Kimlərsə çox istəyir ki, 09 oktyabr 2013-cü il tarixli prezident seçkilərindən sonra müxalifətin, xüsusilə də, xalqın səsini almış qalib namizədin hərəkətləri, mövqeyi 2003-cü il prezident seçkilərindəki kimi olsun: seçkiyə getdik, xalq müxalifətin nümayəndəsinə səs verdi, seçki saxtalaşdırıldı, kimlərsə qanunsuz yollarla xalqın iradəsini zorlayıb hakimiyyəti zəbt etdi, müxalifət 1-2 mitinq, toplantı keçirdi, 5-6 bəyanat verdi, ATƏT mənfi rəy verdi və bununla da müxalifətin işi bitdi.
Bu, satqınlıq və xəyanətdir, dostlar!
Bu, Azərbabaycan xalqına, onun iradəsinə hörmətsizlik və siyasi oyunbazlıqdır. Seçkidə iştirakın vacib olduğunu tələb edən, seçki prosesinin özünə legitimlik donu geydirən qardaşlarımızın məqsədi bu idimi? Bununçünmü seçkiyə gedilməliydi?
Bunu ki, 2003-cü ildə etmişdiniz. Bu dəfə yeni nə edildi?
Canlı efirdə 20-25 dəqiqə cəsarətli çıxışlar etməyin naminəmi bu seçkidə iştirak etdik?
Seçkidə iştirak edib xalqı bu bəlalardan xilas etmək məqsədi ilə yaradılan Milli Şura öz məqsədinə çatdımı? Öz vəzifəsini yerinə yetirdimi? Bizə inanıb küçələrə atılan, oradan da cinayətkar rejimin şər və böhtanları ilə habsxanalara atılan gənclərimizə verdiyimiz vədləri, onların bəkləntilərini doğrultduqmu?
Bəzi peşə sahibləri istərlər ki, onların sayı çox olsun və barmaqla göstərilməsinlər. Siysi dəllallar həmişə öz işlərindədirlər. 2003-də də belə oldu, 2005-də də, 2010-cu ildə də bu hərəkətlər təkrarlandı, indi də onlar bu fəaliyyətlərini uğurla davam etdirirlər.
Bizim vəzifəmiz belələrini barmaqla göstərmək deyil, dostlar. Zatən, görünən dağa nə bəldçi!
MŞ 2003-cü il prezident seçkilərindən sonra o vaxtkı müxalifətin etdiklərindən fərqli iş görməyəcəksə, prosesi öz qanuni və məntiqi ardıcıllığı ilə aparmayacaqsa, deməli, yenə də Azərbaycan xalqı, ən azı, onun fəal kəsimi müxalifət tərəfindən aldadılmış, atılmış olacaq. Xalq bunu, bu satqınlıq və xəyanəti haqq etmir. Bəli, qalib gəlmək, uğurlu nəticəyə nail olmaq çətindir, çox çətin! Qarşımızda bütün dövlət büdcəsini və inzibati resursları, rəsmi dövlət orqanlarını öz cinayətkar maraqlarına xidmət etdirən, təpədən dırnağadək qanuni və qanunsuz silahlanan bir “çətə” ilə üz-üzəyik. Ancaq biz üzərimizə düşən müxalifətçilik vəzifələrinin hamısını sonadək yerinə yetirmişikmi?
Qardaşlar və bacılar! Xanımlar və bəylər! Əziz dostlar!
MŞ öz işini, vəzifəsini sonadək aparmalıdır ki, ondan sonra biz rahatca əlimizi ürəyimizin başına qoyub deyə bilək: “ALLAHım, mən bacardığımı, əlimdən gəlni etdim, ancaq rəqib güclü, mən xalq tərəfindən dəstəksiz, tək qaldığıma görə bacarmadım, uduzdum!”
Xalq seçkidən qabaq niyə bizə dəstək vermədi və indi niyə dəstək vermir?
Ona görə ki, yaratdığımız MŞ-nı xalqa “Rus projesi” kimi təqdim edirik?
Ona görə ki, rejim sahibinə qarşı yox, bir-birimizə qarşı vuruşuruq? İndi də xalqın içinə getmək, informasiya əlaqələri tapıb baş verənləri xalqa çatdırmaq, anlatmaq, onu səfərbər etmək, beynəlxalq təşkilat və məhkəmələrlə işi davam etdirmək əvəzinə, rəqibin hiyləsinə uyub, qurduğu ssenaridə yer alıb bir-birimizi təhqir edirik?
Ona görə ki, Məmməd Əmin Rəsulzadənin partiyası ilə heç bir varislik əlaqəmiz olmaya-olmaya özümüzü onun partiyasının varisi elan edib bu böyük tarixi irsi gözdən salırıq?
Ona görə ki, adımızı Elçibəyçi qoyub onun əxlaqına və Vətən-Millət siyasətinə, səbr və dözümlülük əxlaqına yaraşmayan hərəkətlər edirik?
Belə müxalifəti mənim Xalqım heç vaxt dəstəkləməyib və bundan sonra da dəstəkləməyəcək!
Rəqiblər: MŞ-nın varlığından yuxusu ərşə çəkilənlər və MŞ-a qarşı mübarizə aparmaqla ailələrini dolandıranlar da elə bunu istəyirlər. MŞ-nı daxili və xarici dedi-qodulara cəlb edib, onu nüfuzdan və xalqın gözündən salmaq. Bundan sonra da MŞ-dan gedənlər olacaq.
Cilovu, yüyəni, yemi, ixtiyarı başqalarının əlində olanlar bizdən deyil.
Bizimlə olan Azərbaycan xalqıdır-millətimizdir: türkü, talışı, kürdü, ləzgisii, avarı, talışıyla bir yerdə!
Görüləsi çox işimiz var! 2003-cü ildən fərqli olaraq, seçkinin nəticələrindən hüquqi və siyasi baxımdan sonadək istifadə edilməli, rəqibi bir an da olsun “qanunsuz olan, legitim olamayan hakimiyyət” duyğusundan azad olmağa qoymamalıyıq. Bununla da, Azərbaycan xalqını öz iradəsinə və Konstitusion hüquqlarına sahib çıxması anınadək hazırlamalıyıq.
Rejimin ölkədə yaratdığı informasiya blokadası və dezinformasiya hücumu nəticəsində xalqımızın mütləq çoxluğu ölkədə baş verənlərdən tam xəbərsizdir. Siz küçədə sorğu keçirin, görün 100 nəfərin neçəsi “sonuncu prezident seçkilərinin nə vaxt olması”nı bilir? Onlardan neçəsi MŞ-nın qərar və tədbirlərindən xəbərdardır? Bəs neçəsi ATƏT-in rəyini eşidib?
Problem xalqın məlumatsızlığındadır! İdeya kütlələrə çatmasa, maddiləşə bilməz.
Problem təbliğat və təşviqatımızın qısırlığında, yarımçıqlığında və ardıcıl olmamasındadır.
Əziz dostlar!
Müxalifət mövqeli maksimum 3000 adamın sosial şəbəkələrdə bir-birilərinin dediyini “like” edib dəstəkləməsi hələ xalqın nəyisə dəstəkləməsi anlamına gəlmir. Özümüzü aldatmayaq. Həm fəal müxalifət, həm də xalqın narazı kəsiminin mütləq çoxluğunun nə internetə girmək, nə də qəzet almaq imkanı var. İnternet istifadəçilərinin 80-90 %-i inzibati resurslar, rəsmi dövlət idarələri və məmurlar, xarici şirkətlər və onların işçiləri, bir də müxalifəti izləmək və sosial şəbəkələrdə onları bir-biri ilə vuruşdurmaq üçün xüsusi orqanların əməkdaşlarıdır.
Xalqa məlum olmayan, kütlə tərəfindən mənimsənilməyən ideya isə, qeyd etdiyim kimi, maddiləşə bilməz. Hamı öz içində, daxilində narazıdır. Heç kim bu rejimi istəmir. Ancaq nə olsun? Bunun bir-biri ilə savaşan müxalifətə, insanları özlərindən diksindirən bu müxalifətin də xalqa nə aidiyyatı var?
Bizim bir nömrəli vəzifəmiz informasiya blokadasını yarıb MŞ-nın ideyalarını geniş kütlələrə çatdırmaqdır.
Xalqımız da, biz də bir dəhşətli həqiqəti bilməliyik: dövlətimizin və millətimizin taleyi təhlükədədir!
Təhlükənin səbəbi isə prezident seçkilərinin nəticəsidir.
Rejim seçki qutularında ona püskürən xalq nifrətinin əsl miqyasını, ölçüsünü və sayını bildi. Bildi ki, onunla ağız-ağıza yatan qəzəbli bir şir var, hər an onu parçalayıb özünə yem etməyə hazırdır. Sadəcə, hələ ki, müxalifətin səmimiyyətinə inanmır deyə, nifrətini hələ ki qutularda bildirir, küçələrə tökmür!
İndi rejim nə etməlidir?
O, enerjisini, vaxtını və şansını bizim kimi daxili çəkişmələrə, boş yerə xərcləmir.
Rəqibini— o qəzəbli şiri məhv etmək, bunu bacarmasa, heç olmasa yarımcan edərək təhlükəni uzaqlaşdırmaq yolu tutub.
Son qiymət artımı, bundan sonra olacaq qiymət artımları, dağıdılmış tifaqlar, işsizlik, qürbətə məcbur etmələr, iqdisadi dözümsüzlük şəraitinin yaradılması, qanunsuz həbslər və s. bunun nəticəsidir. Rejim tamamilə düz edir. Düşmən məhv edilməli, zərərsizləşdirilməlidir. Onun düşməni Azərbaycan xalqıdır: seçkiyə getməklə və qalib Cəmil Həsənliyə, MŞ-nın namizədinə səs verməklə İlham Əliyevə qarşı öz mövqeyini gizli də olsa ortaya qoyan 85 % xalq.
Bəs biz nə edirik? Belə çıxır ki, biz xalqı inandırıb, aldadıb, İlham Əliyevə qarşı əsl münasibətini bildirməyə onu təhrik edib, indi də döyüş meydanında onu müdafiəsiz, bu quduz rejimlə tək buraxmışıq.
Bu qədirbilən xalq, bu qəhrəman xalq daha nə etməlidir ki, biz də onun qədrini bilək?
Bizə kütləvi dəstək verilməlidir? Niyə?
Əziz dostum, sən fərd olaraq, bir-biri ilə yola getməyən, bir-birini ittiham edən və gələcəkdə səni nəyin gözlədiyini sənə dəqiq başa salmayan və ya göstərməyən birinə görə həyatını, azadlığını risqə atarsanmı?
Şəxsən mən bunu etmərəm, heç vaxt, qətiyyən!
Hörmətli xanımlar və bəylər! Ey Azərbaycanın mərd oğul və qızları!
Əl-ələ verin, birləşin, toparlanın, ata-babalarımızın, şəhidlərimizin qanı ilə suvarılmış bu məmləkəti ağac qurdu kimi onu içindən yeyən bu cinayətkar rejimin əlindən xilas edək. Biz bunu bacaracağıq. ALLAH zalımları sevməz. Ancaq məzlum da ortaya iradə, güc qoymalıdır ki, bizim bu zalımlar islahatlara getməyə, qanuni seçkilər keçirməyə məcbur olsunlar.
Bu yolda mən xalqıma və onu qəlbəyə aparacaq və mütləq qalib gəlcək Milli Şuraya uğurlar arzulayıram.
P.S.
Bu da tarixin bir qanunauyğunluğudur.
Bu yazı bu axşam – 20 yanvara keçən gecə yazıldı. ALLAH ruhların şad eləsin! 20 yanvar şəhidlərinin və uğrunda həlak olduqları müstəqillik və demokratik dəyərlər indiki rejim kimi olmamalıydı. Onların da ruhu qarşısında biz borcluyuq. Borcu isə ALLAH da bağışlamır.
19-20 yanvar 2014-cü il
Bakı İstintaq Təcridxanası (BİT)