Ötən ilin sonunda prezidentin əfv sərəncamı ilə azadlığa qovuşmuş tanınmış hüquqşünas Qurban Məmmədov cəza çəkdiyi 14 saylı “kolon”da 22 dekabrda baş verənlərlə bağlı onunla eyni kolonda cəza çəkən jurnalist Sərdar Əlibəylinin saytımıza verdiyi müsahibəyə aşağıdakı məzmunda mövqe bildirib:
Moderator.az-da keçmiş siyasi məhbus, jurnalist Sərdar Əlibəylinin “Qarmaqarışıqda mənə də bir dubinka dəyib” başlıqlı müsahibəsində dediklərinin mütləq əksəriyyəti ilə mən də razıyam.
Ancaq…
Məsələnin müəyyən qüvvələr tərəfindən, xüsusilə də müxalifət təmsilçiləri tərəfindən siyasiləşdirilməsi olduqca təbiidir. Siyasətçilər, müxalifət elə bunun üçün də var. Burada qeyri-adi heç nə yoxdur. Bütün dünyada belədir. Hakimiyyətin hər bir səhvi, cinayəti, qanunsuzluğu, səhlənkarlığı və ya xətası müxalifət tərəfindən siyasi məqsədlər üçün dərhal istifadə edilir. Hakimiyyət də bunun əksinə çalışır: müxtəlif metod və vasitələrlə müxalifətin bu fəaliyyətini və niyyətlərini ya məhdudlaşdırmağa, ya da həqiqətləri, qanuni tədbirləri ortaya qoymaqla müxalifətin qərəzli, haqsız olduğunu sübut etməyə cəhd edir. İndiki halda siz hakimiyyət nümayəndələrinin bu istiqamətdə hansısa cəhdini görürsünüzmü? Kimsə həbs edilibmi? Kiminsə haqqında saxlama, vəzifədən kənarlaşdırma və s. kimi prosessual hərəkətlər edilibmi? YOX !!!
Hakimiyyət baş verənləri yalnız real, qanuni tədbirlər görməklə neytrallaşdıra bilər və bunu etməlidir.
Ekspertiza ilə bağlı Sərdar bəyin dediklərini isə başa düşürəm, ancaq qəbul etmirəm. Azərbaycanda bütün sahələr olduğu kimi, bu sahə də çoxdan deqradasiyaya uğrayıb. Saxta ekspertiza və qondarma istintaq ilə həbs edilən Sərdar bəyin nikbinliyi isə alqışlanasıdır. Təki olsun, “kor nə istər: iki göz, biri əyri, biri düz”. Bu hakimiyyətin əyri göz də verəcəyinə ümidim yoxdur mənim.
Nə ekspertiza rəyi verilir verilsin, nə istintaq aparılır aparılsın, bir həqiqəti heç vaxt gizlədə bilməyəcəklər: 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmiş Elşad Babayev vəhşicəsinə döyülərək, işgəncələrə məruz qoyularaq öldürüldü. Bunu ki, ALLAH bilir !!! Onun cəzasından necə qaçacaqlar?