25 MART 2015 00:29
Paradoks bundadır ki, Liyə oxşamağa çalışan hazırkı avtoritar liderlərin rəhbərlik etdiyi ölkələr dünyanın ən korrupsiyalaşmış dövlətləridir
Şərqi Asiyada yerləşən bu ölkədə, baxmayaraq ki, ərazisi Azərbaycanın ərazisindən 120 dəfə, əhalisi bizdən 2 dəfə azdır və xüsusi olaraq heç bir təbii sərvətlərə malik deyil, Ümumi Daxili Məhsul (ÜDM) Azərbaycanın ÜDM-indən 4 dəfə, adambaşına düşən ÜDM isə bizimkindən 7 dəfə artıqdır. Bu, şəhər-dövlət olan Sinqapurdur. Sinqapurdan, bu ölkədəki iqtisadi möcüzənin müəllifi Li Kuan Yudan yazmaq niyyətindəyəm.
Dünyadakı diktatorlar, avtoritar liderlər üçün Li Kuan Yu bir ümid, sığınacaq yeridir. Onların hamısı özünü ona oxşatmağa çalışır, qeyri-demokratik idarəetmələrinə onun nümunəsilə haqq qazandırmaq istəyirlər. İlham Əliyevin Sinqapura səfərindən sonra rejimin muzdluları Azərbaycan üçün də inkişafın Sinqapur yolundan danışmağa başlamışdılar. Amma bu muzdlu yazarlar nəzərə almayıblar ki, xalqımız da kifayət qədər müdrikdir. “Hər atasının gözünü çıxaran Koroğlu olmaz”, “Hər oxuyan Molla Pənah olmaz” deməklə belə yersiz iddia və müqayisələrə vaxtında qiymət verib.
30 ildən (1959-1990) artıq Sinqapurun baş naziri olmuş Li Kuan Yu bu dəfə dünyanın diqqət mərkəzinə ölümü ilə gəldi. 23 martda 91 yaşında dünyasını dəyişdi. Bununla da dünyanın diqqəti yenidən Sinqapur iqtisadi möcüzəsinə və Li Kuan Yunun avtoritar, lakin çox effektli idarəetməsinə cəlb olundu.
Sinqapur Li Kuan Yunun lideri olduğu Xalq Hərəkatı Partiyasının öncüllüyü ilə öz müstəqilliyinə qovuşub. Ona qədər isə Böyük Britaniya imperiyasının ucqar müstəmləkəsi olan bu liman şəhərində cinayətkarlıq, korrupsiya, ağır sosial-iqtisadi problemlər meydan sulayırdı. Li hakimiyyətinin ilk illərindən korrupsiya və cinayətkarlıqla sərt mübarizəyə başladı. Bu sahədə heç kimə güzəştə getmədi. Onun çox geniş yayılmış sitatlarının birində deyilirdi ki, korrupsiya ilə mübarizəyə (korrupsiya ilə məşğul olan) 3 yaxın dostunu həbs etməklə başlamaq lazımdır. O, korrupsiya ilə mübarizə sahəsində çox ciddi uğurlar əldə etdi. Beynəlxalq Şəffaflıq Təşkilatı 2010-cu ildə Sinqapuru dünyada korrupsiyanın ən az olduğu dövlət elan etdi. Digər illərdə də Sinqapur bir qayda olaraq dünyanın ən az korrupsiyalaşmış ilk 5-7 dövləti arasında olub. Bunun necə yüksək bir göstərici olduğunu təsəvvür etmək üçün yada salaq ki, məsələn, 2014-cü ildə Almaniya kimi ölkə bu siyahıda (ən az korrupsiyalaşmış ölkələr) yalnız 12-ci, Böyük Britaniya 14-cü, Yaponiya isə 15-ci ola bilib.
Li anti-korrupsiya tədbirlərinə paralel olaraq, sürətlə iqtisadi islahatlar apardı, ölkəni xarici investisiyalar üçün açdı, iqtisadi azadlıqları təmin etdi. Əhalinin təhsil səviyyəsinin yüksəldilməsinə, əmək intizamının və qanunçuluğun möhkəmlənməsinə ciddi fikir verdi. Nəticələr çox gözlətmədi. Sinqapur xarici investisiyalar üçün ən cazibədar ölkəyə çevrildi. Sinqapurun işçi qüvvəsi yüksək təhsili və işə məsuliyyətlə yanaşması ilə bütün dünyada tanındı. Ölkə sürətlə sənayeni, xüsusilə yüksək texnologiya və elm tutumlu sənayeni, maliyyə bazarını və xidmət sektorunu inkişaf etdirdi. 1960-1980-ci illər arasında, cəmi 20 il ərzində ölkənin ÜDM-i 15 dəfə artdı. Bu gün cəmi 5 milyon əhalisi, 718 kvadrat kilometr ərazisi olan bu cırtdan dövlətin illik ÜDM-i 295 milyard dollardır. Müqayisə üçün qeyd edim ki, məsələn, 180 milyon əhalisi olan nəhəng Pakistanın ÜDM-i cəmi 225 milyard dollar, əhalisi 90 milyon olan Misirin ÜDM-i 255 milyard dollar, Avropanın böyük dövlətlərindən biri hesab olunan Ukraynanın isə ÜDM-i cəmi 182 milyard dollardır. Sinqapurda adambaşına düşən ÜDM isə ildə 55 min dollar olmaqla, hətta ABŞ, Kanada, Almaniya, Yaponiya, Böyük Britaniya kimi yüksək inkişaf etmiş ölkələrin də müvafiq göstəricilərindən yüksəkdir.
Bütün uğurlarına rəğmən, onu da vurğulamaq lazımdır ki, Li Kuan Yu həm də dünyada avtoritar lider kimi məşhurdur. Dünyanın bir çox nüfuzlu liberal qəzetləri çox vaxt onu istehza ilə “dünya demokratiyasının sevimli diktatoru” adlandırırlar. O siyasi hüquqları, xüsusilə mətbuat azadlığını məhdudlaşdırdığına, siyasi motivli həbslərə görə beynəlxalq mətbuat tərəfindən xeyli tənqid olunub. Hakim Xalq Hərəkatı Partiyası onun liderliyilə qatıldığı 7 seçkinin hər birində yüksək səslə qalib olub. Li Kuan Yu seçkiləri saxtalaşdırmayıb, amma mojaritar seçki sistemilə manipulyasiya edib. Müxalifət partiyaları 30-35 faiz səs alsalar da, parlamentdə yalnız 2-4 nəfərlə təmsil oluna biliblər. Çünki ölkə üzrə seçicilərin 30-35 faizinin səsini ala bilsələr də, yalnız bir neçə dairədə iqtidar partiyasından artıq səs ala biliblər.
Tənqidçiləri iddia edirlər ki, əslində onun müxalifətə qarşı bu qədər sərt olmasına heç ehtiyac da olmayıb. Çünki əldə etdiyi sosial-iqtisadi uğurlara görə ona minnətdar olan Sinqapur əhalisi onun qatıldığı bütün seçkilərdə qalib gəlməsini (belə böyük fərqlə olmasa da) onsuz da təmin edəcəkdi. Li Kuan Yu 30 il baş nazir olmaqla bu sahədə bir rekorda imza atsa da, ömürlük hakimiyyətə iddia etməyib. O ölümündən 25 il qabaq – 1990-cı ildən baş nazirlikdən istefa vermişdi.
İdeologiya həvəskarları üçün xüsusi qeyd edim ki, Li hələ tələbəlik dövründən özünü sosialist sayırdı. Rəhbərlik etdiyi partiya 1992-ci ilə qədər Beynəlxalq Sosialist İnternasionalının üzvü olub. Dövlət kapitalizmi ilə azad bazar iqtisadiyyatı prinsiplərini çox unikal şəkildə əlaqələndirib. Sinqapur hazırda da dünyada dövlət nizamasalmasının ən çox tətbiq olunduğu ölkələrdən biridir. Hazırda da iqtidar olan Xalq Hərəkatı Partiyası özünü sosial-mühafizəkar partiya kimi təqdim edir.
Bütün uğurlarına baxmayaraq, Sinqapurun yeni nəsli artıq Li Kuan Yu irsinə çox tənqidi yanaşır, ölkədə dəyişiklik tərəfdarları artır. 2011-ci ildə keçirilmiş sonuncu parlament seçkilərində artıq müxalifət partiyalarına səs verənlərin sayı 40 faizə çatmışdı. Bu rəqəm ildən-ilə artmaqdadır. İqtisadi möcüzə yaratmış Sinqapurun daha açıq bir cəmiyyətə qovuşacağı da uzaqda deyil. Görürsünüz, azadlıq nə şirin nemətdir? Azadlığının məhdudlaşdırılması müqabilində fantastik uğurlar əldə etmiş bir xalq da artıq dəyişiklik istəyir.
İndi bildinizmi dünyadakı qeyri-demokratik liderlər niyə özlərini Li Kuan Yuya oxşadırlar? Onlar bu yolla sanki öz xalqlarına mesaj vermək istəyirlər ki, siyasi hüquqları məhdudlaşdırsalar da, ölkələrini Li Sinqapuru inkişaf etdirdiyi kimi inkişaf etdirəcəklər. Amma paradoks bundadır ki, Liyə oxşamağa çalışan hazırkı avtoritar liderlərin rəhbərlik etdiyi ölkələr dünyanın ən korrupsiyalaşmış dövlətləridir. Onlar şəxsən daha çox qazanmaq üçün daha uzun müddətə hakimiyyətdə qalmağa çalışırlar. Ona görə də dünyanın korrupsiya çempionlarının özlərini dünyada korrupsiya ilə uğurlu mübarizənin simvoluna çevrilmiş bir şəxslə müqayisə etməsi, yumşaq desək, yalnız acı gülüş doğura bilər.