Qurban Məmmədov Səlim Müslümova təşəkkür etdi

 

“ÇALXAN” hüquq firmasının direktoru, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Qurban MəmmədovModerator.az-a bir yazı göndərib:
“Moderator.az-ın 19 yanvar 2015-ci il tarixli bölümündə bir məqaləm yayınlanmışdı-(moderator.az/?xeber=67335)
 Məqalədə azadlığa buraxılan məhbusların elə birinci gündən başlayaraq yemək, su, yol puluna olan ehtiyacları  barədə, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının 31 may 2007-ci il tarixli Qanununun 14.1-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi ilə bağlı yaranan problemlərdən yazmışdım.
Bu gün (26 yanvarda) mənə gələn bir zəng sözün yaxşı mənasında məni çox təəccübləndirdi. Çünki son 20 ildə ilk dəfə bir dövlət orqanının, xüsusilə də nazir səviyyəsində,  kütləvi informasiya vasitəsində irəli sürülən təklifə münasibət bildirməsinə və ən əsası isə mövcud problemin həlli barədə göstəriş  verməsi faktına rast gəlirdim.
Zəng edən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi, hörmətli Çingiz Əliyev idi. Çingiz müəllim öncə Moderator.az-da yayılan həmin yazıya, bu vacib problemin qaldırılmasına görə mənə öz adından və şəxsən cənab nazir Səlim Müslümovun adından təşəkkürünü bildirdi.
 Daha sonra aramızda bu problemlə bağlı ətraflı müzakirə oldu.
Çingiz müəllim  bu sahədəki problemlərin həlli istiqamətində artıq cənab nazirin tapşırığı ilə çalışıldığı barədə məlumat verdi. Aydın oldu ki, hörmətli S.Müslümov məhbusların həmin pul məbləğini məhz azadlığa çıxan gün almalarının təmin edilməsi üçün göstəriş veribmiş və bunun reallaşdırılması yolları, yəni qanunun icra mexanizmi üzərində xeyli vaxtdır gərgin iş gedir.
Ancaq bu problemin məhbusların özündən qaynaqlanan çətinlikləri də var imiş.
Cingiz müəllim mənim də fikir və mülahizələrimi almaq istədiyini bildirdi. Təbii ki, mən də bu sahəni daxildən  məhbus kimi, kənardan vəkil kimi vaxtilə kifayət qədər öyrənən bir hüquqşünas olaraq öz təkliflərimi verdim.
 Açıq deməliyəm ki, müxalifət nümayəndəsi kimi dövlət orqanı ilə bu əməkdaşlıqdan çox məmnun qaldım. Deməli, mümkündür. Tərəflər səmimi olanda alınır. Təki məqsəd dövlətçilik və milli maraqlar olsun.
Aydın oldu ki, məhbusların bir çoxunun şəxsiyyət vəsiqələri vaxtında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmədiyi üçün onların adına bank hesabı açmaq mümkün olmur. Nəzərdə tutulan birdəfəlik müavinət isə bank hesabları vasitəsilə, plastik kartlarla məhbuslara daha rahat çatdırıla bilər.
Bununçün də Penitensiyar Xidmətlə, Ədliyyə Nazirliyi və cənab S.Müslümovun nazirliyi arasında sıx əməkdaşlıq lazımdır. Ancaq məhbuslar və onların yaxınları da bu prosesə yardım etməlidirlər. Məsələ burasındadır ki, bir çox məhbusun şəxsiyyət vəsiqəsi onların cəzaçəkmə  müəssisələrində saxlanılan şəxsi işlərində yoxdur. Ya kimsə itirib, ya səhlənkarlıq edərək vaxtında istintaq orqanlarına təqdim etməyib  (bunda istintaq orqanlarının da səhlənkarlığı var), ya da cəzaçəkmə müəssisələri yeni şəxsiyyət vəsiqələrinin əldə edilməsində üzərlərinə düşən vəzifələri vaxtında icra etməyiblər. Bu sonuncu halda Penitensiar Xidmət rəhbərliyinin və ədliyyə naziri hörmətli cənab Fikrət Məmmədovun müdaxiləsinə ehtiyac var.
Şəxsiyyət vəsiqələri nazirliyə vaxtında təqdim edilmir, nazirlik pulsuz olaraq bank hesablarını vaxtında aça bilmir və beləliklə də, azadlığa buraxılan məhbus elə həmin andan başlayaraq maddi problemlər yaşayır.
Hörmətli nazirimiz S.Müslümov göstəriş verib ki, məhbusların şəxsiyyət vəsiqələrinin surətləri azadlığa buraxılmalarına ən azı üç (3) ay qalmış əldə edilsin, onların adına bank hesabları açılsın, birdəfəlik müavinətlar bu  hesablara köçürülsün və məhbus azadlığa çıxarkən buraxılış vəsiqəsi ilə birlikdə ona həm də plastik bank kartları təqdim edilsin.
Bax budur dövlətçilik. Budur insana məhəbbət. Budur rəhbər məsuliyyəti və millət yanğısı.
Bir nazirimiz bunu bacarırsa, başqa nazirlər nədən belə davranmasınlar?!
Sonda mən belə operativlik, dövlətçilik əxlaqı sərgilədiyinə görə şəxsən və bütün məhbuslar adından HÖRMƏTLİ, CƏNAB SƏLİM MÜSLÜMOVA minnətdarlığımı bildirirəm.
Qoy bütün nazirlər, bütün məmurlar Səlim müəllimdən nümunə götürsünlər. Prezident İlham Əliyevə və Azərbaycanın bu həssas dönəmində dövlətçiliyimizə əsl xidmət nümunəsi elə budur.
P.S.  Hörmətli oxucular. Bu yazını hamı öz səhifəsində yaysın ki, məhbus yaxınları bundan xəbər tutsunlar. Bu barədə tanıdığınız, əlaqəniz olan məhbuslara da xəbər verin ki, şəxsiyyət vəsiqələrini vaxtında, yəni azadlığa çıxmalarına azı 3 (üç) ay qalmış cəzaçəkmə müəssisələrinin rəhbərliyinə təqdim etsinlər.
İnanıram ki, biz tezliklə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun  6-cı maddəsinə əsasən, sosial adaptasiya mərkəzlərinin də yaradılmasının və faydalı fəaliyyətinin şahidi olacağıq.
   “ÇALXAN” hüquq firmasının direktoru,
   Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü,
   Qurban Məmmədov (Cəlaloğlu)

 3,443 dəfə ümumi oxunub,  6 dəfəsi bu günə aiddir.