25 yanvar 2014-cü ildə Nərimanov rayonunda, sökülən binanın uçması nəticəsində 2 gənc: Cavid Bayramlı və Asiman Ələkbərov faciəli surətdə həlak oldu. Bu barədə qəzetinizdə geniş məlumatlar getmişdi.
Sonradan yenə də “Azadlıq”dan xəbər tutdum ki, (23 fevral 2014-cü il tarixli sayı) həmin hadisə ilə bağlı “Araz-2011 A” MMC-nin direktoru Araz Həsənov və ekskvatorçu Qamət Məmmədov həbs ediliblər.
Görünür, əsl təqsirkarı qorumaq, ölən cavanların ailə üzvlərini sakitləşdirmək üçün bu həbslər həyata keçirilib.
Mənə çatan məlumatlara görə, ekskvatorçu heç həmin gün işdə olmayıb, ekskvator çalışmayıb. Uçma isə torpaq silkələnməsi nəticəsində baş verib. Yəni yarımçıq sökülü yoldan keçən ağır maşınların yaratdığı rezonans nəticəsində uçub.
İstənilən halda nə müəssisə rəhbəri, xüsusislə də, nə də ekskvatorçu bu cinayətin subyekti ola bilməzlər.
Mexaniki nəqliyyat vasitəsinin (Yol hərəkəti haqqında Qanunun 1-ci maddəsinin 18-ci bəndi) və özügedən maşınların (Qanunun 1-ci maddəsi, 24-cü bənd) sürücüləri yalnız “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə” (CM-nin 263-cü maddəsi) məsuliyyət daşıya bilərlər.
Digər tərəfdən, araşdırın görün bu günədək Azərbaycanda baş verən bu tip hadisələrə görə hansısa tikinti və ya söküntü idarəsinin rəhbəri CM-nin 222-ci maddəsinə əsasən (tikinti, mədən işlərini və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) həbs edilibmi, cəzalandırıbmı?
Hələ təkcə mətbuata məlum olan yüzlərlə belə hadisə olub son 2-3 ildə. Həm də ən böyük şirkətlərdə olub bunlar. O şirkət sahibləri həbs edilibmi? Yaxud da traktorçu, ekskvatorçu, buldozerçi həbs edilibmi?
Məsələn, “uzun ölçülü nəqliyyat vasitəsi” , yəni uzunluğu 24 metrdən çox olan nəqliyyat vasitəsi, arxaya hərəkət edəndə, uzun məsafəyə beton vuran maşın, yaxud da hündür qülləli kran sürücüləri onlara verilən əmrlər əsasında hərəkət edirlər. Eləcə də arxanı yaxşı görə bilməyən istənilən sürücü, qanuna əsasən başqa şəxsin köməyindən istifadə edərək arxaya hərəkət edir. Bu zaman, yəni əmr və “komandalar” əsasında hərəkət edən nəqliyyat vasitəsinin törətdiyi hadisəyə görə sürücülər məsuliyyət daşıya bilərmi? Krançı da, beton vuran da, bir qayda olaraq, yükün boşaldığı son obyekti görməyə bilərlər. Eləcə də söküntü və qazıntı aparan ekskvatorçu divarın arxasını görə bilmir. Belə halda onların məsuliyyətindən danışmaq olarmı?
Ona görə də Qanunverici Cinayət Məcəlləsinin 222-ci maddəsinin dispozisiyasında xüsusilə qeyd edir: “… habelə tikinti obyektinin sökülməsi … zamanı işlərin … aparılamasının təhlükəsizliyi qaydalarınının pozulması”. Fikir verin: “Nəqliyyat vasitələri istismarı qaydalarının “yox,” tikinti, söküntü işlərinin aparılmasının təhlükəsizliyi qaydaları”nın pozulması bu maddəyə əsassən məsuliyyət yaradır. Ölüm hadisəsi varsa, 4 ildən 10 ilədək azadlıqdan məhrum etmə.
Sual yaranır: sükan arxasında olan ekskvatorçu, krançı, uzun maşının, beton maşının və ya arxanı görməyən, ancaq başqa şəxsin köməyindən istifadə edən istənilən sürücü “işlərin aparılmasının təhlükəsizliyi qaydalarına” nəzarət edə bilərmi?
Əməl etmək isə, yəni nəzarətçinin ona verdiyi əmrləri icra etmək sürücünün borcudur.
İndi soruşulur: 25 yanvarda 2014-cü ildə ekskvatorçu həmin divarın uçmaması, yaxud uçacağı halda başqalarına ziyan vurmasının qarşısını almaq üçün nə edə bilərdi, yaxud da nə etməli idi? Sürücü obyektiv olaraq edə bilməyəcəyi hansısa hərəkəti etmədiyinə görə məsuliyyət daşımalıdırmı? Xüsusilə də, həmin gün işdə olmayan sürücü?
Hər bir tikinti və söküntü işində, bu qaydalara, yəni “Tikintidə təhlükəsizlik texnikası norma və qaydaları”na nəzarət etmək, rəhbərlik etmək üçün konkret şəxs–iş icraçısı olur. Ekskatorçu da o şəxsin göstərişlərini icra edir və iş prosesi olmayanda da təhlükəsizlik tədbirləri görmək onun vəzifəsidir. Məsələn, iplə, müəyyən işarələrlə iş yerini təcrid etmək üçün adam təyin etmək, iş prosesini şəxsən izləmək və s. tədbirlər görmək.
Şirkət rəhbəri həmin şəxsi təyin etməyibsə, işi düzgün təşki etməyibsə, təbii ki məsuliyyət daşıyır. Ekskvatorçu da özbaşına, tabe olduğu şəxslərin göstərişi, icazəsi olmadan bu işi görüb, qəza törədibsə, o da məsuliyyət daşıyır. Bunlar isə, indiki halda, Bakının Nərimanov rayonunda mümkün deyil. Müxalifətçilərin yatağını güdən rejim o boyda ekskvatorun özbaşına iş apardığını görmədimi?
Bütün bu suallar araşdırma tələb edir. İstənilən halda isə, ən azı ekskvatorçu qanunsuz həbs edilib, bunu ölənlərin valideyinlərinin bilməsi lazımdır, rəhmətliklərin ruhları inciməsin deyə!
Bu hadisəyə ciddi fikir verilməlidir.
Ən azı ona görə ki:
Əvvəla, indi Azərbaycanın hər yerində böyük tikinti-söküntü işləri gedir və İnşaallah Qarabağ azad edildikdən sonra da yəqin bir 30-40 il indiki sürətlə davam edəcək.
Demək, bu sahədə qanunlara ciddi əməl edilməli, bununçün də hər kəs öz hüquq və vəzifəlrini yaxşı bilməlidir.
İkincisi isə, zərərçəkmişlərə dəymiş ziyan ödənilməlidir. Bunu isə imkansız bir ekskvatorçunun üstünə qoymaq qan batırmaqdır. Bu isə günahdır.
Qurban Məmmədov.
Kürdəxanı. Bakı İstintaq Təcridxanası (BİT)