“AZADLIQ”
- ÇƏRŞƏNBƏ AXŞAMI, 19 MAY 2015 08:36
Baş verənlər Azərbaycana sərmayə yatırmağa hazırlaşan əcnəbi investorlar və yerli iş adamları üçün ciddi risklər yaradıb
Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevə yaxın olduğu bildirilən şəxslərin bu bankdan götürdükləri çox böyük məbləğdə kredit borclarına görə həbsi gündəmin əsas müzakirə mövzusu olaraq qalır. Bu həbslər banklardan iri kreditlər götürmüş başqa sahibkarları da qorxuya salmaqla yanaşı, ümumiyyətlə, bu ölkədə bizneslə məşğul olanlar üçün də ciddi risklər yaradıb.
Son bir həftədə baş verənlər, o cümlədən bank sektorunda yaranmış problemlər heç şübhəsiz ki, ölkədə qeyri-neft sektorunda fəaliyyət göstərmək niyyəti olan və ÿbu sahəyə ÿsərmayə yatırmağa hazırlaşan xarici investorların planlarına da təsirsiz ötüşməyəcək. Başqa sözlə, bu son hadisələr ölkədən kapital axınına gətirib çıxara bilər.
Onu da qeyd edək ki, “Beynəlxalq Bank”la bağlı son vaxtlar həyata keçirilən həbslərin yalnız bir hissəsi ictimaiyyətə məlumdur. Çünki həbs olunanların tam siyahısı müvafiq dövlət qurumları tərəfindən gizlədilir. Ictimaiyyətə məlum olanlar da sadəcə, medianın özəl mənbələr hesabına əldə edib yaydığı məlumatlardır.
Bütün bu baş verənlər Azərbaycandakı kiçik və orta sahibkarlıq üçün hansı nəticələrə gətirib çıxara bilər?
“Hakimiyyət elə bir vəziyyət yaradıb ki, cinayət törətmədən yaşamaq çətin məsələyə çevrilib”
Tanınmış hüquqşunas Müzəffər Baxış deyir ki, kimliyindən, hansı nüfuz sahibi, hansı vəzifə tutmasından asılı olmayaraq, cinayət törətmiş şəxs məsuliyyətə cəlb olunmalı, cəzalandırılmalıdır. Amma əməliyyatlar zamanı ayrı-seçkiliyə yol verilməməlidir: “Imtiyazlardan istifadə edərək müəyyən kreditlər alıb geri qaytarmayan şəxslərin hər biri məsuliyyətə cəlb edilməlidir. Külli miqdarda kredit borcu olanların, həmçinin başqa iqtisadi cinayətlər törədən iş adamlarının cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması doğru yanaşmadır. Amma Azərbaycan hakimiyyəti elə bir vəziyyət yaradıb ki, hər hansı cinayət törətmədən yaşamaq çətin məsələyə çevrilib. Amma nə olursa olsun, şəxs cinayət törədibsə, zamanında cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
Müzəffər Baxış son həbslərin ölkənin biznes mühitinə təsiri, sahibkarlıqla məşğul olan şəxslər üçün yaradacağı nəticələr barədə də danışıb: “Konkret cinayət törədən şəxs düşünməlidir ki, onu nə vaxtsa məsuliyyətə cəlb edəcəklər. Amma kimlər ki, cinayət törətmədiyi halda həbs edilir, bu hal sözsüz ki, qorxu mühiti yaradacaq. Məsələn, ölkəmizdə siyasi məhbuslar var ki, onlar heç bir cinayət tərətmədikləri halda məhbəs həyatı yaşayırlar. Indiki vəziyyətdə isə saxlanılan bu iş adamlarının törətdikləri cinayətlər göz qabağındadır və bu əməliyyatlar qanun çərçivəsində davam etdirilməlidir”.
“Bu gün saxlanılanlar Əliyevin vasitəsilə milyardlara sahib olublar…”
Digər bir tanınmış hüquqşunas Qurban Məmmədov isə müəyyən imtiyazlarla iş adamı təəssüratı yaratmış adamların son günlər saxlanılması və ya həbsinə hüquq müstəvisindən baxmağı məqbul saymır. Onun sözlərinə görə, saxlanılan şəxslər sərvətlərini hüquqi yolla əldə etmədikləri üçün onlara göstərilən təzyiqlərə də hüquqi müstəvidə qiymət vermək düzgün olmazdı: “Hər kəsə bəllidir ki, həbs olunan iş adamları prezident Ilham Əliyevin vasitəsilə milyonlara və milyardlara sahib olublar. Bu gün də yaranan maliyyə sıxıntıları hakimiyyəti iş adamlarından vaxtilə verdiyi kreditlərin geri almağa vadar edir. Biz vaxtilə Milli Şura adından dəfələrlə bəyanatlar verib iş adamlarına müraciətlər etmişdik ki, onlar cinayətkar aləmdən ayrılsınlar, cinayətkar rejimlə əməkdaşlıq etməsinlər, xalqa dəstək versinlər. Iş adamlarına dəfələrlə bildirdik ki, xalqın etiraz mitinqlərinə dəstək versinlər, dövlətimizin gələcəyini təminat altına ala bilək. Amma təəssüf ki, onlar bizi eşitmədilər və bu gün öz talelərini yaşayırlar”.
Qurban Məmmədov onu da vurğulayıb ki, bu həbslər qanun çərçivəsində fəaliyyət göstərənlər üçün heç bir xof yaratmamalıdır: “Iş adamları yaxşı anlayır ki, kimlər bu təzyiqlərin qurbanına çevrilir və kimlərin başına nə gələ bilər. Aydındır ki, bu gün ciddi iqtisadi böhran yaşandığı üçün hakimiyyət xalqın qəzəbinə tuş gəlməkdən ehtiyatlanır. Baş verən hadisələr məhz bunun göstəricisidir. Amma belə bir vəziyyətdə başqa bir sual yaranır ki, hakimiyyət milyardlarla manat vəsaiti mənimsəyən adamları niyə indiyə kimi məsuliyyətə cəlb etməyib? Niyə indiyədək baş verən bu qanunsuzluqlara göz yumulub? Göründüyü kimi, hakimiyyət bu əməliyyatlarla, əslində, öz mahiyyətini bir daha ifşa etmiş oldu”.