Bu gün xəbər saytlarında 4 saylı qadın “kolon”unda ana olmuş bir qadının-12 il öncə Şəmkirin icra başçısı Aslan Aslanovun (indiki kəndə təsərrüfatı nazirinin müavininin) oğlunun qətlində təqsirləndirilərək zindana atılmış Lamiyə Quliyevanın necə övlad dünyaya gətirməsi, uşağın atasının kimliyi eninə-uzununa müzakirə predmetinə çevrildi, rəsmi açıqlamalar və hüquq müdafiəçisi Elçin Behbudovun fikirləri —“Lamiyə Quliyevaya 10 il iş kəsilib. Onun nişanlısı isə Qobustanda saxlanılır. Mənə də təəccüblü gəldi ki, bu, necə ola bilər? Açığı, özüm araşdırma aparmamışam. Bir qrup məhkumun valideyni ilə görüşdə bu məlumatı verdilər. 4 saylı cəzaçəkmə müəssisəsində qadın dustaqlar var. Bəs, bu uşaq göydən gəldi, ya möcüzə olub, xəbərimiz yoxdur. Hesab edirəm ki, Penitensiar Xidmətin buna aydınlıq gətirməsi yaxşı olardı”-–isə məsələni bir az da böyütdü…
Moderator.az gündəmin əsas mövzularından birinə çevrilmiş bu olayla bağlı hüquqşünas Qurban Məmmədovun münasibətini öyrənməyə çalışanda ağlımıza da gəlmzədi ki, onda Lamiyə Quliyeva ilə bağlı maraqlı məlumatlar da varmış:
-Qurban bəy, belə ehtimallar var ki, Lamiyə Quliyeva Aslan Aslanovun oğlunun qətlində səbəbkar olduğu üçün ona sifarişlə içəridə əlavə “srok” yükləyərək azadlığa çıxmasına əngəl törədilir…
-Lamiyə Quliyevanı mən 2014-cü ilin aprel-iyun aylarında Bakı İstintaq Təcridxanasından Apellyasiya Məhkəməsinə gedərkən “voronok”da görmüşdüm. Özünü olduqca normal aparırdı. Bəzi məhbus qadınlara qətiyyən oxşamırdı. Yəni cinayətkar xarakterli olmadığı, tərbiyəli birisi olduğu davranışından bəlli olurdu. Mənə qəribə gələn odur ki, keçən ilin oktyabrında doğulmuş uşağa görə indi niyə belə şou qaldırılır. İkincisi, hər bir qadının olduğu kimi, Lamiyə xanımın da ana olmaq haqqı var və kiminlə ailə qurması, yaxud da hansı üsulla dünyaya övlad gətirməsi onun şəxsi işidir və heç kimin buna qarışmağa, onu ittiham etməyə haqqı yoxdur. L.Quliyevanın hesab verəcəyi yeganə məqam ALLAH dərgahıdır. Ədalətsizcəsinə cəzalandırılan o xanıma kömək edə biliriksə edək, yox, bunu bacarmırıqsa, heç olmasa ona əlavə problemlər yaradıb, indiki həssas dövründə ona psixoloji ziyanlar vurmayaq.
-Axı onun kiminləsə nikahı yoxsa həbsdə uşağı necə doğa bilər? Yaxud niyə onun atasının kimliyini Penitensiar Xidmət indi müəyyənləşdirmək həvəsinə düşüb?
-Uşağın doğulması üçün nikah yox, kəbin vacibdir. ALLAH qarşısında halallıq üçün. Nikah, rəsmi qeydiyyat və rəsmi hüquq-vəzifələrin yaranması üçündür. Atanın kimliyinin Penitensiar Xidmət tərəfindən araşdırılmasına isə mən inanmıram. Çünki buna onun nə hüququ, nə də ehtiyacı var. Uşagın doğum şəhadətnaməsində atasının adı L.Quliyevanın sözlərinə əsasən yazılacaq. Kimsə gələcəkdə uşağın atalığına iddia edərsə, bu məsələ məhkəmə qaydasında iddia icraatı ilə həll ediləcək. L.Quliyevanın uzun müddətli görüşlərdən istifadə etməsi Penitensiar Xidməti bu məsələdə istənilən məsuliyyətdən kənarda qoyur. Xidmət kiminsə yatağını güdmək üçün deyil və buna hüququ da yoxdur.
-Ona içəridə təzədən əlavə srok yüklənməsi ehtimalına şərh vermədiniz…
-Lamiyə xanım içəridə olduğu vaxtda da hansısa qüvvələr tərəfindən təqib edilir və azadlığına qovuşmağa mane olmağa çalışırlar. Hətta o vaxt mən onu görəndə mənə dedi ki, cəza müəssisəsində hansısa məhbus yoldaşından aldığı borca görə onu dələduzluqda ittiham edib əlavə cəza vermək istəyirlər. İttiham o qədər gülünc idi ki. Həmin işin nəticəsindən xəbərim olmadı mənim.
-Hüquq müdafiəçisi Elçin Behbudov da bildirib ki, məsələ ilə bağlı məhbus ailələri ona müraciət ediblər…
-Hörmətli Elçin Behbudovun bu açıqlaması hüquq müdafiəçisinə və bir Azərbaycanlıya yaraşmayan hərəkətdir. Onu kəskin qınayır və Lamiyə Quliyavanın hüquqlarına hörmətlə yanaşmağa, ondan üzr istəməyə dəvət edirəm.