Qisas qiyamətə qalmır, Aslanov! 09/02/2015 15:00

 Mən bir Azərbaycan vətəndaşıyam.

Şəmkirdə doğulub boya-başa çatmışam, amma on beş ildən çoxdur paytaxtda yaşayıram. Bu günə qədər də Şəmkir haqqında heç kimin dilindən bircə kəlmə də pis söz eşitməmişəm. Aslan istisnasına qədər.
Bilirəm, məni bilən, məni sevən həmkarlarım, dostlarım təəssüflə deyəcəklər, səndəmi Lamiyədən yazdın?.
Bəli, yazıram. Lamiyədən. O Lamiyədən ki, mənim Şəmkirdə yaşadığım dövrdə bir məmur oğlunun özbaşınalığına hədəf olmuşdu. O Lamiyə ki, adı hallananda qulağıma Xocalıda zorlanan qız-gəlinin səsləri gəlir. Fərqi varmı?!
Məncə yoxdur.
Həmkarlarım inciməsin məndən, bu gün Azərbaycanda həmvətəninə laqeyd yanaşma prinsiplərini başda tutanlar hansı haqlara söykənib bir qızın bədənindən alınan intiqama göz dikirlər?!
Bu mövzu sizin də ətinizi ürpəşdirmirmi?
Mən diksinirəm. Qınamayın, Lamiyədən də, minlərlə onun kimi zalım əlində aciz qalan qız-gəlindən də. Amma hər şeydən əvvəl özümdən iyrənirəm. Çünki mən də bu ölkədə yaşayıram, mən də bu millətin övladıyam. Səhərlər evindən çıxanda kiminsə kefi üçün yağışda-yağmurda gur su ilə parkı yuyan işçiyə “sabahınız xeyir, yorulmayasınız” deyən, rast gəldiyi bir qocanın qolundan tutub yolu keçirən, yorulanda marşrut avtobuslarına minənləri görüb, cibindən utanan, metronun basabasına ürəkağrısıyla baxan, paytaxtda yaşadığı evin hər gününü “od qiyməti“nə satın alan bir yerlinizəm. Bütün bu çətinliklərə baxmayaraq hər “necəsən” sualına “əlayam” cavabını verən biriyəm, həm də. Niyə beləyəm, çünki mənim peyğəmbərim “təbəssüm bir sədəqədir” buyurub. Deyilənə görə bu ölkədə hamı müsəlmandır. Bunu gündə 46 rükət namaz qılmaq əvəzinə 46 dəfə “sünni”, “şiə” söhbəti eləyən “mürid”lərimizdən müəyyən eləmək elə də çətin deyil.
Bəs elədisə…?!
Bəs elədisə gözü önündə namusu satılan bir qızın mövzusu niyə şouya çevrilir?
Elədisə niyə doğru deyəni doqquz kənddən qovurlar?!
Niyə?
Biz müsəlman deyilikmi?
Mən verim cavabını.
Deyilik!
Olsaydıq… İŞİD deyilən xəstə təfəkkürlülər toplumunun qətliamlarına film seyr edən kimi baxmazdıq.
Olsaydıq… Qanı qanımızdan, dini dinimizdən olan, uşaqlığımızın sehrli nağıllarını bəzəyən kərküklər bizsiz ölməzdilər!
Olsaydıq…
İndi olmazdıq, çünki bizə tutulan divanlara əməli saleh olan dözə bilməzdi.
Sizi bilmirəm, mən şəmkirliyəm. Bölgəçiliyin ən qatı düşməni olan mən bu gün şəmkirliyəm deyə hayqırmaq istəyirəm.
Çünki…
Gədəbəyi düşmən işğalından qurtaran bir Şəmkir batalyonu vardı.
Çünki…
Uşaqdan-böyüyə evində nə vardısa sərhədə, əsgərə daşıyan bir rayonun balasıyam.
Çünki…
Mən yaxşı bilirəm bayram aşının əsgər birliyində bişməyi nə deməkdir.
Mənim yaddaşımda qeyrətilə qalan bir rayonun adının bu məsələdə hallanmağı qanıma toxunur!
Onu da bilirəm ki, o savaş dönəmində onsuz da kasıb olan Şəmkir camaatının elektrik enerjisini Gürcüstana ötürən Aslanov kimdir.
İki oğlu müharibədə könüllü olaraq vuruşan ailənin atasını, anasını polis qarşısında gecə evindən haray-qışqırıqla götürüb bölməyə aparan o adam kimdir!
Eyni zamanda səkkiz oğlunu “neqodnı” kağızı ilə əsgəri xidmətə göndərməyən ailələrin hamisiydi Aslanov!
Qardaşı, komandası vasitəsilə Şəmkir əhlinin əsəblərini tarıma çəkən Aslanovun oğlu savaşda olsaydı, Lamiyənin bıçağına tuş gəlməzdi!
Bunu mənimlə bərabər bütün şəmkirlilər bilir.
Eləcə də əri müharibədə olan, ölən qız-gəlinin “təəssübünü” çəkmək üstündə ölən oğlunu da o camaat yaxşı tanıyır. Sadəcə səbr edirlər.
Bu xəmirin nə qədər su aparacağına baxırlar, hələ.
Baxırlar və bilirlər ki, ağı qaradan, qaranı ağdan ayıran Tanrı məzlumun qisasını zalımda qoymaz!
Şəmkir həmin Şəmkirdir, Aslanov.
Namusun da, heysiyyətin də, təəssübkeşliyin də nə olduğunu o camaat səndən yaxşı bilir.
Və mən…
O iki oğlu şəhid olan ailənin sənin sayəndə üç dəfə infarkt keçirən atasının qızıyam!
Qisas qiyamətə qalmır, Aslanov!
Qalmır…

Nigar İsfəndiyarqızı
Azadinforum.az
   http://www.azxeber.com/news/81969

 3,091 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir.