Əlaqə vasitələri

“Kommunistlər – vətəndaşlarını girovluqda saxlayanlar”, Məmmədxan Əzizxanlı, “Müxalifət”. az saytı

 http://muxalifet.az/kommunistlr-vtndaslarini-girovluqda-saxlayanlar.html

Sovet dönəmində demək olar ki, bütün vəzifəlilərimiz (cüzi istisnalarla) bitərəf doğulsa da, birinci sinifdən dördüncü sinfədək oktyabrat (yəni,Oktyabr inqilabı deyilən, əslində isə silahlı çevrilişdən doğulmuşlar), beşinci sinifdən səkkizinci sinifədək pioner (fransızca,öncül), səkkizinci sinifdən isə komsomola (Lenin adına Kommunist Gənclər İttifaqı) məcburi-könüllülük prinsipi əsasında keçirilir, istehsalata qədəm qoyandan (o vaxt həqiqətən də kütləvi iş yerləri var idi) sonra isə qabaqcıl, diribaş sözəbaxanlarımız Kommunist Partiyasl sıralarına cəlb edilib kommunist olurduq. Çünki, bunsuz işdə, vəzifədə irəli getmək, müsbət nəyəsə nail olmaq sadəcə mümkün deyildi. Ən yüksək iş bacarığı olsa belə, lakin partiya rəhbərinin xoşuna gəlməyən, sözünə baxmayan insan əsla irəli çəkilə bilməzdi. Bacarıqlı adamın kommunist olmaq istəməməsi isə… hamiyiyyət üçün onun simasında ən azı yad adam obrazı yaradırdı və insana bu kimi təbii hüququ tanınmır, əksinə düşmənçilik kimi qəbul olunurdu. Gələcək perspektivi olacaq deyə, oxumuşlar üçün partiya sıralarına daxil olmaq çətindi. Halbuki, məntiqlə, savadlının  cəlb edilməsi partiyanın səviyyəsini daha üstün edə bilərdi. Yəqin, partiya sıralarında əsl ziyalının çox olması məqsədli olaraq lazım deyildi (görünür, belə olsa partiya öz totalitarlıq, avtoritarlıq simasını itirər və demokratik, sağlam idarəçilik kəsb edər,kommunist rəhbərliyin qavraya bildikləri idarəçiliyə təhlükə yaranar, deyə), olsa da (hesabat üçün) çox azlıqda qalmaqla fəaliyyət qabiliyyətsiz olması və gücə çevrilməməsi lazım idi. Beləliklə, binövrəsi məlum keyfiyyətdə (idarəçinin-avtoritar,idarə olunanın-manqurt,cəmiyyət-totalitarizm) qoyulmuş partiya funksionerlərinin (partnamenqlaturanın) aparıcılığı daim qorunurdu. Bir sözlə, bu Direktivin tələbinə ciddi əməl olunurdu.Ölkə təkpartiyalı sistemlə idarə olunur, digər adda partiya ağıla belə gələ bilməzdi… Bu səbəbdən iş, vəzifə artıımı, perspektivi baxımından ən dəyərli  insanlar belə, kommunist olmağa məhkum olduqlarından millətin, xalqın say-seçməsi Sovet İttifaqı Kommunist Partiyası (bizdə-Azərbaycan Kommunist Partiyası)  sıralarında olmaya bilməzdilər.(Mən özüm, istəməsəm də, lakin ixtisasım üzrə iş ala bilməkdən ötrü partiyaya keçməli olmuşam).

Bununla belə, görün, özlərini uzun müddət dünyanın ən xoşbəxti hesab edən bütün kommunistlərin “dahi” Moskva rəhbərləri  demək olar ki, girovluqlarında olan (başqa ifadə həqiqəti əks etdirməzdi) məhkum xalqlara, vətəndaşlara qarşı dövlət səviyyəsində necə rəzilliklə hansı cinayətlər etmişlər…Bu cinayətlərin, əlbəttə ki, sıravi, səmimi, düzgün kommunistlərə aidiyyəti yoxdur, onlar necə deyərlər, özləri də şəraitin qurbanı kimi şəxsi mövqelərinə görə arzuolunmaz idilər. Mən bunu, bu qurbanlardan biri kimi deyirəm.

Mən də bəziləri kimi sovetlərin sərt rejimli, repressiyalar, düşüncəsi buxovlular ölkəsi olduğunu çoxdan bilir və əzab çəkirdim. Lakin, əlimə düşən, hörmətli filoloq alim, milli hərəkat dövründən tanıdığım Elməddin  Əlibəyzadənin  “Azərbaycanşünaslığa giriş”  adlı kitabının  8-ci səhifəsində verilmiş sənədi oxuduqda dəhşət məni bürüdü və bədbəxtlikdən Sovet İttifaqı sərhədləri içərisində  yaşamalı  olan  millətləri, xalqları necə bir irtica rejiminin sardığını daha dolğun  anladım. Məhz, bu sənədlə tanış olduqdan sonra mənə aydın oldu ki, sovetlərdəki çeşidli, bəzən adi məntiqə belə sığmayan ictimai, siyasi qüsurların (problemlərin) kütləviliyinin, daim artmasının əsl səbəbi nə imiş.

Sovet adına tədris olunan rus tarixini  və onun mahiyyətini bilənlər, bilirlər ki, bu Direktivdə nəzərdə tutulanlar əslində qəbul olunduğu tarixdən çox qabaqlar –  hələ, sovet rejimi yarandığı vaxtdan faktiki olaraq iş, idarə üsulu kimi həyata keçirilmişdir. (Kiçik nümunə üçün bax, Ziya Bünyadov,Qırmızı terror” Bakı, Azərnəşr, 1993, bütöv fikir yaranması üçünsə Sovet xalqlarının repressiya tarixi ilə tanış olmaq lazımdır.)

Hörmətli, Elməddin bəy həmin sənədin, yalnız beşinci abzasından irəli gələn, tariximizdə böyük saxtalığın nümunələrini “Elmdə, tədqiqatda, təhsildə sovet idealogiyasnın əsasları .” adıyla  təqdim edir. Bu əsərə görə Elməddin müəllimə böyük təşəkkür düşür.

Taleyimizdə faciəvi rol oynamış bu sənədi bütövlükdə şərh etməklə oxucuya çatdırmağı isə mən özümə borc bildim. Çünki, milli faciəmizə səbəb olanların təhlükəli əməlləri özlərinin yeni nəsillərinin simasında hələ də davam etməkdədir. Düşündüm ki, bu izahı verməklə  oxucunu, babasından bəri sarmış gerizəkalılıqdan, gömüldüyü  ictimai, siyasi bataqlıqdan sıyrılıb çıxmasına  yardımçı ola bilərəm. Olsun ki, yanılmayım…    

“Bu sənədi “XXI əsr” qəzeti “Kommunizmi ifşa edən sənəd” adı ilə 8 aprel 1995-ci il tarixli sayında dərc edib.” (E. Əlibəyzadə,  “Azərbaycanşünaslığa giriş”  səh 11.).

Bu sənəddə sağlam məntiqə, ağla sığmaz  elə göstərişər,  tələblər var ki, bəzən adamda onun həqiqiliyinə şübhə yaranır, düşünürsən – bəlkə, bu bir quramadır.  Əgər bu sənəd həqiqidirsə, onda deyildiyi kimi onu “Kommunizmi ifşa edən sənəd” saymaq olar.

Bununla belə, hətta belə bir sənəd olmamışsa da… Direktivdə yazılanları  zamanında hərəmiz bir cür, faktiki olaraq  yaşamışıq.

Budur o sənəd, (Sənədin adı və mətni qara şriftlə dırnaqda verilir.) hörmətli oxucu:

“(Sov.İKP MK siyasi bürosunun SSRİ və dünya kommunist partiyalarına direktivi) Moskva 2.6.1947:Tamamilə məxfidir K.AA/SS 113 XK əmri (003)47.”

Şərh: Sov.İKP,MK- Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi. SSRİ – Sovet Sosialist Respublikalar İttifaqı,1922-1991-ci ildə mövcud olmuşdur.

“Yerli sakinlərdən tutulmuş xəbərçiləri səfirliyin ərazisində qəbul etmək qadağandır. Bu adamlarla görüşləri bundan ötrü yaradılmış xidmət təşkil edir. Görüşlər yalnız ictimai yerlərdə keçirilə bilər. Səfirlik məlumatları xüsusi xidmətlər vasitəsilə qəbul edir.”

Göründüyü kimi bu sənəd, bir kommunist olaraq, dövlət başçısını təmsil edən  ən  yüksək tərbiyəli diplomat olmalı olan  vəzifəli şəxsi (adətən) xüsusi xidmət orqanları əməkdaşlarına xas qanunsuz fəaliyyətə rəsmi cəlb etməklə  ondakı dövlətçilik tərbiyəsini pozur, açıqca cinayətə sürükləyir. Bu göstəriş ictimai, siyasi təşkilat olmalı olan təşkilatdan çox,  xüsusi xidmət orqanına xasdır.

“Bütün partiya və təşkilatların birləşdirilməsinə tələsmək və həllediici vəzifələri bizim xüsusi xidmətlərdə işləyən adamların tutmasına çalışmaq lazımdır.”

Şərh: Sən demə, nizamnaməsinə görə könüllülük, açıqlıq prinsipi əsasında, ictimai, siyasi təşkilat kimi qurulmalı Sov.İKP-nın və digər təşkilatların rəhbərləri repressiya aparatı olan xüsusi xidmət orqanlarının peşəkar əməkdaşları olublar. Bu o deməkdir ki, ölkədə dövlət idarəçiliyi əslində  hərbi polis rejimi olmuş, bütün ictimai, siyasi təşkilatların üzvləri sırasında, habelə bütövlükdə cəmiyyətdə milli, həqiqət ruhlu, gözə dəyən kimsələr  diqqət mərkəzində saxlanılmış, Direktivdə göstərildiyi kimi, müəyyən edilərək müxtəlif üsullarla məhv edilmişdir.

“Təşkilatçılıq bacarığı və xalq arasında nüfuzlu olan adamlara xüsusi diqqət yetirməli. Belə adamları ələ keçirməli, ancaq əməkdaşlıqdan boyun qaçırsalar onların yüksək vəzifələrə keçməsinin qarşısını almalı.”

Şərh: Nə qədər qədər müdhiş sosial ədalətsizlik!.. Nəticə, göz qabağında olan sabiq SSRİ dövlətidir ki, pis idarəçilikdən, iqtisadiyyatının rentabelsizliyindən və siyasi  durğunluqdan çürüyüb, çökdü. Çünki, xüsusi xidmət orqanlarıyla əməkdaşlığı olan şəxs rəhəbr olsa da  daxilən azad ola bilmədiyindən müsbət şəxsiyyət kimi də formalaşa bilmir. Azadlığı,bacarığı, xalqa bağlı rəhbəri olmayan cəmiyyət isə geriliyə məhkumdur. Necə deyərlər, “Qabaqda gedəni zəncirli” olan cəmiyyət inkişaf edə bilməzdi, necə ki, bilmədi də. Çox maraqlıdır, görünür elə mənim də ömrü boyu axırdan birinci pillə vəzifədə saxlanılmağımın   səbəblərindən biri, bəlkə də əsası buymuş…

“Elə  vəziyyət yaratmalı ki, dövlət (xüsusi xidmətlər və hərbi sənaye ilə yanaşı) qulluqçularının gəlirləri az olsun. Bu, birinci növbədə səhiyyə, məhkəmə və məktəblərə, eləcə də bütün rəhbər işçilərə aiddir.“

Şərh: Buyurun, ağzınız “şirin” olsun, a “xoşbəxt” gününə salınmışlar, müdafiə etməkdə davam edin acılarınızın, məhrumiyyətlərinizin səbəbkarlarını…axı siz onların sevimli, zəhmətkeş  manqurtlarısınız.

Sağlam düşüncədən uzaq olan bu rəzil prinsipdə məqsəd kimliyindən asılı olmayaraq insanı bir qarın çörəyə möhtac  halında saxlamaqla hər cür hüquqsuzluğa, əmrə tabe tuta bilməkdir. Axı, tox adamdan qul olmaz, acı isə müti etmək, hər cür alçaqlıqla “barışdırmaq” çətin deyil, çünki, o möhtac  və  zəifdir. Bu xəstə idarəçilik üsulu sovetlərdə ilk dəfə  Vladimir İliç Lenin tərəfindən, hələ 1918-ci ildə insanların zorla salındığı  “Trudovoy koloniyalar” (Əmək müəsisələri) şəklində ucuz (məhz, bir qarın çörəyə) işçi qüvvəsi kimi yaradılmışdı. (Bax, Andrey Platonovun  “Kotlavan” (Qobu), “Yuvinilnoye more” (Əsrarəngiz dəniz) əsərləri, Moskva, “Xudojestvennaya literatura”, 1987.)

Bu psixi defektli münasibət, adətən, dünyaya qapalı olan, hüquqi dövləti, vətəndaş cəmiyyəti  olmayan toplumlara  xasdır.

Təbii ki, insanlar imkan tapdıqca  bu rəzil acqoyma yaşam tərzindən kənara çıxıb, nisbətən normal yaşamaq üçün qanunsuz gəlir əldə etməyə (əslində, haqlı olaraq) çalışır, birtəhər yaşayır, bunu da hamı, o cümlədən rəhbərlik də bilir, lakin buna müəyyən həddədək göz yumur, lazım bildikdə, istənilən vaxt “cinayət içində üzən”  tabeçiliyindəkini gözükölgəli kimi hər cür alçaldıcı əmrə tabe tuta, bu alınmadıqda isə onu məsuliyyətə cəlb edə, ən azı işdən kənarlaşdıra, yəni “küçədə it döyməyə”   göndərə bilirdi, çünki bu cür işdən qovulan damğalı sayılır, başqa yerdə işə götürülmürdü. Beləliklə, hamılıqla (bəzi, aclığı qəbul edən müstəsnalar “buynu kəfənlilər” istisna olmaqla) gözüqıpıq yaşamağa məhkum edilmişdi.

Az sonra, bu şəraitsizlikdən istər, istəməz onlara da “pay” düşdüyündən və bu “pay”ın özlərinə ləzət eləmədiyindən,  partiya və sovet rəhbərliyi özləri üçün, dövlət hesabına, cəmiyyətdən bir növ gizlin (ümumi hesabatlarda göstərilməyən, geniş işıqlandırılmayan), onların hər cür sosial təminatı ilə məşğul olan Sov.İKP yanında 4-cü İdarə adlı qurum yaratmaqla 1-ci və 2-ci dərəcəli partiya təbəqəsi (partnamenqlatura) və onların ailələri, hətta yaxın qohumları üçün bütün sosial məsələləri həll etmiş oldular. Bu  seçmə rəhbərlik, zəhmətkeş adlandırdıqları işçilər hesabına kommunizm dedikləriini özləri üçün həqiqətən də yaratmışdılar. Məsələn, ən yaxşı ittifaq təminatlı sanatoriyalar, istirahət evləri, pioner düşərgələri, aztapılan mallar  maneəsiz olaraq (“Vneştorq”un Moskvada “Beryozka”, Bakıda “Çinar” kimi qapalı mağazaları, burada alver yalnız xarici valyuta və bonlarla aparılırdı) onların və ailələrinin ixtiyarında idi. Məsələn,  AKP MK-nin üst təbəqəsi (partnamenqlaturası) üçün tikilən  doqquz mərtəbəli, dörd girişli binanın (MK-nın yanında) daxili qurluşunun genişliyi (adi insanın xəyalına gəlməz ölçüdə – təkcə mətbəx təqribən 40 kvm olar, ayrıca kababxanasıyla) ilə xüsusi seçilir, giriş pilləkənləri dümağ mərmərdəndir (camaatın yaşayış binalarında isə on-onbeş ildən sonra dağılmağa başlayan tökmə betondan ki, indiyədək təmirsizdir). Birinci katibin mənzili 3-4-cü mərtəbədə yerləşir, daxili pilləkənlərlə birləşir, adi doqquzmərtəbələrdən çox fərqli, üstündür. Yaxud, Zaqulbada onların əyləncəsi üçün tikilən, indiki Əl Oyunları Stadonu boyda yarım milyonloq smeta dəyərində olan, dəniz suyu ilə təchiz olunan, qızdırılan, 12 iqlimli çimmə növü (duşu) olan hovuz və sair belə, belə şeylər… Yeri gəlmişkən bu pula təqribən  5 dənə beşmərtəbəli (Xruşşovka) yaşayış binası tikmək olardı. Bu təminat pul bazarına uyğun daha təkmil formada indi də durur.  

“İdarəetmə orqanlarında  və müəsisələrin əksəriyyətində (yerli hakimiyyət orqanlarının razılığı olmadan) bütün vəzifələrə bizim xüsusi xidmətlərimizlə əməkdaşlıq edən adamları təyin etməli”

Şərh: Fikir verin ki, xalqın yetirdiyi, tanıyıb qiymətləndirdiyi, üstün hesab etdiyi nümayəndələrini qanunla, seçki yolu ilə iş başına gətirməsindən tam yan keçilərək, yalnız , mərkəzə (oxu, rusa) bağlı xüsusi xidmət orqanları ilə əməkdaşlıq edənlərin vəzifəyə təyin edilməsi tapşırığı verilir.  Deməli,qanunla nəzərdə tutulan seçkiləri sırf deklarasiyadan, yəni gözə kül üfürməkdən başqa bir şey deyil. Bu kütləvi saxtakarlıq  elə bu gün də mahiyyətcə  kommunistlərin əsas iş üsuludur. Kommunistlərcə, millətə, xalqa bağlı kimsə iş başına gətirilə bilməzmiş. İş başına, yalnız mərkəzin tapşırıqlarlnı danlşlqslz icra edən, xalqın mənafeyini mərkəzə satmağa daima hazır bacarıqlılar təyin oluna, “seçilə” bilərlər. Bu təyinatda və “seçkidə” sovet  idarəçiləri yerli nümayəndələrin rus, erməni və yəhudilərlə birgə nikahlarına xüsusi üstünlük verirdilər ki, bu da millətin, xalqın  xüsusən də “seçilmişlərin” mələzləşdirilməsinə, geninin qarışdırılmasına, yəni zatın itməsinə  səbəb olurdu. Bu isə həmin millətin, xalqın milli xarakterinin formalaşmasına mənfi təsir edən ciddi faktordur. (Bax, Qustav Le Bon, “Kütlə psixalogiyası” Bakı, Adiloğlu nəşriyyatı, 2012).

Çünki, geni ayrı olub qarışdırılanların mənəviyyatı normaldan çox fərqli olduğundan nəticədə milli kimliyi bəlli  olmayan  rusbaş sovet adamı (“homo sovetus”), el arasında isə zatıqırıq deyilən birisi  əmələ gəlirdi.         Hökumət adamı sayılardı deyn, el arasında beləsinə ürək də qızdırılmazdı, çünki etibar yoxdu…

Bu təyinatlarda, “seçkilərdə”  vəzifədə irəli çəkilənlərin  rus dilinə, məişətinə, davranış tərzinə nə qədər bağlı olması, hətta ailəsində belə rus dilində danışması, öz xalqına (xüsusən də türklərə, müsəlmanlara) nə dərəcədə yadlaşması (ona yuxarıdan aşağı baxması, bəzən ikrahla üz döndərməsi, aşağılaması, bəyənməməsi) müsbət hal kimi nəzərə alınırdı ki, bu da sonucda xalqın öndə getməli olanların assmilasiya olunaraq ruslaşmasına səbəb olurdu. Belələri, görünüşdə öz xalqına oxşasalar da mahiyyətcə bizə yad, özgə mənəviyyatının daşıyıcısına çevrilirdilər. Nəticə, bizimçün faciə ilə qurtardı – bizimki hesab etdiyimiz… bizə düşmən çıxdı və  millət gərəkən anda rəhbərsiz qaldı. Ermənilərə, Qarabağ maharibəsini uduzmağımızın bir səbəbi də məhz bu idi.

Ailəsi, milli keyfiyyətə uyğun qurulanlar, çalışdığı sahədən və yüksək qabiliyyətindən asılı olmayaraq, yalnız “yük atı” kimi istifadəyə layiq görülə bilərdi.

“Yerli mətbuata xüsusi diqqətlə göz qoymaq gərəkdir ki, bizim ölkəmizə hansı malların nə qədər aparıldığı barədə məlumatlar çap edilsin. Gətirilən malların ancaq miqdarını qeyd eləsin.”

Şərh: Yerlərdən İttifaq büdcəsinə aparılan, göndərilən və yerlərə gətirilən malların dəyər formasında açıq qeyd olunmaması mərkəzə, yalnız ona görə lazım ola bilərdi ki, aradakı dəyər fərqi xalqdan gizli saxlanılsın, sömürgəçiliyin (işğalçılığın) talançılığı bilinməsin. Məsələn, ilk olaraq “Aprel ayının 17-də (1920-ci ildə-M.Ə) isə Lenin hələ olmayan Bakı Neft Komitəsinin sədrliyinə A.Serebrovski adlı birisini təyin etdi və ona neftin Rusiyaya daşınması sahəsində fövqəladə səlahiyyətlər verdi” (N.Nəsibli,”Azərbatcan Demokratik Respublikasının xarici siyasəti”, Qanun nəşriyyatı,2011,səh.268), yaxud, N.Nərimanovun ifadəsi (iftixarla) ilə desək: “Ermənistan respublikası tamamilə bizdən asılıdır,çünki hər şeyi bizdən alır.Biz Gürcüstana tamamilə müftə, hesabsız  neft göndəririk, heç bir şeysiz  Sovet Rusiyasından 25000 dəst paltar, milyon pud taxıl, küllü miqdarda şəkər və sairə alırıq. Və bütün bunların hesabı, mühasibat uçotu aparılmır.” (“Azərbaycan SSR dövlət və hüquq tarixi” rusca,səh.190,Bakı, Elm nəşriyyatı,1973),(Hətta, tapıntı, miras və cinayət nəticəsində əldə edilən qızıl, ziynət və digər qiymətli şeylər, yalnız Moskvanın “Qoxran” (Qosudarstvennoye xraneniye) (Dovlət qorunması) deyilən bir müəsisəyə verilə bilərdi, bizlm Respublika banklarına belə şeyləri öz, yəni Respublika hesabına mədaxil etməsi qadağan idi…Mən özüm belə halla rastlaşdım, lakin, qızılı “Qoxran”a göndərmədim (ki,Respublıkadan çıxmasın), müvəqqəti olaraq Respublika Bankının Bakı Şəhər Nərimanov Rayon Filialında və öz seyfimdə  bir neçə il saxlayıb, axırda 1992-ci ildə yaranan Respublika Ləl-Cəvahirət Fonduna təhvil verdim.)  Yəni,bilinməsin ki, ittifaqa verdiyi ilə müqayisədə respublikaya nə qədər az büdcə ayrılır. Bu dəyər fərqini görmək üçün, Respublikamızın ixracı, idxalı və ona Moskva tərəfindən ayrılan illik büdcəsinə baxmaq yetər. Bu rəqəmlər arasındakı fərq Respublikamızın ziyanına olaraq şox böyükdür. (Bax,“Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin Məlumatı” Azərbaycan SSR AS-nin nəşri,Bakı)

Milli hökumətin vacib vəzifələrindən biri də bu olardı ki, ziyanımıza olan bu fərqi (ittifaq orqanlarının saxlanılması üçün, qanuni sayıla biləcək vergidən əlavə), müstəmləkə  illəri üzrə müəyyən edib və Rus Sovet İmperiyasının hüquqi varisi – Rusiya Federasiyasından,  bizim xeyrimizə tələb    etsin.

“Yerli orqanlara təzyiq göstərməli ki, əkin və həyətyanı sahələri olan vətəndaşlara torpağın sahibi olduğunu deyil, onlara torpaq verildiyini təsdiq edən sənəd verilsin: elə etməli ki, hüquqi, inzibati əmr və qərarlarda konkretsizlik olsun.”

Şərh: Təsəvvür edirsənmi əziz oxucu, “Fabrik, zavod – fəhlələrə!”, “Torpaq – kəndlilərə!” şüarları ilə hakimiyyətə gələn kommunist (bolşevik) rəhbərliyi, SSRİ və dünya kommunist partiyalarına direktivlə əmr edir: elə edin ki, vətəndaş (ona təbii haqqı kimi verilməli olan) ona verilən onsuz da çox az həcmli  “əkin və həyətyanı” torpaq sahələrinin belə, sahibi olmadığını bilsin, onlara torpaq verilməsi barədə sadəcə sənəd verilsin ki, o, özünü mülkiyyətçi hesab edib güvənli bilməsin, anlasın ki, dövlət tərəfindən, yalnız istifadəyə verilən torpaq istənilən vaxt ondan geri alına bilər və o, yeganə dolanışıq vasitəsindən məhrum olub ailəlikcə ac qala, səfil ola bilər. Yəni, vətəndaş daima qorxu, “hər an,hər şeyini itirə biləcəyi” təhdidi altında, dövlətdən asılı halda səksəkədə, güvənsizlikdə yaşamalıdır ki, onunla istənilən vaxt, istənilən cür hərəkət etmək mümkün olsun.(Halbuki, qanunla, dövlət xalqa xidmət üçün təsis edilən böyük, birləşdirici təşkilatdan başqa bir şey deyil.).

Hamıya məlumdu ki, fabrik və zavodlar da milliləşdirildikdən sonra fəhləyə yox, ümumi mülkiyyət adı ilə dövlətə verildi. Nəticədə, fəhlələr işlədikləri müəsisələrdə (necə ki, kəndlilər kolxozda, sovxozda) birbaşa (konkret) paya (səhmdar kimi, səhmə) malik olmadığı, əmək haqqı  da dolanışığa yetərsiz olduğu üçün təbii ki, öz əməyinin səmərəliliyində də maraqlı ola bilməzdi… ölkə, cəmiyyət rentabelsiz əməklə (falanı yeyən, maya) inkişafdan qaldı, bir nüddət təbii sərvətlərini satmaq hesabına mövcudluğunu saxlasa da, lakin…sonda çökdü… SSRİ, 1991-ci ildə dağıldı.

Hörmətli oxucu, hüquq elmi bizə öyrədir: yazılan qanun, qərar hər cür sənəd mümkün qədər aydın, məntiqli, konkret və dəqiq olmalıdır ki, onun anlaşılması, tətbiqi, icrası çətinlik törətməsin, asan olsun.

Sov.İKP MK siyasi bürosu isə tabeçiliyində olan vəzifəli şəxslərə, partiya məsullarına tapşırır ki, “…elə etməli ki, hüquqi, inzibati əmr və qərarlarda konkretsizlik olsun.”…sual olunur, niyə? Yəqin, ona görə ki, müvafiq qərar, sənəd üzrə vətəndaşın xeyrinə ola, qiymətləndirilə biləcək məsələ, nəticə həmişə sual, şübhə altında qoyulsun ki, vətəndaş öz haqqına sahib çıxa bilməyəcəyi təhdidi altında kimsəylə (oxu, rəhbərliklə) mübahisəyə girişməyə cəsarət etməsin, itaətkarcasına deyiləni etsin, verilənlə qane olsun. Çünki, əks halda malik olduğunu da, əlində qalanını da itirə biləcəyini bilsin…Təsəvvür edin, bu məşum hiss ömrü boyu sovet adamını müşayət etmişdir.

Bütün dünya ölkələrinin əsas qanunlarında vətəndaşın mülkiyyət hüququna malik olması və bu mülkiyyətin qanunla qorunması tələbinin olmasına baxmayaraq, nə SSRİ Konstitusiyası (13-cü mad.) nə də Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası (9-cu, 10-cu mad.) ümumiyyətlə vətəndaşa nəyinsə üzərində mülkiyyət hüququnu tanımır, o, yalnız öz qazancına, yaşayış evinə, yardımçı təsərrüfatı və məişət avadanlığına sahib olmaq, fərdi mənzil tikintisi üçün verilən torpaq sahəsindən istifadə, şəxsi mülkiyyətə varislik hüququna malikdir.

Bu mülkiyyətsizlik hüquqsuzluğu partnamenqlaturaya aid deyildi, çünki onlar imtiyazlı kimi tam dövlət təminatında idi…

“Mümkün qədər elə etməli ki, istənilən məsələ ilə eyni vaxtda bir neçə komitə-müəsisə və təşkilat işinə təsir etmək hüququ olmasın. Rəhbərlərin rolu ancaq sərəncamları yerinə yetirməklə məhdudlaşmalıdır.”

Şərh:            Bu tələb yəqin ki, hər hansı bir məsələ barədə alternativ fikrin yaranma ehtimalını aradan qaldırmaq üçün qoyulmuşdur. Dövlət orqanları və vəzifəli şəxslərinin  qanun qarşısında məsuliyyətlərindən daha çox… partiya məsuliyyəti üstün tutulsun. Bütün bu kimi tapşırıqlar mahiyyətcə dövlət qurumlarının qanuni, obyektiv fəaliyyətini, partiyanın ümumi inzibati amirlik iş üsuluna tabe tutulmasını təmin etmək məqsədini daşıyırdı.

“Həmkarlar birliklərinin müəsisə rəhbərliyinə qarşı dura bilmək imkanı verən hüquqları qətiyyən olmamalıdır.

Onları başqa işlə, məzuniyyətlərin və boş vaxtın təşkili, təqaüd və kredit məsələlərinə baxılması,  mədəni və əyləncəli tədbirlərin, gəzintilərin keçirilməsi, qıt malların bölüşdürülməsi ilə yükləmək lazımdır. Onlar siyasi rəhbərliyin qərarlarını izah etməli və bəraət qazandırmalıdırlar.”

Şərh:  Baxın ha, bir sözlə, sən demə həmkarlar təşkilatı öz əsas işindən (nəyə görə ki, təsis olunur) başqa bütün digər işlərlə məşğul olmalıymış. Sual olunur, məgər müəsisə rəhbərlərinə qarşı dura bilmək hüququ, imkanı olmayacağı halda həmkarlar təşkilatı işçiyə lazımdırmı? Həmkarlar, Direktivdə göstərilən halda öz üzvlərinin hüquqlarının müəsisə rəhbərliyinin baş verə biləcək qanunsuz hərəkətlərindən, özbaşınalıqlarından necə qoruya bilər? Cavab çox sadədir, əlbəttə ki, qoruya bilməz, necə ki, qoruya bilmir. Belə halda işçinin əmək hüquqlarının müdafiəsi qalır müəsisə rəhbərliyinin insafına, işçinin şəxsən rəhbərliklə dil tapmasına, ya da “taleyin ümidinə”. Odur ki, reallıqda həmkarlar təşkilatı müdriyyətdən tam asılı, yox kimidır.

Nəhayət, işçinin hüququnun qorunmasına ehtiyac yoxdurmu? Cavab belədir: əgər ehtiyac olmasaydı yəqin ki, həmkarlar yaranmazdı.

Yaxud, həmkarlar öz üzvlərinin hüquqlarını qorumayacaqsa, onda onların hüququnu  kim, necə qoruyacaq? Cavab: əgər, hüquqmühafizə orqanları tam qoruya bilsəydi heç həmkarlar yaranmazdı ki?  Düzdür, prokurorluq ümumi nəzarət qaydasında işçinin hüquqlqrının qorunması ilə 2000-ci ilədək rəsmən (faktiki, 1996-cı iıədək) görəvli idi, lakin bu da həmkarların əsas işinin görülməsi anlamına gələ bilməzdi.

Direktivdə deyilən formada həmkarlar kimə lazımdır, həmkarların üzvlərinə, yoxsa qarşı tərəflərə?  Cavab: qarşı tərəflərə-dir.

Beləliklə, həmkarlar təşkilatları öz tarixi təyinatlarından – müdriyyətin hər zaman baş verə biləcək qanunsuzluğu və özbaşınalığına qarşı öz üzvlərinin qanuni mövqeyində dura bilmək–dən başqa, sonrakı dərəcəli məsələlərlə yüklənməklə, əslində fəaliyyət qabiliyyətsiz edilmişdir. Bütün bunlar Kommunist Partiyasının inzibati amirlik iş üsuluna qarşı dura biləcək bir qurumun belə olmamasına, varsa, zərərsizləşdirilməsinə xidmət edir.

“Elə hərəkət etmək lazımdır ki, yalnız öz vəzifələrini sədaqətlə yerinə yetirən və onların bilavasitə fəaliyyət dairəsindən kənara çıxan problemləri təhlil edə bilməyən rəhbərlər irəli çəkilə bilsinlər.”

Şərh: Düşünə bilirmisiz, yəni, düşüncəsiz icraçı – manqurtların rəhbər vəzifələrə gətirilməsi tövsiyə olunur ki, şəxs nə etdiyinin mahiyyətinə varmaq, analtik  qabiliyyətində olmasın, sadəcə vəzifədə özündən böyüyün dediyini danışıqsız yerinə yetirsin.(Sadiq köpək- prinsipi.) Elə buna görə də sovetlər dövründə bütün sərbəst düşüncəlilər repressiya edilmiş, cürbəcür basqıya məruz qalmışlar. Mən özüm, son 31 illik əmək fəaliyyətim dövründə tam əsassız olaraq 5 dəfə mənfi xasiyyətləndirilmişəm, icraatım 4 dəfə tam həcmdə yoxlanılmışdır. Hər dəfə uğursuzluğa düçar etdiyim yoxlayıcı (çəpgöz rus) axırda məni yoxlamadan bezdi, çünki işimdə kiçicik qüsur belə tapa bilmir, əvəzində tərəfimdən “insafsızcasına” sifarişçi ilə birlikdə ifşa edildiklərindən əsəbiləşirdi. Bizim işdə də eynən cəmiyyətimizdə olduğu kimi, bəşərin ən axmaq sayıla biləcək bir rus deyimi qüvvədə idi: “Ya naçalnik-tı durak, tı naçalnik-ya durak.”, yəni “Mən rəisəm(sə)-sən axmaqsan,sən rəissən(sə)-mən axmağam.” Bu düşüncəsiz iş üsulu – nadanlıq, təssüf ki, bu gün də cəmiyyətimizdə qalır.

Amma, qabiliyyətsizlər kütləvi olaraq iş başına gətirildiyindən nəticədə ölkə çökdü. Halbuki, aparıcıları normal düşüncəli insanlar olan cəmiyyətlərdə bunun əksi baş verir. Milli demokratik, hüquqi dövlət qurmuş milətlər (ABŞ və Qərbi Avropa dövlətləri), artıq iki yüz ildən artıqdır ki, idarəçilikdə dağıdıcı inqilab yaşamırlar, əvəzində vaxtaşırı zəruri islahatlar onların dövri yaşam tərzinə çevrilmişdir. Necə ki, böyüklərimizdən biri ustad Məhəmmədhüseyn Şəhriyarın dediyi kimi, “Bizdən qabaqdadır avropalılar,” çünki, “işi, işbilənə tapşırır onlar.”, daha bizdəki kimi, işi işbilməyənə tapşırmırlar.

Baxmayaraq ki, Sov.İKP özünün  31 oktyabr 1961-ci il tarixli, XXII qurultayındakı qətnaməsində deyirdi, “Partiya təntənəli surətdə elan edir: sovet adamlarının indiki nəsli kommunizmdə yaşayacaqdır!” (“Sov.İKP tarixi müntəxəbatı”, Azərbaycan Dövlət Nəşriyyatı,Bakı,1971,səh.388) , lakin bu baş vermədi..

Kommunistlərin  hesabına görə 1980-ci ildə ölkədə kommunizm (oxu, cənnət) həm də bizimçün  qurulmalı idi…Əslində, özləri-partnamenqlatura üçün kommunizm çoxdan qurulmuşdu.

“Hər hansı malların (ÇK-nın 552-46 nömrəli əmrində nəzərdə tutulmuş malları çıxmaqla) satışında çətinliklər yaratmalı.”

Şərh: “ÇK-nın 552-46 nömrəli əmrində nəzərdə tutulmuş mallar” yəqin ki, yaşam üçün ən zəruri – çörək, su, kartof kimi ərzaq malları olub.

Bunu, yəqin  ona görə fikirləşiblər ki, vətəndaşlar adi məişət qayğıları, çətinlikləri ilə daim yüklənsinlər, gərginlik altında yaşasınlar ki, əsas insani hüquq və azadlıqları barədə düşünməyə vaxtları qalmasın, ayılmağa macal tapmasınlar, bir də görsünlər, artıq ömür keçib, yaş ötüb, ölüm haqlayıb…Bu da rusun – orta əsrlər, axmaq yaşam tərzindən irəli gəlir, yəqin: “Pryənnik i knut” (Zopa və kökə), yəni zopa ilə döyüb, ölməməkçün kökə ilə yedirtmək…İnsanı, daim ölümlə, həyatın son həddi arasında…bəlkə sağ qalmaq ümidi ilə, yarıac, yarıtox yaşatmaq… yox,  mövcudluğunu təmin etmək.  Bu axmaq prinsip bu gün də Rus imperiyasının yaşam tərzi olduğundan, çox böyük imkanları olmasına baxmayaraq, insanlar burada heç vaxt rifaha qovuşmayıblar…Çünki, idarəçilik sistemi köhnə və axmaqdır, o, yaxşılığa doğru dəyişməyincə belə qalacaq.

Ərazi böyüklüyü, sərvət bolluğu, hələ rifahda yaşamaq demək, deyil, rifahda keçməyən ömürsə…yaşamaq deyil. Rifahda yaşamaq – hər şeyin yüksək səviyyədə, ürəyincə olmasıdır.

Adətən normal cəmiyyətlərdə bunun əksini düşünərlər ki, ölkə insanı  mümkün qədər çətinlik çəkməsin, sosial rifahda yaşasınlar və sairə.

Amma, görürsüz, bu siyasi büqələmunlar xalqa vəd etdiklərinin və normallığın tam əksi olaraq, sovet düşüncə tərzi, mövcud olduğu bütün bu uğursuz məkanda və müddətdə insanların (partnamenqlatura, imtiyazlı təbəqə istisna olmaqla) mütləq əksəriyyətinin təbii yaşam tərzinə qarşı olublar…

“Çalışmaq lazımdır ki, şəhərlərin bərpası, yeni tikintilər zamanı vahid su kəməri şəbəkəsinə daxil olmayan nömrələr və quyular sistemli şəkildə ləğv edilsin”

Şərh: Axı, mövcud olan yararlı şey niyə məhv edilməlidir? Maraqlıdır, bu nə üçün lazım ola bilərdi… Yəqin, yalnız ona görə ki, sovet hakimiyyətindən asılı olmayan, sərbəst su (yəni-həyat) təchizatına malik olan insanlar olmasın. Görünür, hökumət, lazım bildikdə vətəndaşlarını bu həyati vacib qidaya möhtac, özündən asılı vəziyyətdə saxlamaqla, hətta su verməməklə belə (?!) onları şantaj edə bilsin…nə qədər qəddar bir niyyət. Yoxsa, bunu başqa necə başa düşmək olar?

Amma, bir hökumət kimi bunlar, necə yaşamalarına cavabdeh olduğu vətəndaşlarından fərqli olaraq,  özüyçün həmişə, yerin altında, gizli olaraq böyük su ehtiyatı saxlayıblar, məsələn, 50 min tonadək.

“Sənaye obyektlərinin bərpası və tikintisi zamanı sənaye tullantılarının əhalinin içməli su mənbəyi olan su hövzələrinə atılmasına çalışmaq lazımdır”

Şərh: ?! Görünməyən işdir.Uşaqlıqdan bizə aşılayıblar: axar suyu bulandırmazlar, çünki içməli su təmiz olmalıdır. Bunlar isə, əksinə, camaatın  içməli suyunun  sənaye (oxu,zəhərli) tullantılarıyla zibilləndirilməsinə rəsmi göstəriş verirlər. Adətən, qədimlərdə, nadir hallarda ən qəddar düşmənlər mühasiriyə aldıqları şəhər əhalisini təslim etmək məqsədilə belə təhdidlərə əl atardı, o da təmiz sel suyu ilə…Müasir dövrdə ekologoji tarazlığı pozmaq da qadağandır, çünki anti humanistdir. Bu ki, öz xalqına qarşı ziyankarlıqdan, kütləvi xəstəlik, qırğın törətməkdən başqa bir şey deyil?! Bunun adı nədir? Bunu, necə etmək olar?  Axı bu, nə deməkdir?

…Bəli, bu o deməkdir ki, üst təbəqə partiya işçiləri (partnamenqlatura) xalqın içdiyi yerdən su içmir, qidalandıqları ilə qidalanmır, istirahət etdiyi yerdə istirahət eləmir, yaşadığı yerdə yaşamırlar, hətta, basdırıldıqları yerdə basdırılmırlar (Fəxri xiyaban) ki, xalqa qarşı belə qəddarlıq edirlər, yoxsa özləri də məhv olardılar. Təkcə nəfəs aldığımız havanın sərhədi yoxdur, o da bir az  məkanca fərqlidir, onlar ekoloji təmiz ərazidə işləyib, yaşayır, biz isə, çirkli. Onların özlərinin və ailələrinin hər cür sosial qayğıları dövlət (oxu,xalq) hesabına xüsusi olaraq təmin edilir (Sov.İKP MK  yanında 4-cü İdarə), bizimki isə, “Başlı, başın saxlasın” təbii seçmə qanunu ilə, mədəni dünyadan uzaq. Bu cür hərəkətlər mahiyyətcə ziyançılıq, təxribat olub, öz xalqına qarşı cinayət hərəkətidir. Bir sözlə, bu, bir düşmənçilikdir.

“Bərpa olunan şəhərlərin və yeni mikrorayonların mənzillərində ev heyvanlarının uzunmüddətli ehtiyatlarının saxlanılmasına imkan verən artıq sahələr olmamalıdır.”

Şərh:  Sanmıram ki, bu,  antisanitariyyanın qarşısının alınması üçün ola. Tapşırıq, yəqin ki, əhalinin ərzaq ehtiyatlna malik olmasının qarşısını alma məqsədi güdür. Bu  cür siyasət yürüdən dövlətin əhalisinin daima qıtlıqda yaşaması normal sayılmalıdır, mövcud şərtlər daxilində başqa necə ola bilərdi ki? Ona görə də ərzaq mağazaları daim quyruqlu, növbəli olurdu.

“Bütün sahələrdə inzibati aparatın böyüməsinə imkan daxilində kömək etməli.”

Şərh: Vallah, bu, debillikdi ki, var. Siyasi iqtisad elmi öyrədir ki, məhsulun maya dəyərinin üstündə oturan əlavə xərclərdən biri də hələ ki, mövcudluğundan qaçılması mümkün olmayan, işin təşkili üçün zəruri olan inzibati aparatdır. Bununla belə, normal iqtisadiyyatlı, xüsusi mülkiyyət olan ölkələrdə işdə böhran yarandıqda zəruri ixtisara məruz qalan ilk sahə inzibati aparat işçiləridir, çünki belədə istehsal azalmır, əksinə əlavə xərcdən yaxa qurtarmaqla infilyasiya, böhran kompensasiya edilir… İstehsalatın ağılla idarə edilməsi ilk növbədə inzibati aparatın mümkün qədər kiçildilməsini hədəfləyir. Odur ki, elm,texnika inkişaf etdikcə bütün ağıllı, normal düşüncəli adamlar inzibati aparatın kiçildilməsinə çalışmışlar. Çünki, inzibatçı nəinki (istehsal etməməklə) birbaşa gəlir gətirmir, üstəlik istehsalçıya, büdcəyə əlavə maliyyə yüküdür.Bu sadə həqiqəti anlamaq üçün heç oxumaq da vacib deyil, əsaslı təcrübə də yetər.

Yalnız, ümumi (konkret şəxsə məxsus olmayan) mülkiyyətdə iqtisadiyyata münasibət bu cür ögey ola bilər. Xüsusi mülkiyyətdə isə bunun tam əksidir, ona görə də uzun illərin (74 il dalıyca danışılan) “çürümüş kapitalizmi” az qala həndəsi silsilə ilə inkişaf etməkdədir. Bir sözlə, kommunistlərin bu cür yanaşması – istehsalata karikaturadır, burada istehsal, idarəçilik piramidası… başı aşağıdır. Sovet iqtisadiyyatının öz falasını yeməsi, yəni, rentabelsizliyi, onun iqtisadi şöküşünü şərtləndirən əsas amillərdən biridir. Bir lətifədə deyildiyi kimi, bircə bu şərt (barıtın yaş olması) kifayətdir ki, qalan 39 şərtin olmasına ehtiyac olmasın.

“Barəsində xüsusi təlimat olan hərbi və başqa müəsisələrin bütün istehsal planlarını nəzarətə götürməli. Daxili bazarda tədarük planlarına mane olmaq lazımdır.”

Şərh: Bu tapşırıqla əslində Sov.İKP öz səlahiyyətli üzvləri vasitəsiylə dövlət idarəçiliyini nəzarətə götürüb, dünyəvi idarəçilik işini əngəlləməklə dövlət içində pozucu faktor olduğunu isbatlayır. İnandırım, heç bir canlı öz həmcinsinə belə pislik etməzdi ki sovet idarəçisi edib.

Kommunist Partiyası, SSRİ-də, sanki dünyəvi idarəçiliyə lüzumsuz müdaxilə edən orta əsrlərin  dinləri rolunu oynamış, dinin müasir prototipi olmuşdur. Elə bu zay idarəçiliyi ucbatından inkişafdan  geri qaldı.

“İbtidai və xüsusi məktəblərdə (ancaq hər şeydən qabaq orta və ali təhsil müəsisələrində) milli ruhlu müəllimləri kənarlaşdırmalı. Onların yerinə bizim müəyyən etdiyimiz adamları qoymalı. Tarix dərslərində diqqəti şahların qəddarlığına və xalqın onlar əleyhinə mübarizəsinə cəmləşdirmək lazımdır. Xüsusi məktəblərdə çox məhdud ixtisaslaşmaya keçmək zəruridir.”

Şərh: Burada fikir,  izaha ehtiyac olmayacaq qədər aydın deyilir. Bununla belə, anladıqlarımı paylaşmaq istərdim. Bunların fikri buydu  ki,  işğal etdikləri ölkələrdə yeni yaranacaq nəsil öz kimliyinə sahib çıxa biləcək milli ruhda tərbiyə almasın, sovet adamı, yəni kosmopolit, manqurt olsun, yoxsa  dünyanın gediş, gəlişindən baş aça, öz haqqını anlaya, işğalçıdan tələb edə, ona qarşı mübarizəyə qalxa bilər. Halbuki, milli ruhda tərbiyəsi olmayan nəsil sonda milli simasız kimi məhvə məhkumdur. Odur ki, öz kimliyinə sahib çıxa biləcək nəslin milli kimliyinin necə formalaşması çox önəmlidir, çünki, bunsuz o özünə yiyə dura bilməz. Bizi milli simasız görmək istəyənlər bunu çox gözəl bildiklərindən həmişə milliliyə (bizim) qarşı olublar. Hakim millətlər isə öz milliliklərini müxtəlif vasitələrlə, daha çox bəşəri dəyərlər, yaxud müasir cəlbedici dəb, qloballaşma adı altında digərlərinə (məhkumlara, zəiflərə) sırımaq istəmiş və müəyyən qədər də buna nail olmuşlar. Elə bunun bariz nümunəsidir ki, Bakı şəhərinin reklamlarına, şəhəri bəzəyən yazılara baxdıqca, özünü Azərbaycanda yox, sovet dövründə sanki hansısa bir rus şəhərində (indi isə ingilis dilli bir şəhərdə) olduğunu hiss edirsən. Burada, səhv (yad) idarəçiliklə yanaşı, bizim bəzi vətəndaşların xarici  əlamətlər qarşısında görməmişliyi də az rol oynamır, əlbəttə bu da yəqin ki, səviyyəsizlikdən irəli gəlir.  Bu cür assmilyasiyaya müqavimət, yalnız, milli keyfiyyətin daşıyıcıları olan aydınlardan irəli gələ bilərdi.Cümhuriyyət dövründən qalan aydınların hamısı kommunistlər tərəfindən ya güllələnib, ya da sürgünlərdə məhv edilmişdi. Görünür, yeni, milli ruhlu nəsil əmələ gəlməsin deyə, bu tapşırıqlar verilir. Başbilənsiz qalan xalq isə düşüncəsiz kütlədən, ucuz işçi qüvvəsindən başqa bir şey deyil. Rus işğalçılarına da elə beləsi – sərvəti bol, özü üzüyola, haqqını qanmayan,yalnız  işçi qüvvəsi olan xalq lazımdı ki, onu da bu cür yaradırdılar. Məsələn, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlunun məşhur bir çıxışında rus həmkarına xitabən dediyi: “Mı, vam neft kaçay-kaçay,  vı, nam politika kaçay-kaçay”(Biz,sizə neft göndərək,siz, bizə siyasət gətirin) deyimi, bu alçaldıcı siyasətə, bəsit düşüncəyə bariz nümunədir (Çox maraqlıdır, insanın qulaqları neçə metrə yarım olmalıdır ki, belə düşüncəsiz olmaqla bərabər, hələ bir xalqa rəhbərlik iddiasında da olasan?). Belə şəraitdə əmələ gələn, qabağa gedən isə, yalnız rusbaşlar ola bilərdi ki, bunlar da xalqın yox, siyasi rejimin işinə yarayırdılar. Bizim, ermənilərlə, Qarabağ uğrunda müharibə başlananda isə camaat özünə, özündən olan rəhbər axtarsa da tapa bilmədi, nəticədə müharibəni ləyaqətsiz bir düşmana uduzdu.  İndi bizə bəlli olur ki, niyə “Vaqif” kimi pyeslərdə Ağa Məhəmməd Şah Qacar az qala bütün xalqa  qarşı qoyulur, “Koroğlu”, “Qaçaq Nəbi” kimi dastanlarda qəhrəmanlar ancaq xana, bəyə qarşı mübarizə aparır, ədalətsiz, işğalçı rejim isə “unudulur”. Azərbaycan xanlıqlarını xarici düşmənlərə, ilk növbədə ruslara qarşı birləşdirməyə çalışan  güclü sərkərdələr olan Nadir şah, Qacar şah, Cavad xan, Hüseynqulu  xan kimilər Moskvanın sifarişi ilə bu cür “sapı özümüzdən olan balta”lar tərəfindən  tərtib olunan əsərlərdə öz xalqının qəddar düşməni kimi  təqdim olunmaqla aşağılanırdılar. Nəticə, milli ruh düşgünlüyünə səbəb olurdu. Xalq düşünürdü ki, onun öz sırasından ona sahib çıxan ədalətli kimsə olmamışdırsa, deməli bundan sonrasına da buna ümid etməyə dəyməz, elədirsə  pis, yaxşı  rusun rəhbərliyini qəbul etmək lazımdır. Bu, çox ağır çıxılmazlıqdır.

Hətta, son vaxtlar müəyyən edilmişdir ki, cümhuriyyətin devrilməsindən sonra rus sovet işğalçıları, Azərbaycan tarixinin öz istədikləri kimi yazılmasını təşkil etmək üçün Y.Ratqauzer, A.Rayevski, A.Dubner, A.Steklov, S.Sef, N.İ.Anserov, V.M.Sluslyev və sair  kimi rus, yəhudi mütəxəsisləri Moskvadan, Bakıya göndərilmişdir. (Bax, Nəsib Nəsibli,”Azərbaycan Demokratik Respublikasının xarici siyasəti”,səh.23,24, Qanun nəşriyyatı,2011.)

Elə bu səbəbdən də, tarix dərsliklərində, rusların ölkəmizi işğal etməsi, sanki, bizim qurtuiuş savaşımız kimi təqdim olunurdu, guya camaat şahların, xanların, hətta cühuriyyətçilərin, müsavatçıların zülmündən bezib, rusların yolunu səbirsizliklə gözləyirmiş…nə qədər gülünc və alçaldıcıdır.

İndilərdə vicdanlı aydınlarıımız tərəfindən yazılan düzgün tariximiz göstərir ki, sən demə şahların, xanların, cühuriyyətçilərin, müsavatçıların dövründə oxumuş, savadlı, nüfuzlu insanlara cəmiyyətin ən dəyərli təbəqəsi kimi yüksək qiymət verilib, onlar iş başına gətirilib, uca tutulub, ruslar isə ləyaqətli adamlarımızı, düşüncəli ziyalılarımızı güllələyib, sürgünlərdə nəhv edib, satqınlarımızı, yaltaqları bizə rəhbər, yol göstərən kimi saxlayıb, nəticədə  millət başsız qalıb, cəmiyyətimiz cırlaşıb.

“Xüsusi məktəblərdə çox məhdud ixtisaslaşmaya keçmək zəruri”liyi ona görə lazım idi ki, gələcəyin matəxəssisi öz tarixini, ədəbiyyatını, coğrafiyasını, bir sözlə milli dəyərlərini, kimliyini bilməsin, əvəzində rusun quldur Puqaçovunu, Razinini öyrənsin, onların quldurluğu ilə fəxr etsin, bir sözlə yadları özününkü bilsin. Nə qədər gülünc olsa da, bu belə idi.

“Yerli əhalinin yadellilərə, xüsusən, alman işğalçılarına qarşı (ruslar əleyhinə mübarizədən yan keçməli) və sosializm uğrunda  mübarizəni tərənnüm edən mədəni-idman tədbirlərini müdafiə etməli.”

Şərh: Əziz oxucu, bizim nəsillər bu kimi yalan, yanlışlarla təilm, tərbiyə olunmuşdur…Bizə həmişə rusu düzgün, ədalətli, mədəni kimi göstərib gözümüzdə ucaldıblar. Amma görün, ruslar, Çar Rusiyasından, Sovetlərdən  ta indiyədək, işğal etdiyi ərazilərdə yerli xalqlar araslnda daima nifaq salıb, kütləvi sürgünlər, münaqişələr, qırğınlar törədib ki, onların birliyini,  parçalasın, ona qarşı çıxacaq qüvvə yaranmasın və daha asan hökm sürə bilsin. Sabiq SSRİ ərazisindəki xalqların indiki müharibə vəziyyəti, Ukraynaya qarşı rus müharlbəsi  buna bariz nümunədir.

Bütün bu mümkünsüzlüklərə baxmayaraq, millət, xalq çətin, zəif də  olsa daim öz içindən milli pöhrələr verməklə özünü yaşadıb, qoruyub, yoxsa Sovet imperiyası dağılmazdı ki?!.

Rusun öyülməsinin səhv olmasına sübut olaraq, görün ki, Sov.İKP MK siyasi bürisu   10 milyonluq kommunistlərinə nə kimi tapşıırıq verir: “Yerli əhalinin yadellilərə, xüsusən alman işğalçılarına qarşı (ruslar əleyhinə mabarizədən yan keçməli)” mübarizəni demək olar, amma rusa qarşı aparılan mübarizəni demək olmaz. Niyə? Budurmu rusun düzlüyü, ədalətliliyi, mədəniliyi? Arasaq, bir çox pis tərbiyə, əxlaqsızlıq bizə, məhz ruslardan keçıb, hansı ki, qabaqlar bizdə belə şeylər olmayıb.

Məsələn, bizdə, “Kişi, yalan danışmaz”, deyilib.

Rus isə, yalanı doğrudan da doğru kimi təqdim etməyi, riyakarlığı, saxtakarlığı bəzi rusbaşlarımıza elə öyrədib ki, onlar bu keyfiyyətsizliklərə yaxşıca yiyələndiklərinə görə, özlərindən bizə rusdan da yaxşı rus, partnamenqlatura rəhbərliyi, 1-ci katiblər, sosialist əməyi qəhrəmanları, hətta prezidentlər düzəldiblər.

Bu isə cəmiyyətin tərbiyəsizliyi, pozulması kimi fəlakətli nəticələrə əsas səbəbdir. 

“Hətta bizim dövlətimizlə əməkdaşlıq edəcək bir təşkilat yaranarsa, ancaq rəsmi rəhbərliyə və iqtisadi fəaliyyətə nəzarət etməyə can atarsa onu dərhal millətçilik və şovinizmdə günahlandlrmalı.”

Şərh: Niyə? Deməli, binlar ləyaqətli insanlara şər atmağı peşəyə çeviriblər. Burada deyiblər ki, “Adam salam verməyə də peşimandır” və ya  “Əl versən, qolunu qoparacaq”. Deməli, bu sovetlərə inanan, çaşıb onlarla əməkdaşlıq edən kim olursa, olsun, özünə bacarığıyca rəhbərlik edə, yaxud öz iqtisadiyyatina sahib çıxa bilməzmiş, bununçün hökmən rusları dəvət etməli, buyurun gəlin bizə rəhbərlik edin, yiyə durun, yəni malımız yeyin, canımıza sahib çıxın, sonra da gorumuza söyün… deməliymiş.   Elə buna görə də ölkəmiz rusların qırmızı ordusu tərəfindən işğal edildikdən sonra bütün rəhbər, vacib vəzifələrə rus, erməni və yəhudi millətindən olanlar yerləşdirildi, rəsmi dövlət dili türk dili olsa da, lakin dövlət orqanlarında, müəsisələrdə faktiki rus dili işlədilirdi. Bütün, digər sovetləşdirilən ölkələr də buna bariz misaldır. (Onu gözləyən ölümqabağı, N.Nərimanov,  öz oğluna məktubda bu barədə mağmıncasına bəzi gecikmiş etirafıar edir… lakin, artıq gec idi, bütün fürsətlər əldən çıxmış,  hər şey elə onun və onunkimilərin fəal köməyi ilə itirilmişdi.) Yox əgər, kimsə özünə sahib çıxmaq istəyirsə ona şovinist damğası vurulur, sıradan çıxarılır, bir sözlə, pis günə qoyulurdu. Vallah, bunların içinə bələd olduqca adamın əli üzündə  qalır. Bu cür həyasızlıq, azğınlıq, yalnız rusda və onların tərbiyəsini almış rusbaşlarda ola bilər, çünki, əslində bunlar üçün müqəddəs heç nə yoxdur.Görmürsənmi, Dondasda rus separatçıları tankla, topla hökumətlə vuruşduqları halda…hələ bir onlara Kiyev tərəfindən pensiyaların, digər sosial yardım və təminatların verilmədiyindən rus telekanalları vasitəsilə dünya ictimaiyyətinə şikayət edirlər, Ukrayna hakimiyyətini antihumanistlikdə suçlayırlar. Bax, buna deyərəm beynəlxalq dərəcəli həyasızlıq – rus üzü.

“Körpülərin, yolların və rabitə vasitələrinin elə təşkilinə çalışmaq lazımdır ki, silahlı basqın zamanı düşmənin mövqelərinə və onun hissələrinin dislokasiya yerlərinə sürətlə hərəkət etmək nünkün olsun.”

Şərh: Öz ölkəsini bütövlükdə daimi döyüş meydanı, vətəndaşını girov kimi görən dövlət rəhbərləri, yəqin başa düşürdülər ki, onların bu cür hərbiləşdirilmiş rejim siyasəti  ölkəni əvvəl-axır müharibə meydanına çevirəcək. Sanki, bunlar,ölkəni firavan yaşama yeri kimi yox, ancaq hərb meydanı kimi görə bilirdilər. Görünür bu da, hakimiyyəti vətəndaş müharibəsi nəticəsində ələ almalarının qazanilma sindromu idi. Vətəndaş müharibəsi isə daha çox dağıdıcı faktor kimi həm də şüuraltına keçir və müharibə qurtarandan sonra da bir müddət düşüncə tərzində yaşayır.

“Çalışmalı ki,siyasi əleyhdarlar həbs olunsun. Onları guya qanunu pozduqlarına görə təcrid etmək, yaxud iş rəsmi səviyyəyə qalxmamış bədbəxt hadisə yolu ilə aradan götürməli.”

Şərh: Sağ olmamışlar  buradakı fikirləri o qədər aydın və sadə veriblər ki, heç şərhə də ehtiyac qalmır. Direktiv sanki, öz müəllifləri ilə birlikdə lap elə bu günlərdə xortlayıb, icrası uğurla  davam edir. Bu günkülər sabiq Sovet məkanında öz böyüklərinin vəsiyyətlərinə necə də səliqə ilə əməl edirlər. Hətta, “…bədbəxt hadisə yolu ilə aradan götür”məyi də unutmayıblar. Çünki, düzlükdə əlləri, haqq, ədalət, kişi meydanında yerləri   yoxdur. Ona görə ki, haqsız,  səviyyəsiz və  namərd, deməli millətin düşməni olduqlarından terroru, təxribatı  peşəyə çeviriblər. Hətta, qadına belə əl qaldıran, onu kobudlaşdıran, həbsə, sürgünə göndərən biqeyrətlər…Bu qırmızı adamyeyənlərin rəzilliklərinə  minlərlə nümunə, qırmızı – qara  tariximizdə.

“Siyasi fəaliyyətinə görə məhkum edilənlərə bəraət verilməsindən qaçmaq lazımdır. Əgər bəraət qaçılmazdırsa, onu yeni proses keçirmədən və günahkarları (hakimi, cavabdehi, ittihamçını və xəbər verəni) çağırmadan məhkəmə səhvinin düzəldilməsi kimi həyata keçirməli.”

Şərh: Çünki, belə kütləvi ədalətsizlik halında yeni, açıq məhkəmə prosesi nəinki hakimin, ittihamçı, xəbər verən və digər iştirakçıların, həm də siyasi rejimin  saxtakarlığını, simasızlığını cəmiyyətə göstərmiş olardı. İnsanları qanunsuz məhv etməyi də “məhkəmə səhvi” kimi qiymətləndirmək olarmı? Bu ki, hüquq elminə ləkədir.

“Partiyanın təyin etdiyi rəhbərlər işimizə ziyan vurarsa və ya rəhbərlər arasında narazılıq doğurarsa, onları məhkəmə məsuliyyətinə cəlb etmək olmaz. Onlar kobud səhv buraxarsa, vəzifədən azad etməli, uyğun və ya daha yüksək vəzifəyə təyin etməli. Ən pis halda onları hanslsa rəhbər vəzifəyə nəzərdə tutmaq və kadr ehtiyatlarına daxil etmək lazımdır.”

Şərh: Bu, o deməkdir ki, qarşısında bütün vətəndaşların bərabər olmalı olduğu qanun məsul partiya işçisi (partnamenqlatura) üçün qüvvəsizdir.Yəni, KP üzvünün qanundan üstün tutulmasıdır. Bu tapşırığın mənasına görə partiya üzvünü cinayət və mülki iş üzrə məhkəmə məsuliyyətinə cəlb etmək olmaz. Bu isə vətəndaşların qanun qarşısında  bərabərliyi prinsipinə ziddir.(Bax.SSRİ-nin 1977-ci il Konstitusiyasının 34-cü, Azərbaycan SSR-nin  1937-ci Konstitusiyasının 130-cu və 1978-ci Konstitusiyasının 32-ci mad.,BMT-nin Baş Məclisi tərəfindən1948-ci il dekabrın 10-da qəbul olunmuş “Ümumdünya İnsan Hüquqları Bəyənnaməsi”nin 2-ci mad.,Avropa Şurasının 4 noyabr 1950-ci il tarixli “İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Konvensiyası”nın 14-cü mad.,19 sentyabr 1981-ci il tarixli “İnsan Hüquqlarının  İslam Bəyənnaməsi”nin g bəndi). Son dövrlərdə həbssiz keçiləsi mümkün olmayanda, şəxsi əvvəlcə təcili partiyadan çıxarır, sonra isə bitərəf kimi mühakimə edirdilər.

Bir sözlə kommunistlər, mahiyyətcə cəmiyyətin eramızdan əvvəlki minilliklərdəki kasta (təbəqə) bölgülərini XX əsrə sovetlər formasında qaytarmışdılar. Kapitalizmə ittiham verdikləri, cəmiyyətin “ağlar”, “qaralar” bölgüsünü, sosializm adlandırdıqları cəmiyyətdə, daima kölgəsində daldalandıqları zəhmətkeşləri “qaralar” kimi yaşadır, özləri isə  camaata vəd etdikləri kommunizmdə “partnamenqlatura”, yəni “ağlar” kimi  yaşayırdılar.

“İş yerlərində aparıcı mütəxəssislərin öz işindən kənarlaşdırılmasına  və onların az təhsilli bacarıqsız işçilərlə əvəz edilməsinə çalışmalı.”

Şərh:  Bu, o deməkdir ki, KP cəmiyyətdə elan etdiklərinin əksinə olaraq, sosial ədalətsizliyin bərqərar olmasına çalışmışdır. Kim buna inanmaq istəmirsə, özü bilər, amma Direktivdə belə yazılıb. Bu ədalətsizliyə kimsənin sözü ola bilməz. Deməli, bütün işgüzar, vicdanlı işçilərin əzabla yaşadığı ədalətsiz cəmiyyət, məhz kommunist rəhbərliyin məqsədyönlü siyasəti nəticəsində yaradılıbmış.

“Ali məktəblərdə xalqın aşağı təbəqələrinə aid, öz ixtisasına uyğun dərin biliklər almağa yox, ancaq diplom almaq xatirinə olan adamları qəbul etməli.”

Şərh: Vallah bu, misli görünməyən biabırçılıq, ağıllı dünyanın tam əksinə olan bir işdir.Düzü, buna tərbiyə daxilində izah vermək  çox çətindir…Adam lap rahat oluncayadək… söymək istəyir bunları. İnsanlara qarşı bu cür pisliyi, yalnız cinayətdən, murdarlıqdan yoğrulmuşlar fikirləşib həyata keçirə bilərdi. Mədəni dünya bilikliyə diplom  verməklə, onu biliksizdən fərqləndirməklə cəmiyyətin inkişafını yaxşılığa doğru stimullaşdırmışdır. Baxın, bunlarsa, əksini edirlər… Elə bu tərbiyəsizliyin nəticəsidir ki, mədəni dünyadan fərqli olaraq, bizdə oxumağa yox, oxumamağa, bilik almamağa, formal diplom almağa görə pul ödənilir…   Əslində, hər hansı sosial fərqindən asılı olmayaraq, təhsilə qəbulda bütün layiq insanlar bərabər olmalıdır. Əgər formal diplom məsələsi olmasaydı – görünür yeni sovet adamı yaradanlar  təhsildə “aşağı təbəqələr”ə üstünlük verməklə elmdə irsiyyətin ünvanını dəyişməyə çalışmışlar – demək olardı, lakin, bu da deyil. Anormallığa, ədalətsizliyə aid qəşəng bir məsəl var, deyir “Əti atın, otu itin qabağına qoymaq”. Bu məsəl bəzi istisnalarla, zay iş üsulu kimi, az qala sovetlərin xarakterinə çevrilmişdi. Məhz, belə yarımçıqların yetirildiyi və ağırlandığı (üstün saydığı) cəmiyyəti necə (pis) istəsən idarə etmək olar.  Bu  Direktiv, yerləri səhv düşmüşlərin toplumunu yaratmaqdan ötrü verilb ki,  yolsuzlar mayası qarışdırılmış haram cəmiyyətdə  istədikləri  azğınlığı edə bilsinlər. Belə cəmiyyətdən sıyrılıb çıxmaq – əsl hünər olardı!

Əziz oxucu, bu sənəddə inanılmaz, ağlagəlməz elə məsələlər var ki, bunları acı tariximizin bu günədək davam edən reallığı kimi qəbul etmək zorundayıq, başqa çarəmiz yox, çünki biz bunları yaşamışıq, yaşayırıq.

Bütün bunlara ümumləşdirici bir qiymət vermək olar – sovet dövründə bütün cəmiyyət kommunist siyasi qanqsterlərinin girovluğunda olmuşdur, odur ki, şəraitin şərtləndirdiyi cinayətlərdən zərərçəkmişlərə bəraət  verilməlidir…

Bu sənədə kriminalist kimi qiymət verib deyə bilərik ki,  əslində sovetlərin gəlişiylə kiçik cinayətkarlıq küçədən kabinetlərə daşınaraq böyüdülməklə… korrupsiyaya çevrilmişdir.

Bu sənəd xalqları əsarətdə saxlamaq haqqında təlimatdır.

Milli və bəşəri dəyərlərə, insanın adi yaşam haqqına qarşı olduqlarından, cəmiyyəti qondarma əsaslarla qırıb, inkişafdan saxladıqlarına, insanlara çəkdirdiyi tarixi zülmlərinə və kütləvi cinayətlərinə görə kommunistlərin fəaliyyəti qadağan edilməlidir.

Hörmətli oxucu, oxuduqların – insanlığa zidd olan bu sənədə, mənim izahım idi. Səninki, fərqli, daha düzgün və üstün ola bilər.

Unutmayaq, biz, düşündüyümüz qədər insanıq, nə az, nə çox. Odu ki, düşünərək yaşayaq!

Qeyd: Bu yazı mətbuatda vaxtaşırı dərc edilməlidir ki, insanlar onları “xoşbəxt”  edən  ziyanvericiləri  tanısın  və  heç  vaxt  unutmasın!

Məmmədxan  Əzizxanlı, 

Hüquqşünas, “Müxalifət”. az saytından

09.02.2015.       

 

 

Loading