Əlaqə vasitələri

Sərdar Cəlaloğlunun aim.az saytına müsahibəsini Moderator.az sədri təqdim edir.  

– Milli Şuranın mitinqi ilə bağlı nə deyə bilərsiniz? Sizin partiya dəvət olunmuşdumu bu mitinqə?
– Milli Şuranın mitinqinin təşkilində müraciət edilmədiyinə görə bizim orda iştirakımız da məqsədəuyğun deyildi. Bu ayrıca bir partiyanın mitinqi idi. Onların ayrıca şüarları var, ayrıca siyasi xətləri var, öz düzgün hesab etdikləri yolları var. Biz o yolu düzgün hesab etmirik. Buna görə də nə o yolu təkrarlayırıq, nə də o yolla gedirik…
– Sizin fikrinizcə, Milli Şuranın 15 martda keçirilən mitinqi xalqın iradəsini əks etdirirdimi?
– Təbii ki, yox. O mitinq xalqın deyil, orada olanların iradəsini ifadə edirdi. Ümumiyyətlə, mən belə fikirləşirəm ki, siyasi partiyalar xalqın iradəsini əks etdirə bilməz.
– Bu mitinq ictimai rəyə təsir göstərə bildimi?
– Mitinq yalnız onu təşkil edən partiyanın maraqları baxımdan effektiv idi, çünki hal-hazırda heç kim mitinq keçirmir. Bu mitinqin keçirilməsində məqsəd az-çox gücə malik, siyasi cəhətdən təşkilatlanmış qüvvə kimi görünmək idi. Bu cür kiçik çaplı mitinqlərin xarici qüvvələrin diqqətini özünə çəkməyə çalışmaqdan başqa bir məqsədi yoxdur. Əgər ölkədəki sosial, iqtisadi vəziyyət, doğrudan da, xalqı narahat etsəydi, o zaman xalq müxalifəti heç gözləməzdi, kortəbii çıxışlar olardı. Belə kortəbii çıxışlar olmadığına görə müxalifət də xalqı bu cür mitinqlərə cəlb etmək iqtidarında deyil. Yəni, bu mitinq ancaq bir partiya çərçivəsində olan etiraz idi.
– Sizin fikrinizcə, müxlifətin birliyinə nə mane olur?
– Əlbəttə, müxalifət cəbhəsi formalaşmalıdı, ancaq buna vahid müxalifət, vahid lider olmaq istəyən qüvvələr mane olur.
– Müsavat Partiyasında istefalar, seçkilərini saxtalaşdırılması və bunların ictimailəşdirilməsi ilə bağlı fikrlərinizi də bilmək maraqlı olardı.
– Partiya daxilində baş verən hadisələri mətbuata çıxarmaq, ictimailəşdirmək tamamilə yanılışdır. Hər bir partiyanın nəzarət-təftiş komissiyası və idarəetmə orqanı var. Siyasi partiyalarda hüquqların pozulması ilə bağlı məhkəmələrə müraciət etmək imkanı da var. Belə olan halda, heç bir quruma müraciət etmədən, məsələ ictimailəşdirilirsə, deməli, bu heç də hüquqların pozulmasına görə deyil, burada məqsəd fərqlidir. Daha çox hansısa siyasi məqsədləri olanlar bu addıma əl atırlar. Onu da deyim ki, bütün partiyalarda seçkilərin zamanı həm obyektiv, həm də subyektiv səbəblərdən pozuntular olur. Bu faktı partiya daxilində həll etmək, əgər bu mümkün deyilsə, daha sonra məhkəməyə müraciət etmək lazımdır. Bütün bu prosesi keçmədən məsələni belə ictimailəşdirən adamlar başqa məqsəd güdən adamlardır.
– Avropa oyunlarında Azərbaycan höküməti öz məqsədinə çata biləcəkmi?
– Belə düşünürəm ki, Avopa Oyunları ilə bağlı hakimiyyətin gözləntiləri artıq özünü doğrultmur. Bu oyunlarda məqsəd o idi ki, Avropada yaşayan insanlar Azərbaycana cəlb olunsun, turistlər gəlsin, bununla iqtisadi bir mənfəət əldə olunsun, Azərbaycan dünyaya tanıdılsın. Amma indi görünən budur ki, hətta avropalı idmançılar belə Azərbaycana gəlmək istəmir. Bir ölkədən ki, idmançılar gəlmir, sadə insanların gəlməsini düşünmək absurddur. Azərbaycan hakimiyyəti Avropa oyunlarında planlaşdırdığından çox-çox aşağı divident əldə edəcək. Avropa oyunlarının Azərbaycanda keçirilməsi indiki böhran şəraitində düzgün hesablanmamış addım olduğunu gösətirir. Bizdən əvvəl Almaniyaya bu oyunların təşkili təklif olunsa da, onlar təklifdən imtina etdilər. Təəssüf ki, Azərbaycanda siyasi mənafelər iqtisadi mənafelərdən üstün tutulur. Bu oyunların təşkili də dediklərimizin nəticəsidir.
– Manatın develvasiyası ölkəyə necə təsir etdi, yanlışlar nədə idi?
– Manatın develvasiyasını müdafiə etməliyik, səhv manatın məzənnəsinin bir səviyyədə saxlanılması idi. Bir ölkədə ki, milli valyutasının arxasında istehsal, maddi nemət dayanmırsa, onu dünya iqtisadiyyatının 70 faizini əhatə edən valyuta (dollar) ilə sabit saxlamaq gülünc bir şeydir. Bizim valyutanın məzənnəsi neftin qiyməti ilə müəyyən olunur, neft nə qədər düşsə, manat da o qədər düşəcək. Hökümət iqtisadiyyatı bazar iqtisadiyyatı prinsiplərilə idarə etmir. Vətəndaşların həyat səviyyəsi bazar qiymətlərinə uyğunlaşdırılmalıdır. Bu gün hökumət, manat 33 faiz ucuzlaşdıqdan sonra, minimum əmək haqlarını 33 faiz artırmaq əvəzinə bazardakı qiymətlərə nəzarət edir. Bu da yanılış addımdır, ölkədə istehlak böhranı yarana bilər. Artıq apteklərdə, elektron dükanlarda, mebel mağazalarında bəzi məhsulları tapmaq mümkün deyil. İndi qiymətlərin zorakı yolla saxlanılması manatın məzənnəsinin sabit saxlanmasından sonrakı nəticələri verəcək. Onsuz da bu siyasət xalqı var-yoxdan çıxardır.
– Azərbaycanda informasiya gündəminin bu vəziyyətdə olması nə ilə bağlıdı? Azərbaycan ictimaiyyəti niyə görə TANAP kimi beynəlxalq iqtisadi razılşamanı deyil, rektorun qızının döyülməsini müzakirə edir?
– Azərbaycan iqtidarının ən böyük səhvlərindən biri xalqı siyasətdən kənar saxlamaq üçün onun başını meyxanalarla, ucuz şoularla, mənasız yarışmalarla, aşağı keyfiyyətli verilişlərlə qatmaq oldu. Ona görə də ölkə prezidentinin Azərbaycan üçün böyük siyasi, iqtisadi əhəmiyyəti olan bir müqaviləyə imza atması ictimaiyyətin diqqətini cəlb etmir. Əvəzində Azərbaycan cəmiyyəti hansısa bir qızın döyülməsini, aktirisanın həyatından bir epizodu, avto qəzanı müzakirə edir. Bu, Azərbaycan xalqının siyasi şüurunun olmaması ilə bağlıdı. Yəni, xalqın siyasi şüuru olsa, bilər ki, baş verən hadisələrdən hansılar daha böyük ictimai əhəmiyyətə malikdir. Azərbaycan xalqını məişət şüuru səviyyəsinə salıblar, bu cəmiyyət məişət mövzusundan uzağı düşünə bilmir. Azərbaycan vətəndaşları dövləti, Qarabağı düşünmürlər, hər kəsi öz məişət probleməri narahat edir. Xalqın siyasi maariflənməsində iqtidar nə qədər səy göstərmirsə, Azərbaycan müxalifəti də bir o qədər iş aparmır. Siyasi maarifləndirmə ilə bağlı bütün ideyalara qarşı kəskin mövqe qoyulur və qəbul olunmur. Azərbaycanda cəmiyyəti imperiya tabeçiliyi şüuru ilə yaşıyır, halbuki Azərbaycanda müstəqil dövlət var.
– Bəs bu vəziyyətin yaranmasında, Azərbaycan siyasi şüurun formalaşmamasında mətbuatın rolu nəqədərdir?
– “Kor atın, kor nalbəndi olar”. Mətbuat maarifləndirmə aparmırsa, xalq inkişaf etmir, mətbuat da xalqın səviyəsində ona amterial verir. Xalqa meyxana maraqlıdır, müğənnilərin həyatı maraqlıdır, ailələrdə olan problemlər, boşanmalar maraqlıdır. Elə ona görə televiziyalarımız da reytinq xatirinə bunları ictimai diqqətə gətirir. Bu gün Azəbaycanda Zərdabi, Cəlil Məmmədquluzadə və başqaları tərəfindən əsası qoyulmuş mətbuatın heç bir davamçısı yoxdur. Azərbaycan mətbuatı hakimiyyətin apardığı şüursuzlaşdırma siyasətinə uyğun hərəkət edir.
– Sonda fikirlərinizi necə yekunlaşdırmaq istərdiniz?
– Bugün dünya xalqları yarış içindədir, mədəni imperiyalar yaranır. Arzu edək ki, Azərbaycanda ciddi iqtisadi böhran baş verməsin, eyni zamanda Ukraynada, Yaxın Şərqdə baş verən təhdidlər bizə ağır zərbələr vurmasın.

Loading