqda ad qazanan Cozef Fuşe özündən sonra müxtəlif araqarışdırıcı məktublar qoyub gedibmiş. Sanki bu dünyda yaratdığı konfliktlər azmış kimi, bu məktublarla yaranan hoqqalarla o dünyada da ruhunu əyləndirmək niyyəti güdüb. Hə, mənim dəfn elədiyim Səxavətin fuşesayağı yenidən qabağıma çıxacağı ağlıma gəlməzdi.
O, növbəti dəfə Muradın cinayət işi ilə tanışlıq zamanı peyda oldu. Nə görsək yaxşıdı? Bu adam vəkillik andını, vəkillik haqda qanunu, əsrlərdən bizə yadigar qalan mərdliyi unudaraq, Murada qarşı hal şahidliyi edib. Yəni, elə bir protokola qol çəkib ki, orada guya, Murad saxlanılarkən, üstünə baxış keçirilərkən üzərindən narkotik çıxdığı yazılıb. Bildiyiniz kimi, siyasi fəalların üzünə dayanmaq üçün hakimiyyət adətən cəmiyyətin aşağı qatında dayanan bomjlar, 5 qəpiyə hər şeyə tüpürməyə hazır olanlardan istifadə edir. Bu dəfə istisna baş vermişdi, bilmirəm, qardaşım Murada hörmətdənmi, yoxsa Səxavətə verilən qiymətdən, hal şahidi kimi kostyumlu, qalstuklu “ziyalı”nı seçmişdilər.
Tanıdığın, “salaməleyküm”ün olan bir adamın belə bir quru şərdə üzünə durmasının nə demək olduğunu bütün vicdanlı adamlar bilir. Mənim üçün Səxavətin artıq hüquq-mühafizə orqanların “marionetkası” olduğu şübhə doğurmurdu. Sadəcə, hələ də özümü inandıra bilmirdim ki, bir adam bu qədər qanunsuzluğa, namərdliyə əl atsın.
Baş verənləri onu tanıyan bir neçə hörmətli adama da danışanda onlar şoka düşdülər, əlbəttə ki, inanmadılar. Amma onun “mübarək” imzasını dostlara göstərəndə vəziyyət ciddiləşdi. Bu insanların Səxavətə qınağı onu bir vəkil kimi özünümüdafiəyə səfərbər elədi. Mən uzaqda olduğumdan, o, xəbər göndərdi ki, bəli, imza olub, amma o imza başqa şeyi təsdiqləmək üçündü. Yəni, Səxavət and-aman elədi ki, o, Muradın işində hal şahidliyi eləmək üçün o imzanı atmayıb, narkotik-filan da görməyib. Bu imza Muradın izahat verməkdən imtinasını təsdiqləmək barədədir.
Yada salım ki, Murad ona qarşı keçirilən əməliyyatın saxta, siyasi sifariş olduğunu bildirərək, heç bir sənədə imza atmayıb.
Öz adını qoruya bilməyən vəkil, başqasını necə qoruya bilər?
Qəlbim rəhmə gəldi, dedim lap yaxşı, ona öz şərəfini qorumaq gözəl imkan yaradırıq, qəzetə məqalə yazsın ki, o imza nədir. Yazmadı. Məhkəməyə şahid kimi dəvət elədik ki, gəl Muradı yox, öz vəkil şərəfini müdafiə elə. Bütün israrlarımıza rəğmən, adam gizləndi, prosesə gəlmədi.

Bütün olub bitənlər bu…
Onun bizimlə düşmənçilik eləməyə heç bir əsası, səbəbi yoxdu. Bizdən umacağı olmayıb. Beləliklə, aydın olur ki, onu bu qanunsuz, ədalətsiz hərəkətə vadar edənlər var. Onu bu işə vadar edən qüvvə o qədər qüdrətlidir ki, Səxavət şəxsən tanıdığı insanlara qarşı da “uf” demədən belə hərəkətlərə yol verirsə, burada tək Muradın yox, Sabirabadın 150 minlik əhalisinin halına acımaq lazımdı. Bizim qanuna görə, vəkil fəaliyyətə başlayanda belə bir and içir: “Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm”.
Yuxarıda göstərdiyimiz faktlardan aydın olur ki, bu adamın fəaliyyətində mərdliyin “m”i belə yoxdur. Üstəlik, o, avtoritar rejimlə əlbir olaraq, insan hüquq və azadlıqları üçün çalışan insanlara torba tikilməsində “ilana ağu verən kərtənkələ” rolunu oynamaqdadı. Öz tanıdığı halal adamların şərlənməsində rol alan vəkilin başqalarının başına gətirdiklərini təsəvür etmək çətin deyil. Sabirabad camaatı gec də olsa, bu təhlükənin fərqində olmalıdı.
Vəkillər Kollegiyasına çağırış
Hər fürsətdə müstəqil, azad fikirli vəkilləri cəzalandırmağa bəhanə axtaran Vəkillər Kollegiyası da bu yazını müraciət kimi diqqətə ala bilər. Kollegiya bu suala cavab axtarsın ki, bir vəkilin peşə etikasını pozaraq fəaliyyət göstərməsi, vəkil andına sədaqətsizlik göstərib insanların həyatının darmadağın edilməsində rol alması onları nə dərəcədə məmnun edir? Ümumiyyətlə, son dövrlər vəkillərin “hal şahidi” kimi istifadə edilməsi Kollegiyanın tənəzzülü kimi başa düşülməlidir, yoxsa inkişafı?
Natiq Güləhmədoğlu
- , 06 İYUN 2015 09:15
Dostum Natiq Güləhmədoğluna açıq məktub
Əziz dost! Bu açıq məktubu yazmaya da bilərdim. Əvvəla, hüquqi baxımdan, “Azadlıq”ın 27 may 2015-ci il tarixli sayında çap etdirdiyiniz “Şərin vəkili və ya şərbaz vəkil” adlı məqalənizin şəxsən mənə aidiyyəti olmadığı üçün “cavab haqqı”m da yoxdur. Ikincisi, bu məktubla bağlı Səxavət bəylə məsləhətləşəndə o, “qardaşı həbsdədir, yəqin qəzəbli olub yazanda, eyb etməz, boş ver”- deyə, qəti etiraz etdi. Üçüncüsü, Səxavət Məmmədovun mənim tələbə yoldaşım, dostum olduğunu nəzərə alaraq, düzgün anlaşılmaya biləcəyimi də nəzərdən keçirdim.
Ancaq mən bu məsələnin çox ciddi ictimai əhəmiyyəti olduğunu, xüsusilə, müxalifət camiəsi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq yazmaq qərarına gəldim.
Bu problemlə bağlı şəxsən aramızda keçmiş söhbətlərə istinad edəcəyimi səmimiyyətlə qəbul edəcəyinizə şübhəm yoxdur.
Beləliklə, Səxavət Məmmədovun Milli Azadlıq Hərakatında iştirakı, rolu, AXC ilə münasibətləri, bir çox AXCP üzvü ilə bu gün də davam edən dostluq əlaqələri, müxalifətdən və əhalinin kasıb təbəqəsindən olan insanları dəfələrlə təmənnasız olaraq müdafiə etməsi barədə yazmağı vacib bilmirəm. Şübhəm yoxdur ki, hətta Sizin bu yazıdan sonra da Səxavət bəy öz ictimai mövqeyini dəyişən deyil, bizə dost olaraq qalacaqdır.
Bilirsiniz ki, vəkillər dövlətdən əmək haqqı almır, ailələrini hüquqi xidmət göstərdikləri adamlardan aldıqları qonorar və mükafatla keçindirirlər. Ancaq Səxavət bəyin də hansısa vətəndaşlardan əmək haqqı tələb etməsi onun qanuni haqqıdır.
Onun haqqında yazdığınız “zahirən sakit, təmkinli duruşu, həlim xasiyyəti ilə seçilən, buna görə də ətrafdakılar tərəfindən ”qız-gəlin qədər abır-həyalı şəxs” kimi tanınan” epitetlər tam doğrudur. Səxavət bəy, həqiqətən də, belədir.
Ancaq bu epitetlərdən sonra yazdıqlarınıza təəssüflənməkdən başqa bir şey qalmır. Oxucular da söhbətin nədən getdiyini bilsinlər deyə, Sizin o məqalədə yazdıqlarınızı qısaca xatırlatmaqda fayda var.
Məqalənizin qısa nəticəsi, oxucuda yaratdığı fikir belədir ki, “Səxavət Məmmədov Sizin qardaşınız Muradın haqqındakı qondarma cinayət işində…”. Yox, yaxşısı budur ki, Sizin sözlərinizi olduğu kimi burada təkrarlayım, çünki Sizin jurnalist qabiliyyətinizi çatdırmaqda mən acizəm. Təəssüf ki, ALLAHın verdiyi bu gözəl qabiliyyətinizi və talantınızı belə ədalətsiz bir işdə istifadə etmisiniz.
Yazırsınız: “…Murada qarşı hal şahidliyi edib. Yəni elə bir protokola qol çəkib ki, orada guya, Murad saxlanılarkən, üstünə baxış keçirilərkən üzərindən narkotik çıxdığı yazılıb… bu dəfə …qardaşım Murada hörmətdənmi, yoxsa Səxavətə verilən qiymətdən, hal şahidi kimi kostyumlu, qalstuklu ”ziyalı”nı seçmişdilər… Mənim üçün Səxavətin artıq hüquq-mühafizə orqanların…”, ardınca yazdığınız təhqiramiz, aşağılayıcı ifadələri burada təkrarlayıb bu gözəl insanın, ləyaqətli vəkilin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna vurulan zərərin həcmini artırmaq istəmirəm. Ancaq məqalənizin əsl mahiyyətini qəzetin hörmətli oxucularına çatdırmaq üçün, yazınızdan bir sitatı da verməkdən vaz keçə bilmərəm.
Yekun olaraq yazırsınız: “Yuxarıda göstərdiyimiz faktlardan aydın olur ki, bu adamın fəaliyyətində mərdliyin ”m”sı belə yoxdur. Üstəlik, o, avtoritar rejimlə əlbir olaraq, insan hüquq və azadlıqları üçün çalışan insanlara torba tikilməsində “ilana ağu verən kərtənkələ” rolunu oynamaqdadı. Öz tanıdığı halal adamların şərlənməsində rol alan vəkilin başqalarının başına gətirdiklərini təsəvvür etmək çətin deyil, Sabirabad camaatı gec də olsa, bu təhlükənin fərqində olmalıdı”.
Bax belə, nə az, nə çox.
Əziz dost, yazınızdakı təhkiyə, bəlağət, məntiq, təşbeh və epitetlər yüksək səviyyədədir. Kaş bu qabiliyyətinizi, indiyə qədər olduğu kimi, bu millətin qanını içənlərə sərf edərdiniz. Budəfəki “atəşləriniz” o qədər yanlış hədəfə tuşlanıb ki, mən şəxsən Sizə görə əzab çəkdim. Belə olmamalıydı.
Yazınıza qoyduğunuz yarımbaşlıqlara baxın: “Lal Hüseynin layiqli davamçısı”, “Işgəncəni gizlədən vəkil özü işgəncə iştirakçısına bərabərdi..”, “Öz adını qoruya bilməyən vəkil, başqasını necə qoruya bilər?”, nəhayət, “Vəkillər Kollegiyasına çağırış”.
Mən, Sizin düşündüyünüz, özünüzü inandırdığınız kimi, həqiqətən də, Səxavət Məmmədovun xain, satqın olduğuna inansaydım, bu məktubu yazmaz, əksinə, Sizə qoşulub onu müştəridən məhrum etmək üçün əlimdən gələni edərdim. Mənimçün vəkilliyin mənafeyi doğmalarımdan da əzizdir.
Ancaq, təəssüf, min dəfə təəssüf ki, Siz yanlış, əsassız və haqsız olaraq Səxavət bəyə qarşı pislik etməyə çalışmısınız.
Hörmətli Natiq bəy! Haqqında danışdığınız protokolu oxuyan istənilən şəxs Səxavət bəyin prosesə nə vaxt, hansı mərhələdə qoşulduğunu dərhal anlayar. Sizə bu protokolu kim belə izah edib, nə məqsədlə, bilmirəm.
Protokoldan lazım olan sitatları olduğu kimi yazıram, qoy dəyərli oxucular özləri qiymət versinlər.
Protokol belə adlanır: “Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürməsi (olduğu kimi yazıram) barədə”.
“… vəkil Məmmədli Səxavət Rəşid oğlunun və Azərbaycan Respublikası CPM-nin 94-cü maddəsində olan hüquq və vəzifələri izah olunmuş hal şahidləri… iştirakları ilə ondan ötrü ki…” Sizcə, bir peşəkar jurnalist kimi, bu cümlədə işlənmiş “hal şahidləri” ifadəsi kimlərə aiddir: “vəkil Məmmədli Səxavət Rəşid oğluna”, yoxsa başqalarına? Yəqin ki, heç bir çətinlik çəkmədiniz bu suala cavab tapmaqda. Oxucuların da cavabının doğruluğuna əminəm.
Onda bəs, Siz hansı faktlara əsaslanaraq Səxavət bəyin hal şahidi kimi Muradın işində iştirakından danışırsınız? Protokolda hal şahidləri kimi keçən şəxslərin adları belədir: Ağayev Vəlhəd Rafiq oğlu və Atakişiyev Elçin Ataxan oğlu. Iki nəfər. Bu gün qüvvədə olan CPM-nin tələblərinə əsasən, iki hal şahidi kifayətdir. Üçüncüsünə ehtiyac yoxdur.
Onda oxucu üçün də maraqlıdır ki, Səxavət bəy niyə bu protokola imza atıb və bu imza nəyi təsdiq etmək üçündür?
Bu sualın da cavabı protokolda var. Bunu başa düşmək üçün isə hüquqşünas və ya ali savadlı olmağa ehtiyac yoxdur. Orada deyilir: “…Bundan sonra hal şahidlərinin iştirakı ilə M.G.Ədilovun üstünə baxış keçirildi, baxış zamanı onun üstündən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmadı. M.G.Ədilovun təqdim etdiyi 01 (bir) ədəd bükümdə narkotik vasitə olan həşişə oxşar maddənin və 01 (bir) ədəd kibrit qutusundakı narkotik vasitə olan marixuanaya oxşar maddənin kimdən, haradan, nə vaxt, hansı məqsəd üçün əldə etməsi sualına cavab olaraq bildirdi ki, təqdim etdiyi maddələrin hansı şəraitdə və hansı məqsəd üçün əldə etməsi sualına cavab olaraq bildirdi ki, təqdim etdiyi maddələrin hansı şəraitdə və hansı məqsəd üçün əldə etməsi barədə suallara cavab verməyəcək, tərtib olunmuş hər hansı bir sənədə imza etməyəcək və izahat verməyəcək.
Bundan sonra saxlanılan şəxs M.G.Ədilov və hal şahidləri Sabirabad RPŞ-yə dəvət edildilər. Oraya gəldikdən sonra M.G.Ədilov şübhəli şəxs qismində tutuldu və müvafiq qaydada dəvət olunmuş müdafiəçinin iştirakı ilə hazırkı protokol tərtib olundu.
Protokol ucadan oxundu, ərizə və şikayətlər daxil olmadı, …imza olunur.
Saxlanan şəxs: imza etməkdən imtina etdi /M.G.Ədilov/
……”
Buyurun, bu da protokolda yazılanlar. Buradan aydın olmurmu ki, Səxavət Məmmədli prosesə nə vaxt daxil olub, hara, nə vaxt dəvət edilib? Artıq Muradın üstünə, iki hal şahidinin iştirakı ilə baxış keçirilib, Guya M.G.Ədilov iki kibrit qutusu təqdim edib, suallara cavab verməkdən imtina edib, imza etməkdən, izahat verməkdən imtina edib, yalnız bütün bunlardan sonra, SAXLANILAN ŞƏXS kimi RPŞ-yə gətirilir və ŞÜBHƏLI ŞƏXS QISMINDƏ tutulanda, CPM-nin tələblərinə uyğun olaraq, ona vəkil təqdim etmək üçün Səxavət bəy dəvət edilir.
Muradın protokolu imza etməkdən, eləcə də, vəkildən imtina etməsi faktı bir vəkil kimi Səxavət bəy tərəfindən imza ilə təsdiqlənməlidir. Bu, qanunun tələbidir. Vəkil bundan imtina edə bilməz. Əks təqdirdə vəkil öz vəzifələrini yerinə yetirməmiş sayılar və onun barəsində müstəntiqin Vəkillər Kollegiyasının rəhbərliyinə müraciət etmək hüququ var. Bu isə istənilən vəkil üçün xoşagəlməz nəticələr doğurar.
O başqa məsələ ki, “vəkilin təqdim edilməsi, vəkildən imtina barədə protokol” ayrı bir prosessual sənəd kimi də yazıla bilərdi. Indi bu söz-söhbətlər olmazdı.
Əslində, burada protokolu tərtib edən əməliyyat müvəkkili savadsızlıq edib, Səxavət bəy də bu savadsızlığın Murad üçün ziyanlı olmayacağını dəqiq bildiyi üçün əhəmiyyət verməyib. Buna görə mən də onu qınamışam. Protokola fikir versəz, görəcəksiniz ki, bu protokol “vəkildən imtina barədə” deyil. Sanki, vəkil əvvəlcədən işə buraxılıb və növbəti bir prosessual hərəkətdə iştirak edir. Protokolun məzmunundan isə hər şeyin aydın olduğunu nəzərə alaraq, bunu şəxsən mən ciddi bir hadisə hesab etmirəm. Murad üçün heç bir prosessual və maddi ağırlaşma ilə nəticələnməyən imzaya görə 35 ilin vəkilini təhqir edib alçaltmaq, guya “hal şahidi” olmasını iddia etmək, ən azı, insafsızlıqdır.
O ki qaldı Səxavət bəyin Sizin tələbinizlə məhkəməyə gəlib şahid kimi ifadə verməməsinə, bu məsələyə də aydınlıq gətirilməlidir.
Əvvəla, CPM-nin tələblərinə əsasən, vəkil müttəhimdən ona məlum olan, öz vəzifələrini icra etməsi ilə bağlı bildiyi məlumatlara görə şahid kimi dindirilə bilməz. Bu, birmənalıdır.
Ikincisi, Səxavət bəy şahid kimi ifadə verməkdən imtina etməkdə tamamilə haqlı idi. O nəyin şahidliyini etməli idi? Muradın, həqiqətən də, narkotik alverçisi olmasınınmı? O bunu haradan bilə bilərdi? Bəs nəyin? Şahid cinayət hadisəsi barədə bilavasitə məlumatı olan şəxsə deyilir. Səxavət bəy nə bilirdi və Siz ondan nə barədə ifadə verməyi tələb edirdiniz? Axı o nə hal şahidi, nə də şahid olub ki, ifadə versin. O, vəkil kimi dəvət edilib, Muradın protokolu imzalamaqdan, ifadə verməkdən imtina etməsi faktını öz imzası ilə təsdiq edib. Vəssəlam. Bu qədər. Etməməliydi? Belə bir şey olmayıb? Murad imtina etməyib?
Ancaq Siz mənimlə “skype” vasitəsi ilə danışdıqdan sonra mən Səxavət bəylə ətraflı söhbət etdim. Izah etdim ki, Sizin deməyinizə görə, hakimlər Səxavət bəyin protokoldakı imzasından Muradın əleyhinə istifadə edirlər. Onun adını ləkələyirlər. O da öz şərəfini, vəkil reputasiyasını qorumaq naminə mütləq gedib Lənkəran Ağır Cinayətlər Məhkəməsində ifadə verməlidir. Hərçənd, mən əminəm ki, heç bir hakim bunu etməz və edə də bilməz. Bunu etmək üçün hakim gərək qanmaz və nadan ola.
Səxavət bəy razılaşdı, dedi ki qoy onda qohumlarınız məhkəməyə gedəndə onu da götürsünlər. Bunu mən Sizə bildirdim. Siz dediniz ki, əminizə deyəcəksiniz Səxavət bəyi də özüylə məhkəməyə gətirsin. Mən də həmin günü Muradın məhkəməsinə Bakıdan getmək istəyirdim, bunu da Səxavət müəllimə demişdim. Nəsə vacib işim çıxdı, gedə bilmədim. Məhkəmə günü saat 10-da Səxavət bəyə zəng etdim ki, vəziyyəti öyrənəm. O mənə bildirdi ki, heç kim onun arxasınca getməyib. Əksinə, o özü əminizə zəng edib ki, niyə onu götürməyib, əminiz bidirib ki, bu barədə ona heç nə deyilməyib.
Əziz dost! Hörmətli Natiq bəy, bu barədə əminizdən soruşmusunuzmu, niyə Səxavət bəyi götürməyib? Bunda Səxavət müəllimin nə günahı var? Heç bir lüzum olmaya-olmaya, nə məqsədlə məhkəməyə dəvət edildiyini bilməyə-bilməyə, Sabirabaddan Lənkərana öz hesabınamı getməliydi? Şəxsən Siz mənə deməsəydiniz, məni arxayın salmasaydınız, mən Səxavət bəydən xahiş edərdim öz hesabına getsin. Siz ya özünüzün, ya da əminizin səhlənkarlığını niyə Səxavət müəllimin ayağına yazmalısınız? Bir də Səxavət bəy o məhkəmədə nə ifadə verməliydi ki, Murada atılan böhtan sübut edilsin? Axı nə?
Qardaşım, mən bilmirəm Sizə kim və necə izah edib bu imza məsələsini… Səxavət bəyin imzasının Muradın üstünə baxış keçirilməsi ilə heç bir əlaqəsi yoxdur və bunu başqa cür izah etmək, sadəcə, ara qarışdırmaqdır, çuğulçuluqdur.
Xahiş edirəm, əgər Muradın haqqındakı hökmdə sübut növü kimi bu protokola və vəkil kimi də Səxavət Məmmədlinin imzasına istinad edilibsə, buyurun dərc edin qəzetdə, qoyun hamı o hakimlərin qərəzli olduğunu, savadsız olduğunu görsün və üzlərinə tüpürsünlər.
Ancaq Siz əlinizdəki qələmdən və dərc olunmaq imkanlarınızdan Sizə yaraşmayacaq bir formada sui-istifadə etmisiniz. Bir dost, həm də ləyaqətli bir dostu itirmisiniz, incitmisiniz, təhqir etmisiniz, alçaltmağa cəhd etmisiniz, nüfuzuna böyük zərər vurmusunuz.
Bunu mən bir dost kimi deməyi özümə borc bilirəm.
Muradın döyülməsi barədə yazdıqlarınıza gəldikdə isə, deməliyəm, vəkil yalnız müdafiə etdiyi şəxsin haqqında və dəqiq olan məlumatlara əsasən qanunda nəzərdə tutulan hərəkətləri edə bilər. Səxavət bəy Muradın ona döyülməsi barədə deməsini danmır. Ancaq Murad ondan imtina etdiyi üçün, bu barədə hansısa qanuni tədbir görmək imkanından da məhrumdur. Sizə məlumat verib-verməməsi isə yalnız vəkil etikası ilə bağlı olan məsələdir. Hamıdan da özünüzdəki kimi qəhrəmanlıq gözləməkdə haqlı deyilsiniz. Insanlar müxtəlifdir.
Səxavət bəyin qəhrəman olmaq iddiası da yoxdur.
Sonda deyim ki, məqalə başdan-başa və mahiyyətcə insanın təhqir edilməsi, alçaldılması, işgüzar nüfuzuna ziyan vurulması ilə bağlı söz, ifadə və cümlələrlə doludur. Məqalədən nifrət, kin, qeyz, qəzəb püskürür. Bununla “əsəblərinizi sakitləşdirə” bildinizmi?
Təbii ki, Səxavət bəy “Azadlıq”ı məhkəməyə verən deyil. Ancaq adam abırlı, sakit, nəzakətli, “qız-gəlin kimi həyalı” olanda ona qarşı belə hərəkət etməyə heç kimin haqqı yoxdur, o cümlədən də mənim dostum Natiq bəyin və sevgili qəzetim “AZADLIQ”ın.
Ümid edirəm ki, özünüzdə güc tapıb Səxavət Məmmədli Rəşid oğlundan, 35 ildir yorulmadan, satılmadan, qətiyyətlə Sabirabad camaatının hüquqlarını polis, prokurorluq, məhkəmə və məmur özbaşınalıqlarından qoruyan vəkildən üzr istəyəcəksiniz.
Hörmətlə, Qurban Məmmədov, Milil Şura Koordinasiya Mərkəzinin üzvü
P.S.Milli Şura KM-nin üzvü olduğumu xüsusi qeyd edirəm ki, xalqımız görsün, sabah onların da haqqında haqsızlığa yol verilsə, Milli Şura onların da müdafiəsində duracaq.
- , 08 İYUN 2015 18:32

“Əsəblərinizi sakitləşdirə” bildinizmi? (“ Azadlıq” qəzeti, 6 iyun) Məqaləsini dostu, qardaşı adlandırdığı bəndənizə həsr edən Qurban bəy başlığa çıxardığı sualı hələ də düşünürsə, bəri başdan yazım, sakitəm Qurban bəy, çox sakit. İkimiz də eyni təmayülü (“inter 5) oxumuşuq və bizə orda ali sinir fəaliyyəti barədə öyrətmişdilər ki, pis şeyə əsəbiləşmək, yaxşı hadisəyə sevinmək anormal deyil, əksinə, bunun olmaması qəribə olardı. Şükür, əsəbilərim əclaf hallarla rastlaşanda kükrəyir, xoş bir haldansa dinclik tapır. Yox, sizin yazı növbəti dəfə məni əsəbiləşdirməyə hesablanmışdısa, alınmadı. Mən ancaq məyusam.
Səmimi olacam, sizin müqəddiməniz kimi vurğulamayacam ki, “cavab haqqım olmasa da”, “bu məqaləni yazmaq istəmirdim”. Bu yazı mütləq yazılmalıdır ki, haqq nazil olsun, batil viran. Ara qızışmamış, bixbər oxucular üçün yada salım ki, Qurban bəyin bəhs elədiyimiz məqaləsi mənim “Şərin vəkili və ya şərbaz vəkil” (məqalə burda: http://bit.ly/1eXaBrn) yazıma cavab olaraq ərsəyə gəlib. Bəs, o niyə? Məqaləmin “qəhrəmanı”, can yiyəsi ki əlhəmdulillah, şil-şikəst deyil, ələxüsus Kürdəxanı türməsində əli-qolu bağlı dustaq deyil, niyə o müdrikcəsinə susur, Qurban bəy isə ona vəkillik edir? Biz bu mübhəm sualların izi ilə gedəcəyik, əziz oxucu. Dərdimiz ağırdı.
Qurban bəyin boğulmaqlığı
Türkiyənin çox ustad bir şairi var, Cəmal Sürəyya. Onun sözüdü, deyir ki, “Okyanusta ölmez de insan, gider bir kaşık sevdada boğulur”.
Qurban bəy, sizinki də buna bənzədi. İnciməyin. Siz, sovetlərlə, Əliyev rejimi ilə döş-döşə gələn insan kimi gəldiniz bir qaşıq kor sevdada boğuldunuz. Özü də kimin sevgisinə? Qorxaq olduğunu danmadığınız, “atar damardan” məhrum, ən yaxşı halda şərin qabağında dilsiz şeytan olan birinə-Səxavət Məmmədlinin! Dəyərdimi? Rasionallıq deyir, dəyməzdi, amma sevda irrasional şeydi, becah yerə demirlər, “eşqin gözü kordu, yaxud Leyliyə Məcnun gözü ilə bax”.
“Bu nə turşu, bu nə pəhriz”
Hərçənd, mən böyük şübhələr içindəyəm ki, Qurban Məmmədov yalnız “dostu, tələbəlik yoldaş”ı üçün o “Lal Hüseyn”i müdafiə eləsin. Mənə vəsvəsə verən şeytanın şərindən pərvərdigara sığınıram, amma bu “vəkilə vəkillik eləməyin arxasında” başqa ciddi səbəblər olduğu şübhəsindəyəm. Qurban bəy mənə dostum, qardaşım deyir, amma bu qaydaya əsasən qardaşı sayılacaq Murad Ədilovun həbsində namərd rol oynayan, vəkillik etikasına tüpürən başqa dostunu müdafiə edir. Qurban bəy, mövqeyinizi dəqiqləşdirin, sizin qardaşınız kimdi? Üç tifili hər gün “ata” deyib ağlayan məhbus Murad, anası bu şərəfsiz şərləmədən xəstəlik tapan Natiq, yoxsa “atar damarı” olmayan Səxavət?
Vəkillə manatın acı tale bənzərliyi
Səxavət barədə Qurban bəyin verdiyi “arayış” indi bəzi partiyaların saxta mühacirlərə satdığı arayışa necə də oxşayır. Həmin “arayış” olduqca süni, reallıqla üzvü bağı olmayan bir şeydi, bunu bütün Sabirabad da bilir, Qurban bəyin özü də.
Hörmətli Qurban bəy Səxavət Məmmədovu “bizə” dost sayır. Mən artıq sizin sarsılmaz dost olduğunuza şübhə eləmirəm bəy, amma lütfən, “biz” deyəndə kimlər nəzərdə tutulur bunu aydınlaşdıraq. Belə başa düşdüm ki, sabirabadalı müxalifətçiləri qəsd edirsiniz. Olsun, amma bunu sübut eləmək üçün Sabirabaddakı ciddi müxalifçilərdən, yaxud möhtərəm, xarakterli kişilərdən beşinin adını yazın mənə, onlar şəhadət versinlər ki, Səxavət bu işdə, eləcə də “tok”a verilib min bir işgəncə ilə boyunlarına etmədiyi cinayətləri qoyulan müvəkkillərini keçi qiymətinə satdığı üçün hələ də hörmət sahibi olaraq qalır.
Yoxdur belə şey, bəy. Sizin sözlər keçmiş zamanda doğru ola bilər. Necə ki, dünyaya gələn bütün insanlar körpəliklərində məsum, günahsız olurlar, sonra zirzibildən çoxları özünü qoruya bilmir. Səxavət də bir zaman siz deyən kimi dəyərli bəylərdən olub, elə buna görə də qiymətləndirilib Sabirabad AXCP şöbəsinə üzv götürülüb. Sonra isə görünür manatın başına gələn müsibət onun da qədərinə düşüb. Gözəl və başadüşülən o olardı ki, əziz Qurban bəy hüquq-mühafizə orqanlarının stajlı “hal şahid”inə çevirilən dostu Səvavətin devalvasindan əzab çəkəydi, nəinki “lal Hüseyni” ifşa edən “dostu, qardaşı” Natiqin məqaləsindən.
“Hal şahidi”nin buynuzu
Qurban bəy peşəkar hüquqşünasdı və bu bacarığından istifadə edərək məqalənin mahiyyətin kiçildərək yazımda Səxavəti “hal şahidi” kimi göstərməyimə böyük diqqət ayırıb və bütün əsas problemləri gözardı edərək bu “səhvi” qabardıb. Bununla məni haqsız, ədalətsiz elan edir. Qurban bəy, ola bilsin ki, işlətdiyim “hal şahidi” ifadəsi “cinayət prosessual məcəllə”nin anlayışları ilə tərs gəlir, amma siz də yaxşı bilirsiniz, mən məhkəmə hökmü, yaxud ittiham yazmamışam. Bu publisistikadır, burda sizin də tez-tez istifadə elədiyiniz təşbehlər, metaforalar nəinki məqbuldu, hətta vacibdi. Əks halda, qəzet məqalələri də dönüb olar bizim qanunların dili və üslubu kimi quru, şablon və cansıxıcı. Səxavət ola bilər ki, qanunda göstərilən kimi hal şahidliyi eləməyib, amma bu onun əməlinin yaramazlığını dəyişmir ki.
Min bəhanə bir qabahəti yumaq gücündə deyil
Mənim etirazım, əsəbim nəyə idi, bunu yazmışam bir də təkrar edək. Dostunuzun imzası var. O imza atılan mətndə də yazılır ki, (daha ətraflı burdan oxuyun http://bit.ly/1AVCBFX) Muradın üstündən narkotik çıxıb, o narkotikin kimə məxsus olması barədə sualları cavablamayıb (siyasi sifariş və uydurma olduğundan) Səxavət də bu mətnin altına imza qoyub. İndi o və siz israr edirsiniz ki, bu imza Muradın üstündə narkotik çıxdığına görə deyil. Lap gözəl. Kor nə istər, iki göz! Biz də onu tələb edirdik ki, Səxavət gəlsin məhkəməyə desin, “ay xalq, mən imzanı Muradın ifadə verməkdən imtina etməsinə görə çəkmişəm, narkotik-filan görməmişəm”. Məhkəməyə gəlmədi, dəfələrlə çağırılsa da. Bəhanə uydurmaq lazım deyil, öz vəkil şərəfini qorumaq üçün adam Sabirabaddan Lənkarana lap piyada da gedərdi. Getmədi, eybi yox yenə də. Bəs, mətbuata açıqlama verməyə ona nə mane oldu?
Axı “Azadlıq” qəzeti ona belə bir çağırış eləmişdi! Ona görə bunu eləmədi ki, o, səhv və günahkar olduğunu bilirdi və həm də əmin idi ki, “Azadlıq” qəzetində çap olmasından sui-istifadə edə biləcək bir dostu Qurban Məmmədov var ki, Səxavətin yerinə 5 qat güclü məqalə yaza bilər, yazdı da.
Əziz oxucu, Murad Ədilov polisdə amansızlıqla döyülüb, vəhşilər ona hər cür fiziki və mənəvi işgəncə verib. O, bütün bunları mənə çatdırılmasını o “Lal Hüseyn”dən xahiş edib. “Lal Hüseyn” isə möhtəkirliklə bunu gizlədib. İzah edə bilirəmmi, məncə bu Fizikanın “Optika” bölməsi qədər mürəkkəb olmamalıdır axı? Bu adam işgəncəni gizlədib! Qurban bəy də bu namərdliyi, qanunsuzluğu gözəl istedadı ört-basdır etmək istəyir. Bununla da tək Murada deyil, bu bivec vəkilin ümidinə qalan 160 minlik sabirabadlının haqqını tapdalayır, çaşqınlıq yaradır. Beləliklə hər şey aydındı. Biz zərərçəkənik. Qardaşım türmədədir, onu şərləyiblər, fiziki zorakılığa məruz qoyublar, məndən də xəbəriniz var, cəlayi vətənəm. Bu ağır məqamda Qurban bəyi yanımızda görmədik. Əksinə o, “xəndəyin digər tərəfində olan Əbu Süfyana” qardaş dedi.
Xoş arzularla
Mənim indi bircə arzum var. Kaş Penitensiar Xidmətin ürəyində rəm olaydı, Qurban bəyin Murada qarşı yazdığ o məqalə çıxan sayımız, türməyə buraxılmayaydı. Həmin məqaləni oxuyanda Muradın keçirəcəyi sarsıntını təsəvvür belə eləmək istəmirəm.
Bu ağır yazını gözəl bir şeirlər başladığım kimi elə o ahəngdə də bitirək ki, nisgilli qəlbimiz bir az aram tapsın.
Cürmümüz noldu ki, bizdən eylədin bizarlıq?
Biz ğəmin çəkdik, sən etdin özgəyə qəmxarlıq?
Sizdə adət bumudur? Böylə olurmu yarlıq?
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin!?
Facebook səhifəmdə paylaşdığım status:
12 iyun 2015-ci il
Qurban Məmmədov “Mənim indi bircə arzum var. Kaş Penitensiar Xidmətin ürəyində rəhm olaydı, Qurban bəyin Murada qarşı (???–bu, sadəcə, duyğu sümürüsüdür, indi də məni şərləmək yolu tutubsan, guya Muradın əleyhinə məqalə yazmışam) yazdığı o məqalə çıxan sayımız, türməyə buraxılmayaydı. Həmin məqaləni oxuyanda Muradın keçirəcəyi sarsıntını təsəvvür belə eləmək istəmirəm.” Bu sözlər sənindir, dost.
Bu sayın necə, Murada çatmasını istərdinizmi, Natiq bəy!
Bunu oxuyan Murad onsuz da mənim məqaləmdən xəbər tutacaq, deməli, bu fikrinizdə səmimi deyilsiniz. İndiki halda Sizi Murada olan sevginiz yox, hikkəniz idarə edir.
Mən Səxavət Məmmədovun şəxsən oğlumun toyunda məndən israrla etdiyi xahişə əsasən, bu mövzuya bir daha qayıtmayacağam.
Ancaq Sizin bu məqaləni şəxsən öz profilimdə yaymaqla bizi gözləyən təhlükədən hamını xəbərdar etməyi özümə borc bilirəm.
“Azadlıq” qəzetinin, Sizin, bu başdan ayağa təhqir, böhtan, şərlə dolu məqalələrinizi həvəslə yayması onun sübutudur ki, insan haqları, hüquqlar, mənəviyyat və s. yüksək dəyərlərdən ağız dolusu danışması səmimi deyil. Sizinlə hər şey aydındır.
“Əbu Süfyanın dostu” kimi əminəm ki, Siz kor bir kin-küdurətin, səbəbi məlum olmayan bir yanılmanın əsiri olmusunuz. Bəs qəzet? O ki bir məqaləni dərc edəndə insanların şərəf və ləyaqətini qorumalı, nəzərə almalı, gözləməli, buna hörmət etməyə borclu olduğunu unutmamalıdır. Sizin bu yazıları oxuyan vətəndaşlarımız nə düşünməlidirlər? Bizim kimi təmsilçiləri olan bir müxalifətin, “AZADLIQ” kimi qəzeti olan bir camıyənin hakimiyyətə gələ biləcəyi onları qorxutmurmu? Əminəm ki, bütün bu baş verənləri görən sadə vətəndaş iki əlini göylərə doğru ucaldıb : “İlahi, bizi belə münafiqlərdən, demokratiyadan, insan haqq və hüquqlarından dəm vurub ilk fürsətdəcə başqalarını mənən məhv etməkdən zövq alan belələrindən özün qoru! Bizi bunların ümidinə buraxma, ALLAHım !!!” –deyə, yalvarır.
“AZADLIQ” qəzeti bütün keçmiş xidmətlərinə baxmayaraq, başqasının şərəf və ləyaqətini alçaldan (“işgüzar nüfuz”u demirəm, çünki, həqiqətən də, bir peşəkar öz peşəsinə xəyanət edirsə, onun işgüzar nüfuzuna dəyən ziyanda günahkar özüdür), təhqir və sübutu mümkünsüz olan fakt və böhtanla dolu olan belə məqalələri dərc etməməlidir. Sağlam tənqid, səmimi irad başqadır, Sizinki kimi söyüş-təhqir başqa.
Birisi öz abrına, tərbiyəsinə, xarakterinə, siyasi mövqeyinə və tapındığı dəyərlərə görə “AZADLIQ”ı məhkəməyə vermirsə, bu o demək deyil ki, qəzet də Sizə qoşulub qanunları pozmalıdır. Mən “AZADLIQ”ın bu hərəkətinə etirazımı bildirməyi zəruri hesab edirəm. Çünki Sizinlə qəzetin indiki formada olan bu iş birliyi ümumi işimizə ziyan vurur, xalqımızı müxalifətdən uzaqlaşdırır, haqlı olaraq bizdən qorxub çəkindirir və bizləri meydanda tək buraxmağa səbəb olur.
Qələm intiqam almaq, öz hikkəsini yeritmək, başqalarını təhqir etmək və əzmək, məhv etmək, basıb keçmək üçün deyil, xalqa xidmət üçündür.
ALLAH Cəlil Məmmədquluzadəyə rəhmət eləsin. “AZADLIQ”ın bu hərəkətləri onun ruhunu yerindən oynadıb, narahat edib mütləq.
Siz məni “Əbu Süfyanın dostu” yox, lap özü də hesab edə bilərsiniz, bu heç nəyi dəyişmir: Siz və “AZADLIQ” qəzeti hörmətli vəkil, 160 minlik Sabirabad camaatının müdafiəsində ləyaqətlə dayanan Səxavət Məmmədova böhtan atırsınız, təhqir edirsiniz və şərləyirsiniz. Bununla da nə Muradın müdafiəsinə, nə Azərbaycanda hər gün pozulmaqda olan insan haqqlarının müdafiəsinə, nə də vəkilliyin inkişafına xidmət edirsiniz. Olsa-olsa öz hikkənizə, ram edə bilmədiyiniz, idarə edə bilmədiyiniz “eqo”nuza, eqoizminizə, heç bir əsası olmayan nifrətinizə qulluq edirsiniz, xarakter qüsurunuzu yemləyirsiniz.. Bu isə çox zərərlidir. Bunu dəqiq bilirəm, çünki vaxtilə mən özüm də eyni qüsurlardan əziyyət çəkmişəm.
Bizi belə görüb indiki rejimin ətəyindən dörd əllə yapışan millətimizi qınamağa haqqımız yoxdur. Bir məqalə də yazın, söyün, təhqir edin, ürəyinizi istədiyiniz kimi boşaldın, bəlkə, Muradın müdafiəsində bir qatqınız oldu. Ancaq çətin !
Səhv yoldasan, əziz dost !!! Bunu Sizə səmimi deyirəm.
İşgəncə faktını “gizlətmək” (bu onun imkanları xaricindədir) yox, sənə “xəbər verməməkdə”, bir köhnə dostun kimi, Səxavəti qınaya (söymək, təhqir etmək, böhtan atmaq, şərləmək, aşağılamaq yox) bilərsən. Qalan bütün yazdıqların şər və böhtandır, təhqirdir.
ALLAH günahından keçsin. ALLAH özü səni bu etdiklərinə görə bağışlasın, Səxavət, onsuz da səndən incimir, qardaş yanğısından dolayı nələr hiss etdiyini yaxşı başa düşür. O, həqiqətən, böyük insandır.
“Əbu Süfyanın qardaşı” kimi səni bir imam övladı kimi bağrıma basıram, sənə səbr, dözüm, uğurlar arzulayıram.
P.S. Bu məqalənizdən bircə gün sonra toyu olan oğlum məndən Əbu Süfyanla qohumluq dərəcəmizi soruşdu, mən də izah etdim.::::)))) Təşəkkürlər, dost!!!
P.S. buradakı “Siz” və “sən” ləri düzgün “oxumağa” çalış.
Bu sayın necə, Murada çatmasını istərdinizmi, Natiq bəy!
Bunu oxuyan Murad onsuz da mənim məqaləmdən xəbər tutacaq, deməli, bu fikrinizdə səmimi deyilsiniz. İndiki halda Sizi Murada olan sevginiz yox, hikkəniz idarə edir.
Mən Səxavət Məmmədovun şəxsən oğlumun toyunda məndən israrla etdiyi xahişə əsasən, bu mövzuya bir daha qayıtmayacağam.
Ancaq Sizin bu məqaləni şəxsən öz profilimdə yaymaqla bizi gözləyən təhlükədən hamını xəbərdar etməyi özümə borc bilirəm.
“Azadlıq” qəzetinin, Sizin, bu başdan ayağa təhqir, böhtan, şərlə dolu məqalələrinizi həvəslə yayması onun sübutudur ki, insan haqları, hüquqlar, mənəviyyat və s. yüksək dəyərlərdən ağız dolusu danışması səmimi deyil. Sizinlə hər şey aydındır.
“Əbu Süfyanın dostu” kimi əminəm ki, Siz kor bir kin-küdurətin, səbəbi məlum olmayan bir yanılmanın əsiri olmusunuz. Bəs qəzet? O ki bir məqaləni dərc edəndə insanların şərəf və ləyaqətini qorumalı, nəzərə almalı, gözləməli, buna hörmət etməyə borclu olduğunu unutmamalıdır. Sizin bu yazıları oxuyan vətəndaşlarımız nə düşünməlidirlər? Bizim kimi təmsilçiləri olan bir müxalifətin, “AZADLIQ” kimi qəzeti olan bir camıyənin hakimiyyətə gələ biləcəyi onları qorxutmurmu? Əminəm ki, bütün bu baş verənləri görən sadə vətəndaş iki əlini göylərə doğru ucaldıb : “İlahi, bizi belə münafiqlərdən, demokratiyadan, insan haqq və hüquqlarından dəm vurub ilk fürsətdəcə başqalarını mənən məhv etməkdən zövq alan belələrindən özün qoru! Bizi bunların ümidinə buraxma, ALLAHım !!!” –deyə, yalvarır.
“AZADLIQ” qəzeti bütün keçmiş xidmətlərinə baxmayaraq, başqasının şərəf və ləyaqətini alçaldan (“işgüzar nüfuz”u demirəm, çünki, həqiqətən də, bir peşəkar öz peşəsinə xəyanət edirsə, onun işgüzar nüfuzuna dəyən ziyanda günahkar özüdür), təhqir və sübutu mümkünsüz olan fakt və böhtanla dolu olan belə məqalələri dərc etməməlidir. Sağlam tənqid, səmimi irad başqadır, Sizinki kimi söyüş-təhqir başqa.
Birisi öz abrına, tərbiyəsinə, xarakterinə, siyasi mövqeyinə və tapındığı dəyərlərə görə “AZADLIQ”ı məhkəməyə vermirsə, bu o demək deyil ki, qəzet də Sizə qoşulub qanunları pozmalıdır. Mən “AZADLIQ”ın bu hərəkətinə etirazımı bildirməyi zəruri hesab edirəm. Çünki Sizinlə qəzetin indiki formada olan bu iş birliyi ümumi işimizə ziyan vurur, xalqımızı müxalifətdən uzaqlaşdırır, haqlı olaraq bizdən qorxub çəkindirir və bizləri meydanda tək buraxmağa səbəb olur.
Qələm intiqam almaq, öz hikkəsini yeritmək, başqalarını təhqir etmək və əzmək, məhv etmək, basıb keçmək üçün deyil, xalqa xidmət üçündür.
ALLAH Cəlil Məmmədquluzadəyə rəhmət eləsin. “AZADLIQ”ın bu hərəkətləri onun ruhunu yerindən oynadıb, narahat edib mütləq.
Siz məni “Əbu Süfyanın dostu” yox, lap özü də hesab edə bilərsiniz, bu heç nəyi dəyişmir: Siz və “AZADLIQ” qəzeti hörmətli vəkil, 160 minlik Sabirabad camaatının müdafiəsində ləyaqətlə dayanan Səxavət Məmmədova böhtan atırsınız, təhqir edirsiniz və şərləyirsiniz. Bununla da nə Muradın müdafiəsinə, nə Azərbaycanda hər gün pozulmaqda olan insan haqqlarının müdafiəsinə, nə də vəkilliyin inkişafına xidmət edirsiniz. Olsa-olsa öz hikkənizə, ram edə bilmədiyiniz, idarə edə bilmədiyiniz “eqo”nuza, eqoizminizə, heç bir əsası olmayan nifrətinizə qulluq edirsiniz, xarakter qüsurunuzu yemləyirsiniz.. Bu isə çox zərərlidir. Bunu dəqiq bilirəm, çünki vaxtilə mən özüm də eyni qüsurlardan əziyyət çəkmişəm.
Bizi belə görüb indiki rejimin ətəyindən dörd əllə yapışan millətimizi qınamağa haqqımız yoxdur. Bir məqalə də yazın, söyün, təhqir edin, ürəyinizi istədiyiniz kimi boşaldın, bəlkə, Muradın müdafiəsində bir qatqınız oldu. Ancaq çətin !
Səhv yoldasan, əziz dost !!! Bunu Sizə səmimi deyirəm.
İşgəncə faktını “gizlətmək” (bu onun imkanları xaricindədir) yox, sənə “xəbər verməməkdə”, bir köhnə dostun kimi, Səxavəti qınaya (söymək, təhqir etmək, böhtan atmaq, şərləmək, aşağılamaq yox) bilərsən. Qalan bütün yazdıqların şər və böhtandır, təhqirdir.
ALLAH günahından keçsin. ALLAH özü səni bu etdiklərinə görə bağışlasın, Səxavət, onsuz da səndən incimir, qardaş yanğısından dolayı nələr hiss etdiyini yaxşı başa düşür. O, həqiqətən, böyük insandır.
“Əbu Süfyanın qardaşı” kimi səni bir imam övladı kimi bağrıma basıram, sənə səbr, dözüm, uğurlar arzulayıram.
P.S. Bu məqalənizdən bircə gün sonra toyu olan oğlum məndən Əbu Süfyanla qohumluq dərəcəmizi soruşdu, mən də izah etdim.::::)))) Təşəkkürlər, dost!!!
P.S. buradakı “Siz” və “sən” ləri düzgün “oxumağa” çalış.