Jurnalist Zaur Əhməd
Sual: Qurban bəy, hazırda Azərbaycan həbsxanalarındakı vəziyyəti necə dəyərləndirirsiz? Rəhbərliyin məhkumlarla münasibəti necədir? Məhkumların yataq yeri, yeməyi, saxlanma şəraiti barədə nə deyə bilərsiz?
Cavab: Həbsxanalardakı vəziyyət azadlığımızın kölgəsidir. Orada da məhbusa gəlir mənbəyi kimi baxılır, məhbus bəzən əsassız olaraq döyülür, təhqir edilir, pulu əlindən alınır və s. Çox şey demək olar. Ancaq bu barədə kifayət qədər yazıldığını, deyildiyini nəzərə alaraq çox danışmaq istəmirəm. Ancaq , xüsusi olaraq vurğulamaq istəyirəm ki, azadlığımızla müqayisədə həbsxanalardakı vəziyyət çox yaxşıdır. Axı ora həbsxanadır–cəzaçəkmə yeridir.
İkinci vurğulmaq istədiyim fikir də odur ki, həbsxanadakı vəziyyət azadlığa rəhbərlik edənlərin, azadlığımızı yönəldənlərin siyasi iradəsindən, idarəetmə prinsiplərindən qaynaqlanır. Həbsxana rəhbərliyinin məhbuslara münasibəti, azadlıqdakı insanları idarə edənlərin onlara olan münasibətindən pis deyil.
Yataq yeri və saxlanma şəraiti isə özünü azad hesab edən bir çox insanın şəraitindən çox yaxşıdır.
Sual: Deyirlər ki, Mədət Quliyev gələndən bəri vəziyyət xeyli düzəlib, islahatlar aparılıb, siz bu islahatları hiss etdinizmi?
Cavab: Təbii ki, bundan əvvəlki, yəni 1990 və 1998-2003-cü illərlə müqayisədə bu sahədə xeyli irəliləyişlər var.Bunu danmaq mümkün deyil. Bütün parametrlərdə inkişaf var. Bizim iradlarımız indiki vəziyyətin daha da yaxşılaşması üçündür. Keçmişlə müqayisədə bu yeniliklər nə qədər yaxşı görünsə də, qəbul etməyə çalışdığımız müasir dünyəvi dəyərlər baxımından kifayət deyil. Həm də nə qədər böyük inkişaf olursa olsun, bircə adamın belə vəhşicəsinə döyülərək öldürüllməsi (Elşad Babayev kimi), bircə məhbusun belə (Lamiyə Quliyeva kimi) hansısa məmurun tapşırığı ilə qanunsuz olaraq cəzasının artırılması, azadlığa çıxmasına maneçilik törədilməsi olduqca böyük cinayətdir və XXI əsr Azərbaycanında belə hallara yol verilməməlidir.
Cəzaçəkmə müəssisələrində ən böyük problem nəzarətçilərin, zabit heyyətinin psixoloji olaraq müasir dünyanın tələblərinə uyğunlaşa bilməmələridir. Yəni cəzaçəkmə müəssisələrinin əməkdaşları SSRİ dönəmində olduğu kimi, hələ də məhbusa gəlir mənbəyi kimi baxırlar. Bütün qanunsuz hərəkətlər, məhbusların döyülməsi, öldürülməsi və s. hallar da məhz bununla bağlıdır. Bircə bu dəyişsə, çox şey dəyişəcək. Bununçün də cəzaçəkmə müəssisələrinin işçilərinin əmək haqları azı 3-4 dəfə artırılmalı, məhbusun hüquqlarını pozan əməkdaşlar dərhal cəzalandırılmalı və sistemdən atılmalıdırlar. Onda çox dəyişiklik olacaq.
Bir də azacıq sevgiyə ehtiyacı var millətimizin. Bir-birimizə olan sevgiyə. Dünyada bir-birinə bu qədər nifrət edən ikinci millət yəqin ki yoxdur Yer Kürəsində.
Həkimi xəstəsinə, müəllimi şagirdinə, tələbəsinə, məmuru vətəndaşına, nəzarətçisi məhbusuna nifrət edir bu millətin. Sanki onların pis yaşamasına səbəb nifrət etdikləridir. Bu duruma salınmışıq. Fərqində deyilik.
Sual: Lamiyə olayından söz düşmüşkən, rəsmi və qeyri rəsmi məlumatlara görə, ortada nəsə qeyri-müəyyənlik, qaranlıq bir şey var. Siz bu qaranlığa necə işıq sala bilərsiniz? Sizcə, bu olayda həbsxana rəhbərliyinin məsuliyyəti nə qədərdir?
Cavab: Lamiyə olayında ortada heç bir qaranlıq nəsnə yoxdur. Hər şey ALLAHa, Bakı İstintaq Təcridxanasının kameralarına və Lamiyəni “VARANOQ”DA məhkəmələrə aparan nəzarətçilərə tam aydındır. İndiki ziddiyyətlər sadəcə onunla bağlıdır ki, olayın bu formada inkişaf edə biləcəyini nəzərə almayanlar Elşad Babayevin vəhşicəsinə döyülərək öldürülməsini unutdurmaq, gündəmi dəyişdirmək məqsədi ilə Lamiyə Quliyeva məsələsini ortaya atdılar. Nəticə isə onlar istəyən kimi yox, ALLAHın istədiyi kimi oldu: ictimai nifrət Aslan Aslanovun Lamiyə Quliyevaya və onun qohum-əqrabasına qarşı törətdiyi qanunsuz hərəkətləri fonunda bütövlükdə rejimin, sistemin əleyhinə yönəldi. Bu qədər bəsit. İndiki nəticəni gözləməyənlər isə hazırlıqsız yaxalanıblar. Məlumatlardakı ziddiyyətlər məhz bununla bağlıdır.
Hətta bəziləri o qədər həyasızlıq etdilər ki, Lamiyə Qulieva məsələsinin üstünə getməyi “xarici qüvvələrin təhriki ilə İlham Əliyevin üstünə getmək” kimi dəyərləndirdilər.
“`İlham Əliyevi qorumaq” bəhanəsi ilə özlərini qorumağa çalışanlar bu ləkəyə, cinayətə Prezidenti də bulaşdırmağa, bu şantaj vasitəsi ilə onu da öz cəbhələrinə çəkməyə çalışırlar. Halbuki, hər bir belə qanunsuzluğun, cinayətin, özbaşınalığın, qudurğanlığın üstünə getməli olan birinci adam məhz Qurana and içərək Azərbaycan vətəndaşlarının hüquqlarını qoruyacağına təminat verən hörmətli prezident İlham Əliyevdir. Lamiyənin, Vüqarın, onların qohumlarının ədalətsiz cəzalandırılması, Lamiyəyə cəzaçəkmə müddətində uydurma ittiham verilməsi, Elşad Babayevin vəhşicəsinə döyülərək öldürülməsi və bütün bunlarla bağlı məhkəmə özbaşınalıqları ilk növbədə hörmətli Prezident İlham Əliyevin əleyhinə, onun və Azərbaycanın nüfuzuna qarşı olan əməllərdir. Bu məsələlərlə bağlı İlham Əliyevin üstünə o vaxt gedilə bilər ki, prezident olaraq o öz vəzifələrinin icrasından yayınsın, cinayətkarların üstünə getməsin və onların cəzalandırılmasına nail olmasın.
Çox təəssüf, hələ ki belə bir görüntü var. Görünür, bəzi qüvvələri indiki həyasızlığa həvəsləndirən də elə budur. Ancaq nə vaxta qədər belə davam edə bilər? Bunu da əlahəzrət Zamana buraxaq.
Son olaraq xüsusi vurğulamaq istəyirəm ki, Lamiyə olayında ən ciddi məsuliyyəti həbsxana rəhbərliyi yox, onu qanunsuz olaraq ağır cəzalandıran hakimlər, polislər, prokurorlar və ən sonda , ona qarşı 4 saylı cəzaçəkmə müəssisəsində “torba” tikənlər daşımalıdırlar.
Uşaq dünyaya gətirmək cinayət deyil və dünyanın hər yerində məhbus qadınlar hamilə olmağa can atırlar. Çünki hamilə qadınlarla başqalarının saxlanma şəraiti, əldə edilən hüquqlar eyni deyil.
Buna görə həbsxana işçiləri olsa-olsa inzibati məsuliyyət daşıya bilərlər.
4,277 dəfə ümumi oxunub, 2 dəfəsi bu günə aiddir.