Adi vətəndşalara bəzən sadə və əhəmiyyətsiz görünən hallar hüquqşünaslar üşün başqa məna kəsb edir və dövlətçilik baxımından daha önəmli olur.
Bu baxımdan Sizə təqdim edəcəyimiz indiki yazı, həqiqətən də, çox önəmlidir və bütün dövlət və sair orqanlar üçün, eləcə də vəzifəli şəxslər üçün nümunə götürüləcək haldır.
“ÇALXAN” MMC hüquq firmasının direktoru, tanınmış hüquqşünas Qurban Məmmədovun etdiyi bu hərəkət bütün hüquqşünaslarımız üçün də bir örnək olmalıdır. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, sadə vətəndaşların görə bilmədikləri və ya görsələr də, düzgün qiymətləndirə bilmədikləri nöqsanları aradan qaldırmağın yollarını hüquşünaslar daha yaxşı bilir və ya bilməyə borcludurlar.
Diqqətinizə çatdıracağımız indiki fakt sübut edir ki, hüquqşünaslarımız tənbəllik etməsələr və prinsipiallıq göstərsələr, ətrafımızda olan bir çox nöqsanları aradan qaldırmaq, bu baxımdan hətta dövlət orqanlarına kömək etmək də mümkündür.
Hüquqşünas , “ÇALXAN” MMC hüquq firmasının direktoru, Milli Şuranın KM-nin üzvü, keçmiş siyasi məhbus Qurban Məmmədov 2011-ci ilin noyabr ayında “Sİlk Way” Aviaşirkəti MMC-nin “Airport Gate” filialına qarşı Xəzər Rayon Məhkəməsində iddia qaldırıbmış.
İddianın məbləği 1 (bir) manatdır.
Söhbətin nədən getdiyini oxucularımıza dəqiq çatdırmaq üçün bu iddia ilə əlaqəli bütün yazışmaları olduğu kimi aşağıda sizlərə təqdim edirik.
Onu da siz dəyərli oxucularımıza bildiririk ki, bu yazı Qurban bəy hələ həbsdə olanda hazırlanıb. Lakin müəyyən düşüncələrə görə o vaxt bu yazını yaymadıq.
Yazı indi Qurban Məmmədovun öz razılığı ilə yayımlanır.
“Azərbaycan Hava Yolları” QSC-nin sədrinə
MÜRACİƏT
Hörmətli sədr!
Mən, şəxsi avtomobilimlə 11 sentyabr 2011-ci ildə saat 22:06-da “Heydər Əliyev” adına Beynəlxalq Hava Limanında oldum. Hava limanı ərazisinə keçərkən, buraxılış məntəqəsində quraşdırılmış aparatdan üzərində “GOPGE 11-09-2011 22:06:01” yazısı olan keçid kartı götürdüm. Həmin kartın arxa hissəsində, hava limanı ərazisində olma müddətinə uyğun olaraq xidmət haqqı barədə cədvəl əks edilmişdir. Həmin cədvəl aşağıdakı kimidir:
0-2 saat 1 man.
2-3 saat 2 man.
3-8 saat 3 man.
8-12 saat 4 man.
12-24 saat 5 man.
Cədvəlin aşağı hissəsində isə, məlumat üçün belə bir cümlə yazılıb: “Ödənişi edəndən sonra 20 dəqiqə ərzində ərazini tərk edə bilərsiniz”
Mən, hava limanının ərazisinə keçərkən, yəni bilet mənə təqdim edilərkən, xidmət haqqını ödədim. Xidmət haqqının ödənildiyi saat 22:10, mən hava limanın ərazisini tərk edərkən isə saat 22:52 olmuşdur. Orada növbədə olan nəzarətçi, xidmət haqqını hava limanı ərazisinə daxil olarkən ödədiyimə və həmin vaxtdan artıq 20 dəqiqədən çox vaxt keçdiyinə görə əlavə xidmət haqqı ödəməli olduğumu bildirdi. Mən ərazidə olmağa görə 1 manat xidmət haqqını ödədiyimi və 1 manat üçün qrafikdə nəzərdə tutulan 2 saatdan az müddətə hava limanının ərazisində olduğumu bildirdim. Mən, “Sizin bütün qaydalarınıza əməl etmişəm, hava limanı ərazisində, qrafikdə nəzərdə tutulan müddətdən artıq olmamışam. Mənə təqdim edilmiş biletdə, bunun üçün əlavə xidmət haqqı ödəməli olduğum göstərilməyib, bu barədə mənə əvvəlcədən məlumat verilməyib. Buna görə də, tələb etdiyiniz əlavə xidmət haqqı qanunsuzdur, xahiş edirəm, icazə verin keçim” – desəm də, nəzarətçi, əlavə xidmət haqqını ödəməyəcəyim təqdirdə, məni hava limanının ərazisindən buraxmayacağını bildirdi. Mən, tələsdiyim üçün, tələb olunan 1 manat əlavə xidmət haqqını ödədim və yalnız bundan sonra, hava limanının ərazisini tərk etməyə mənə icazə verildi.
Hörmətli sədr!
Hava limanı ərazisindən istifadə edən şəxslərə təqdim edilən buraxılış-keçid kartının arxa hissəsində yazılan cümləyə diqqət yetirsəniz, görərsiniz ki, hava limanı ərazisinə daxil olan şəxslərin 20 dəqiqə ərzində ərazini tərk etməsi məcburedici xarakter daşımır və bunun üçün əlavə xidmət haqqı ödənilməsi nəzərdə tutulmayıb. Həmin cümlə doğma ana dilimizdə belə yazılıb: “ödəniş edildikdən sonra 20 dəqiqə ərzində ərazini “tərk edə bilərsiniz”.
“Tərk etməlisiniz” yox.
Göründüyü kimi, Sizin özünüz bu hüquqdan istifadə etməyi istifadəçilərin özlərinə həvalə etmisiniz. Yəni, istənilən istifadəçi, ödəniş etdikdən sonra 20 dəqiqə ərzində və ya heç bir əlavə haqq ödəmədən, 2 saat müddətində ərazini tərk edə bilər. Hava limanı ərazisində olma müddəti üçün xidmət haqqları isə, ərazidən istifadə edən şəxslərə təqdim edilən kart-buraxılışın arxa hissəsində, yuxarıda qeyd edilən cədvəl formasında istifadəçilərə əvvəlcədən bildirilir.
Bu anlaşılmazlığın aradan qaldırılması və hava limanı ərazisindən istifadə edən şəxslərin həm rahatçılığının təmin edilməsi, həm də, mənimlə olduğu kimi, hüquqlarının pozulmaması məqsədi ilə, ya onlara təqdim edilən biletin arxa hissəsində qeyd edilən cədvəldən sonrakı ilk cümlənin çıxarılması, yaxud da, həmin cümlənin aşağıdakı formada yenidən redaktə edilməsi zəruridir:
“Ödəniş edildikdən sonra 20 dəqiqə ərzində ərazini təkr etməlisiniz. Əks təqdirdə, yuxarıda qeyd edilən cədvələ uyğun olaraq əlavə xidmət haqqı ödəməli olacaqsınız”.
İndiki halda, belə çıxır ki, mən hava limanının ərazisinə daxil olan kimi, xidmət haqqını ödədiyimə görə, yəni vəzifəmi vaxtında icra edərək, 2 saatın tamamına ən azı 20 dəqiqə qalmış ödəyə biləcəyim 1 manatı, Sizin sərəncamınıza 1 saat 56 dəqiqə tez verdiyimə görə cəzalandırılıram. Bu ki, absurddur.
Bundan əlavə, istifadəçilərə təqdim edilən kartın üzərində, “xidmət göstərən” haqqında heç bir məlumat verilməyib. Həmin kart, faktiki olaraq, iki tərəf arasında bağlanmış müqavilə hesab edilir və bir tərəf istehlakçı, yəni “şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs”, digər tərəf isə icraçı, yəni “iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar”dır.
Mövcud qanunvericiliyimizə görə, iki tərəf arasında bağlanmış müqavilədə, müqavilə üzrə tərəflər haqqında məlumatlar göstərilməli, öhdəliklər müəyyənləşdirilməlidir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 620-ci maddəsinə əsasən, “620.1. Malların avtomatlardan istifadə etməklə satıldığı hallarda avtomatların sahibi satıcının adı (firma adı), olduğu yer, habelə malı almaq üçün alıcının yerinə yetirməli olduğu hərəkətlər haqqında məlumatları avtomatda yerləşdirməklə və ya başqa üsulla təqdim etmək yolu ilə alıcılara malların satıcısı haqqında informasiya verməyə borcludur.
620.2. Avtomatlardan istifadə etməklə pərakəndə alqı-satqı müqaviləsi alıcının malı almaq üçün zəruri hərəkətləri yerinə yetirdiyi andan bağlanmış sayılır.
620.3. Əgər ödənilmiş mal alıcıya verilmirsə, satıcı alıcının tələbi ilə dərhal malı ona təqdim etməyə və ya ödədiyi məbləği qaytarmağa borcludur.
620.4. Avtomatdan pulların xırdalanması, ödəniş nişanlarının əldə edilməsi və ya valyuta mübadiləsi üçün istifadə edildiyi hallarda, əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, pərakəndə alqı-satqı haqqında qaydalar tətbiq edilir”.
İstifadəçilərə təqdim edilən kart-biletin üzərində müqavilə şərtləri və istehlakçının kimliyi müəyyənləşdirilsə də, icraçı haqqında heç bir məlumat mövcud deyil.
Yuxarıda qeyd edilənləri nəzərə almağınızı və lazımi tədbirlər görməyinizi xahiş edirəm.
Qoşma: – “Çalxan” MMC-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin təsdiqlənmiş surəti.
«Çalxan» ММC-nin direktoru: / Q.C.Məmmədov /”
Azərbaycan Respublikasının
Milli Aviadaşıyıcısı
“AZƏRBAYCAN HAVA YOLLARI”
Qapalı Səhmdar Cəmiyyəti
28.09.2011-ci il N-12/6487
“Çalxan” MMC-nin direktoru cənab Q.C.Məmmədova
ərizə haqqında
Bununla, Sizin 19.09.2011-ci il tarixdə 9930 satlı məktubla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığınız müraciətinizə cavab olaraq bildiririk ki, Qapalı Səhmdar Cəmiyyəti tərəfindən araşdırma aparılması məqsədilə məktubunuz aidiyyatı üzrə “Silk Way” Aviaşirkəti MMC-nin “Airport Gate” filialına göndərilmişdir, belə ki, Heydər Əliyev Beynəlxalq aeroportu ərazisində sərnişinlərə bu qəbildən olan xidməti göstərən “Silk Way” Aviaşirkəti MMC-nin “Airport Gate” filialının cavab məktubunun surətini məktuba əlavə edirik.
Əlavə: 1 vərəqdə.
Birinci vitze-prezident Sabir İlyasov
“Silk Way” Aviaşirkəti MMC-nin
“Airport Gate” filialı
“№ 185 22.09.2011
Sizin 13 sentyabr 2011-ci il tarixli 9930 saylı müraciətinizə “Silk Way” Aviaşirkəti MMC-nin “Airport Gate” filialında baxılmışdır.
Bildiririk ki, müraciətdə göstərilən halların baş verməməsi məqsədi ilə, aeroport ərazisindəki mövcud olan dayanacaq qaydalarına əsasən, avtomaşın sürücüləri dayanacağı tərk edərkən, yəni aeroport ərazisində işlərini bitirdikdən sonra ödənişi həyata keçirməlidirlər. Bu halda aeroport ərazisini maneəsiz tərk etmək üçün 20 dəqiqə tamamilə kifayət edir.
Eyni zamanda, nəzərinizə çatdırırıq ki, aeroport ərazisində dayanacaq haqqının ödənişini avtomatik kassalarda həyata keçirərkən təqdim edilən fiksal qəbzin üzərində xidmət göstərən şirkətin adı, hüquqi ünvanı və digər aidiyyəti məlumatlar çap olunmuşdur.
Hörmətlə, direktor Məmmədmirzə Hüseynov
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə
İddiaçı: Məmmədov Qurban Cəlal oğlu
Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8
Əlaqə tel.: (012) 564-42-05, (050) 200-66-10
Cavabdeh: “Silk Way” Aviaşirkəti MMC-nin
“Airport Gate” Filialı
Ünvanı:Heydər Əliyev Beynəlxalq Aeroportu, 2-ci mərtəbə, şimal terminalı
Əlaqə tel.: (012) 497-26-67
XAHİŞ: “Vurulmuş zərərin əvəzinin ödənilməsi və
müəyyən hərəkətləri etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə”
İDDİA ƏRİZƏSİ
Möhtərəm hakim!
Mən, şəxsi avtomobilimlə 11 sentyabr 2011-ci ildə saat 22:06-da “Heydər Əliyev” adına Beynəlxalq Hava Limanında oldum. Hava limanı ərazisinə keçərkən, buraxılış məntəqəsində quraşdırılmış aparatdan üzərində “GOPGE 11-09-2011 22:06:01” yazısı olan bilet götürdüm. Həmin biletin arxa hissəsində, hava limanı ərazisində olma müddətinə uyğun olaraq xidmət haqqı məbləğlərinin müəyyənləşdirilməsi barədə cədvəl tərtib edilmişdir. Həmin cədvəl aşağıdakı kimidir:
0-2 saat 1 man.
2-3 saat 2 man.
3-8 saat 3 man.
8-12 saat 4 man.
12-24 saat 5 man.
Cədvəlin aşağı hissəsində isə, məlumat üçün belə bir cümlə yazılıb: “Ödənişi edəndən sonra 20 dəqiqə ərzində ərazini tərk edə bilərsiniz”
Mən, hava limanının ərazisinə keçərkən, yəni bilet mənə təqdim edilərkən, xidmət haqqını ödədim. Xidmət haqqının ödənildiyi vaxt saat 22:10, mən hava limanın ərazisini tərk edərkən isə saat 22:52 olmuşdur. Lakin, orada xidmət göstərən nəzarətçi, xidmət haqqını hava limanı ərazisinə daxil olarkən ödədiyimə və artıq 20 dəqiqədən çox vaxt keçdiyinə görə əlavə xidmət haqqı ödəməli olduğumu bildirdi. . Mən, ərazidə olmağa görə 1 manat xidmət haqqını ödədiyimi və 1 manat üçün qrafikdə nəzərdə tutulan 2 saatdan az müddətə hava limanının ərazisində olduğumu bildirdim. Mən, “Sizin bütün qaydalarınıza əməl etmişəm, hava limanı ərazisində, qrafikdə nəzərdə tutulan müddətdən artıq olmamışam. Mənə təqdim edilmiş biletdə, bunun üçün əlavə xidmət haqqı ödəməli olduğum göstərilməyib, bu barədə mənə əvvəlcədən məlumat verilməyib. Buna görə də, tələb etdiyiniz əlavə xidmət haqqı qanunsuzdur, xahiş edirəm, icazə verin keçim” – desəm də, nəzarətçi, əlavə xidmət haqqını ödəməyəcəyim təqdirdə, məni hava limanının ərazisindən buraxmayacağını bildirdi. Mən, tələsdiyim üçün, tələb olunan 1 manat əlavə xidmət haqqını ödədim və yalnız bundan sonra, hava limanının ərazisini tərk etməyə mənə icazə verildi.
Möhtərəm hakim!
Hava limanı ərazisindən istifadə edən şəxslərə təqdim edilən biletin arxa hissəsində yazılan cümləyə diqqət yetirsəniz, görərsiniz ki, hava limanı ərazisinə daxil olan şəxslərin 20 dəqiqə ərzində ərazini tərk etməsi məcburedici xarakter daşımır və bunun üçün əlavə xidmət haqqı ödənilməsi nəzərdə tutulmayıb. Həmin cümlə doğma ana dilimizdə aydın izah edir ki, ödəniş edildikdən sonra 20 dəqiqə ərzində ərazini “tərk edə bilərsiniz”, “tərk etməlisiniz” yox. Göründüyü kimi, cavabdeh özü, bu hüquqdan istifadə etməyi istifadəçilərin özlərinə həvalə etmişdir. Yəni, istənilən istifadəçi, 20 dəqiqə ərzində və ya heç bir əlavə haqq ödəmədən, 20 dəqiqədən sonra da ərazini tərk edə bilər. Hava limanı ərazisində olma üçün xidmət haqqları isə, ərazidən istifadə edən şəxslərə təqdim edilən biletin arxa hissəsində, yuxarıda qeyd edilən cədvəl formasında istifadəçilərə əvvəlcədən bildirilir.
Bu anlaşılmazlığın aradan qaldırılması və hava limanı ərazisindən istifadə edən şəxslərin həm rahatçılığının təmin edilməsi, həm də, mənimlə olduğu kimi, hüquqlarının pozulmaması məqsədi ilə, ya onlara təqdim edilən biletin arxa hissəsində qeyd edilən cədvəldən sonrakı ilk cümlənin çıxarılması, yaxud da, həmin cümlənin aşağıdakı formada yenidən redaktə edilməsi zəruridir:
“Ödəniş edildikdən sonra 20 dəqiqə ərzində ərazini təkr etməlisiniz. Əks təqdirdə, yuxarıda qeyd edilən cədvələ uyğun olaraq əlavə xidmət haqqı ödəməli olacaqsınız”.
İndiki halda, belə çıxır ki, mən, hava limanının ərazisindən istifadəyə görə nəzərdə tutulmuş xidmət haqqını hava limanı ərazisinə daxil olarkən ödədiyimə görə, yəni vəzifəmi vaxtından əvvəl icra edərək, 2 saatın tamamına ən azı 20 dəqiqə qalmış ödəyə biləcəyim 1 manatı, cavabdehin sərəncamına 1 saat 56 dəqiqə tez verdiyimə görə cəzalandırılıram. Bu ki, absurddur.
Bundan əlavə, istifadəçilərə təqdim edilən bilet, faktiki olaraq, iki tərəf arasında bağlanmış müqavilə hesab edilir və bir tərəf–istehlakçı, yəni “şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs”, digər tərəf isə icraçı, yəni “iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar”dır.
Mövcud qanunvericiliyimizə görə, iki tərəf arasında bağlanmış müqavilədə, müqavilə üzrə tərəflər haqqında məlumatlar göstərilməli, öhdəliklər müəyyənləşdirilməlidir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 620-ci maddəsinə əsasən,“620.1. Malların avtomatlardan istifadə etməklə satıldığı hallarda avtomatların sahibi satıcının adı (firma adı), olduğu yer, habelə malı almaq üçün alıcının yerinə yetirməli olduğu hərəkətlər haqqında məlumatları avtomatda yerləşdirməklə və ya başqa üsulla təqdim etmək yolu ilə alıcılara malların satıcısı haqqında informasiya verməyə borcludur.
620.2. Avtomatlardan istifadə etməklə pərakəndə alqı–satqı müqaviləsi alıcının malı almaq üçün zəruri hərəkətləri yerinə yetirdiyi andan bağlanmış sayılır.
620.3. Əgər ödənilmiş mal alıcıya verilmirsə, satıcı alıcının tələbi ilə dərhal malı ona təqdim etməyə və ya ödədiyi məbləği qaytarmağa borcludur.
620.4. Avtomatdan pulların xırdalanması, ödəniş nişanlarının əldə edilməsi və ya valyuta mübadiləsi üçün istifadə edildiyi hallarda, əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, pərakəndə alqı–satqı haqqında qaydalar tətbiq edilir”.
Mən, yuxarıda qeyd edilən məsələ ilə bağlı cavabdehə müraciət edərək, yaranmış anlaşılmazlığın aradan qaldırılması barədə tədbir görülməsini xahiş etmişdim. Lakin cavabdeh özünün 22 sentyabr 2011-ci il tarixli 185 saylı məktubu ilə mənim ərizəmə rədd cavabı verərək, xidmətlərində heç bir nöqsan olmadığını bildirmişdir.
Halbuki,“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 19 sentyabr 1995-ci il tarixli 1113 saylı Qanununun 1-ci maddəsinə əsasən, “istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir;
icraçı — iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkardır,
mühüm qüsur — maldan (işdən, xidmətdən) onun məqsədli təyinatına müvafiq surətdə istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı üçün aradan qaldırıla bilməyən, aradan qaldırılması üçün çoxlu əmək və vaxt məsrəfi tələb edən, malı (işi, xidməti) müqavilədə nəzərdə tutulduğundan başqa şəklə salan, ya da aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsurdur.”
Həmin qanunun 3-cü maddəsinə əsasən,“Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir:
istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına;
malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə;
malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə;
qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə, insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə;
öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə”.
Qanunun 5-ci maddəsinin 1-ci bəndinə əsasən,“İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir”.
Qanunun 9-cu maddəsinin 4-cü bəndinə əsasən,“İstehlakçının materiallarından görülmüş işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli kənaraçıxma və ya digər mühüm qüsurlar aşkar edilərsə, istehlakçının istəyinə uyğun olaraq, bu işlərin icraçının eyni cinsli və keyfiyyətli materialından hazırlanmasını, yaxud müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək hüququ vardır”.
Qanunun 11-ci maddəsinə əsasən, “Malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir”.
Qanunun 12-ci maddəsinə əsasən, “İstehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir”.
Qeyd edilən maddələrin məzmunundan da aydın olur ki, cavabdeh tərəfindən mənə göstərilmiş xidmət mühim qüsurlu olmuş və bunun nəticəsində mənə vurulmuş zərərin əvəzi cavabdeh tərəfindən tam həcmdə ödənilməli və bundan sonra da mənim və Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisindən istifadə edən digər şəxslərin hüquqlarının pozulmasının qarşısının alınması məqsədi ilə, ərazi istifadəçilərinə təqdim edilən biletdə redaktə dəyişiklikləri edilməlidir.
Yuxarıda qeyd edilənlərə, Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinə əsasən,
XAHİŞ EDİRƏM:
— “Silk Way” Aviaşirkəti MMC-nin “Airport Gate” Filialı QSC-nin qüsurla həyata keçirilmiş xidməti nəticəsində mənə vurulmuş maddi zərərin əvəzi olaraq 1 manatın cavabdehdən mənim xeyrimə tutulması və
— Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisindən istifadə edən şəxslərə təqdim edilən biletin arxa hissəsində qeyd edilən cədvəldən sonrakı ilk cümlənin çıxarılması, yaxud da, həmin cümlənin “Ödəniş edildikdən sonra 20 dəqiqə ərzində ərazini təkr etməlisiniz. Əks təqdirdə, yuxarıda qeyd edilən cədvələ uyğun olaraq əlavə xidmət haqqı ödəməli olacaqsınız” məzmunda yenidən redaktə edilməsi vəzifəsinin cavabdeh “Silk Way” Aviaşirkəti MMC-nin “Airport Gate” Filialı üzərinə qoyulması barədə qətnamə qəbul edəsiniz.
Qoşma: — İddia ərizəsinin surəti,
— Dövlət rüsumunun ödənilməsi barədə qəbz,
— 11.09.2011-ci il tarixli biletin və qəbzlərin əsli (cəmi 3 vərəqə),
— 13.09.2011-ci il tarixli 236-202/S saylı müraciətin surəti,
— Cavabdehin 22.09.2011-ci il tarixli 185 saylı və “Azərbaycan Hava Yolları” QSC-nin 28.09.2011-ci il
tarixli məktubunun surəti,
— Poçt zərfinin surəti,
— İddiaçının şəxsiyyət vəsiqəsinin surəti.
01 noyabr 2011-ci il
İmza: / Q.C.Məmmədov /”
______________________________________________________________________
İddia ərizəsinə Xəzər rayon məhkəməsində baxılıb.
Məhkəmə prosesində verilmiş fasilə zamanı Q.C.Məmmədov və “Silk Way” Aviaşirkəti MMC-nin hüquqşünası Günel Bəşirova arasında aşağıdakı məzmunda yazışmalar gedib:
“Hörmətli Qurban müəllim,
Məktuba əlavə edilmiş fayllarda Siz barışıq sazişinin layihəsilə və “Sİlk Way” Aviaşirkəti MMC-nin “Airport Gate” filialında qəbul edilmiş (əvvəlcədən nəzərdə tutulan ideyanı daha konkret bildirən) müvafiq əmrlə tanış ola bilərsiniz.
Hörmətlə,
Günel Bəşirova
“Silk Way” Aviaşirkəti MMC-nin hüquqşünası”
İddiaçı: Məmmədov Qurban Cəlal oğlu,
Bakı şəhəri, Həsənoğlu küçəsi, korpus 7, ev 12, mənzil 7/8
Cavabdeh: “Silk Way” Aviaşirkəti MMC-nin “AirportGate” filialı,
Heydər Əliyev Beynəlxalq Aeroportu, 2-ci mərtəbə, Şimal Terminalı
İş №: 2/003/2673/2011
BARIŞIQ SAZİŞİ
Bakı şəhəri “____” yanvar 2012-ci il
Bundan sonra “İddiaçı” adlanan Bakı şəhəri, Həsənoğlu küçəsi, korpus 7, ev 12, mənzil 7/8 Məmmədov Qurban Cəlal oğlu, bir tərəfdən, və bundan sonra “Cavabdeh” adlanan “Silk Way” Aviaşirkəti MMC-nin “Airport Gate” filialı – 03/07 nömrəli 18.04.2007-ci il tarixli etibarnamə əsasında fəaliyyət göstərən direktor Məmmədmirzə Hüseynovun şəxsində, digər tərəfdən, birlikdə “Tərəflər” adlanaraq, öz aralarında Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində baxılan 2/003/2673/2011 №-li işin predmetini müzakirə edərək və Cavabdehin 70 nömrəli 21.12.2011 tarixli Əmrilə isitifadəçi biletinin (qəbzin) redaksiyasına dəyişiklərin edildiyindən, həmçinin Cavabdehin Iddiaçıya Heydər Əliyev Beynəlxalq Aeroportunun vağzalyanı ərazisinə təmənnasız aylıq gediş-gəlişi təklif etdiyindən və bununla da İddiaçının iddia tələblərini təmin etdiyindən irəli gələrək, mübahisəyə baxılmanın razılıqla bitməsinə və aşağıdakı şərtlərlə barışıq sazişinin bağlanılmasına dair nəticəyə gəldilər:
Tərələr razılaşırlar ki, hazırkı barışıq sazişinə əsasən Cavabdeh biletin redaksiyasına müvafiq dəyişikliklər daxil edir.
İddiaçı öz növbəsində iddia tələblərindən imtina edir.
Bakı Şəhər Xəzər Rayon Məhkəməsindən hazırkı barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edirik.
Hazırkı barışıq sazişi Tərəflərin hər birinə və Bakı Şəhər Xəzər Rayon Məhkəməsinə təqdim edilməklə üç nüsxədə tərtib edilmişdir. Barışıq sazişi Bakı Şəhər Xəzər Rayon Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir.
İşə xitam verilməsi üzrə Azərbaycan Respublikası
MPM ilə nəzərdə tutulmuş nəticələrdən xəbərdarıq.
İmzalar. İddiaçı: Məmmədov Qurban Cəlal oğlu
Cavabdeh: “Silk Way” Aviaşirkəti MMC-nin “AirportGate” filialı
İş №: 2/003/2673/2011
“SILK WAY” AVİA ŞİRKƏTİ MMC-NİN “AIRPORT GATE” FİLİALI
ƏMR N-70 “21” dekabr 2011-il
Heydər Əliyev Beynəlxalq Aeroportunun vağzalyanı ərazisini tərk etdikdə həmin əraziyə
Nəzarətli girişi təmin edən aeroportun nəqliyyat obyektləri istifadəçilərinə təqdim edilən 20
Dəqiqə güzəştli vaxtın tətbiq edilməsi hissəsində 40 N-li 20 dekabr 2010-cu il tarixli Əmrin
Müddəalarının konkretləşdirilməsi məqsədi ilə,
ƏMR EDİRƏM:
Müəssisənin avtomatlaşdırılmış sistemlər xidməti tərəfindən 40 N-li 20 dekabr 2010-cu
il tarixli əmrin l-ci bəndi ilə müəyyən edilmiş kompensasiya məbləğlərinin alınması
zamanı obyekt istifadəçilərinin vağzalyanı ərazini tərk etməsi üçün 20 dəqiqəlik
(ödənişsiz) vaxt limiti aşağıdakı şərtlərlə nəzərə alınsın:
1.1. vagzalyanı ərazidə qalma müddətinin ödənilməsi (yuxarıda göstərilən əmrdə nəzərdə tutulmuş cədvələ əsasən);
1.2. ödənilmiş vaxt müddətinin başa çatması.
- Ödəniş qəbzlərinin üzərində yerləşdirilən mətn aşağıdakı redaksiyada təsdiq edilsin:
«Aşağıda göstərilmiş cədvələ əsasən ödənilmiş müddat bitdikdən sonra Sizə 20
Dəqiqə ərzində vağzalyanı ərazini əlavə ödənişsiz tərk etmak imkanı verilir:
0-2 saat – 1 manat
2-3 saat – 2 manat
3-8 saat – 3 manat
8-12 saat – 4 manat
12-24 saat – 5 manat
Bileti itirdiyiniz halda vurulmuş zərərin kompensasiyası 40 AZN təşkil edir.
- A vtomatlaşdırılmış sistemlər xidmətinin rəisi Mübariz Kərimov hazırkı əmrdən irəli gələn tədbirləri təmin
etsin.
- Hazırkı əmr imzalandığı tarixdən qüvvəyə minir.
- Hazırkı əmrin icrasına nəzarət Avtomatlaşdırılmış sistemlər xidmətinin rəisi Mübariz
Kərimova həvalə edilsin.
Direktor Məmmədmirzə Hüseynov”.
________________________________________________________
“Hörmətli Günel xanım,
Mən Sizin şirkətin təklif etdiyi barışıq sazişinin şərtlərini qəbul edirəm. Onu da nəzərinizə çatdırım ki, dünən, yəni 05 yanvarda yenə də eyni məzmunlu qəbz aldım. Əmrin icra vaxtını sazişdə dəqiq göstərsəniz daha yaxşı olar.
Göstərdiyiniz məsuliyyət, hüquqi savad və diqqətə görə, şəxsən Sizə və təmsil etdiyiniz şirkətə hörmət və ehtiramla, Məmmədov Qurban Cəlal oğlu”.
“Hörmətli Qurban müəllim!
Məktubunuza görə təşəkkür edirik.
Ödəniş qəbzlərinin məzmununa dair bildirmək istəyirik ki, bildiyiniz kimi, müvafiq əmr hüquqi qüvvədədir. Lakin həmin kassalar üçün yeni qəbzlər 2011-ci ilin sonunda İtaliyada (buraxılış-keçid məntəqəsində quraşrıdılmış avadanlıqlar Italiya istehsalıdır) artıq sifariş edilib və yeni qəbzlərin gəlməsi gözlənilir. Bununla yanaşı, avtomatik kassaların proqram təminatına zəruri dəyişikliklərin edilməsi üçün müəyyən vaxt tələb olunur.
Buna baxmayaraq, göstərilən müvəqqəti təşkilati – texniki problemlərin çözülməsi məqsədilə həmin əmr keçid məntəqəsindəki işçi heyətə çatdırılmışdır və rəhbərliyin göstərişinə əsasən, istifadəçilərə bir müddət köhnə redaksiyada çeklərin (qəbzlərin) verilməsinə baxmayaraq, işçi heyət Heydər Əliyev Beynəlxalq Aeroportunun vağzalyanı ərazisinə daxil olduqda tətbiq olunan real ödəniş şərtlərinin istifadəçilərə çatdırılmasına dair instruktaj edilmişdir.
Hörmətlə,
G.Bəşirova”
“Hörmətli Gunel xanım!
Cavabınız və şirkətinizin sərgilədiyi mövqe məni tam qane edir. Bir Azərbaycan vətəndaşı kimi göstərdiyi qanunçuluq və dövlətçilik mövqeyinə görə şirkətinizə– “Sİlk Way” Aviaşirkəti MMC-nin “Airport Gate” filialına, nümayiş etdirdiyiniz hüquqi savada və çevikliyə görə bir həmkar kimi şəxsən Sizə minnətdarlığımı bildirirəm.
Siz də mənimlə razılaşarsınız ki, ölkəmizdə heç də bütün dövlət və qeyri-dövlət oranları, vəzifəli şəxslər vətəndaşların haqlı irad və təkliflərinə obyektiv münasibət göstərmirlər. Bu baxımdan təmsil etdiyiniz şirkətin sərgilədiyi mövqe daha önəmli və başqaları üçün örnək ola biləcək bir nümunədir. Məhz buna görə, Sİlk Way” Aviaşirkəti MMC-nin “Airport Gate” filialının rəhbərliyinə bir daha təşəkkür və minnətdarlığımı bildirirəm.
Hörmət və ehtiramla, “Çalxan” MMC hüquq firmasının direktoru Məmmədov Qurban Cəlal oğlu.
P.S. Mənə təklif etdiyiniz güzəştdən də imtina edirəm və təklif etdiyiniz barışıq sazişinə əsasən, icraata xitam verilməsi barədə sabah Xəzər rayon məhkəməsinin hakimi Ceyhun Qədimova ərizə ilə müraciət edəcəyəm. Mən barışıq sazişini hakimə əqdim edəcəyəm, nümayəndəniz istədiyi vaxt həmin sazişi gedib məhkəmənin binasında imzalaya bilər”.
__________________________________________________________
“Hörmətli Qurban müəllim!
Məktubunuza görə və fəaliyyətimizə verdiyiniz yüksək qiymətə görə kollektivimiz adından və şəxsən öz adımdan Sizə təşəkkür edirəm.
Barışıq sazişini imzalamağınız və iddia tələblərinizdən imtina etməniz haqqında məlumat artıq rəhbərliyə çatdırılmışdır.
“Silk Way” Aviaşirkəti MMC-nin “Airport Gate” filialınının xidmətlərindən istifadənizə görə minnətdarlığımızı bildiririk.
Hörmətlə,
G.Bəşirova”.
Ölkəmizdə gündə minlərlə məhkəmə mübahisəsi baş verir. Bunların arasında ağır cinayətlərlə və astronomik məbləğlərlə bağlı olan proseslər də var. Ancaq biz bu işi önəmsədik və Siz dəyərli oxucularımızın da qiymətli vaxtını aldıq.Ona görə ki:
— “Silk Way” Aviaşirkəti MMC-nin yuxarılara — ailəyə yaxın olan şəxslərə məxsus olduğu çoxlarına məlumdur.
— İlk dəfədir ki, bir hüquqi şəxs sıravi Azərbaycan vətəndaşının ona etiyi haqlı iradı və təklifi qəbul edir, məhkəməyə təsir etmək, mübahisəni məhkəmə zallarında sonsuza qədər süründürməklə əhəmiyyətini itirmək və qarşı tərəfi usandırmaq yolu tutmaq imkanı ola-ola bunu etmir və … əsl dövlətçilik mövqeyi nümayiş etdirir.
—- Ölkəmizdə yüzlərlə vəzifəli şəxs onları haqlı tənqid edən qəzet və jurnalistlərlə məhkəmə çəkişmələri apardıqları bir dövrdə “Silk Way” Aviaşirkəti MMC-nin davranışı həqiqətən təqdirə layiqdir və hamı üçün nümunə ola biləcək bir hərəkətdir.
— Nəhayət, “Silk Way” Aviaşirkəti MMC-nin indiki davranışı göstərir ki, biz, həqiqətən də, sivil və müasir xalqıq, demokratik cəmiyyətdə yaşamağa layiqik və özümüz özümüzü normal idarə etmək qabiliyyətindəyik.
Ən əsası isə hər tənqidin, hər iradın arxasında məkrli niyyət axtarmağa dəyməz, yetər ki dövlətimizə və millətimizə sevgimiz olsun.
Bir də ki, indiki rejimin vaxtında mübarizə aparmağın mənasız olduğu qənaətinə gələrək passiv mövqe tutan vətəndaşlarımıza və xüsusilə də hüquqşünaslarımıza bu, bir örnək, bir nümunə və bir stimuldur.
Gurban Mammadov.