Əlaqə vasitələri

Mətləb Mütəllimlidən həmkarları haqqında şok açıqlamalar…

Yad Qardaşlar…                                                  
 
(Əqidə-bu ağlın vicdanıdır. N.Şamfor, fransız yazıçısı.)
Cəmiyyətdə müsbət-mənfi imiclə tanınan bəzi siyasi yönlü qardaşlar haqqında çoxdan nəsə yazmağı düşünürdüm. Yenicə həbsdən çıxmış  siyasi məhbus  Qurban Məmmədovla görüşdükdən sonra isə bu  yazını tezləşdirmək qərarına  gəldim. Doğma qardaşı ilə əqidəcə düşmən olan birisi xalqa xeyir verə bilərmi? Görəsən, kim əqidəsini qardaşdan üstün tutur, kim şəxsi mənafeyini?                                            Əlbəttə, burada yazılanlar  mənim  subyektiv fikirlərimdir və heç kəsi aşağılamaq mənasında başa düşülməməli, eləcə də, yersiz isterikaya səbəb olmamalıdır.                                                                       Beləliklə, siyasətçilər, lakin əqidəcə yad qardaşlar:
 
 Sərdar Cəlaloğlu-Qurban Məmmədov;  Zərdüşt  Əlizadə-Araz Əlizadə; Rüstəmxanlı qardaşları; Qənimət  Zahid- Mirzə Sakit.                                                                                                                         
Elə əlifba sırası ilə başlayaq Qurban Məmmədov-Sərdar Cəlaloğlu  qardaşlarından.
Qurban Məmmədov    
Q. Məmmədov 3 dəfə, üst-üstə 8 il həbsxana həyatı yaşayıb. Savadlı, yüksək intellektə, natiqlik qabiliyyətinə malik şəxsiyyətdir. Əslinə qalsa, Qurban bəy bir hüquqşunas  kimi 15-ci il Baş prokuror olan Zakir Qaralovdan da, 19 il Vəkillər Kollegiyasının sədri, ölkədə seçkiləri kütləvi saxtalaşdırmaqda peşəkar səviyyəyə qalxmış Mərkəzi Seçki Komissiyassının  fəal  üzvü Azər Tağıyevdən də, 20 ildən artıq daxili işlər naziri olan Ramil Usubovdan da çox millətinə ürəyi yanan, xalqının xoş gələcəyini düşünən insandır. Sadəcə, onun  bir “eyibi” vardır – öz  mənafeyi  naminə  rejimlərə yaltaqlanmağı  şəxsiyyətinə  sığışdırmır, haqqı nahaqqa vermir, ədalətli cəmiyyəti və ədalətli yaşamağı  hər şeydən üstün  tutur. Qurban bəy bizim ölkədə çox az hüquqşunaslardandır ki, Milli Azadlıq Hərəkatında fəal  iştirak etmiş, cəsarətli mövqeyi ilə həmişə başqalarından seçilmiş, dəfələrlə şərlənədək həbs edilsə də  bu günə qədər əqidəsindən dönməmişdir.
Qurban bəyin son həbsini xatırlayıram. O, həbs ediləndən bir neçə gün sonra biz, bir neçə hüquqşunas,  onun ailəsinə  təsəlli vermək üçün evinə getdik. Bu çox ağır məqamda belə onun həyat yoldaşı əsl inqilabçı xanımı kimi təmkinini pozmadan  qonaqları ehtiramla  qarşıladı, ”Biz buna  öyrəşmişik, artıq bu Qurban bəyin 3-cü həbsidir” dedi  və sonra da “ Valideyinləri əbəs yerə onun adını Qurban qoymayıb ki, onu xalqına qurban veriblər” dedi.
Əlbəttə, Allahdan başqa hamının nöqsanı vardır və Qurban bəy də nöqsanlardan xali deyildir. Əks  tərəfdarlarının fikrlərinə görə, Qurban bəyin də siyasi  tərcümeyi  halında müəyyən  səhvlər olmuşdur və buna  bir  misal kimi, 2003-cü il prezident  seçkilərindəki  çıxışları, prezidentliyə namizəd E. Məmmədovun fəaliyyətini həddindən artıq şişirtməsini göstərirlər. O vaxtlar E.Məmmədovun vəkili  Qurban bəy  izdiham qarşısında odlu-alovlu  çıxış edərək namizədi o qədər yağlı təriflərə qərq edirdi ki, sanki xalqın xilaskarı  ancaq və ancaq Etibar bəy ola bilərdi və  guya “İşıqlı gələcək-Etibarla  gələcək.”  Hətta o vaxt  natiqin  tribunada arxada dayanan namizədə xitabən “Cənab prezident, bağışlayın ki,  arxada dayanmısınız, mən  də sizdən qabaqda  durub  çıxış edirəm” deməsi də bizim küyə gedən  insanlar tərəfindən böyük coşqu ilə qarşılandı. O hadisələrin üstündən 11 il keçəndən sonra, indi  əyri yazılan  tarix  bir daha  sübut  etdi ki, Qurban bəy fikirlərində necə də yanılırmış. 25 il bundan öncə  Lefortovo həbsxanasında yatan və az qala  xalqın milli qəhrəmanına çevrilən, 1992-1993-cü illərdə Əbülfəz Elçibəyin  bir  illik hakimiyyət  rəhbərlərinin əllərinin qana batdığını iddia edərək  hər addımda onları istefaya çağıran, gecə-gündüz meydan sulayan  Etibar Məmmədov  indi sanki qeybə çəkilmişdir. Vaxtilə milyonlarla azadlıqsevərin  ümidgahına çevrilmiş  bir  insanın bu gün  millətin başında turp əkən indiki iqtidarın qarşısında  səsi  alınmış, nəyə görəsə, siyasi fəaliyyəti qadağan edilmişdir…
Sərdar Cəlaloğlu      
Bəri başdan deyim ki,  Sərdar bəylə münasibətimizdə heç vaxt problem olmamışdır və çoxları kimi mən də o fikirdəyəm  ki, o, vaxtilə cəmiyyətdə baş verən haqsızlıqlara  qarşı ən fəal  mübarizə  aparan  siyasi  partiya sədrlərindən biri olmuşdur. Onu da deməyi  vacib  bilirəm ki, vaxtı ilə bu  hakimiyyətdən  ən çox zərbə alanlardan biri də  məhz Sərdar bəy özü olmuşdur. O da qardaşı kimi müxtəlif vaxtlarda 3 dəfə  qısamüddətli  həbs olunmuş, 1999-cu ildə hökümət  qüvvələrinin  sifarişi ilə həyatına sui-qəsd edilmiş, nəticədə kəllə-beyin zədəsi almışdır. Bütün bu təhqirlərdən  sonra  onun indi  müxalifət  düşərgəsinin ünvanına  yeri gəldi -gəlmədi ağır ittihamlar yağdırması, bununla da bir növ hakimiyyətin dəyirmanına  su tökməsi, guya özünü konstruktiv müxalifət hesab edərək  “müxalifət yoxdur” deyən hakimiyyətlə dialoqa  can atması, hakimiyyətə qarşı  əvvəlkindən tam əks  mövqe  sərgiləməsi , ”səni sevəcəyəm, sən sevməsən də” prinsipi ilə iqtidara yaxınlaşmaq cəhdi onu qardaşı Qurban bəydən köklü surətdə fərqləndirir. Prezidentin son əfv  fərmanı  Qurban bəy kimi günahsız həbs edilmiş 2-3  siyasi məhbusun  azad  edilməsi ilə yadda qalsa da, əslində günahsız, azad  fikirlərinə  görə həbsdə yatanların cüzi  hissəsini əhatə etdiyinə görə elə də alqışa layiq deyildir.  Buna baxmayaraq, Sərdar bəy bu yarımçıq  əfv  fərmanını  lazım olduğundan da qat-qat yüksək  qiymətləndirir, növbəti addımın, vəzifənin məhz müxalifətin olduğunu deyir.  Ancaq Sərdar bəy  də yaxşı bilir ki, YAP-ın hakimiyyəti  dövründə bu ölkədə bütün  vəzifələr çoxdan bölüşdürülüb, yəni: iqtidar nümayəndələri ölkəni çapıb talamalı, seçicilərin səsini oğurlayaraq  seçkiləri kütləvi surətdə saxtalaşdırmalı,  işğal olunmuş  torpaqlar  uğrunda yox, sərvət   uğrunda vuruşmalı, müxalifətçilər isə buna  etiraz  səslərini qaldırdıqlarına görə həbsxanalara doldurulmalıdır.
Nə isə, başınızı çox ağrıtmayım, bu gün  YAP, onun  idarəçiliyindən olmazın müsibətlər görmüş   Sərdar Cəlaloğlu haqqında indi yazmaq çox cansıxıcı və üzücüdür…

Loading