30 MART 2015 07:39
“Bu dövlət üçün millət dəryaçalarla qan verib. Gözümüzün qabağında onun bu vəziyyətə düşməsinə seyrçi qala bilmərik”
Cəmil Həsənli: «Dövlətin təhlükəsizlik orqanı fəal gənclərin təqibinə, «facebook» profilləri oğurlamağa vaxt itirirsə, ərazimizin 20 ildən artıq işğalda qalmasına təəccüblənmək lazım deyil»
Azərbaycanda bank və maliyyə böhranı dərinləşməkdə davam edir. Elə Milli Şuranın 5 aprelə təyin etdiyi növbəti mitinqin də məqsədi bu böhrandan çıxışı təmin edəcək addımların atılmasını, ölkəni bürüyən korrupsiyanın, talançılığın dayandırılmasını hökumətdən tələb etməkdir. Bu baxımdan, Milli Şuranın sədri Cəmil Həsənli bizimlə söhbətdə mitinq hazırlıqları ilə yanaşı, ölkədəki sosial-iqtisadi durumla bağlı suallarımızı da cavablandırdı:
(Əvvəli ötən sayımızda)
– Bir müddət əvvəl hakimiyyətinin öyündüyü manat indi ölkə üçün iqtisadi baxımdan təhlükə mənbəyinə çevrilib…
– Azərbaycan bank və maliyyə böhranın içindədir. Iqtisadiyyatı şaxələndirə bilməyən hökumət əvəzində ölkəni şaxələnmiş böhran məngənəsinə salıb. Neft istehsalı azalır, qiyməti də ucuzlaşmaqda davam edir. Bu da neftdən başqa heç bir real iqtisadiyyatı olmayan ölkədə milli valyutanın devalvasiyası ilə müşayiət edilir, onsuz da bahalı yaşayışa məhkum edilmiş ölkədə qiymətlər durmadan artır. Sözün tam mənasında, xalq bu yarıtmaz siyasətin girovuna çevrilib. Bugünlərdə Mərkəzi Bankın rəhbərliyi manatın ikinci devalvasiyasının anonsunu verdi. Bu, xalqı “vaxtında xəbərdar” etmək adı altında, dərinləşən böhrandan sığortalanmaq cəhdindən əlavə, əslində, Azərbaycanda hər şeyin neftdən asılı olduğunun acı bir etirafıdır. Qeyri-neft sektorunun yaradılması haqda uydurulan şirin nağıllar harda qaldı? Bazara mal əvəzinə pul çıxaran, neft gəlirləri hesabına soyğunçuluqla məşğul olub, vətəndaşına 25-30 faizlə kredit verən hökumət yeritdiyi siyasətin “bəhrəsini” görməkdədir. Təəssüf ki, bu soyğunçu siyasətin bədəlini kütləvi şəkildə bankların əsarətinə düşən əhali ödəməli olur. Ödəniş qabiliyyəti tükənmiş 2 milyona yaxın insan hökumətin manatla bağlı 21 fevral “sürprizinin” şokunu yaşayır. Heç bir iqtisadı anlayışlara sığmayan yüksək kredit faizləri hesabına “zənginləşmiş” banklar isə bu kütləvi şokun iflas məqamı astanasındadır. Cərrahiyə əməliyatı keçirmək üçün imkansız vətəndaşa 25 faizlə kredit verən banklar indi özləri əməliyyat stolunun astanasına gəlib çıxıblar.
– Sizcə hökumət bunun hansı acınacaqlı nəticəyə gətirib çıxaracağını sonadək anlamır, yoxsa anlamaq istəmir?
– Hər ikisi var. Hökumət iqtisadiyyatın liberallaşmasına yönəlik gerçək islahatlar həyata keçirmək, orta və kiçik sahibkarlığı stimullaşdırmaq, azad bazar münasibətləri formalaşdırmaq, onun etibarlılığına maliyyə təminatı verə biləcək bank şəbəkəsi yaratmaq əvəzinə, neft pullarını dağıtmağın ağlagəlməz yollarına əl atdı. Niyə bu gün ölkədə nüfuzlu beynəlxalq banklar fəaliyyət göstərmir? Axı bu amil hər hansı ölkənin maliyyə həyatının, iqtisadi cazibəsinin mühüm şərtidir. Böyük iqtisadi güclər ölkəyə invistisiya qoymaq, iş qurmaq istəyəndə ilk sırada bununla maraqlanır. Lakin vətəndaşına 20-25 faizlə kredit verən ölkədə özünə hörmət edən heç bir normal xarici bank işləməz və ya belə soyğunçu şərtlərlə işləməyi özünə rəva görməz.
Yüksək vəzifəli şəxslərin nəzarətində olan firmalar banklardan fantastik kreditlər götürüblər. Məndə olan məlumata görə, təkcə “Akkord” şirkətinin banklara 700-800 milyon kredit borcu var. Təxminən 300-400 milyon da “Hafka” kimi tanınan Hafiz Məmmədovun. Alınan böyük kreditlərin çoxunun iqtisadi səmərəliliyi çox aşağı olduğu üçün onların qayıtmaq ehtimalı da ciddi risk altındadır. Mərkəzi Bankın ehtiyatları da demək olar ki, təhlükəli həddə yaxınlaşmaqdadır. Ötən ayın nəticələrinə görə, bu ehtiyatlar 11 milyard manata düşüb, mart ayı üçün isə 10 milyarda enməsi gözlənilir. Neft Fondunda da vəziyyət təxminən belədir. Dövlətin təxminən 5 milyard dollar xarici borcunun olması ilk baxışda normal görünə bilər. Lakin dövlət qarantiyası ilə alınan xarici borcları da bura əlavə etsək, bu rəqəm 30 milyarda yaxınlaşır. Təkcə SOCAR-ın 6,9 milyard kredit borcu var. Bu borcların hesabı kimə kəsiləcək? Üstəlik, iqtisadi səmərəliliyi axıra qədər əsaslandırılmamış bahalı layihələr də bizim üstümüzdədir.
– Yəqin ki, Avropa Oyunlarını nəzərdə tutursunuz…
– Təkcə onu yox. Məsələn, hər il mayın 10-da Hacıbala Abutalıbovun “kaprizi” ilə Gül bayramına 100 milyon dollar civarında vəsait xərclənir, xarici ölkələrdən çox baha qiymətə fantastik sayda gül gətirilir. Amma 13500 şəhid ailəsinin yığılıb qalmış 148 milyon manat həcmində sosial sığortasını hökumət 20 ildir ki, müxtəlif bəhanələrlə vermir. Halbuki, bir ildə bu bayrama xərclənən vəsaitlə həmin problemə son qoyub, 30-35 minə yaxın şəhid balasını sevindirmək olar. Avropa Oyunlarına gəlincə, biz idman yarışlarının, mədəniyyət tədbirlərinin əleyhinə deyilik. Amma müəllimi, həkimi 150-200 manat maaş alan, 35-40 il əməyini və sağlamlığını verib əvəzində 120-170 manat pensiyaya layiq görülən, 600 min ailəsi ünvanlı sosial yardım üçün müraciət edən bir ölkənin hələ rəsmi statusu şübhə altında olan Avropa Oyunlarına 8 milyard vəsait xərclənməsini məqbul hesab etmirik. Bu yaxınlarda idman naziri dedi ki, Avropa Oyunlarından 100 milyon manat qazancımız olacaq. 8 milyard qoyub, 100 milyon qazanacağıq? Əgər hakimiyyət belə böyük vəsait hesabına dünyada elə də ürəkaçan olmayan imicini dəyişməyə ümid edirsə, bu çox bahalı imicmeykerlikdir. Digər tərəfdən, imic məsələsi bu tipli tədbirlərdən daha çox ölkənin içində yeridilən siyasətdən, aparılan islahatlardan asılıdır. Bir tərəfdən humanizmə xidmət edən Olimpiya oyunları keçirmək, o biri tərəfdən yüzdən artıq vicdanlı, namuslu, ləyaqətli insanı, ölkənin Avropaya inteqrasiyasında maraqlı olan, sağlam vətəndaş mövqeyilə seçilən fəalları kütləvi şəkildə Kürdəxanı təcridxanasına göndərmək Olimpiada ideyasını ələ salmaqdır. Hakimiyyət inadkarlığı bir tərəfə qoyub siyasi məhbusları azad etməlidir, məhdud siyasi təkəbbürlər naminə öz vətəndaşını alver predmetinə çevirməməlidir.
– Siz islahatlar deyəndə sosial-iqtisadı addımları nəzərdə tutursunuz?
– Yox, söhbət təkcə iqtisadi islahatlardan getmir. Hərçənd, iqtisadi azadlıqlar olmayan yerdə siyasi azadlıqlar yalnız deklarativ xarakter daşıyır. Ölkədə normal, tərəqqiyə hədəflənmiş siyasi sistem bərqərar edilmədən iqtisadi islahatların liberal bazar doğuracağına və həmin bazarda vicdanlı rəqabət şəraiti yaradacağına ümid bəsləmək sadəlövhlükdür. Avtoritar sistem şəraitində kriminallaşmış hakimiyyət güruhunun dövlətə qarantiya adı altında ölkəni sökməsi labüddür. Ona görə də, ölkədə siyasi islahatlar olmadan, avtoritar idarə üsulları dəyişmədən, müstəqil məhkəmə sistemi yaranmadan, hüquq-mühafizə, ədliyə və təhlükəsizlik orqanlarında köklü islahat aparmadan, ölkənin insan ehtiyatlarından səmərəli istifadə edilmədən, kadrların seçilməsində regional mənsubiyyətin doğurduğu eybəcirliklərə son qoymadan sosial-iqtisadi islahatlar ciddi nəticələr verə bilməz. Bu gün hökumətin iqtisadiyyata bağlı qurumları, xüsusilə rüşvətin mükəmməl şəbəkəsini yaratmış Gömrük Komitəsi və Vergilər Nazirliyi iqtisadi inkişafın, iqtisadi liberallaşmanın yolunda başlıca maneəyə çevrilib. Demək olar ki, güc nazirliklərinin hamısı “iqtisadi cinayətkarlığa qarşı mübarizə” adı altında ölkənin iqtisadi həyatına müdaxilə edib korrupsiyalaşır. Yüksək himayədarı olmayan heç bir özəl iqtisadi qurumun davamlı fəaliyyətinə ümid yoxdur. Zülfüqarov qardaşlarının taleyi bunun sübutudur.
Üstəlik, hər nazirliyin özünün istintaq orqanı var. Yaranmış mübahisə zəminində vətəndaş, iş adamları bu orqanların qarşısında çarəsiz vəziyyətdə qalır. Qonşu Gürcüstanın hüquq-mühafizə orqanlarının aşkarladığı 3 ton narkotiklə bağlı üç aya yaxın məhkəmə getdi. Yükün Azərbaycandan keçdiyi təsdiqləndi. Lakin bu günə qədər Azərbaycanda həmin narkotikin aparılmasına görə heç kim cəzalanmayıb. Ölkəyə daxil olan hər orta mebel dəstinin üzərində 500-600 dollar gömrük və vergi rüşvəti oturur. Orta gəlirli vətəndaşa hesablanmış yeni mənzillərin hər kvadrat metrində 300-350 manat rüşvət pulu var. Hansını deyəsən?! Azərbaycan vətəndaşının rüşvət şəbəkəsindən kənar həyatı, mövcudiyyəti yoxdur. Bütün xalq analoqu olmayan ümummilli rüşvət ödəyicisinə çevrilib.
– Bu vəziyyətdə nə təklif edirsiniz?
– Imitasiyalar erası başa çatdı, real islahatlar dövrü başlamalıdır. Ölkənin siyasi həyatı modernləşməli, iqtisadi həyatı liberallaşmalıdır. Ayrı çıxış yolu yoxdur. Biz ölkənin xaosa düşməsini istəmirik. Bu gün korrupsiya və monopoliya şəbəkəsinin başında oturub, ölkənin iqtisadi həyatına nəzarət edən nazir-oliqarxlar, dövlət kabinetində inkişaf ideyasına deyil, çoxrəqəmli karkulyatorlara iman gətirən yüksək görəv sahibləri seçim etməlidilər: hakimiyyətdə oturub xalqa xidmətə hazırdılar, yoxsa biznes imperiyalarını idarə etməyə qərarlıdılar? Əks təqdirdə, bu cür idarəçilik tədricən dövlətin holdinqləşməsinə gətirib çıxaracaq. Bu dövlətin yaranması üçün millət XX əsrin əvvəllərindən başlayaraq, dəryaçalarla qan verib. Gözümüzün qabağında dövlətimizin bu vəziyyətə düşməsinin sadə seyrçilərinə çevrilə bilmərik. Keçirdiyimiz mitinqlər, o cümlədən qarşıdakı 5 aprel mitiniqi də milli varlığımızın nümayişi, qurucu babalarımızın əmanəti olan azad, demokratik, çağdaş Azərbaycan ideyasının bir ifadəsi olacaq.
Bu gün açıq və gizli formada istiqlalımızın gözdən salınması prosesi gedir. Novruz bayramına görə istirahət günləri on gün oldu. Amma bu millətin mayın 28-də ruhuna sığındığı bir istiqlal günü, bir istiqlal bayramı var, onu da iş günü ediblər. Qanlı-qadalı 90-cı illərdə istiqlalın bərpasını özündə təcəlla edən Konstitusiya Aktına imza atmış, Milli Məclisi yaratmış adamlar deputatın statusu haqqında qanunla onlara verilməli olan bütün haqlardan məhrum ediliblər. Hanı sizin ədalətiniz? Həyatını, sağlamlığını, sözün tam mənasında canını bu millətin istiqlalı yolunda fəda itmiş Məryəm Həsənova bu yaşında qanuni haqqı olan pensiyasını belə ala bilmir.
– Siz hüquq-mühafizə və təhlükəsizlik orqanlarında da islahatlara toxundunuz. Bu islahatları necə təsəvvür edirsiz?
– Söhbət ölkənin təhlükəsizliyinin etibarlı təminatından gedir. Ümumiyyətlə, hökumətin tərkibində Milli Təhlükəsizlik Nazirliyinin olması nə dərəcədə məqsədəuyğundur? Məsələn, niyə ABŞ, Britaniya, Türkiyə, hətta Rusiya kimi böyük ölkələrin hökumətlərinin tərkibində belə bir nazirlik yoxdur? Stalinin ölümündən sonra totalitar dayaqlar üzərində dayanan Sovet rəhbərliyi belə, hökumətin tərkibində olan Dövlət Təhlükəsizlik Nazirliyini kabinetin yanında, məhz tərkibində yox, yanında Dövlət Təhlükəsizliyi Komitəsinə (nazirliyinə yox, məhz komitəsinə) çevirdi. Hökumətin tərkibində olub, içində olduğun hökumətə təhlükəsizlik meyarları ilə göz qoymaq ciddi uyğunsuzluqlar yaradır. Digər mühüm məsələ kəşfiyyat və əks kəşfiyyat xidmətini yerinə yetirən bir orqanın nazirlik statusunda fəaliyyət göstərməsinin əsaslı bir izahının olmamasıdır. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə adı altında Daxili Işlər Nazirliyindəki bütün idarə və istiqamətlər eynilə MTN-də təkrarlanır. Dövlətin təhlükəsizliyi paralel strukturların yaradılması üzərində yox, daha möhkəm dayaqlar üzərində qurulmalıdır. Təsəvvür edin, bizim MTN həm müstəsna dərəcədə məxfi xarakter daşıyan kəşfiyyat və əks kəşfiyyat xidmətini yerinə yetirir, həm hər həftə bir neçə kiloqram narkotik tutması barədə məlumat yayır, həm də iqtisadi cinayətkarlığa qarşı mübarizə aparmalı olur. Əgər MTN narkotik qaçaqmalçılığına qarşı mübarizə aparırsa, onda Daxili Işlər Nazirliyinin müvafiq idarəsi nə üçündür? Əgər nazirliyin müvafiq strukturları idarə olunan müxalifət partiyaları yaratmaq, profil və “facebook” səhifələri ələ keçirmək, vətəndaşın cibinə və evinə narkotik, silah atmaq, yataq otağına gizli kamera yerləşdirməklə məşğuldursa, deməli, bütövlükdə təhlükəsizlik konsepsiyası qüsurludur. Ciddi bir təhlükəsizlik orqanı siyasi mülahizələrlə jurnalist həbsinə, qabaqcıl gəncləri təqib etməyə, heç bir təsir imkanı olmayan mənasız saytlar yaradıb onu idarə etməyə vaxt itirirsə, torpaqlarımızın 20 ildən artıq işğal altında qalmasına təəccüblənmək lazım deyil.
Vətənimizin köklü maraqları ciddi islahatlar tələb edir. Indi hakimiyyət bu islahatları keçirməyə məhkumdur. Bir vaxtlar Amerika dollarını “ruznamə” kağızı kimi gözdən salmış neft ağalığı erası arxada qaldı. Azərbaycanın köhnə sosialistlərindən olan Səmədağa Ağamalıoğlu haqlı olaraq deyirdi ki, “Azərbaycanın alın yazısına çevrilmiş qara neftdən bizim payımız bir idarə lampasını doldurmaq qədərdir”. Indi bu millətin ümid çırağını yandırmaq üçün alternativ mənbələrin yaradılması zamanın tələbidir.