Açıq məktub.
Oxudum hökmünüzü – mənə yazdığınız, məni məhkum etdiyiniz hökmü.
Həmin cansız vərəqlərin arxasından bir canlı boylandı mənə – siz idiniz.
Gözlərində xəcalət hissi, sifətində abır suyu, ruhunda bir ürkəklik – qorxu hissi gördüm.
Ancaq əbəs yerə. Əsassızdır bu qorxu. Qətiyyən narahat olmayın. Qorxu, həyəcan və stress insanda qorxulu xəstəliklər yaradır: şəkər, təzyiq, əsəb, ürək, qan-damar xəstəlikləri, impotensiya və s. Atın, azad olun bu hisslərdən. 1990-1991-cı və 1998-2003-cü illərdə olduğu kimi, indi də mən Sizdən və sizi öz siyasi niyyətlərinə alət edib bu hala salanlardan incik deyiləm, qisas hissi ilə də yaşamıram.
Mən və dostlarım: cəbhəçilər, müsavatçılar, nidaçılar, gəncliyini həbsxanalarda çürütdüyünüz (bu sizə sifariş verənlərə belə gəlir), ancaq özünüz də bilmədən sınağa çəkib bərkitdiyiniz o gənclər, Allahına imanı ilə bağlılığına görə, dininə sədaqətinə görə təqib etdiyiniz Tale Bağırzadə və başqa din qardaşlarım sizin və övladlarınızın gələcəyi uğrunda meydanlara atılmamışıqmı? Biz məhz sizin indiki rejimdən, indiki idarə üsulundan xilasınız üçün mübarizə aparmırıqmı? Siz də bizim kimi, 9 milyonluq Azərbaycan xalqı kimi bu rejimin əsiri deyilsinizmi?
Siz daha pis vəziyyətdəsiniz.
Çünki siz ali savadlı hüquqşünassınız. Siz, bir çoxlarından fərqli olaraq, ətrafınızda baş verənləri görür, dərk edir və qanırsınız. Rəhmətlik Cəlil Məmmədquluzadə deyirdi ki, “böyük dərddir qanmaq”. Qanmadan, dərk etmədən, başa düşmədən və duymadan yaşamağa nə var ki – bunu da həyat göstərir.
Qətiyyən narahat olmayın, qorxu hissi keçirməyin – bu insan ömrünü qısaldır, ona pis xəstəliklər gətirir, nevroz edir. Ən pisi də, Azərbaycanın böyük şairi, Türk dünyasının şaman şairi Rüstəm Behrudi demişkən, “qorxaq adam yaltaq olar, yaltaq olan – oğraş olar”. Bu da həyatın obyektiv qanunauyğunluğudur. Siz qorxmayın, qorxaq olmayın, nə sifarişçilərdən qorxun, nə də onların qurbanlarından. Çünki həmin qurbanlar elə o sifarişçilərin özlərinin və ailə üzvlərinin də gələcəyi uğrunda mübarizə aparırlar, nəfslərinin onları saldığı bu alçaldıcı həyat tərzindən xilas etməyə çalışırlar. Bunu bəlkə də başa düşməkdə bir az zorlanassınız, ancaq bu çox sadə bir məsələdir.
ALLAH Hz. Musa vasitəsilə dedi: “rüşvət alma”.
Hz. İsa vasitəsilə dedi: “rüşvət alma”.
Hz. Məhəmməd (s.a.s.) vasitəsilə dedi: “rüşvət verib məzlumun haqqını yeməyin”.
Bunu onlar Allahın adından, Onun elçisi kimi bizə dedilər. Allahın dediklərinə əməl etməmək, nəfsinin qulu olmaq, bu böyük cihadda – nəfsinə qarşı döyüşdə məğlub olmaq, o sifarişçiləri alçaldıcı bir həyata məhkum etməyibmi? Biz onların da, övladlarının da gələcəyi uğrunda döyüşürük. Yaşınız xatırlamağa imkan verər: biz Azərbaycanın müstəqilliyi uğrunda, rus imperiyasının o qartal caynaqlarından xilası uğrunda mübarizə bayrağını qaldıranda, özümüzü və ailələrimizi məhrumiyyətlərə düçar edəndə, cəfasını çəkəndə, indi bu Vətənin səfasını çəkənlər, analarının halalca südü kimi onun neftini əmənlər, ata malı kimi onun sərvətlərini mənimsəyənlər harada idilər? Bu çox yaxın, təzə, yeni, gözlə görünən tarixdir. Onu da asanlıqla və bu tezlikdə saxtalaşdıra bilməyəcəklər. Son 40-50 ilimizi saxtalaşdırdıqları kimi. Onların çoxu müstəqilliyimizin əleyhinə səs verir, bəziləri elə həmin günlərdə imperiyanın paytaxtında, onun bayrağı və vətəndaşlığı altında firavan həyat sürür, kef çəkirdilər. Hətta bizə qarşı döyüşənlər, müstəqillik istəyənləri təqib edənlər, onlara qarşı cinayət işi qaldırıb təqib edənlər və onlara hökm oxuyanlar bu günədək öz vəzifələrində qalmaqdadırlar. Bunu bəlkə də çoxları başa düşə bilmir. Rəhmətlik Elçibəyi buna görə qınayanlar da var: axı həmin o 11 ayda bunların hamısını dəyişmək, indiki rejimin yalan dəyirmanının üyütdüyü ideoloji anti-təbliğatda deyildiyi kimi, “kamaz şoferlərini onların yerinə qoymaq” imkanı var idi. Bu tamamilə mümkün idi. Ancaq Elçibəy bu milləti çox sevirdi və bütün tərəfdarlarını da bu sevgiyə yoluxdurub bizi tərk etdi.
Millət, Vətən, Dövlət sevgisi də çox ağır xəstəlik kimi bir şeydir. Bəzilərinin rüşvətxorluq, monopoliya xəstəliyinə tutulduğu kimi.
Sevgininsə gözü kor olur deyirlər. Ancaq bizim bağışlamaq duyğumuz korluğumuzun nəticəsi yox, xəstə övladına iynə vurmaq istəyən valideynin körpənin ona qarşı etdiklərinə göz yumaraq öz xoş niyyətini həyata keçirmək cəhdidir.
Siz də mənim millətimin xəstə balalarından birisiniz, Emin bəy! Siz də şərəflə, alnı açıq yaşamaq haqqına sahibsiniz. Hər qəbul etdiyiniz qanunsuz, sifarişli və ya niyyətli qərar sizin ömrünüzdən alır, həyatınızı puç edir. Axı, siz niyə elə əmək haqqı almayasınız ki, ailənizi dolandırmaqda çətinlik çəkməyəsiniz, uşaqlarınızın, həyat yoldaşınızın üzünə dik baxa biləsiniz! Axı niyə indiki kimi rüşvət almaq, təhlükəsiz haram yemək imkanı əldə etmək üçün, sifarişli iş alanda təhtəlşüur olaraq sevinəsiniz?
Mən Sizi rüşvətxorluqda ittiham etmirəm, yox, yox! Qətiyyən! Siz mənimçün Azərbaycan hakimlərinin ümumiləşdirilmiş obrazısınız.
Siz Tale Bağırzadəni, deməli: Allahı, hicabı, Quranı, imanı və düzlüyü məhkum edənsiniz!
Siz Tofiq Yaqublunu, İlqar Məmmədovu təqib edənsiniz, deməli: yalanı, şəri, böhtanı müdafiə edənsiniz!
Siz Zaur Qurbanlını, İlkin Rüstəmlini və onlarla gənci həbs edənsiniz, deməli: yeniliyi, demokratik dəyərləri, müasirliyi, azadlığı inkar edənsiniz.
Siz universal hakim obrazısınız. İndiki şəraitdə isə Azərbaycan hakiminin rüşvət almaması mümkün deyil və onun rüşvət, haramla ailəsini saxlaması ilk növbədə Allaha, sonra da bütün dünyaya bəllidir.
Yoxsa, namuslu, düz, əxlaqlı adamın bu rejimlə əməkdaşlıqda nə işi, nə ortaqlığı ola bilər ki !?
Nə isə… məqsədim sizi ittiham etmək deyil.
Vaxti ilə Hacı Məmmədov da, Zakir Nəsirov da (Allah qapılarını açsın, mən onları da cinayətkar yox, qurban hesan edirəm) sizin kimi duşünüblər: “üçünü sənin tapşırığınla, sənin xeyrinə edəndə, birini də öz xeyrimə etmək haqqım var”.
Xatırlayırsınızmı, “Qara Kəmər” əməliyyatı zamanı Daxili İşlər Naziri Ramil Usubov canlı efirdə nə dedi: “Heydər Əliyev mənə Abuzər Abuzərovun həbsdən qaçırılmasını tapşırdı, mən də bunun icrasını Hacı Məmmədova və Zakir Nəsirova tapşırdım, onlar da bunu təşkil etdilər”. Yəni, Cinayət Məcəlləsinin 304-cü maddəsində nəzərdə tutulan “azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma” cinayətini ağırlaşdırıcı hallarla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən biz etmişik, biz törətmişik. Cinayətlərini etiraf edənlərin biri “Ulu Öndər”, biri nazir postunda, qurbanların da ikisi ömürlük həbsdə, biri də Kürdəxanı təcridxanasında.
Bax biz sizi və onları bu qorxunc həyatdan, qarşılıqlı şantaj mühitindən xilas etmək istəyirik.
Məşhur “Tıx-tıx xanım” nağılında deyildiyi kimi, “əlini mənə bəsdərəcik”, “yox, yox mən səndən küsdərəcik”. Nağıl belə davam edir: “küsdürəcik ha, küsdürəcik, başına bir daş…”.
Yox, yox! Biz sizin başınıza “bir daş əndərəcik” yox! İnanın! Tıx-tıx səhv edib.
Siz bizim xəstə övladımızsınız, dara düşən, düşmən girovluğunda olan, təhlükə altında cinayətlər törətməyə məcbur olan bacı-qardaşlarımızsınız. Biz sizi darda qoymayacağıq.
Bilsəniz qorxu, stress, həyəcan altında yaşamaq nə qədər çətindir. Axı sizin də övladlarınız var. Onlar da azad, mənən rahat yaşamaq haqqına sahibdirlər. Niyə onların sinif yoldaşları, tələbə və iş yoldaşları gələcəkdə barmaqla göstərib deməlidir: “sən qorxaq, yaltaq və … filankəsin oğlusan. Sən rüşvət, haram yemisən, sən bizdən deyilsən”.
Niyə?
Qarşımızda çox ağır və böyük, həlli müşkül bir vəzifə durur. Çətinlik orasındadır ki, xilas olmağa ehtiyacı olanların xilas olmaq niyyəti yoxdur. Çünki nəfslərinə aldanıb sahib olduqları həyat onlara çox şirin gəlir. Məhkəmədə son sözümdə dediyim kimi, “özünü yuxuluğa vuranı ayıltmaq mümkün deyil” (Seneka).
Köməyinizə ehtiyacımız var. Bizə yardım edin, lütfən! Sizdən çox şey tələb olunmur. Sadəcə istəyin, arzulayın, azad olmaq istəyin! İstəyin ki, Allah da versin!
Siz sizə göstəriş verənin hansı millətdən olduğunu, hansı dövlətin maraqlarını güddüyünü bilirsinizmi? Məhkəmədə dediyim kimi, bəlkə elə erməni–rus kəşfiyyatı öz adamlarını Azərbaycan hakimiyyətinə yerləşdirib, heç bir rəsmi müharibə elan etmədən, top-tüfəng atmadan, sizlərin əli ilə bu millətə qarşı gizli müharibə aparır. Buna əminmisiniz ki, sizə bu qərarları qəbul etdirənlər Azərbaycana xidmət edirlər? Bu sifarişçilərin müsəlman, türk, azərbaycanlı olduqlarından əminmisiniz? Axı, “rüşvət olan yerdə siyasət göydən asılı qalar”. Bu sözləri, 1987-1992-ci illərdə bizə qarşı, müstəqilliyə qarşı vuruşan, müqavimət göstərən və bu gün də milli sərvətlərimizi açıq və həyasızcasına talayanların bolşevik babaları, Ulu Öndərləru Vladimir İliç Lenin o vaxt həmkarların IV qurultayında demişdi.
Rüşvət olan yerdə sənə göstəriş verənin əsl kimliyini bilmək zor bir işdir. Qəbul etdiyiniz qərarlar isə milli genefondumuzun soyqırımına yönəlib, cəmiyyətdəki islam əxlaqına, dini dəyərlərə qarşıdır. Azərbaycanı çox qorxulu, qanlı, faciəli, geridönməz proseslərə sürükləyir. Fərqində deyilmisiniz?
Məsələn, şəxsən mən siyasi sifarişlə qərar qəbul edən bütün hakimlərin milliyətinə də, azərbaycanlılığına da, kişilik (erkəklik) qabiliyyətinə də şübhə ilə yanaşıram.
Bilirsiniz niyə?
Heç kəs, heç bir müstəqil və namuslu, əqli cəhətdən sağlam adam öz millətinə qarşı belə düşmənçilik hərəkəti etməz. Bəlkə onlar xarici kəşfiyyat orqanları tərəfindən ələ alınıblar, şantaj olunurlar? Bunu başqa necə izah etmək olar? Məsələn, siz, şəxsən apardığınız və ya hakim yoldaşlarınızın apardıqları cinayət işlərində tez-tez şahid kimi iştirak edən yalançı şahidlərə “müəllim” deyə müraciət edərək, guya ki, onları tanımırsınız. Onları bu millətin ziyalılarının əleyhinə istifadə etməklə nə məqsəd güdürsünüz, kimə, hansı dövlətə qulluq edirsiniz? Bu millətin gəncliyinə qarşı apardığınız bu əsassız və amansız, qanunsuz və qəddar mübarizə ilə öz namusunuzu təhlükəyə atmağınızın fərqində deyilmisiniz?
Məhkəmədə prokurora dediklərim yadınızdadırmı? Bilmirəm, o anda Elçin Nağıyev dediklərimi başa düşürdü, ya yox, çünki gözlərinin yol çəkdiyi gözlərimə dəymişdi o an. Xatırlayırsınızmı?
“Unutmayın və nəzərə alın ki, sabah erməni ordusu Bakıya girəndə yoxlamayacaq ki, kim hakim arvadıdır, kim prokuror qızıdır, kim də fəhlə, dilənçi qadını. Əgər siz hər ittiham etdiyiniz, qanunsuz olaraq məhbəslərə doldurduğunuz gəncə, azərbaycanlıya həmin anda sizin arvadınızın, qızınızın, ana və bacınızın, bir sözlə, bu millətin namusunu qoruyacaq potensial əsgər qardaşınız, sizin sağ və ya sol cinahınızı qoruyacaq bir döyüşçü kimi baxsaz, belə qanunsuz qərarlar qəbul etməz və sizə bu qanunsuz əmrləri verən erməni xislətli, erməni qanlı adamlara dönüb deyərdiniz: tüpürüm sizin hakimiyyətə də, tüpürüm sizin vəzifəyə də. Mən arvadımın, qızımın alt paltarını başqa kişilərin pulu hesabına almaq üçün, haram yemək, ailəmi rüşvətlə dolandırmaq, hər an sizin əlinizdə şantaj aləti, siyasi rəqiblərinizə qarşı qisas aləti olmaq üçün millətimə qarşı bu cinayətləri törətməkdən imtina edirəm. Mən kişi kimi, adam kimi, qəlbən, ruhən azad yaşamaq istəyirəm”.
Prokurora dediyim bu sözlər yadınızdadırmı? Onları unutmayın. Əbədi olaraq qulaqlarınızda sırqa edib saxlayın.
Oxudum hökmünüzü – mənə yazdığınız, məni məhkum etdiyiniz hökmü!
O cansız vərəqlərin arxasından insanabənzər bir canlı boylandı mənə – güclə tanıdım, o Siz idiniz.
İlahi, nə gündəsiniz! Nə hala düşmüsünüz? Bu, vicdan əzabının nəticəsi olsa gərək!
Demək ki, məhkəmədə prokuror Elçin Nağıyevə dediklərimi başa düşməmisiniz.
Təəssüf, çox təəssüf!
Ancaq yenə də gec deyil, ruhdan düşməyin, tövbə qapısı açıqdır, Allah isə Böyük, Mərhəmətli, Rəhmdil və Bağışlayandır.
Siz öz namusunuzu qorumaq, şərəfinizi qorumaq, Millətinizi (əgər bu millətdənsinizsə), Dövlətinizi (əgər azərbaycanlısınızsa) qorumaq şansını tam itirməmisiniz! Həyat davam edir! Allahdan sizə bəsirət və iman diləyi ilə.
P.S.
Az qala unutmuşdum. Kişilik (erkəklik) barədə.
Məhkəmədə son sözümdə dediyimi bir daha xatırlatmaqda fayda görürüəm: “başqa kişilərin qanunsuz, əsassız, haqsız, ləyaqətsiz göstərişlərini icra edən kişi ilə fahişə qadının fərqi yoxdur. Belə qanunsuz göstərişlərin icrası nəticəsində əmələ gələn gələcəyə görə qorxu, həyacan və stress isə adamı kişilikdən salır, impotent edir.”
Bunu mütləq nəzərə alın. Yoxsa yaşamağın nə mənası var ki…
Həm də bu təkcə sizə yox, qanunsuz qərar qəbul edən bütün hakimlərə, rüşvət və korrupsiyaya qurşanan bütün adamlara aiddir.
Kişi kimi yaşamağın ləzzətini əlinizdən qaçırmayın!!!
19 dekabr 2013-cü il.
Bakı İstintaq Təcridxanası.
Məmmədov Qurban Cəlal oğlu