“Korrupsiyalaşmış qanunlar” silsiləsindən :            DƏDRX niyə qanunları pozur?  

                           

                                       Həbsxanalar  mənzil dələduzları ilə doludur

 Yenə qəzetlər yazır, TV-lər göstərir: bir mənzil 5-6 nəfərə satılıb, vətəndaşlara külli-miqdarda ziyan vurulub və dələduzluq edənlər həbs edilib.

Bir tərəfdə ümidləri puç olan ailələr, ocaq qurmaq, firavan yaşamaq arzusu gözündə qalan insanlar, digər tərəfdə başçıları həbs edilən ailələr, gələcəyi təhlükəyə atılan körpələr, sındırılan, ləkələnən talelər….

Bu karvan niyə durdurulmur? İndiki rejimin bu cinayətkarlıq mühitini  körükləməkdə məqsədi nədir?

Dəfələrlə mən şəxsən İ.Əliyevə və aidiyyatı orqanlara müraciətlər edib bu cinayətin baş vermə səbəblərini və qarşısının alınması yollarını göstərmişəm. Heç bir reaksiya olmayıb. Tədbir görülməyib.

 Deməli, hakimiyyətdə kimlərsə bunda maraqlıdır.

Məsələnin mahiyyəti hamıya aydın olsun deyə, bu sualın cavabına fikir verin: niyə bu cinayət yalnız yeni tikilməkdə olan çoxmənzilli hündürmərtəbəli binalardakı mənzillərin alqı-satqısı zamanı və məhz “kupça”sız mənzillərin satışında baş verir? Niyə həyət evlərinin və ya “kupça”sı olan mənzillərin alqı-satqısında bir dənə də olsun belə fakt yoxdur və ola da bilməz?

Cavab aydın və sadədir: çünki “kupça”lı evlərin alqı-satqısı zamanı müqavilə notariat orqanlarında qeydə alınır və bu zaman, satılan mənzilin, həyət evinin yüklü olub-olmamasına dair arayış (Forma -1) tələb edilir. ”Forma-1” arayışında isə mənzilin kimə məxsus olması, girovda olub-olmaması göstərildiyi üçün alıcıları aldatmaq qeyri-mümkün olur.

Yeni tikiləcək və ya tikilməkdə olan, dövlət komissiyası tərəfindən istismara qəbul edilməyən çoxmənzilli hündürmərtəbəli binalardakı yaşayış sahələrinin və obyektlərin alqı-satqısını notariatlarda qeydə aldırmaq, bu günki qanunvericiliyin şərtlərinə görə, mümkün deyil deyə, indiki hadisələr baş verir. Həbsxanalar “mənzil dələduzlar”ı ilə doludur, ziyan çəkmiş vətəndaşlar isə istintaq qapılarında sürünür.

3-4 gün bundan qabaq TV-lərdən birində, təyinatlı deputatlardan biri çox “ağıllı” təklif verdi: tikintisi başa çatmamış yeni binalardakı mənzillərin satışı qadağan edilsin. Barmaq qaldırıb qəbulunda iştirak etdiyi qanunlardan xəbəri olmayan belə “deputatları” olan dövlətin qanunları  və onların icrası elə belə də olmalıdır.

Başda prezident İ.Əliyev olmaqla bütün deputatların və xüsusilə də məhkəmələrin diqqətinə, bir daha, bu cinayətlərin baş vermə səbəblərini və aradan qaldırılması yollarını çatdırıram.

Təqsir: DƏDRX-də və məhkəmələrdədir.

Səbəb:korrupsiyalaşmış qanunlardır.

Bu gün yeni binalardakı: tikilməsi nəzərdə tutulan, tikilməkdə olan, tikintisi başa çatdırılmış, lakin dövlət komissiyası tərəfindən istismara qəbul edilməmiş çoxmənzilli hündürmərtəbəli binalardakı yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqı müqavilələrinin notariat orqanlarında qeydə alınması mümkün deyil. Qanunverici bunu tənzimləmir.

Ona görə mümkün deyil ki, daşınmaz əmlakın alqı-satqı müqavilələrinin notariatda qeydə alınması üçün, ”Notariat haqqında” Qanunun 46-cı maddəsinə maddəsinə və “Notariat hərəkətlərinin aparılmasına dair əsasnamə”nin 48-ci bəndinə əsasən, tələb edilən sənədlər arasında DƏDRX-dən alınmalı olan “Forma-1” arayışı da var.

“Notariat haqqında” Azərbaycan Respublikasının 26 noyabr 1999-cu il tarixli Qanununun  46-cı maddəsinə əsasən, “Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmaması və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır”.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 48-ci bəndinə əsasən,  “Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmaması və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır. Bunun üçün notarius özgəninkiləşdirməyə qadağanın və həbsin olmadığı barədə arayış tələb edir”.

Yeni tikilməkdə olan binalardakı mənzillərə dair “Forma-1” arayışının verilməsi isə “toyuq, yoxsa yumurta birincidir” daimi sualına ilişib.

Yeni binalardakı mənzillərin DƏDRX-də qeydə alınması üçün notariat qaydasında təsdiqlənmiş alqı-satqı müqaviləsi tələb edilir. Həmin mənzillərin alqı-satqı müqaviləsinin notariatda qeydə alınması üçün isə  “Forma-1” arayışı tələb edilir.

Əsas təqsirkar DƏDRX və onun rüşvətxor məmurları, haram yeməyə vərdiş etmiş bəzi vəzifəli şəxslərdir.

Əslində, qanunverici bu problemin həlli yolunu göstərib. Lakin bu yol tam və aydın olmadığı üçün, DƏDRX və məhkəmələr bu sahəni özlərinin korrupsiya niyyətlərinin oylağına çeviriblər. Nəticədə isə, ziyan çəkən yenə də “seçkiyə getməyə ərinən” və “qürurla” öz dövlətinin taleyinə sahib çıxmayan zavallı vətəndaşlarımızdır.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən,

 “17.1.   Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər.

17.2. Tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər”.

 Gördüyünüz kimi, “təyinatlı deputatlar”ın bundan xəbəri olmasa da, qanunverici ”qabaqcadan qeydiyyat” anlayışını qanuna gətirməklə, məhz tikinyisi başa çatdırılmamış binanın tərkib hissələrinin” DƏDRX-də qeydə alınmasının mümkünlüyünü nəzərdə tutmuşdur. Qanunun bu maddəsinin qəbulu zamanı isə, parlament müzakirələrində məhz indi baş verən cinayətlərin qarşısının alınması üçün bu qaydanın vacibliyi vurğulanırdı.

Beləliklə də,  ”qabaqcadan qeydiyyat” üçün Qanunun 17.1–ci maddəsində göstərilən “tikintiyə icazə sənədləri və plan-cizgi” kifayətdir.

Ancaq Azərbaycanın indiki hakimiyyəti, bu anti-xalq rejimi, bütün qanunlarda olduğu kimi, bu qanunda da korrupsiya imkanlarına şərait yaratmış, növbəti 17.3-cü bənddə nəzərdə tutmuşdur ki, Mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hüquq əldə edənə kreditin verilməsi, habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayış sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, yaxud hüquq əldə edən tərəfindən mənzilin və ya qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd mənzil sertifikatıdır”.

Gördüyümüz kimi, bu sənədlərin heç birinin, xüsusilə də,”kredit”lə bağlı sənədlərin mənzil alıcısı olan vətəndaşa aidiyyatı yoxdur və bu sərsəm fikirləri qanuna salan “deputatlar”ın niyyəti öncədən bəllidir: K O R R U P S İ Y A !

Məgər bina tikənlər mütləq kredit götürməlidirlər? Şəxsi vəsaiti hesabına bina tikmək qadağandır? Bu nə qanundur?

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17.2-ci bəndində göstərilən “tikintiyə icazə sənədi –müvafiq icra hakimiyyəti orqanının sərəncamı və “plan-cizgi”–satılan  mənzilin və ya qeyri-yaşayış sahəsinin mərtəbəsini, sahəsini, otaqlarının sayını göstərən lahiyə-plan kifayət deyilmi?”

Hətta, “plan-cizgi”ni də tələb etmək vətəndaşa problem yaratmaqdır. Çünki icra hakimiyyətinin sərəncamı bu “plan-cizgi” və sair sənədlər əsasında verilir. Qeydiyyat orqanı–DƏDRX, vacib bildiyi sənədləri özü də dövlət orqanlarından tələb edib almalı, vətəndaşa rahatlıq yaratmalıdır: bütün demokratik, sivil, qanuni rejimlərdə olduğu kimi. Tək bir alqı-satqı müqaviləsi qabaqcadan qeydiyyat üçün kifayət etməli, DƏDRX həmin müqavilə üzrə yaranmış mülkiyyət hüququnu qeydə almalıdır ki, bir mənzili bir neçə şəxsə satmaq mümkün olmasın. Bu isə edilmir. Niyəsi hamıya, o cümlədən də prezident İlham Əliyuevə və H.Əliyev Fonduna da bəllidir.

               DƏDRX-də vətəndaşlardan böyük məbləğdə rüşvət tələb edilir.

 

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX haqqında” Əsasnamənin 9.6-cı bəndinə əsasən,

“Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət qanunla müəyyən edilmiş müddətdə hüquqları dövlət qeydiyyatına almaq, habelə tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququnu və eyni zamanda onun ipoteka ilə yüklülüyünü qabaqcadan qeydiyyata almaq vəzifələrini yerinə yetirir”.

Bu qədər aydın və qəti.

Ancaq DƏDRX Əsasnamədə göstərilən bu vəzifələrini yerinə yetirirmi?

Yox!

Niyə?

  Çünki DƏDRX H.Əliyev Fondunun ən “sağmal donor”larından biridir və qoyulmuş yığım planını doldurmaq üçün də, Romada, Parisdə, Meksikada, Rusiyada Heykəl qoymaq, park salmaq, tarixi abidələri təmir etdirmək məqsədi ilə, haram pullar toplamalıdır. Bununsa ən yaxşı yollarından biri məhz hüquqların qeydiyyatı məsələsidir.

Gürünür, Mülki Məcəlləni hazırlayan bəzi namuslu adamların bu millətə yazığı gəlib və Məcəllənin 146.6-cı maddəsini aşağıdakı məzmunda yazıblar:

“Daşınmaz əmlakın və ya ona dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün sənədlər natamam olduqda, mülkiyyətçinin razılığı ilə və ya məhkəmə qərarı əsasında dövlət reyestrində qabaqcadan qeydiyyat aparıla bilər”.

  Aparıla bilərmi?Yox, əlbəttə, yox!

Neçə ki, Mirzə Tağızadələr hakimdir…

Neçə ki, bu korrupsioner rejim var…

Mülki Məcəllənin 146.6-cı maddəsindən görünür ki, hətda sənədlər natamam olduqda belə,  ”qabaqcadan qeydiyyat aparılmalıdır” ki, indiki kimi bir mənzilin bir neçə nəfərə satılması mümkün olmasın.

Qanunun bu tələbinə nə DƏDRX-də, nə də məhkəmələrdə əməl edilir. Ona görə ki, DƏDRX tələb edir ki, bu ”qeydə alma” ilə binanı tikən sahibkarlar məşğul olsun, alıcı-vətəndaşlar yox. Sahibkarlar isə milyonlarla rüşvət verməsinlər deyə, tikintiyə icazə verilməsi barədə sərəncamı aldıqdan sonra tikintini aparır və qanuna uyğun olaraq da vətəndaşlarla ”alqı-satqı müqaviləsi” bağlayırlar. Sahibkarlar qanuna tam uyğun hərəkət edirlər. Lakin DƏDRX planlaşdırılan yığımı icra edə bilmədiyi üçün, yuxarıda qeyd etdiyim ”Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanunun 17.3-cü maddəsində göstərilən sənədləri bəhanə edərək, Mülki Məcəllənin isə 146.6-cı maddəsinə əməl etməyərək, vətəndaşlara “qabaqcadan qeydiyyatdan imtina barədə” məktublar paylamaqla, bir yandan indiki cinayətkarlığa şərait yaradır, digər tərəfdən də  vətəndaşları məhkəmə qapılarına, Mirzə Tağızadələrin çirkin niyyətlərinə qurban olmağa məhkum edir.

Oxuculardan üzr istəyərək, öz şəxsi işimdən bir nümunə gətirəcəyəm. 

2011-ci ildə mənzilim “söküntüyə düşdü”.  ”Atlant -İnşaat” MMC ilə aramızda 25 yanvar 2012-ci il tarixli 17/112 saylı müqavilə imzalandı və orada göstərildi ki, mən öz mənzilimi “Atlant-İnşaat” MMC-yə verirəm, o da mənə əvəzində tikintisi başa çatdırılmış, lakin dövlət komissiyası tərəfindən istismara hələ qəbul edilməyən binada mənzil verir. Yəni mənə verilən mənzilin haqqı barter yolu–dəyişmə ilə ödənilib.

Qabaqcadan qeydiyyat üçün DƏDRX-in Bakı Ərazi İdarəsinə müraciət edərək aşağıdakı sənədləri ərizəmə əlavə etdim:

-“Mənzil alqı-satqısına və zaminliyə dair” müqavilənin surəti,

-Şəxsiyyət vəsiqəsinin surəti,

-Binanın eskiz lahiyəsindən çıxarış,

-Bakı Şəhər İcra Hakimiyyəti Məmarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş İnşaat Pasportunun surəti,

-Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 14.03.2002-ci il tarixli, 181 saylı sərəncamının surəti,

Sizcə, ”qabaqcadan qeydiyyat” üçün başqa bir sənədə ehtiyac qaldımı? Düz tapdınız: müəyyən yerlərə veriləcək “göy rəngli sənədləri” əlavə etməmişdim.

Xəyalə Mərdanova imzası ilə DƏDRX-dən cavab aldım: ”Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsinə əsasən mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hüquq əldə edənə kreditin verilməsi (???), …. bina sahibinin … hesabına kreditin köçürüləcəyi haqqında müqavilə, yaxud hüquq əldə edən tərəfindən … sənəd mənzil sertifikatıdır. Bu sənədləri təqdim etdikdən sonra … “

 Yəni, get məhkəməyə. Yəni, rüşvət verməsən, qanuna əməl etməyəcəyik.

Mən də İlham Əliyevin korrupsiyaya qarşı 2011-ci ilin fevralından-ərəb baharından başladığı çox “amansız mübarizəyə” sadəlöhvcəsinə inanaraq, rüşvət verməmək qərarına gəldim. Hətta, bu barədə prezidentin elektron poçtuna da məktub göndərdim, məlumat verdim.

2 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinə müraciət etdim. Məhkəmədə hərtərəfli, qızğın araşdırma getdi.

DƏDRX–in nümayəndəsi dedi:

-Mənzilin tam dəyərinin ödənilməsini təsdiq edən arayış ərizəyə qoşulmayıb.

Dedim: -Alqı-satqı müqaviləsində yazılıb ki, mən mənzilimi verib, dəyişmə yolu ilə  bu mənzili almışam.

Dedi:-Qanun tələb edir ki, sizə kredit verilməsi barədə müqavilə təqdim etməlisiniz.

Dedim:-Nə kredit, hansı kredit, mən niyə kredit götürməliyəm? Kredit mənim nəyimə lazımdır?

Dedi:-Qanun tələb edir ki, götürdüyünüz krediti bina sahibinin hesabına köçürüləcəyi haqqında müqavilə təqdim edəsiniz.

Dedim:-Ay yoldaş, nə kredit, nə müqavilə? Mən 600 kvadrat metrlik evimi, obyektlərimi vermişəm, söküb yerində 16 mərtəbəli bina tikib, milyonlar qazanıblar.

Dedi:-Mənzil sertifikatı təqdim etməlisiniz.

Dedim:-17.1-ci maddədə belə bir sənəd nəzərdə tutulmayıb.

Dedi:-17.3-də tutulub.

Dedim:-Siz bu günədək ”mənzil sertifikatı“ adlı sənəd görmüsünüzmü? Məhkəməyə nümunə kimi təqdim edə bilərsinizmi?

Dedi:-Görməmişəm və təqdim edə bilmərəm. Ancaq qanuna əməl etmək hamının borcudur.

Dedim:-Mənzil sertifikatı nə üçündür?

Dedi:-Mənzilin tam dəyərinin ödənilməsini sübut etmək üçün.

Dedim:-Bu barədə müqavilədə göstərilib ki, alıcının borcu yoxdur. Ev verib mənzil almışam.

Dedi:-Qanun müqəddəsdir, ona əməl etmək borcumuzdur. Qanun mənzil sertifikatı tələb edir.

Dedim:-Müqəddəslik təkcə 17.3-ə aiddir, yoxsa Mülki Məcəllənin 146.6-cı maddəsi də müqəddəsdir? Orada göstərilir ki, hətta sənədlər natamam olduqda da qeydiyyat aparıla bilər.

Dedi:– “aparıla bilər”deyir qanun, ”aparılmalıdır” yox. Biz də aparmırıq.

Dedim:-Möhtərəm hakim, İPM-nin 13-cü maddəsinə əsasən, proses iştirakçılarına yardım etməyə borclusunuz. Mənə kömək edin, xahiş edirəm, mən nə etməliyəm?

Hakim:-Mənzilin haqqının tam ödənilməsi barədə ayrıca arayış təqdim edə bilərsinizmi?

Dedim:-Onu da təqdim etmişəm, iş materiallarına əlavə edilib və cavabdehə də təqdim etmişəm.

Dedi (hakim):-Kifayətdir.  ….

2 saylı Bakı İnzibati İqtisad Məhkəməsi iddiamı təmin etdi və ”qabaqcadan qeydiyyat”aparmaq vəzifəsini DƏDRX-in Bakı Ərazi İdarəsinə tapşırdı. Həmin Qərarın 3-cü səhifəsində, yuxarıdan birinci abzasda yazılır: ”İş materiallarına əlavə edilmiş, 07.09.2012-ci il tarixdə təsdiq edilmiş, ”Atlant İnşaat”MMC tərəfindən verilən maliyyə arayışından görünür ki, …Məmmədov Qurban Cəlal oğlu tərəfindən bütün öhdəliklər icra edilmiş … Heç bir maliyyə öhdəlikləri yoxdur”.

Mən 04 iyun 2013-cü ildə həbs edildim. 28 avqust 2013-cü ildə Bakı Apellyasiya Məhkəməsinin hakimi Tağızadə Mirzə Nəsib oğlu (sədr), Mustafayev Nurəddin Yusif oğlu və Abıyeva Kəmalə Nəbi qızı DƏDRX-in Bakı Şəhər Ərazi idarəsinin apellyasiya şikayəti əsasında 2 saylı İİM-nin Qərarını ləğv etdi və Qərarın 4-cü səhifəsində yuxarıdan 4-cü abzasda göstərdi: ”..Birinci İnstansiya Məhkəməsi tərəfindən müəyyən edilmiş işin həqiqi hallarından görünür ki, …əmlakın dəyəri tam şəkildə ödənilmişdir”.

Elə həmin səhifənin sonuncu cümləsində Mirzə Tağızadə yazır: ”ərizəyə mənzilin və qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı və ya mənzil sertfikatı əlavə olunmamışdır”.

Təbii ki, bu hərəkəti ilə Mirzə Tağızadə, öz əxlaqına uyğun olaraq, ”təndir istiykən mən də yapım” prinsipini rəhbər tutub, siyasi məhbus olan Qurban Məmmədova pislik etməklə “molodes” qazanmaq istəyib.

 Kimsə ailəsini müxalifətçilərin hesabına dolandırırsa, ”nə mutlu müxalifətə”!

Ancaq… Axı hər şey müxalifətlə bitmir.

 Qanunda göstərilən “qabaqcadan qeydiyyat”ın şərtlərinə DƏDRX-də əməl edilmir və nəticə göz qabağındadır:  yüzlərlə vətəndaşımız zərər çəkir, onlarla  iş adamımız “dələduz damğası” ilə məhkum edilir, mirzə tağızadələr də bunun hesabına ailələrini dolandırırlar.

DƏDRX-in vəzifəli şəxsləri isə özlərinə belə haqq qazandırırlar: ”camaatın əvəzindən haralarasa cibimizdən pul keçirməli deyilik ki…”.

Axı “ümumi katyolun” ən böyük donorlarından biri ƏMDK və onun DƏDRX-dir.

Bəzi fondların şübhəli fəaliyyəti davam etdikcə, xarici ölkələrdə parklar, heykəllər və lazımsız tədbirlərə milyonlar xərcləndikcə, Azərbaycanda bir mənzilin 5-6 şəxsə satılması da, vətəndaşların alın təri ilə qazanıb aldıqları mənzillərin DƏDRX-də ilkin qeydiyyatının aparılmaması da davam edəcək.

Mən heç, bəs siz? Mən bu rejimə müxalifətəm, bəs sizin günahınız nədir, eyy mənim məzlum millətim, eyy mənim əziz və “əsl müsəlman qardaşlarım”.

Allah sənə rəhmət eləsin, Mirzə Cəlil!

P.S. Məlumat aldım ki, Ali Məhkəmənin hakimi hörmətli İlqar Dadaşov Mirzə Tağızadənin qərarını təsdiqləyib. Möhtərəm hakimimizin nəzərinə çatdırım ki, alqı-satqı müqaviləsində alıcıların, yəni mənim borcum olmadığı göstərildiyi üçün, DƏDRX-ə təqdim edilən 09/ 03/2012  tarixli ilkin ərizəmə maliyyə arayışı qoşmamışdım. Ancaq mən o məhkəməyə DƏDRX-in imtina məktubundan yox, hərəkətsizliyindən- müraciətimə vaxtında cavab verməməyindən şikayət etmişdim. Məhkəmənin gedişində isə, DƏDRX imtina məktubu verəndə mən imtinanın səbəbini bildim və İPM-nin 12.2-ci maddəsinə uyğun olaraq, onların tələb etdiyi maliyyə arayışını da məhkəməyə şəxsən, cavabdehin özünə poçtla, nümayəndəsinə isə məhkəmədə təqdim etdim.

Mən İPM-nin 33.2-ci maddəsinə əsasən,”hərəkətsizliyə qarşı iddia” qaldırmışdım. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi də qanunun tələblərini əsas tutaraq və Mülki Məcəllənin 146.6-cı maddəsinə uyğun olaraq, iddiamı təmin etmişdi. Həmin maddəyə əsasən, ”daşınmaz əmlakın … sənədlər natamam olduqda, … məhkəmə qərarı əsasında  …qeydiyyqt aparıla bilər ”.

Hörmətli İlqar Dadaşov  və dostları da Mirzə Tağızadəyə qoşularaq pis bir təcrübə yaratdılar.

Təəssüf, çox təəssüf ki, İlqar müəllim də bu çirkaba bulaşdı.

Təkrar edirəm; söhbət təkcə müxalifətçi Qurban Məmmədovdan getmir. Qanunlara əməl edilməməsi nəticəsində indiki dələduzluq cinayətləri və vətəndaşların aldadılması uğurla davam edəcək.

Qazanan isə, DƏDRX-in rüşvətxor məmurları və bəzi şübhəli fondlardır.

 Nə vaxtadək?

 P.S.S.

Əziz həmvətənlər!

Xalqımızın tək və haqq səsi olan “Azadlıq”ı boğulmağa qoymayaq. Mən bir aylıq sovqat pulumu ”Azadlıq” qəzetinin hesabına keçirir, sizin hər birinizi isə yalnız 5 manatla qəzetə yardım etməyə səsləyirəm. ”Azadlıq”ı itirsək –Qarabağı, ləyaqətimizi də itirəcəyik. Rejim millətimizin şərəf və ləyaqətini, namus-qeyrətini imtahana çəkir. Hər kəs öz vətəndaşlıq və insanlıq borcunu yerinə yetirsin. Düşməni sevindirməyin!

23 may 2014-cü il

Milli Şuranın üzvü, siyasi məhbus: Məmmədov Qurban Cəlal oğlu.

 

 6,275 dəfə ümumi oxunub,  4 dəfəsi bu günə aiddir.