“Üsyankar səfir” yeni müraciət yaydı: “Millətimizin səbri artıq tükənib”

  “AZADLIQ”

Azərbaycandakı diplomatik qalmaqal Avropa mediasına çıxdı; Bakıda isə Arif Məmmədova qarşı yeni ittiham irəli sürüldü
Uzun illər Azərbaycanın Avropa Şurası, ardınca da Avropa Ittifaqındakı səfiri olmuş, hazırda isə Islam Konfransı Təşkilatının Avropa Birliyindəki missiyasına rəhbərlik edən Arif Məmmədovun Bakıdakı yanğından sonra məmurları tənqid etməsilə “diplomatik xəyanət” qalmaqalı artıq Avropa mediasında da müzakirə mövzusuna çevrilib. “Azad Avropa” radiosu “Azərbaycanlı diplomatın ”facebook”da hökuməti tənqid etməsi qalmaqal yaradıb” başlığıyla geniş bir material yayımlayıb. Materialın tərcüməsini təqdim edirik:
“Bakıda yaşayış binasında çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla əlaqədar azərbaycanlı diplomat hökuməti açıq şəkildə tənqid edəndən sonra çox pis vəziyyətə düşüb.
Islam Konfransı Təşkilatının Avropa Birliyindəki missiyasının rəhbəri Arif Məmmədovun “facebook”da yazdıqları nəticəsində yaranmış qalmaqalla əlaqədar Azərbaycan Xarici Işlər Nazirliyi daxili araşdırmalara başlayıb.
Yanğın nəticəsində 15 nəfərin həlak olması Bakı sakinlərini qəzəbləndirdi, bu ay Bakıda keçiriləcək Avropa Oyunları ilə əlaqədar şəhərin gözəlləşdirilməsi cəhdləri kəskin tənqid olundu.
“Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbrli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar”, – deyə Arif Məmmədov “facebook” səhifəsində yazıb.
Bakıda rəsmilər iddia edir ki, baş vermiş yanğına səbəb binanın üzlənməsində istifadə olunan materialın tezalışan olmasıdır.
Hökumətyönlü veb-sayt olan “haqqın.az” iyunun 3-də yayımlanmış məqalədə Məmmədovu “xəyanətkar”, “müxalifətin yeni fəalı” kimi qələmə verib. Sayt eyni zamanda, Xarici Işlər Nazirliyinin daxilində hökumət əleyhinə qruplaşmanın üzvləri kimi təqdim etdiyi başqa diplomatların adlarını çəkib. Azərbaycandakı Kütləvi Informasiya Vasitələri belə bir ehtimal irəli sürüblər ki, Arif Məmmədovun yuxarıda qeyd olunan statusunu “bəyənən” azərbaycanlı diplomatlar deməli, hökumətə qarşı olan qruplaşmanın üzvləridir.
Xarici Işlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bu məsələ ilə bağlı açıqlamasında bildirib ki, “Arif Məmmədov həqiqətən belə bir addım atıbsa, bu, qəbuledilməzdir, məsuliyyətsizlik və qeyri-peşəkarlıqdır”. Hərçənd, Arif Məmmədovun həmin statusunu bəyənənlər sırasında Hikmət Hacıyev də olub. Lakin “Azad Avropa” dəqiqləşdirmə aparmayıb ki, bu, həmin Hikmət Hacıyevdir, yoxsa yox.
Bundan əvvəl Azərbaycanın Avropa Şurasında, ardınca da Avropa Ittifaqındakı missiyasının rəhbəri olmuş Arif Məmmədov iyunun 3-də bu məqalələr yayımlanandan sonra “facebook” səhifəsində cavab verərək yazıb: “Prezidentin son günlər dediklərini təkrarladığım üçün ”haqqin.az” saytında ünvanıma axıdılan böyük çirkab seli məni hədsiz təəccübləndirib”.
***
Bu arada, Arif Məmmədovun ünvanına yeni ittihamlar səslənir. Strasburqdakı türk diasporunun lideri Mustafa Alıncan onu mənimsəmədə ittiham edib. Bu barədə “virtualaz.org” məlumat yayıb.
“Mən Arif Məmmədov haqqında mətbuatda son vaxtlar yayılan məlumatların nə qədər səhih olduğunu söyləyə bilmərəm. Bunu isə dəqiq bilirəm ki, Strasburqdakı ”Azərbaycan evi” məhz Arif Məmmədovun günahı ucbatından bağlandı. Arif Məmmədov “Azərbaycan evi”nə gedib-gələn insanlardan yalançı, saxta donoslar yazırdı. Eyni zamanda “Azərbaycan evi”nin saxlanması üçün toplanan pulları mənimsəyirdi”, – deyə Mustafa Alıncan bildirib.
Azərbaycanda da hakimiyyət təmsilçiləri və iqtidara yaxın mətbuat Arif Məmmmədov haqqında xoşagəlməz ifadələr işlətməkdə, onu dövlətə xəyanətdə suçlamaqda davam edir.
Arif Məmmədov isə iyunun 5-də facebook səhifəsində xalqa müraciət edərək barəsində yazılanlara cavab verib. Müraciəti olduğu kimi təqdim edirik:

“Əziz dostlar, bacı və qardaşlar, uca Azərbaycan xalqı!
Bu gün (5 iyun – red.) günün ikinci yarısından mənə qarşı hücumlar yenidən başladı. Murzilkada, murzilkaçılar nazir Məmmədyarovla olan şəkildən tutaraq bütün digər faktlar yalandı. Mənim belə kostyumum yoxdur və heç zaman olmayıb. Fikir versəniz, aydın görünür ki şəkil fotomontajdır. Elə məqalədən göturülən (qeyd: Avropa Şurasında çıxışım) şəkildi və kiminsə şəklinə yapışdırılıb. Siz bu qədər axmaqlıq və səriştəsizliyi hardasa görmüsünüzmü?
Uca Allahımız bizdən səbrli olmağımızı istəyir. Amma deyəsən, millətimizin səbri artıq tükənibdir. Baş əyirəm mənim sevimli xalqımın qarşısında”.

Güman ki, Arif Məmmədov özünə qarşı hücumların yenidən başladığını yazarkən, jurnalist Eynulla Fətullayevin 5 iyunda öz saytlarında (haqqın.az və virtualaz.org) “Elmar Məmmədyarov İlham Əliyevə qarşı çıxan qüvvələri gizlədir?” başlığı ilə dərc etdiyi məqaləni nəzərdə tutur. Yazıda Arif Məmmədov yenə də “qiyam qaldırmaqda” ittiham olunur. Bundan başqa müəllif diplomata özünü necə aparmalı olduğu haqda bir növ, dərs keçməyə qalxır, daha doğrusu onun susmalı olduğunu hökm edir. Yazının qayəsini isə xarici işlər naziri Elmar Məmmədyarovun Arif Məmmədovu qoruduğu haqda iddia təşkil edir. Buna görə nazir mühakimə olunur. Arif Məmmədovun facebook səhifəsindəki xalqa müraciətində dediyi şəkillər də həmin yazıda yerləşdirilib.
Həmin şəkilləri təqdim edirik:
“Azadlıq” qəzeti olaraq Arif Məmmədova qarşı təxribatda istifadə olunan fotonun orjinalını da təqdim edirk
 0 267

 4,012 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir.