Moderator.az xəbər verir ki, tanınmış hüquqşünas Qurban Məmmədov Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcra İdarəsinin rəisi general Xanlar Zeynalova xitabən bir status paylaşıb:
Ədliyyə Nazirinin idarə rəisi general Xanlar Zeynalovun nəzərinə:
Daha bir ədliyyə eybəcərliyi.
Gözdən birinci qrup əlil olan Ənvərpaşa Quliyev artıq 12 ildir ki öz ata evinə daxil ola bilmir.
Çünki 2002-ci ildə evini “qaçqın” adı ilə hansısa vətəndaş saxta etibarnamədən istifadə etməklə pulla alıb.
2007-ci ildə Abşeron Rayon Məhkəməsi evin məcburi boşaldılması haqqında qətnamə qəbul edib.
Qətnamə artıq 8-ci ildir icra edilmir və Ə.Quliyev kirayələrdə qalmağa məhkum edilib.
Bilirsiniz niyə?
Ona görə ki, Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcra İdarəsinin rəisi general hörmətli Xanlar müəllim Qaçqınkomdan arayış alıb ki, sən demə, evi boşaltmalı olan şəxs qaçqındır.
Generaldan soruşuram:
1. 2002-ci ildə hansı qaçqından söhbət gedir?
2. 1994-cü ilin mayınadək (atəşkəsədək) qaçqın düşən adamın qaçqınlığının 2002-ci ildə pulla aldığı evə nə aidiyyatı var?
3. Məhkəmə qətnaməsini icra etməmələrinin əsl səbəbi nədir?
4. Cavabdehin, həqiqətən də qaçqın olduğunu nəzərə alsaq belə, dövlət öz vəzifəsini, yəni qaçqını yaşayış yeri ilə təmin etmək vəzifəsini Ə.Quliyevin üzərinə qoya bilərmi, yaxud da bir qaçqın vətəndaşının problemini başqa bir birinci qrup əlil olan vətəndaşını ata evindən didərgin salmaqla həll edə bilərmi?
Cənablar, bir az insanlaşın, azacıq insaflaşın, azca da haramdan çəkinin. İnanın ki, ara qarışanda bu adamların intiqamı ağır, həm də çox ağır olacaq.
Bıçağı sümüyə dirəməyin !