Qurban Məmmədov: “Heydər Əliyev məsləhət gördü ki…”
Tanınmış hüquqşünas Qurban Məmmədov 1992-ci ilin may hadisələri zamanı cəmiyyət üçün qaranlıq qalan bəzi məqamlarla bağlı “Hürriyyət” qəzetinə maraqlı müsahibə verib.Moderator.az həmin müsahibəni təqdim edir:
-Qurban bəy, AXC 15 mayda hakimiyyətə gəlməsəydi, cəbhəçiləri hansı təhlükə gözləyirdi?
-14 may 1992-ci ildə Ayaz Mütəllibov yenidən hakimiyyəti zorla ələ almaq istəyi ilə parlament tribunasını yumruqlayanda, AXC rəhbərliyinin aydın bir qərarı, qətiyyətli planı yox idi. İdarə heyəti vəziyyəti müzakirə üçün yığışdı. “Nə etməli?” sualına hərə bir cür cavab verdi. Biri dedi: “gözləyək görək nə olacaq”. Digəri: “hansı qərar qəbul olunsa, icra etməyə hazıram ”— dedi. Mərhum Ə.Elçibəy o anda iclasda iştirak etmirdi, xəstələnmişdi, qardaşı evində idi. İclasa telefonla qatılırdı. Xeyli müzakirədən sonra fəal-radikal müqavimət tərəfdarları seçildi, yəni mövqelər aydınlaşdı. Pənah Hüseynov, Arif Hacılı və mən dirəniş göstərmək tərəfdarı olduq. Sonradan qalanlar da bu yolun yeganə vacib variant olduğunu qəbul etdilər. AXC qərargahının eyvanından mitinqi, səhv etmirəmsə, Yunus Oğuz aparırdı. Proseslər video lentə alınırdı. Yəqin ki, bu gün də AZ TV-nin fondunda, bəzi adamların şəxsi arxivlərində saxlanılır. Ancaq bu fəal dirənişin necə olacağı, nəticələri barədə tərəddüdlərim, şübhələrim var idi. Hakimiyyət üstündə qan tökməyə dəyərdimi? Bakının, paytaxtımızın və ümumiyyətlə, respublikamızın ictimai-siyasi, sosial həyatında bu hadisələr hansı izlər buraxa bilərdi, bu barədə, düzü, çox böyük narahtlıq keçirirdim. Yaranmış vəziyyətdə ən böyük problemimiz isə AXC qərargahının qarşısına toplanan insanların azlığı idi. Qüvvəmiz kifayət deyildi. Yəni prosesləri qansız, ciddi müqavimət görmədən, itki vermədən həll etmək üçün lazımi psixoloji üstünlüyümüz yox idi. Adamlarda qorxu yaranmışdı. Kütlədə tərəddüd var idi, bu da bizim xeyrimizə deyildi. Belə bir vəziyyətdə mən o vaxt Naxçıvan ALİ Məclisinin sədri olan H.Əliyevə zəng etmək, onun da görüşlərini almaq qərarına gəldim. Heç kimlə məsləhətləşmədən, öz təşəbbüsümlə dəstəyi qaldırdım. Köməkçisi ilk əvvəl məni qoşmaq istəmədi, sonra vəziyyəti izah etdikdən sonra qoşdu və bu dəfə də H.Əliyevin Ə.Elçibəylə danışmaq istədiyini bildirdi. Başa düşdüm ki, H.Əliyev mənimlə danışmaq istəmir. Niyəsini bilmirdim. Mən köməkçiyə vəziyyətin ciddiliyini bir daha izah etdim, Ə.Elçibəyin xəstə olduğunu, H.Əliyevlə danışa bilməyəcəyini, mən öz təşəbbüsümlə zəng etdiyimi və danışmaq istəmirsə, heç bir problem olmadan dəstəyi asa biləcəyimi dedikdən sonra mərhum H.Əliyevin səsi eşidildi: “salam Qurban bəy, eşidirəm, orada nə baş verir? …” Mən vəziyyəti ətraflı izah etdim, köməyə ehtiyacımız olduğunu dedim və onun özünü də Bakıya dəvət etdim. Sonralar eşitdim ki, Bakıya gəlməklə bağlı məsələni o vaxt Bakıda olan tərəfdarları ilə məsləhətləşib, həmin anda gəlməmək, “AXC-ni qabağa buraxmaq” qərarı veriblər. Ancaq aldığım bəzi məsləhətlər və məlumatlar bizə çox kömək elədi.
-Hansı məsləhətlər və məlumatlar?
-Əvvəla, H.Əliyev məsləhət gördü ki, kütləviliyi təmin etsək, Ayaz qaçacaq, çünki onu yaxşı tanıyır, qorxaq adamdır. Daha sonra bunları dedi: “müqavimət görsəniz, atəş açmayın. Hətta sizə atsalar, cavab verməyin, ikinci atəşə də atəşlə cavab verməyin. Üçüncüdən sonra isə qərarı özünüz verin. Bakıda dağıntılara imkan verməyin. Kütləni nəzarətdən çıxmağa qoymayın. Arxayın olun, rus qoşunları müdaxilə etməyəcək və Ayazı müdafiə etmək üçün Azərbaycana qoşun yeritməyəcək”. O vaxt şayiə yaymışdılar ki, rus qoşunları Dağıstan sərhəddində toplanıb, Ayazın işarəsini gözləyir, bu da tərəfdarlarımızda və xalqda tərəddüd, qorxu yaradırdı. Mən xahiş etdim ki, həm öz adından, həm də Naxçıvan Ali Məclisinin adından A.Mütəllibovun hərkətlərinin qanunsuz olduğu barədə bəyanat versinlər və dünya ictimaiyyətinə baş verənlər barədə müraciət etsinlər. Ən əsası isə, xahiş etdim ki, tərəfdarlarını bizə köməyə göndərsin, kütləviliyi təmin edək. Mənim bu telefon söhbətimi həmin anda otaqda olan hamı eşidirdi. Təbii ki, narazılıq edənlər də oldu ki, mən niyə özbaşıma H,Əliyevlə danışdım. Nəticələr göstərdi ki, mən o vaxt səhv etməmişəm. Niyə? Çox qısa bir müddətdə AXC-nin qarşısına insan seli toplandı. Deməli, siqnal verilmişdi. Bu hadisələrdən hərə bir cür nəticə çıxara bilər. Ən çox da AXC ilə H.Əliyevin o vaxtdan əməkdaşlıq etməsi barədə cəmiyyətdə yayılan səhv məlumatlar bu qəbildəndir. Məsələ burasındadır ki, həmin vaxt H.Əliyevlə AXC-nin maraqları üst-üstə düşmüşdü və bu zəruri “əməkdaşlığa” ehtiyacımız var idi. Bunu sübut edən, olmuş bir faktı qeyd etmək istərdim. Sonralar, əslən Naxçıvandan olan bir məmur, həmin vaxt bir rayonun icra başçısının müavini işləyirdi, danışırdı ki, Ayazın çıxışını AzTV-də görən kimi ailəsini götürüb Bakıdan çıxıb, gizlənmək üçün Novxanıya bağ evinə gedirmiş. Novxanı kəndinə çatanda fikirləşib ki, zəng edib həmyerlilərinin birindən vəziyyəti öyrənsin. Yol kənarında saxlayıb, tanımadığı bir şəxsin evinə girib və dostuna zəng edib. Ona deyilib ki, “ağsaqqal AXC-nin qabağına getməyi və kömək etməyi tapşırıb.” O da ailəsini elə oradaca, maşınında gəzdirdiyi ov tüfəngi ilə birlikdə həmin ailəyə tapşırıb geriyə qayıdıb, bizimlə birlikdə Milli Məclisə yürüşdə iştirak edib. Bütün bu reallıqlar, bizim xoşumuza gəlsə də, gəlməsə də faktdır, tarixin dərsləridir. Həqiqəti hamının olduğu kimi bilməsi faydalıdır. Mən AXC-nin eyvanından xalqa səsləndim, H.Əliyevlə söhbətimin vacib hissələrini kütləyə çatdırdım və öz adımdan açıq mətnlə, xalqı itaətsizliyə, Ayaz Mütəllibovun təyin etdiyi polis, prokuror və s, məmurlara tabe olmamağa, fəal müqavimət göstərməyə çağırdım.
– Bəs başqaları nə etdilər?
– Pənah bəy də ümumi qərar olmadan, şəxsi təşəbbüsü ilə telefonu qaldırıb rayon şöbələrimizə yerlərdə hakimiyyəti ələ almağa səslədi, konkret göstərişlər verdi, Arif Hacıyev və mən də bu qərara dəstək verdik. Ardınca İsgəndər Həmidov yürüş istiqamətlərini, kütlənin mühafizəsi planını, silahlıları hazırladı. Fəhmin Hacıyev də öz dəstəsi ilə hazır olduqdan sonra hərəkət başladı. İndi bəzi detalları unuda bilərəm. Ancaq vacib bildiklərimi xatırladığımı güman edirəm. Yürüşdən qabaq qərara alındı ki, A.Hacıyevlə mən qərargahın evakuasiyasını (texnika və sənədlərin etibarlı yerlərə daşınması) təşkil etməliyik. Mən o vaxt AXC sədrinin təşkilat işləri üzrə müavini idim və sənədlərin çoxu mənim nəzarətimdə idi. Həm də mən öz təşəbbüsümlə, bu gün də o vaxtkı AXC rəhbərlərinin çoxuna məlum olmayan bir iş görmüşdüm: AXC-nin bütün rayon təşkilatlarının ehtiyat heyətlərini hazırlamışdım və Ə.Elçibəydən başqa çox az adam bundan xəbərdar idi. Həm də AXC-nin sənədlərini üç nüsxə olmaqla çoxaltmışdım ki, ələ düşəndə heç olmasa biri qalsın. Onları müxtəlif yerlərdə gizlətməliydim. Qərar beləydi ki, ilk atəş səsini eşidən kimi evakuasiyanı başlayaq. Belə də oldu. 5-7 dəqiqəyə qəragahı boşaltdıq. 3 istiqamətə maşınları göndərdim. Özümsə bir maşınla əsas yerə getdim. Arif hHacıyev MM-in qarşısına qayıtsa da mən öz vəzifəmin icrasını davam etdirdim. Hər şey yaxşı qurtardı və həyat əvvəlki ahənginə döndü.
– Hər şey yaxşı qurtardısa, onda niyə istefa verdiniz AXC-dən?
– AXC-dən mənim istefam 14-15 may hadisələri ilə bağlı olmadı. 18 maydan başlayan hadisələr bu istefanı şərtləndirdi. Bizim “kölgə kabineti” barədə ümumi qərarımız var idi. Həmin qərara əsasən, Tofiq Qasımov parlament sədri olmalı, mən AXC-də qalmalı, oranı idarə etməliyidm ki, hakimiyyətin sosial bazası saxlanılsın və sairə. Ancaq elə həmin gecədən başlayaraq komanda oyununun qaydaları pozuldu. Sonra isə bu proseslər daha da dərinləşdi. 18 maydan başlayaraq hakimiyyətin müxtəlif pillələrini tutan “cəbhəçi” dostlarımız kadr siyasətində AXC-ni tam “oyundan kənar vəziyyət”ə saldılar. Təyinatlar dar bir qrupun maraqlarına tabe etdirildi. Hakimiyyətdə, siyasi təşkilatlanmanın qanunlarına zidd olaraq, “müsavatlaşdırma” başladı. AXC-nin gücü, nüfuzu ilə hakimiyyətə, daha doğrusu, vəzifəyə gələnlər tutduqları vəzifədən sui-istifadə edərək şəxsi partiyalarını yaratmaqla yanaşı, özlərinə yaxın adamları müxtəlif vəzifələrə yerləşdirməyə başladılar. Mən bu təcrübənin əleyhinə olduğumu AXC-də açıq bildirdim və iradlarımı da Ə. Elçibəyə çatdırdım. Məsələ AXC-nin məclisinə çıxarıldı. Ətraflı müzakirələr keçdi və A.Hacıyev o vaxt tribunadan, təqribən belə bir fikir səsləndirdi: “Bu, dövlətdir, ictimai təşkilat deyil ki, kadrları AXC-nin stukturları ilə məsləhətləşib təyin edək. Bu, dövlətin müstəsna səlahiyyətidir.” “Dövlət” isə 3-4 nəfərdən ibarət idi. Bu növbəti səbəb idi. Mən o vaxt aparılan kadr siyasəti ilə, bir siyasət kimi və təyin edilən bəzi kadrlarla, konkret adamlar kimi razılaşa bilmədim. Bəlkə də mən belə hakimiyyətlər üçün yaranmamışam. Mən səhv qərar qəbul edilən yerdə, rəhbərə xoş gəlsin deyə, susa bilmirəm bir çoxları kimi. Düz bildiyimi də deməməyi bacarmıram, çünki aldığım ailə və məktəb tərbiyəsi belə öyrədib məni. Konkret olaraq, Ə.Elçibəylə aramızdakı ziddiyyət isə İrana münasibətlə bağlı oldu. Bu barədə mən açıq danışmaq istəmirəm. İndi o haqq dünyasında, mən nahaqq dünyadayam. Nəhayət, səbrimi daşdıran hakimiyyətin formalaşmasındakı “kolasiya prinsipinin” pozulması oldu. Məni və P.Hüseynovu Etibar Məmmədovun nümayəndələri Nazim İmanov və Fuad Ağayevlə danışıqlar aparmaq üçün təyin etdilər. Biz parlamentin binasında danışıqları yekunlaşdırıb çıxanda məlumat aldıq ki, “AXC hakimiyyəti” kommunistlərlə koolisiya yaradıb Baş Nazir postunu Rəhim Hüseynova veriblər. Bu artıq mənə arxadan vurulan zərbə və xəyanət idi. Heç şübhə etmirəm ki, sonrakı faciələrimizdə bu xəyanətin az rolu olmadı. İndi Etibar Məmmədovu, Rəhim Qazıyevi milli hökuməti yıxmaqda ittiham edənlər 1992-ci ilin may-iyun aylarındakı hərəkətlərinə də baxsalar pis olmaz. Bu, gələcəkdə də eyni səhvləri buraxmamağımız üçün yaxşı bir tarixi dərsdir. Bir sözlə, aparılan daxili və xarici siyasət, gedən oyunların qaydalarından xəbərsizliyim istefa verməmi vacib etdi. Hesab edirəm ki, qaydalarını əvvəlcədən bilmədən iştirak etdiyin istənilən oyun, xüsusilə də siyasi oyunlar insan həyatı və dövlətçilik üçün çox, həm də çox qorxuludur. Ona görə də 30 may 1992-ci ildə istefamı elan etdim. “Azadlıq”qəzeti istefa bəyanatımı çap etməkdən imtina etdiyi üçün, “Millət”də yaydım. Buna görə məni qınayanlar, hətta xəyanətdə ittiham edənlər də oldu. Mərhum Ə.Elçibəy birbaşa üzümə dedi ki, bu istefa onun 7-10 faiz səsini aldı və heç vaxt mənə bunu “keçməyəcək”. Düzdür, o bunu gülə-gülə demişdi, hətta indi olmasın, məni qucaqlayıb uğurlar da arzuladı.
– İstefa vermişdinizsə, AXC-dən getmişdinizsə, onda Sizə niyə baş prokuror vəzifəsi təkilif edilirdi?
– Əslində, bu barədə də cəmiyyətdə yayılan məlumatlar yanlış və natamamdır. Mən gözəl bilirdim və dəqiq məlumatlarım var idi ki, artıq mühüm vəzifələri tutmuş məlum qrup mənim ciddi səlahiyyətlər əldə etməməyim üçün qərar veriblər və məni “öz adamları” hesab etmədikləri üçün istənilən üsulla buna mane olmağa çalışırdılar. Mən onsuz da belə bir mühitdə heç bir vəzifəni qəbul etməzdim.Çünki bu, mənim dövlətçilik maraqları haqqında təsəvvürlərimə zidd idi. Vəzifə əldə etmək üçün min oyundan çıxan bir çoxlarından fərqli olaraq, o vaxt məni vəzifə və ya şəxsi manafe düşündürmürdü. Ona görə də hələ 1990-cı il parlament seçkilərində deputatlığa namizədliyim veriləndə mən MSK-da nümayəndəliyə üstünlük vermiş, 13 iyun 1990-cı ildə baş tutacaq MSK-nın ilk iclasından bir gün öncə, yəni 12 iyunda həbs olunmuş, “kölgə kabineti” müzakirə ediləndə isə AXC-də qalmağa üstünlük vermişdim. Baş Prokuror məsələsi isə belə olub.