Əlaqə vasitələri

Azərbaycanda bir kişi var! Doğrudanmı? Bəs qalanları?

Başqa kişi varmı?

Varsa …

Hacıbala Abutalıbovun üstünə düşüblər. Nədi ki, “Azərbaycanda bir kişi var, o da İlham Əliyevdir”- deyib. İlk baxışda bu söz adama həqiqətən toxunur.

Ancaq …

2003 və 2005-ci il mitinqlərində Bakı şəhərinin rayonlarının birinin rəisi ilə göz-gözə gələndə, özümü saxlaya bilmədim və dedim: “Kişi olun, biz sizin və övladlarınızın gələcəyi uğrunda döyüşürük. Utanmırsınız, bu camaatın qabağında durursunuz. İmtina edin də bu qanunsuz əməlləri icra etməkdən”.

Rəis bir anlığa dayandı və gözlərimin içinə baxaraq dedi: “Qurban müəllim, biz kişiyik eee, siz kişi olun, mitinqə o qədər adam çıxarın ki, biz də qaçaq.  Sabah mənim nazirim deməz ki, ay oğraş, iki cüt-bir tək adamın qabağından niyə qaçırsan?”

Nə mən ona “kişi olun” deyəndə, nə də o mənə “siz kişi olun” deyəndə qarşıdakının nakişi olduğunu nəzərdə tutmurduq və o vaxt, insafən, rəis qardaş düz deyirdi.

Ana dilimizdə “kişi” və “kişilik” sözləri təkcə cinsi ifadə etmir.

“Kişi kimi qadındır”-yəni xaraktercə qətiyyətli, cəsarətli, mərd, qorxmaz, cəsur, qərarlı və prinsipialdır.

1997-ci ildə bir məclisdə belə hadisə baş vemişdi.

Bir çox vəzifəli şəxsin iştirak etdiyi məclisdə o vaxt Bakı şəhərinin rayonlarından

birinin icra başçısı belə bir tost deyir:
“Azərbaycanda bir dənə kişi var, o da H.Əliyevdi. Təklif edirəm hamı ayaq üstə içsin bu sağlığa”.

 İlham Əliyev də o vaxt Azərbaycanda yaşayırdı..

Məclisdə özünə hörmət edən bir şəxs: “Azərbaycanda bir dənə kişi H.Əliyevdirsə, bəs sənin arvadının kişisi kimdir, onu kim saxlayır, ədəbsiz?”-deyə, məclisi tərk edir. Məclisə pərtlik düşür.

Həmin şəxs sonralar vəzifəsindən çıxarıldı. Tostu deyən isə uzun müddət qudurğanlığını davam etdirdi. Bu gün də hansısa rayonda başçılıq edir.

Bir neçə ildən sonra həmin xoşagəlməz hadisəni xatırlayan o ləyaqətli adam mənə bir etiraf etdi: “İnsafən, o nadürüst gədə düz deyirdi, biz kişi olsaydıq, millətin başına bu oyunları aça bilməzdilər. Hələ ki, odur, onlardır bu ölkədə at oynadanlar. Bizsə kişi olsaq da zəifik, təşkilatlana bilmirik, birləşə bilmirik, xalqı öz səmimiyyətimizə və məqsədlərimizin, niyyətlərimizin təmizliyinə  inandıra bilmirik”.

Bu söhbətin üstündən bir az da keçdi və o ləyaqətli adam da “kişilər”ə qoşuldu. İndi deputatdır. Hərdən bir kişiliyi tutur. Ancaq başa düşür ki, çox kişilik edə bilməz, oyun qaydalarını pozanın aqibəti pis olur bu rejimdə.

Başqa faktlar.

Prezident Aparatının əməkdaşı Əli Həsənov və başqa rejim məmurları dəfələrlə müxalifət mitinqlərinin  kütləvi olmamasını israrla vurğulayıblar. Bununla da, sanki, bu oğru rejimin yanında yer almalarına mənəvi haqq qazandırıblar.

 Bütün vəzifəli şəxslər eyni mövqedədirlər. Hamı bezib. Heç kimin sabaha ümidi, təminatı yoxdur. Hamısı bilir ki, istənilən vaxt əmlaklarını əllərindən alar, özlərini də həbs edə bilərlər. İstənilən vaxt. Ancaq onlar da hardansa və kimdənsə kişi və kişilik gözləyirlər.

Kişi və kişiliyi kənarda axtarırlar.

Haradan və kimdən gözlədiklərini isə heç biri bilmir.

Ancaq hamısı bu zavallı xalqdan nəsə umur. Hamısı hər bir fərdə lazım olan bu xüsusiyyətləri, təhtəlşüur olaraq, xalqdan və müxalifətdən gözləyir.. Onlar da başa düşürlər ki, bu günədək yığdıqlarını rahat yemələri üçün Azərbaycan xalqı və müxalifəti kişilik göstərib həm özlərini, həm də onları bu cinayətkar rejimin əlindən, caynağından xilas etməlidir. Yoxsa,  qurtuluşları yoxdur.

Bax o rəisi də, Hacıbala Abutalıbovu və Əli Həsənovu da dindirən bu təhtəlşüur hissdir—QORXU HİSSİ, özünü qoruma instinkti.

“Siz çox çıxın, biz qaçaq.”

 Hamı bunu gözləyir. Ukraynadakı kimi.

Fikir verdinizsə, Hacıbala müəllimin o sözünə qarşı bir nəfər də olsun YAP-çı irad bildirmədi.  Bu da olduqca təbiidir. Çünki, bu gün rüşvət, korrupsiya və monopoliya mexanizminin hər bir iştirakçısı özünü əzən, talayan, hökm edən, yönəldən, idarə edən, əmr verən, bir sözlə, qalib rolunda—“kişi” kimi görür.

“Ali kişilik, tək kişilik”, əslində, bu ayrı-ayrı “kişiliklər”in məcmusunun  nəticəsi kimi təzahür edir və cinsi yox, mövqeni, fəaliyyəti, cəmiyyətdəki mövcud siyasi qüvvələr nisbətini ifadə edir.

Kim nə deyir desin, məncə, Hacıbala müəllim H.Əliyevin ən uğurlu kadrlarından biridir. Bakı məhz onun vaxtında tikildi, gözəlləşdi, parklaşdı, heykəlləşdi, hovuzlaşdı, turistləşdi. Bütün nöqsanları ilə birlikdə Bakının son 20 illik memarı odur—H.Abutalıbov.

Professor, alim.

Bəziləri onu ciddiyə almaya bilər. O özü də tez-tez belə ictimai rəyin formalaşmasına imkan verən hərəkətlər edir. Qəsdlə özünün qeyri-ciddi obrazını yaradır və … bununla özünü ağıllı-başlı qoruyub saxlayır. Bütün bu bacarıq və qabiliyyəti ilə, əslində, “tək kişi”liyi formalaşdıran “kişiliklər” içərisndə ən böyük kişilərdən biri elə hörmətli H.Abutalıbovdur.

Onun kişiliyinin ən sonuncu əlaməti isə elə bu sözləridir: “Azərbaycanda bir kişi var…”. Bu sözləri   bir  loxma tüpürcək kimi, qorxmadan xalqın üzünə vurmaqdan da böyük kişilik ola bilərmi?

Görünür, vəziyyət çox təhlükəlidir. Hörmətli professor dövlətin, rejimin mətbəxindən xəbərdardır və mərkəzdə gedən xalqa zidd proseslərdən məlumatlıdır.

Bu sözləri isə ona dedirdən vicdanıdır–ziyalı mənliyidir, təhtəlşüurudur.

Hacıbala müəllim demək istəyir ki, “ay xalq, insan kimi yaşamaq istəyirsənsə, dövlətçiliyini, balalarının  gələcəyini xilas etmək istəyirsənsə, “tək kişi”liyi qəbul etmək istəmirsənsə, özün kişi ol, kişiliyini qoy ortaya. Kişi olun ki, biz də sənə qoşulaq. Kişi ol ki, biz də xilas olaq !”

İndi söz xalqın və müxalifətindir.

H.Abutalıbovu bəyənməyənlər, onun sözündən inciyənlər başa düşməlidirlər ki, siyasətdə “kişilik” yalnız iqtidarda olanlara aid edilir.

Əzilənə, qorxağa, məzluma, yaltağa, satqına, rəzilə “kişi” deyilməz, olsa-olsa, “erkək cinsindəndir” demək olar.

Sağ olun, Hacıbala müəllim!

Sağ ol professor!

P.S.

24 fevral 2014-cü ilədək Ukraynada da tək kişi Yanukoviç idi.

 Bəşər Əsəd hələ ki kişidir.

Səddam, Hüsnü Mübarək və Qəddafi isə daha kişi deyillər.

26.02.2014

Qurban Məmmədov

Loading