«Günahkarlar cəzalandırılmayacaqsa, o zaman xalq üsyanının baş verəcəyinə heç kimin şübhəsi olmasın»
Qurban Məmmədov: «İlham Əliyevə onu aldadan məmurun kimliyi bəllidirsə və o, bu istiqamətdə tədbir görmürsə, deməli, dediklərində səmimi deyil»
Azərbaycan hakimiyyətinin avtoritar mahiyyəti beynəlxalq aləmdə ona qarşı birmənalı mövqeyin, münasibətin yaranmasına səbəb olub. Azərbaycan hakimiyyəti ilə təmasda olan diplomatların, xarici dövlətin təmsilçilərinin ciddi tənqidlə üzləşdiyi birinci dəfə deyil baş verir. ATƏT-in Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyət mandatının dayandırmasının səbəbi onun I.Əliyevlə xatirə şəkili çəkdirməsi olub. Bundan əvvəl də I.Əliyevlə görüş keçirən xarici diplomatlar bu cür sərt reaksiya ilə üzləşmişdilər. Bunlara misal olaraq Ingiltərə şahzadəsinin, Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin üzləşdiyi problemləri göstərmək olar.
Müsahibimiz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquqşünas Qurban Məmmədovdur.
Ona ilk sualımız elə girişdə vurğuladımız məsələ ilə bağlı oldu.
– Beynəlxalq aləm uzun müddətdir sistemli olaraq hakimiyyətə qarşı müəyyən tələblər irəli sürürdü. Siyasi məhbusların buraxılması, demokratiya və insan haqları ilə bağlı istəklər nəzərə alınmadı. Və belə görünür, bu qərara gəlinib ki, Azərbaycan hakimiyyəti ilə sivil davranış üsulları nəticə vermir. Bütün bunlar beynəlxalq təhdidlərin tərkib hissəsidir. Bundan da qurtulmağın tək yolu Azərbaycanda inhisarın, korrupsiyanın, rüşvətin yığışdırılmasıdır. Çıxış yolu insan kimi yaşayıb, ölkəni insan kimi idarə etməkdən keçir.
“Tədbir görmək əvəzinə Ilham Əliyev məni həbs elətdirdi”
– Ilham Əliyevin son çıxışlarında iki maraqlı fikir səslənib. Yanan bina ilə bağlı keçirilən müşavirədə o bildirdi ki, bu vaxta qədər ona yanlış məlumat verilib. Daha bir maraqlı fikir dövlətin inkişaf etməsi üçün ictimai nəzarətin həyata keçirilməsinin vacib olduğu ilə bağlıdır. Bu iki bəyanat hansı səbəbdən səsləndirilib?
– Ilham Əliyevə qarşı qərəzli mövqe göstərmək istəsəm, deyərdim ki, o yalan deyir. Çünki Ilham Əliyev əvvəl bildirmişdi ki, onun ölkədə baş verən hər bir şeydən xəbəri var. Mən inanıram ki, Ilham Əliyev düz deyir və onu aldada bilərlər. Bu dünyada təkcə Azərbaycanın dövlət başçısını aldatmırlar. Dünyanın bütün prezidentlərinə qarşı onların tabeliyində olan məmurlar belə addım ata bilərlər. O cümlədən Ilham Əliyevə qarşı. Amma burada bir məqamı xüsusi vurğulamaq lazımdır. Ilham Əliyevə onu aldadan məmurun kimliyi bəllidirsə və bu istiqamətdə o tədbir görmürsə, deməli, dediklərində səmimi deyil. Məni aldadan məmuru elə cəzalandıraram ki, bu başqalarına dərs olsun. Ikincisi, ictimai nəzarətin gücləndirilməsi ilə bağlı deyilənlərə gəlincə, bu barədə sosial şəbəkələrdə yazmışam. Bu daha çox “ictimai işverənlik” demək olacaq. Əgər biz ciddi siyasi mövqe bildiririksə, deməli, Ilham Əliyev dolayısı ilə xalqa mesaj verir ki, mənə kömək, xalqın dəstəyi lazımdır. Əgər bir ölkə başçısının arxasında ictimai nəzarət dayanmırsa, o, başqa qüvvələrə tabe olmağa məcburdur. Mən arzu edərdim ki, sonuncu fikirlər səmimi olsun. Amma 2011-ci ildə Ilham Əliyev korrupsiyaya qarşı böyük kampaniya başlatdı. Mən, Qurban Məmmədov olaraq, Ilham Əliyevin şəxsi poçtuna hansı idarələrdə korrupsiyanın olduğunu faktlarla yazıb göndərdim. Məsələn, Dövlət Reyestr Xidmətində artıq iyirmi ildir ki, ciddi korrupsiya faktı var. “Forma 1″ deyilən sənədin dövlət rüsumu 10 manatdır. Amma bu idarə artıq iyirmi ildir ki, bu məbləğdən artıq rüşvət alır. Bu korrupsiya deyil, bəs nədir? Tədbir görmək əvəzinə, Ilham Əliyev məni həbs elətdirdi. Dəfələrlə yazmışam ki, Dövlət Reyestr Xidməti məhkəmə qərarlarını nəzərə almır. Əgər Ilham Əliyev səsləndirdiyi fikirlərdə səmimidirsə, müvafiq addımlar atsın. Əgər mən müraciətlərimə, siyasi məzmunlu çıxışlarıma görə həbs olunmuşamsa, Ilham Əliyevin səmimiyyətinə necə inanım? Amma o, fikirlərində səmimidirsə, mən bir müxalifətçi olaraq ona yardım etməyə, xalqa, ona dəstək verməsi üçün, müraciət ünvanlamağa hazıram. Ilham Əliyev tədbir görmək istəyini əməldə göstərməlidir, sözdə yox. Müşahidə etmişəm ki, nə zaman hakimiyyət nümayəndələri korrupsiya və rüşvətdən danışırlarsa, ölkədə həm korrupsiya, həm də rüşvət artır. Xalq hər şeyi görür və bilir. Ilham Əliyevin bəyanatlarını xalqın istək və arzularına uyğun saysam da onların reallığına inanmıram. Çünki hələ ortada əməli iş, nəticə yoxdur.
“Real günahkarlar həbs olunmalıdır”
– Yanan binayla bağlı qaldırılan cinayət işi hələ də gündəmdə qalır. Baş verənlər, açılan cinayət işi nəyi deməyə əsas verir? Faciəyə görə real məsuliyyət daşıyanlar cəzalandırılacaqmı?
– Binalara vurulan üzlükləri istehsal edən firmanın sahibi, ardınca da “JEK” müdiri həbs olunanda mən buna etiraz etdim. Burada günahkar başqa adamdır.
Ilham Əliyevin diqqətinə bir şeyi çatdırmaq istəyirəm. Qaradağ yolunun, müxtəlif kənd və qəsəbələrdəki yol kənarlarına çəkilən divarların üzü aqlay daşlarla örtüldüyü halda, yaşayış binasının nəyə görə yanğına davamsız material ilə üzlənməsi sual edilməlidir. Bu, Azərbaycan dövlətinə, xalqına qarşı çox böyük xəyanət və təxribatdır. Dövlət başçısı dərhal Azərbaycanda tikinti siyasətini yürüdən şəxsi həbs etdirməlidir. Bu qədər böyük naşılıq, savadsızlıq olmaz. Daşı yol kənarına, yanan materialı isə yaşayış binasına vurmaq yalnız qəsdin, şüurlu hərəkətin nəticəsi ola bilər. Bəlkə də araşdırma aparılarsa, bu, rusun və yaxud da erməninin təxribatıdır. Binaların üzlənməsi inhisarı kimdədirsə, bu şəxslər məsuliyyət daşıyırlar. Istehsalçı şirkət sabah deyə bilər ki, mən bunu yol kənarlarına, tövlələrə vurmaq üçün istehsal etmişdim.
– Hazırda yanğına dözümsüz üzlüklü binalar ildırım sürətilə sökülür. Ola bilərmi ki, hakimiyyət dairələri terror xəbərdarlığı aldığından tələsik binaların üzlərini sökürlər?
– Abid Şərifov kimi məmurlar xalqın taleyini qumara qoyublar. Çünki o, dövlət başçısını həvəsləndirirdi ki, üzlüklər qalsın, Avropa Oyunlarından sonra sökülər. Dövlət başçısı fərqli qərar verdi. Amma Abid Şərifov cəzalandırıldımı? Dövlət başçısına səhv məsləhətləri verən məmurlar nə vaxt cəzalandırılacaq?
“Necə olur ki, villalar barəsində heç kimin məlumatı yoxdur”
– “Dostluq” parkındakı villaların söküntüsü başladı. Nəticədə 42 villa söküldü. Amma şəhərin digər yerlərində də əzəmətli, qəsrlərə bənzər villalar var. Bəs qadağan olunmuş ərazidə tikilmiş həmin villalar barəsində niyə tədbir görülmür? Niyə məhz “Dostluq” parkındakı villalar hədəfə gəldi?
– Dövlət başçısının o faktla bağlı dedikləri məndə məyusluq yaratdı. Heç kim Ilham Əliyevdən bu cür çıxış gözləmirdi. Guya hər hansı bir villanın sahibi tapılmır və sair. Anlamadım, necə olur ki, DIN və digər müvafiq orqanlar müxalifətçi ilə bağlı bütün məlumatları, hətta onun yataq otağında nələrin baş verdiyini, hansı cibində narkotik olduğunu, kimi döyəcəyini— “xuliqanlıq edəcəyini” əvvəlcədən bilir, məlumat əldə edə bilirlər, amma bu villaların kimə məxsus olduğunu bilmirlər!? Bu ki gülüncdür. Bu, dövlət başçısına yaraşan məsələ deyil. Amma dövlət başçısı bunu səmimi şəkildə dilə gətirirsə, deməli, vəziyyət olduqca ciddidir. Bu o deməkdir ki, dövlət başçısını saymırlar. Onlar yaxşı bilirlər ki, kim hansı işlə məşğuldur.
Mən 28 ildir ki, istifadəmdə olan torpaq sahəsindəki toyuq “setkasını” dəyişən zaman buna icazə vermədilər. Dedilər ki, olmaz. Necə olur ki, Naxçıvan Muxtar Respublikasının, Azərbaycan rəhbərliyinin Qurban Məmmədovun “toyuq setkası” olan çəpərindən xəbəri var, amma bu villaların kimə məxsus olduğunu bilmirlər və prezidentə demirlər. Mən buna inanmıram və inanmaq da istəmirəm. Belədirsə, həmin sahələrə cavabdeh məmurlar, polislər, MTN əməkdaşları, icra hakimiyyətinin yerli nümayəndələri işdən azad edilsinlər. Yox, bunlar olmayacaqsa, o zaman Azərbaycanda xalq üsyanının baş verəcəyinə heç kimin şübhəsi olmasın.
“Iş adamlarının həbsi daxili ”razborkadır”, mafiya işidir”
– Iş adamlarının həbsi də gündəmdə olan məsələdir. Hakimiyyətə yaxınlıqları ilə seçilən bu şəxslər dövlət əmlakının mənimsənilməsində ittiham olunurlar. Amma bu iş adamlarının yuxarılarla əlaqələri mövcud durumla bağlı çoxlu suallar yaradır…
– Iş adamlarının həbsi əslində korrupsiyaya qarşı mübarizə planı deyil. Bu, daxili “razborkadır”, mafiya işidir. Ən dəhşətlisi odur ki, görün Azərbaycan dövləti nə qədər nəzarətsiz qalıb ki, uzun müddət dövlət xəzinəsini talayıblar. Axı altı milyard bir gün ərzində xərclənən pul deyil. Bu o deməkdir ki, ölkədə dövlət nəzarəti yoxdur. Dərhal inhisara son qoyulmalı, korrupsiya və rüşvətxorluq yığışdırılmalıdır. O zaman siz Azərbaycan manatının gücünə baxın. Amma hazırkı korrupsiya şəraitində Azərbaycan manatının arxasında istehsal, maddi nemətlər dayanmır. Iş adamlarının həbsi oğurlanmış pulların geri qaytarılmasına xidmət edir. Onlar görürlər ki, xəzinə boşalır, tezliklə əhaliyə əmək haqqı verə bilməyəcəklər və bu, ölkədə üsyana aparıb çıxaracaq. Ona görə bu cür addımlar atırlar. Əli Kərimlinin dediyi kimi, hətta bu adamların əməlində qanun pozuntusu varsa belə, onlarla sivil qaydada, qanunda nəzərdə tutulan formalarda mübarizə aparmaq lazımdır.
– Necə olur ki, QHT təmsilçiləri çox cüzi məbləğə görə sübut olunmadan həbsə atılırlar. Amma iş adamları iri məbləğin mənimsənilməsində ittiham olunsalar da, pulları alınandan sonra sərbəst buraxılırlar?
– Baş verən hadisələr qanun çərçivəsində cərəyan etmir. Təsəvvür edin, 480 manat dələduzluğa görə adama 3 il iş verirlər, amma milyonların mənimsənilməsində ittiham olunanlar sərbəst buraxılır. Azərbaycan faktiki olaraq hüquq müstəvisindən çıxıb. Azərbaycan artıq yazılı qanunlarla idarə olunmur. Azərbaycan uzun müddətdir ki, yazılmamış qanunlarla idarə olunur. Bu tip qanunların pozulmasına görə isə insanları məsuliyyətə cəlb edə bilməzlər. Amma mənimsənilən pulları kim qaytaracaq? Yanan binaya, sökülən binalara sərf edilən və əxlaqsız qadınlara villalar, bahalı xarici maşınlar alınmasına sərf edilən, xaricdə daşınmaz əmlakların alınmasına, təmtəraqlı həyat keçirməyə, eyş-işrətə xərclənən milyonları kim qaytaracaq? Təcili islahatlar aparılmalıdır. Bu baş verməzsə, nəticələr hamı üçün – dövlət, xalq, Ilham Əliyevin özü üçün də pis olacaq. İndiki durumdan çıxmaq istiqamətində xalqla-müxalifətlə dil tapılmazsa, vəziyyət pis olacaq.
– Milli Şuranın aksiyasında iştirak edənləri Siyavuş Novruzov “ağıldan kəm” adlandırıb. Bu cür yanaşmanı, təhqiri necə dəyərləndirmək olar?
– Siyavuş Novruzov düz deyir. Məhşur bir söz var. Əgər bu dünyada dəlilərin sayı çox olsaydı, indi ağıllı saydıqlarımız dəli rolunda çıxış edəcəkdi. Təbii ki, Siyavuş Novruzov kimi adamların mövqeyindən baxanda biz ağıllı görünmürük. Çünki onların cəbhəsində dəlilər və saxtakarlar, cinayətkarlar çoxluq təşkil edir. Onun ağlının məhsulu göz önündədir. Bizim tədbirlərə siyavuş kimilərinin verdiyi qiymətin mənası yoxdur. Sonda bilinəcək ki, kimin ağlı var, kimin isə yoxdur. Ağıl hər gün kabab yeməkdə, villaya sahib olmaqda, rejim sahibinə və özündən bir pillə yuxarı vəzifəli şəxsə yaltaqlanmaqda deyil. Əsl ağıllı olmaq xalqa qarşı aparılan siyasətə qarşı mövqe ortaya qoymaqdır.
“Elvin Abdullayev haqqın yolundadır”
– AXCP-nin gənc fəalı Elvin Abdullayev qondarma ittihamlarla 6 illik azadlıqdan məhrum edildi. Çıxarılan məhkəmə hökmü bir daha nələri sübut etdi? Hakimiyyət bununla siyasi məhbus problemini bir qədər dərinləşdirdi. Əslində Avropa Oyunları ərəfəsində Respublika Günü əfvin veriləcəyi gözlənilsə də, bu baş vermədi…
– Bu hakimiyyətin mahiyyətini yaxşı bilirəm. Onlar 28 may günü heç bir əfv verməyəcəkdilər. Bu rejim Rəsulzadə ilə bağlı istənilən bir günün xalqın yaddaşında qalmağının əleyhinədir. Elə müstəqilliyin də əhəmiyyətini millətdən gizlətmək üçün qəsdlə belə davranırlar. İndiki idarəçilik Azərbaycan xalqını, müstəqilliyimizi, millətimizi sevməyən insanların toplumudur. E. Abdullayevin həbsi isə Azərbaycan xalqını qorxu altında saxlamağa, xof müxanizmini gücləndirməyə xidmət edir. Bu qədər həbslər oldu. Kimi qorxuda bildilər? Məgər həbslərlə əqidə, ruh insanlarını qorxutmaq olar? Biz Məhəmməd (s.a.s) peyğəmbərin, Həzrəti Ömərin, Həzrəti Əlinin, Həzrəti Hüseynin, keçdiyi mübarizə yolunun nümayəndələriyik. Bizi həbs etməklə heç nəyə nail ola bilməzlər. Elvin də, biz də haqqın yolundayıq. Anası Zülfiyyə bacı demişkən, “aslan kimi oğlandır, Inşallah, aslan kimi yatıb, aslan kimi də azadlığa çıxacaq”. Onun haqqında bu qanunsuz qərarı verənlər isə ömrü boyları rahat yata bilməyəcəklər.
– Avropa Oyunları ilə bağlı şəhərə girişə məhdudiyyət qoyulub, sarı zolağa daxil olmağa görə cərimə tətbiq olunur. Bu qaydaları necə dəyərləndirmək olar?
– Düşünürəm ki, burada bir məqama xüsusi diqqət yetirmək lazımdır.
Əvvəla, qoyulan qaydalar vacibdir və belə böyük miqyaslı beynəlxalq tədbirin keçiriləcəyi ölkəmizdə bu, normaldır.
Ancaq.. Illərdir ki, zolaqlarla bağlı qanun-qaydalar mövcud olsa da, heç kim buna məhəl qoymurdu və məhz bu qaydanın pozulmasından büdcəyə cüzi pullar daxil olurdu. Amma cərimələrin dönmədən icra edilməsi insanları bu qaydalara əməl etməyə məcbur edib. Axı sağ zolaq boş olduğu halda avtomobili sol zolaqla idarə etmək qanunla qadağandır. Amma buna məhəl qoyan yox idi.
Buradan çıxan nəticələr:
- İnsanlar, eləcə də Azərbaycan xalqı cəzanın qaçılmazlığını görəndə qaydanı pozmaqdan imtina edir. Cəzanın sərtliyi yox, qaçılmazlığı önəmlidir.
- Deməli, bu günə qədər həmin qaydanın pozulması ilə bağlı alınan pullar-cərimələr DYP əməkdaşlarının cibbinə gedib. Buyurun, bu da prezidentə korrupsiya faktı.
Necə ki vətəndaşlara mövcud qaz, su, elektrik istehlakı ilə keçmişə görə pul hesablanır, anoloji obyektlətə görə vergi hesablanır, son cərimələrlə də bağlı (4 saata 20 min manatdan) DYP-nin bu günədək yediyi dövlət pullarını hesablamaq mümkündür.
Bu isə az məbləğ deyil.
Top of Form
Ilyas Achmedov Qurban memmedova eshq olsun.vetene bele ogullar lazimdi
Reply · Like · 1 · Follow Post · 4 hours ago
Ayxan Ismayilli · Top commenter · Baku, Azerbaijan
Qurban Məmmədov əsil Vətənpərvər,Dövlətinə və millətinə sədaqətli siyasətçidir.Sərdar kimi demoqogiyaşunas deyil.
Reply · Like · 1 · Follow Post ·
OLKENI XAOSA SURUKLEYEN MEMURLARIN QOHUMLUQ ELAQELERI,REGIONCULUQ EN BAWLICASI SOYSUZ,VETENSIZLERIN HAKIMIYYET,HOKUMET VE PARLAMENTI INHISARA ALMASIDI.ONLARIN DINI,IMANI,QURANI-KERIMI PARADIR
Reply · Like · 1 · Follow Post · 3 hours ago
Kerim B-ev · Top commenter · Baku, Azerbaijan
bu kiwi hemiwe sozun duzun deyir ona gorede bu wexse boyuik hormetim varkimlerse nelerse aldi durdu qiraqda bu adam ise yene haqli millet uqrunda ayaqda mubarizededir halal olsun uqurlar
Reply · Like · Follow Post · 59 minutes ago