Tanınmış hüquqşünas Qurban Məmmədov gündəmi zəbt etmiş məsələlərlə bağlı fikirlərini paylaşıb:
“Lamiyə Quliyeva ilə bağlı problemin indiki kimi gündəmdə saxlanmasının Prezidentə qarşı olduğunu iddia edənlər (ANS-də etdikləri kimi) çox böyük bir hiylə peşindədirlər.Bu işdə təqsiri olanları prezidentin arxasında gizlətməyə çalışanlar, dolayısı ilə Prezident İlham Əliyevi də özlərinə şərik kimi göstərməyə çalışırlar. Sanki bu ölkədə qanunsuzluğun üstünə getmək İlham Əliyevin üstünə getməkdir.
Yox, cənablar! Bu dəfə keçməz. Prezident hər birinizin yanına əli silahlı əsgər qoyası deyil ki. Dünyada belə bir idarəçilik qaydası yoxdur.
Əksinə, Lamiyə Quliyeva məsələsi dövlətçilik məsələsidir və Azərbaycanın Prezidenti İlham Əliyevin rəsmi səlahiyyət dairəsinə- vəzifələrinə daxil olan dövlətçilik və qanunçuluq məsələsidir.
Bu cinayətin, eləcə də Elşad Babayevin vəhşicəsinə döyülərək öldürülməsi ilə bağlı cinayətin üstünə getməli olan ilk şəxs elə hörmətli Prezident İlham Əliyevdir. Xalq ondan fəaliyyət gözləyir. Əgər o bunu etməsə, ondan sonra indiki kimi deyərsiniz ki, o da sizlərlə bu cinayətə şərikdir.
Bu ölkədə burnu qanayan hər bir uşağın da, sahibsiz qalan hər bir quzunun da sorumlusu olduğu kimi, məsuliyyətini tələb etməli olan ilk şəxs də elə Prezidentir. Xalq hələ ki Prezidentin cinayətkarlar haqqında tədbir görəcəyinə ümid edir.”