İLHAM HÜSEYN: Dəyişikliyi fəlakət hesab edənlər

Yaxud, susmaqla Azərbaycanı Suriyaya çevirmirikmi?
Tarix sübut edir ki, ən fəlakətli xəstəlik təfəkkürün xəstələnməsidir. Çünki, təfəkkürün xəstələnməsi köləliyə gətirib çıxır. Köləlik isə bütün iyrəncliklərə haqq qazandırmağa, bütün yalanları həqiqət kimi dəyərləndirməyə, bütün ədalətsizliklərə göz yummağa gətirib çıxarır.  Cəmiyyətin belə bir xəstəliyə tutulması isə hakimiyyətləri  azğınlaşdırır. Beləliklə, hakimiyyət vətəndaşların tapdalanmış qüruru üzərində istənilən “rəqs”i edir. Nəticədə kollektiv bədbəxtlik həyat tərzinə çevrilir və “palaza bürün elnən sürün” ifadəsi təsəlli rolunu oynayır.
Bugün Azərbaycanda da eyni vəziyyət hökm sürür. Insanlar yol, körpü tikintisini, binaların üz qabığının rənglənməsini, bayraq meydanını, alov qüllələrini, Avropa oyunlarını inkişafın göstəricisi kimi həzm edir. Uzun müddət bu “həzm” prosesi baş versə də nəticədə aclıq ehtiyacı təmin olunmur. Beləliklə, insanlarda passiv narazılıq yaranır.  Hamı yaşayışından, ölkədəki korrupsiyadan, təhsilin, səhiyyənin bərbad vəziyyətindən, əmək haqlarının azlığından, kredit faizlərinin yüksək olmasından narazılıq edir. Amma hakimiyyətin yürütdüyü qorxu syasəti açıq etiraz etməyə imkan vermir və insanlar susmağın daha səmərəli olduğunu düşünürlər.
Təəssüflər olsun ki, bu qorxu yalnız həbs olunmaq, təzyiqlərə məruz qalmaq, iş yerindən çıxarılmaq kimi səbəblərlə bağlı deyil. Ən böyük qorxu bilgisizliyin, təhlil etmək qabiliyyətinin olmamasından doğur. Və əsl fəlakət də bundan sonra başlayır. Hegel deyirdi ki, xalqların ölümdən qorxması onların azadlığını məhv edir. Indiki situasiyada isə biz yanlış təhlilin ortaya çıxardığı “fəsad”dan qorxuruq. Bu yazını yazmaqda məqsədim, məhz bu “qorxu”ya diqqət çəkməkdir.
Cəmiyyətdə xeyli adamlar var ki, “Azərbaycanın Suriya olmasını istəmirik”, “Insanların etiraz etdiyi ölkələrdə qorxulu şeylər baş verir”, “Heç olmasa ölkədə sabitlik var” kimi ifadələri şüara çeviriblər və öz aləmlərində düzgün nəticə çıxarırlar.
Heç bir düşüncəli, vicdanlı, vətənini sevən adam istəməz ki, ölkəsində xaos baş versin, qanlı olaylar tüğyan eləsin,  dağıntılar, yanğınlar, ölümlər olsun. Çünki, bütün bunlar ölkəni geriyə salır, cəmiyyətdə ciddi sarsıntılar yaradır və.s
Amma dinc mübarizə, sivil etiraz, öz haqqını tələb etmək  anarxiya yaratmaq deyil. Hakimiyyət uzun illərdi birtərəfli təbliğat apararaq, mitinqlərə çıxmağı qanlı inqilabların yaranması kimi təqdim etməyə çalışır. Yaxud, mübariz insanları ləkələmək siyasəti yürüdülür və bu insanların “vətən xaini” olması təəssüratı yaradılır.
Əslində isə toplaşmaq, etiraz etmək, hüquqlar uğrunda mübarizə aparmaq konstitusiyon haqqdır. Əgər etiraz etmək fəlakət olsaydı, dünyanın heç bir ölkəsində bu maddə konstitusiyaya salınmazdı. Əksinə, sivil etirazların olmadığı, problemlərin vaxtında həll edilmədiyi ölkələrdə ən ağır proseslər baş verir. Çünki, ədalətszilik, zülm, yoxsulluq, aşırı ehtiyac cəmiyyətdə qəzəb yaradır və nəticədə ağır partlayış baş verir. Dükanların dağıdılması da, küçələrdə qanlı olayların baş verməsi də məhz bu prosesin tərkib hissəsidir. Amma vətəndaş lazım olan anda meydana çıxanda, hakimiyyəti yanlış addımlardan çəkindirəndə, qanunsuz hallara etiraz edəndə problemlər həllinin tapır və hakimiyyət dəyişikliyi də ağır itkilər hesabına baş vermir.
Əslində, ölkə sərvətlərinin talan edilməsinə, hüququn ayaqlar altına atılmasına, intiharların çıxış yolu kimi seçilməsinə, təhsilin, səhiyyənin məhvinə, bütün sahələrdəki inhisara, yalana və yaltaqlığa susmaq, Suriyadakından da ağır fəlakətdir. Biz bu illər ərzində susmaqla taleyimizin, arzularımızın Suriya fəlakətini yaratmışıq. Suriyanı ona görə misal gətirirəm ki, indi “ölkəni Suriyaya çevirmək istəyirsiniz” ittihamı populyardı. Hakimiyyət də AzTv-lər vasitəsilə bu ittihamı legitimləşdirməyə çalışır.
Təfəkkürümüzü xəstəlikdən xilas etməliyik. Fransada, Almaniyada, ABŞ-da və digər inkişaf etmiş ölkələrdə hər il 1000-lərlə etiraz aksiyası keçirilir. Insanlar təhsil ayrılmış vəsaitin azlığından tutmuş, heyvanların öldürülməsinə qədər fərqli problemlərə etiraz edirlər və hökumətdən izahat istəyirlər. Bizim məntiqlə yanaşsaq, indi Fransa, Almaniya, Ingiltərə də Suriyaya çevrilməliydi.  Əksinə, vətəndaşın ayaqda olması, ölkəsinə biganə qalmaması hökumətin məsuliyyətini artırır. Əgər 50000 insan küçələrə çıxıb, dinc şəkildə qiymət artımına, monopoliyalara, ədalətsiz məhkəmə hökmlərinə etiraz etsəydi, bu gün Azərbaycanda tam başqa bir mənzərənin şahidi olardıq.
Birtərəfli informasiyanın təsiri altında sağlam düşünə bilməmişik və nəticə də ortadadır. Xalq olaraq vəziyyətə adekvat hərəkət etmədikcə, bizi köləyə çevirməyə,  təqaüdümüzü 70 qəpik artırmağa, ölkəyə gətirilən məhsulu 20 dəfə baha qiymətə satmağa cəsarət etdilər. Yəni, xalqın təfəkkürünə “Suriya qorxusu” yerləşdirib, özləri üçün Avropada komfort həyat yaratdılar.
Demək istədiyim odur ki, istənilən stiuasiyanın sonluğu xalqın iradəsindən asılıdır. Xalq etiraz edərək özünün və ölkəsinin gələcəyini xilas edə də, susmaqla özünü və ölkəsini fəlakətə sürükləyə də bilər.
Konstitusiya da “sərbəst toplaşmaq azadlığı” ilə bağlı maddə ona görə nəzərdə tutulub ki, xalq hakimiyyətin yanlışlarını və hakimiyyətin mənbəyi olduğunu xatırlatsın.
Mitinqə hansısa liderə, təşkilata görə gəlməyə bilərsiniz. Mitinqə qanunun aliliyinin təmin olunması, korrupsiyanın kökünün kəsilməsi, övladlarınızın təminatlı həyatı,  sərvətlərinizin talan edilməməsi üçün gəlin. Vətəndaşı ayaqda görən heç bir hakimiyyət, bardaş qurub otura bilməz.
Bir sözlə, ölkənin işıqlı sabahı vətəndaşın qaranlıqlara etiraz etməsindən keçir. Vətəndaşın susması isə ölkəni Suriyaya çevirir. Yəni, pis nəticə hakimiyyətin, ən pis nəticə isə susmuş vətəndaşın günahıdır. Çünki, pis nəticədən sonra vətəndaş önə çıxaraq, ən pis nəticənin qarşısını almalıdır.

 3,198 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir.