Hörmətli aparıcılar!
Çox böyük əziyyət çəkib veriliş hazırlayırsınız. Biz dustaqlar da həvəslə Sizin bu proqramlara baxırıq. Burada sizi izləməkdən başqa yolumuz yoxdur. Çünki xarici kanallara baxmaq imkanımız yoxdur. Olsaydı, bu məktub kimi, sizləri narahat etməzdik.
Sizin verilişiniz çox maraqlıdır. Bəzən orada göstərdiyiniz insan talelərinə acıyır və hətta bəzən ağlayırıq da.
Ancaq bir təkilifim var Sizə!
Sizin proqramda yalnız mənfi, uğursuz talelər, pis, acınacaqlı durumda olan adamların həyat hekayələri işıqlandırılır. Təbii ki, bunların cəmiyyətimiz üçün xeyri var, çoxları Sizin bu süjetlərdən dərs götürür, nəticə çıxarırlar. Ancaq alimlər sübut ediblər ki, cəmiyyətə təsir və onu yönəltmək baxımından, müsbət, ürəkaçan faktlar mənfi yüklü faktlardan daha təsirlidir, daha çox nəticə verir.
Məsələn, xəstələndiyinə görə atılan bir qadının və ya kişinin faciəli həyatındandırsa, bir şikəst olmuş qadına və ya kişiyə ömür boyu qulluq edən qadın və ya kişinin nümunəsi daha çox cəmiyyəti tərbiyələndirir. Mənfi hadisələrin ekranlarda çox verilməsi toplumda müxtəlif xəstəliklərin yaranmasına, stres, yeniyetmə və gənclərdə isə zərərli hərəkətlərə, vərdişlərə meyillənmələrin güclənməsinə səbəb olur. Axı bizim cəmiyyət ancaq bic (qanunsuz) doğan, arvadını və ya ərini döyən, xəstələnəndə onu atan və ona qulluq etməyən adamlardan ibarət deyil.
Sizin belə qadın və ya kişiləri ” leqallaşdırmanız” toplumun, cəmiyyətin əxlaqına çox böyük ziyan vurur. Siz bilirsinizmi ki, yəhudilərə Musa peyğəmbər vasitəsi ilə verilmiş “10 Qanun”a, və Tövrata, xristianlara isə İsa Məsih vasitəsi ilə verilmiş İncilə görə, belə qadın və kişilər daş-qalaq edilib öldürülməli, cəmiyyətdən təcrid edilərək kənara atılmalıdırlar.
Ancaq cəzalandırılmazdan qabaq başa salmaq, izah etmək, müəyyən dəyərlərin vacibliyinə toplumu inandırmaq, hazırlamaq lazımdır. İncildə İsa Məsihin daş-qalaq olunmazdan qabaq fahişənin xilas edilməsi hadisəsi yadınızdadırmı?
“Qoy birinci daşı günahı olmayan atsın”.
Bu barədə kino da çəkilib. Hamı dağılır. İsa peyğəmbər qadını xilas edir, ancaq ona tapşırır: “bundan sonra düz yaşa”. Çünki xristianlığı həmin ana qədər o qadına başa salmamışdı. Bax, TVlər, Sizlər də bu funksiyanı həyata keçirirsiniz indi: maarifləndirməklə xilas etmə! Sağ olun!
Digər tərəfdən isə, Sizin bu proqramınız ayrı-ayrı fərdlərin təhtəlşüurunda belə əxlaqsız yaşam tərzinin mümkünlüyü və cəmiyyət tərəfindən qəbul ediləcəyi haqqında çox zərərli izlər buraxır, cəmiyyətə zərərli impulslar verir.
20-25 il öncə, sevdiyi oğlanla yatağa girməsini ağlına belə gətirməyən, namusunu qoruyan, ata-qardaşından həya edən, sevdiyinin əlinə yalnız kəbindən-qanuni nikahından sonra toxunan qız-oğlanlar bu gün “Adam içinə” doğduğu bic uşağın axtarışına çıxırlar. Yüz minlərlə gəncimiz isə Sizə baxıb, bunun təbii, normal bir hadisə olduğu qənaətinə gəlir.
ANS-də Cəmilə adlı qızla müğənni Elşadın oğlu etdiyi kimi.
Siz belə qadınlara ( təkcə Cəmiləni nəzərdə tutmuram) yardım etməklə hansı məqsədlər güdürsünüz?
Mən də Sizin kimi insanam, məndə də acıma, qahmarçıxma hissi var. Hətta Tövratı və İncili oxuyanda zina edən qadın və kişilərin öldürülməsini tələb edən ayələri uzun müddət başa düşə bilmirdim. Onlara acıyırdım.
Ancaq sonra siflis, qonereya, spid və sair müxtəlif xəstəliklrdən ölənlərin sayının milyonlarla hesablandığını öyrənəndə Allahın hikmətini anlamağa başladım. Mən hələ bununla bağlı baş verən cinayətləri demirəm.
Demək istəyirəm ki, gördüyünüz iş müsbətlə yanaşı, çox böyük mənfi nəticələr də doğurur. Heç şübhəsiz ki, bu hadisələrdən dərs götürən, nəticə çıxaranlar da var. Ancaq bu mənfi faktlar əsasında qurulmuş verilişlərin cəmiyyətə və fərdlərə ziyanı xeyrindən artıqdır. Bunu peşəkar psixoloqlardan soruşub öyrənə bilərsiniz.
Sizə 3 təklifim var.
- Verilişlərinizə bu tip mövzuların müzakirəsi zamanı mütləq rəsmi dini qrumların ayırdığı şəxsləri, yəhudi sineqoqu və xristian kilsəsinin də nümayəndəlrini dəvət edin.
- 30-50 il ailə həyatı yaşayan, 10-12 uşaq böyüdüb köçürən, xəstə ərinə (arvadına) baxan ailələri də çəkib xalqa göstərin. Məsəln, Qarabağ qazilərinə qulluq edən xanımlar, şəhid ailəsi kimi uşaq böyüydüb namusla yaşayan yüzlərlə ana-bacımız var. Birinin ünvanını mən yazıram: Babək rayonu, Cəhri kəndi, Məmmədova Nazilə Vəli qızı. Bu xanım 1991-ci ilin mayında Sədərək uğrunda gedən döyüşlərdə onurğa sütunundan yaralanıb I qrup əlil olan həyat yoldaşına-mənim qardaşım Məmmədov Əbdül Cəlal oğluna qulluq edir. Onu uşaq kimi saxlayır. Gözlərinizlə görməsəz, söhbətin nədən getdiyini, bu “baxmaq”ın, “qulluq etmə”nin nə demək olduğunu anlaya bilməzsiniz. Gedin, çəkin, onda bütün Azərbaycan bilər ki, qadın necə olmalıdır!
“Şərəf ordeni”, “İstiqlaliyyət ordeni”, “Qızıl Legion ordeni”, “Nobel Mükafatı” məhz belə qadınlara — mənim o qəhrəman Nazilə gəlinbacıma verilməlidir. Millət belə nümunələrlə tərbiyə edilməlidir, maarifləndirilməli və yönəldilməlidir.
Məhz belə nümunələr cəmiyyətə təqdim edilməlidir ki, gənclər həyatı düzgün yaşamağı düzgün üsullarla öyənə bilsinlər.
Siz hələ ki, “belə olmaz”ları göstərirsiniz. Bir az da “belə olamalıdır”ları göstərin.
- Bilirsiz ki, dünyanın bir çox ölkələrində rəsmi fahişəxanalar fəaliyyət göstərir. Məsələn, Türkiyədə bunun adına “Genəl ev” deyilir və oradakı qadınlar isə “işçi” adlandırılırlar.
Xahiş edirəm, bir neçə vəkil, hakim və ailə, mülki hüquq üzrə universitet müəllimi dəvət edin və aşağıdakı sualları müzakirəyə çıxarın:
— “Ailə qurmaq niyyəti olmadan, görüşdüyü kişinin razılığını almadan, əvvəlcədən ona xəbər vermədən uşaq doğan qadının həmin kişiyə qarşı hansısa hüquqları yaranırmı, yaxud da həmin kşi üçün hansı vəzifələr əmələ gələ bilər?”
— Heç bir əsaslı, ciddi, qanuni səbəb olmadan nişan qaytarma və ya nikahı pozmağa təşəbbüs etmə, qarşı tərəfdə kompensasiya hüququ, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddia hüququ yaratmalıdırmı?
Siz bu 2 sualın geniş, savadlı, səviyyəli müzakirəsini təşkil edə bilsəz, çox tezliklə, bu gün Sizin o proqramlara can atan bəzi əxlaq sahiblərinin sayı azalacaq və cəmiyyətimizdə sözün əsl mənasında sağlam ailə münasibətlərinin bərqərar olmasına və hətta qanunvericilik bazasının təkmiləşdirilməsinə çox böyük töhfə vermiş olacaqsınız.
Hörmətlə, Qurban Məmmədov.
16 yanvar 2014-cü il.
Saat: 02:00