Əlaqə vasitələri

Heydər Oğuz Yəmən hadisələri barədə yazır.

Heydər Oğuz
mektub@heyderoguz.com

Bu gün (26.03.2015) Ərəb Birliyi yenidən toplanacaq. Toplantıda Yəmənə hərbi müdaxilə məsələsinin müzakirəyə çıxarılacağı gözlənilir. Bu təklif Yəmənin xarici işlər naziri Riyad Yasin tərəfindən irəli sürülüb. Ərəb ölkələrindən gələn məlumatlar aparılacaq müzakirələrin xeyli gərgin keçəcəyindən xəbər verir. Belə ki, Səudiyyə Ərəbistanın Xarici işlər naziri Süud əl-Faysal öz cənub qonşusuna hərbi müdaxilə edə biləcəklərinə eyham vuraraq bildirib: “Yəməndə problemlər sülh yoluyla həll olunmasa, lazım gələni edərik”.

Faysalın  belə ehtiyatla və qorxu içərisində danışması səbəbsiz deyil.  Başlıca səbəb isə ondan ibarətdir ki, Yaxın Şərqin ən kasıb ölkəsində baş verən proseslər yaxın gələcəkdə bölgənin ən varlı ölkəsinin də başını yamanca ağrıda bilər. İrəli sürdüyümüz iddianın nə qədər əsaslı olduğunu görmək üçün, gəlin, bir anlığa Yəmənə boylanaq.

“Bura Yəməndir”

Ərəbistan yarımadasının cənubi-qərb ayağında yerləşən Yəmən ərəb dünyasının ən qədim mədəniyyət mərkəzlərindən olub. 25 milyonluq əhaliyə sahib olan bu ölkə tarixən ərəb aristokratiyasının mərkəzi olaraq tanınıb. Rəvayətlərə görə, Süleyman peyğəmbərin uğrunda quşları belə qurban verməyə hazırlaşdığı Bilqeyis xanımın məmləkəti məhz buradır. Əsrarəngiz tarixi keşmişə sahib olan Yəmən indiyə qədər ərəblərin cənnət məkanlarından biri sayılıb. “Yəmən” sözü də burdan qaynaqlanır. Ərəbcə “xoşbəxtlik” mənasına gələn Yəmən indi dünyanın ən bədbəxt insanlarının yaşadığı məkana çevrilib. Səbəb  isə çox sadədir. Bədəvi ərəblər neftlə tanış olduqdan sonra inkişaf edib, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı kimi ölkələr xoşbəxtlik sahəsində Yəməni geridə qoyublar. Yeni ərəb bəxtəvərlərinin köhnə bəxtəvərə uzatdıqları əl isə ona  bədbəxtlikdən başqa heç nə gətirməyib. Yəmənə ən çox “əl uzadan” da Səudiyyə Ərəbistanı olub.

Soyuq savaş illərində iki yerə bölünən Şimali və Cənubi Yəmən Sovet İttifaqının son dövrlərində xarici dövlətlərinin təşəbbüsüylə bir araya gətirildi. Maraqlıdır ki, bu ölkənin Səudiyyə Ərəbistanından yediyi ilk şillə də o dövrlərə düşür. 1990-91-ci illərdə BMT-də ABŞ-ın İraqı işğal etməsinə qarşı çıxdığına görə, Səudiyyə Ərəbistanı öz sərhədləri daxilində çalışan 800 mindən artıq  yəmənli mühaciri məmləkətlərinə yola saldı. Beləcə, xoşbəxt yəmənlilərin bədbəxt günləri başladı. İşsizliyin artması, iqtisadi vəziyyətin pisləşməsi çox saylı üsyanlara səbəb oldu. 1993-cü ildə ABŞ-ın da  yardımıyla hakimiyyətə gələn Əli Abdullah Saleh daha sonra keçirilən prezident seçkiləriylə (1999-cu il) Yəmənin ilk prezidenti oldu.

Qərbi və Şərqi Yəmənin birləşməsindən əvvəlki dönəmi də hesaba qatsaq, 30 ildən artıq hakimiyyət başında olan Əli Abdullah Saleh 2011-ci ildə başlayan “ərəb bahar”larının dalğasıyla hakimiyyətdən getmək məcburiyyətində qaldı. Onun getməsinə qərarı yenə Səudiyyə Ərəbistanının əsas söz sahibi olduğu Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası verdi. Yerinə vaxtilə Əli Abdullahın köməkçisi işləmiş indiki prezident Mənsur əl-Hadi gətirildi.

Di gəl ki, “ərəb baharları”nın yaratdığı status-kvo da Səudiyyə krallığını qane etmirdi. Demokratikləşmə prosesinin gətirdiyi ruzgarlar onun da taxtını  yerindən oynada bilərdi. Əvvəl sözü gedən proseslərdə əsas pul kisəsi kimi iştirak edən rəsmi Riyad bölgədəki təsir gücünü və öz taxtını qorumaq üçün “arxa bağçası” kimi baxdığı  ölkələrə radikal vəhabi məfkurəsini yeritməyə çalışdı. İlk öncə, özünə ən böyük təhdid olaraq gördüyü Misirdəki Musri hakimiyətini maliyyəsini kəsdi və beləcə, onun devrilməsinin yolunu açdı. Sonra İraq və Suriyada İŞİD-i dəstəklədiyi kimi, Yəməndə də əl-Qaidənin formalaşmasına hər cür maddi dəstək verdi. Bu isə min ildən bəri Yəməndəki hakimiyyəti əldə saxlayan zeydilərin maraqlarına zidd idi.

Zeydilər kimdir?

Yəmən əhalisinin 35-40 faizini təşkil edən Zeydilər şiə təfəkkürlü müsəlmandırlar. Sünnilərə ən yaxın şiə məhzəbi kimi tanınırlar. Əsasən Yəməndə məskunlaşan bu məhzəbin “cəfərilik”dən fərqi 12 imama deyil, 5 imama inanmalarıdır. 4-cü imam Zeynəl-abdindən  sonra imamlığın Məhəmməd  Bağır bin Əliyə deyil, onun qardaşı Zeydə keçdiyini düşünürlər. Adları da burdan gəlir.  Zeydiyyə inanışına görə, böyük imamət Zeyd bin Əlidə tamamlansa da, onun naibləri indiyə qədər yer üzündə müsəlmanlara ilahi mesajları çatdırırlar. Buna kiçik imamət də deyə bilərik. Zeydiyyədə imamət Zeyd bin Əlidən 1967-ci ildə ingilis müstəmləkəçiliyinə düşənə qədər davam edib və onlar Yəmənin quzeyində məskunlaşıblar. Husilər məhz bu imamətin yenidən bərpası üçün mübarizə aparırlar.

Onları sünnilərə yaxınlaşdıran ən önəmli cəhətləri 4 xəlifənin müqəddəsliyinə inanmalarıdır. Bu və digər cəhətləriylə hənəfilərə çox bənzəyirlər. Bəzi islam alimlərinin bildirdiklərinə görə, hənəfilikdən ayrıldılqları tək nöqtə imamət anlayışlarıdır. Vəhabilərin sünnilərə ən yaxın məhzəb sayılan zeydiləri belə qəbul etməmələri İslam dünyasında məzhəb savaşlarının nə zamansa  bitəcəyinə ümidləri azaldır.

Husilər kimdir?

Husilər də zeydiyyənin bir qanadıdır. Əsası 1990-cı illərin əvvəllərində Hüseyn Bədr əd-Din əl-Husi tərəfindən qoyulub. Hal-hazırda Yəməndə 120 mindən artıq husi var və onlar aşirətlərə bölünən ölkənin təşkilatlanmış  ən güclü sosial qrupu hesab olunurlar.

Bəzi vəhabi qaynaqlarının iddiasına görə, husilərin ortaya çıxmasında İranın da ciddi rolu olub. Səudiyyə Ərəbistanının yürütdüyün vəhabiləşdirmə siyasətinə reaksiya olaraq yaranan husilərin hazırda İran tərəfindən maliyyələşdirildiyi deyilir. İran və husilər bunu inkar etsələr də hər halda bəzi faktlar iddianı təsdiqləyir. Bunu İranın Yaxın Şərqdə apardığı mübarizəyə rəhbərlik edən generalı Qasım Süleymaninin çıxışlarının birində dilə gətirdiyi hədəflərin analizi də sübut edir.

Şiə hilalında Yəmənin yeri

İŞİD-in və Səudiyyə Ərəbistanının qorxulu kabusu  hesab olunan İran Sepahının generalı Qasım Süleymani 16 fevral 2014-cü il tarixli çıxışında “şiə hilalı” termininə aydınlıq gətirərək deyirdi:  “Şiə hilalı iqtisadi bir hilaldır. Dünyanın ən mühüm iqtisadi məsələsi neftdir. Biz bilirik ki, 3 ölkə, İran, İraq və Ərəbistan dünyanın ən zəngin neft ehtiyatlarına malikdirlər. Ərəbistan birinci, İran ikinci və İraq üçüncüdür. Dünyanın neft ehtiyatlarının təqribən 70%-i şiə sakinli məntəqələrdədir. Və ya təqribən 80 faiz şiə sakinli məntəqələrdədir. İraq nefti Bəsrə-Bağdad dəhlizində, Ərəbistan neftinin 80%-i şiə sakinli Dəmam, Qətif məntəqələrində yerləşir. İranda isə məsələ aydındır”.

İranın Yaxın Şərq siyasətinin memarı və həyata keçirəni Qasim Süleymani bu fikirləriylə açıq-aşkar Səudiyyə Ərəbistanın şiələr yaşayan bölgəsinin müstəqilliyinə iddia edirdi. Qeyd edək ki, Səudiyyə əhalisinin sadəcə 15 faizi şiədir və onların əksəriyyəti Səudiyyə neft ehtiyatının cəmləşdiyi coğrafiyada məskunlaşıb. Həsa və ya Ərəbistanın Şərq vilayəti adlanan bu bölgə bir tərəfdən Fars Körfəziylə İraq, digər tərəfdən isə Yəmənlə həmsərhəddir. Fars Körfəzində quru sahə olmadığından ordakı şiə topluluğuna göstəriləcək hərbi və məfkurəvi yardımlar yalnız Yəməndən ixrac oluna bilər. Yəməndəki husi hərəkatı Səudiyyə Ərəbistanının regional siyasətinə reaksiya kimi ortaya çıxdığından İranın “şiə hilalı” dediyi proyektini həyata keçirilməsi üçün ən uyğun qüvvədir.

Husiləri durdurmaq mümkündürmü?

Yəməni bürüyən və qısa zaman ərzində böyük zəfərlərə imza atan husi hərəkatına suverenliyini, ərazi bütövlüyünü, ən başlıcası isə iqtisadi gücünü təhdid edən faktor kimi baxan Səudiyyə Ərəbistanı onun qarşısını kəsmək üçün hər şeyə hazırdır. Əks təqdirdə şiə ayaqlanması onun özünə də sıçraya və rəsmi Riyadın baş ağrısına çevrilə bilər. Məsələ burasındadır ki, ölkənin zəngin neft bölgələrində yerləşən şiə toplumu hər zaman partlamağa hazır barıt çəlləyinə bənzəyir. Bir neçə ay əvvəl ölkənin nüfuzlu şiə şeyxinə ölüm cəzası kəsən Səudiyyə məhkəməsinin qərarı onsuz da məzhəb problemləriylə gərginlik yaşayan ölkədəki ən böyük azlığın narazılığına səbəb olub. Kiçik bir qığılcım bu strateji məkanda bütün sabitliyi poza və Səudiyyə Ərəbistanının iqtisadi həyatını iflic vəziyyətə sala bilər.

Üstəlik, Yəmənin özündə stabilliyin pozulması belə Səudi krallığının iqtisadi durumuna ciddi zərbə deməkdir. Zira bu səltənətin əsas gəlir qaynağına çevrilən neft marşrutu Yəmənin dəniz sərhədlərindən keçir. Neft savaşları təcrübəsi dəfələrlə sübut etmişdir ki, istənilən an partladılan neft tankerləri “qara qızıl”ın nəqlini dayandırar, bununla da təkcə regional deyil, qlobal iqtisadiyyat da ciddi şəkildə sarsılar.

Tarixi təcrübələr hətta daha böyük skandalların yaşana biləcəyini göstərir. 2000-ci ildə Yəmən əl-Qaidəsinin ABŞ-ın bölgədəki ən böyük təyyarə gəmisini partlatması bunun ən bariz örnəklərindəndir. Hansı ki, bu gəmi özünü qoruyacaq texnoloji qabiliyyətlərə sahib idi. Qısası, nəzarət oluna bilməyən silahlı qrupların təşkilatlanması üçün münbit zəminə malik coğrafi xarakteri Yəmənə ikinci Əfqanistan özəlliyi qazandırır.

Yəmənin “gedər-gəlməzliyi”

Təsadüfi deyil ki, bu ölkə də Əfqanistan kimi, sərt dağları, zəhərli bulaqları ilə tarix boyu bütün imperialist güclərə məzar olmuşdur. Yalnız Osmanlı hakimiyyəti dövründə qismən ram olunan Yəmən daha sonra ingiliz müstəmləkçiləriylə mübarizə səhnəsinə çevrilmiş və bu mübarizə onların ölkədən çıxarılmasıyla nəticələnmişdir. Osmanlıya tabeçiliyinin yeganə səbəbi isə bu türk xənadanlığının bölgəyə onların mədəni həyat tərzindən qətiyyən fərqlənməyən anlayış gətirməsi idi. Belə ki, ölkənin ən böyük qəbilələri ya sünni təriqətinə, ya da bu təriqətə yaxınlığı ilə seçilən zeydiyyə məhzəbinə mənsubdurlar. Məhz bu özəllikləri yəmənliləri osmanlı idarəçiliyini həzm etmələrinə yardımçı olmuşdur. Bununla belə hətta osmanlılar da zaman-zaman çıxan üsyanlarda yerli əhaliyə qarşı dirənə bilməmiş, ciddi itkilər vermişdir. Türk xalq mahnılarına baxsaq, görərik ki,

“Bura Yəməndir –

Gülü bitəndir,

Gedən gəlmiyor…

Əcəb nədəndir?”-kimi ağılar acı dolu Yəmən xatirələrinin bu günə gəlib çıxan bəzi elementləridir.

Bütün bu faktlar Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirinin dediyi “lazımın” gələcəyi təqdirdə, Yəmən iradəsi qarşısında çox duruş gətirə bilməyəcəyinə dəlalət edir. Onu da nəzərə alaq ki, bir zamanlar Səudiyyə meyli ABŞ siyasəti sayəsində rəsmi Riyad öz bölgəsində az-çox at oynada bilirdi. İndi Vaşinqton da Yaxın Şərqdə vəhabi məntiqiylə uzağa getməyin mümkün olmadığını hiss etdiyindən üzünü Ərəb yarmadasından Orta Şərqə çevirib və İranın əlini gücləndirib.

Əbdürrəbbi Hadi – Səudiyyə Ərəbistanının gəlmək əvəzinə qaçan “lazımı”

Bütün bu həqiqətlərin işığında Yəmənə nəzər salsaq, husilərin qısa zaman ərzində bu qədər məsafələri qət etmələrinin səbəbini anlaya bilərik. Yəməndən gələn xəbərlərə görə, husilər artıq prezidentin sığındığı Ədəni belə işğal etmək ərəfəsindədirlər. Hazırda Əbdürrəbbi Hadinin sığındığı son qala olan Ədənin ən böyük hərbi bazası belə heç bir müqavimət göstərmədən husilərə təslim olub. Bu asan zəfərin səbəbi “ərəb inqilabları” nəticəsində devrilən Əli Abdullah Salehin, türklər demiş, “arabulucuq” etməsi və ordu generallarıyla danışıqlar aparmasıdır. Əbdürrəbii Hadi isə dabanına tüpürərək son qalasından da qaçıb.

Loading